64
3) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23/XI—1922-ci il tarixli
jurnal qərarının çıxarışını yazmışam.
4) Azərbaycan Hərbi Komissarlığının 8 may 1923-cü il tarixli 1347 nömrəli
vəsiqəsini tərtib etmişəm.
5) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1 aprel 1922-ci il tarixli
qətnaməsinin çıxarışını yazmışam.
6) Köçərilər haqqında məqaləm «Azərbaycanı Tədqiq Edən və Öyrənən
Cəmiyyətin Xəbərləri» jurnalının 3-cü nömrəsində dərc edilib.
7) «Yeni kənd» jurnalında Ağamalıoğlu adına Torpaq Ölçmə
Texnikumunun yaradıcısı kimi mənim foto şəklim verilib.
8) T. Q. Sultanovun «Naxçıvan Diyarı və onun iqtisadiyyatı» kitabı mənim
tərtib etdiyim xəritə ilə birlikdə nəşr olunub.
9) a) Azərbaycanın, b) Bütün Qafqazın, v) Avropanın, q) Asiyanın, d)
Amerikanın (Şimali və Cənubi), i) Türk xalqlarının Asiya və Avropada
məskunlaşmasının xəritələrini tərtib etmişəm.
Alim sözü
General İbrahim ağa Vəkilovun sərkərdəlik fəaliyyətindən başqa ayrı-ayrı
sahələrdə də xalqımız qarşısında xidmətləri çox olmuşdur. Azərbaycan
Respublikasının siyasi və təbii xəritəsinin ilk tərtibçisi də İbrahim ağadır.
Görəsən bu dəyərli xəritənin taleyi necə olmuşdur? Nə az, nə də çox yetmiş
ildən artıq bu milli xəritə xalqımızdan gizlədilmiş, sovet dövründə ondan istifadə
olunmamışdır. Yaddaşlardan qeyb olunan xəritənin yeganə nüsxəsini qeyrətli alim,
coğrafiya elmləri namizədi, dosent Malik Mirzəyev qoruyub, bu günümüzə qədər
saxlaya bilmişdir.
Malik müəllim, general İbrahim ağa Vəkilovun xəritəsi hansı
keyfiyyətlərinə görə sovet xəritələrindən fərqlənir?
—Generalın tərtib etdiyi «Azərbaycan Respublikasının siyasi və təbii
xəritəsi» kartoqrafik bir əsərdir. O, məşhur dünya alimlərinin və kartoqraflarının
tərtib etdikləri xəritələrlə müqayisədə nəinki onlardan geri qalır, hətta onlardan
çox-çox üstündür. Adətən xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi, fiziki
və s ) əks etdirməklə kifayətlənirlər. Bir xəritədə iki sahəni birləşdirmək ideyası ilk
dəfə general İbrahim ağa Vəkilova müyəssər olmuşdur. O, bir xəritədə həm siyasi,
həm də təbii məkanları birləşdirmiş və nəticədə dərin məzmunlu, zəngin təfsilatlı,
asan oxuna bilən original kartoqrafik əsər yaratmışdır.
Xəritənin təhlilindən aydın olur ki, müəllif onu tərtib etmək üçün gərgin
elmi axtarışlar aparmış, topoqrafiya, toponimika, tarix, onamastika, eləcə də
coğrafiya elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Xəritə qırmızı rəng
çaları ilə işlənmiş, ay-ulduz nişanlı bayrağımızla çap olunmuşdur. Onun üçün
1:420000 miqyası seçilmişdir. O dövr üçün hər yerdə — ölkədə ondan asanlıqla
istifadə etmək üçün ingilislərin işlətdiyi miqyasın da (verst) verilməsi
onun praktiki
65
əhəmiyyətini xeyli artırmışdır. Xəritədə verilən marşrut işarələrinin yığcamlığı
xüsusi əhəmiyyət kəsb edir. Bunların sayı indiki xəritələrlə müqayisədə xeyli azdır.
İnşa olunmuş, inşa olunan, ensiz dəmir yolları, araba, şosse yolları və axan çay
aydın nəzərə çarpan şəkildə çəkilmişdir. Onun təhlili göstərir ki, müəllif
topoqrafiyanı əla bildiyindən iri yaşayış məntəqələri ətrafında, ayrı-ayrı sahələrdə
bağları, şorluqları, bataqlıqları da göstərmişdir, Xüsusilə, Xocavənd, Lənbəran,
Kvartaboyəhmədli ərazilərində bağlıq sahələr daha çox qeyd olunmuşdur.
—Malik müəllim, bəs, təbii yer adları necə işlənmişdir? Onlar rus xəritə və
mənbələrindəki kimi
dəyişdirilmiş, yoxsa türkcəsi saxlanılmışdır?
—General İbrahim ağanın xəritəsinin ən böyük dəyəri yer adlarının türkcə
işlənməsidir. Məsələn, Kür-Araz ovalığında Muğan bozqırı, Mil bozqırı, Şirvan
bozqırı kimi adlar saxlanmışdır. Təbii coğrafi yer adları isə indikilərdən az
fərqlənir. Məsələn: Dəli Məhəmmədli.
Xəritədən kifayət qədər maraqlı məlumatlar almaq olar. Xüsusilə, tarixi
adların verilməsi onun dəyərini daha da artırır (Qarabulaq, Əbdəllər, Gorusu,
Tərtər, İrəvan, Tiflis). Salyan və Sabirabad ərazilərində bir çox qalaların adları
(Mahmud qala, Cavad qala, Şin qala, Əbül qala) tarixi məna kəsb edir. Xəritədə
Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkilməsinin göstərilməsi də elmi cəhətdən
çox maraqlıdır. Xəzər dənizi boyu — Dərbənddən Astaraya qədər çoxlu burunların
və vətəgələrin hamısı türk—Azərbaycan adı ilə göstərilmişdir. Müəllifin silsiləni
sıralar, aşırımı aşma, çölü bozqır, kəndi göy kimi yazması da dilçilik baxımından
çox maraqlıdır.
Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız olaraq dəyişdirmiş
və təhrif etmişlər. Həmin başabəla «tədqiqatçılara» İ. Vəkilovun xəritəsi tutarlı
cavabdır. Oxçu, Ağstafa, Alagöl, Qaragöl, Bazarçay və s. müqəddəs türk mənşəli
adlar bunlara əyani misaldır. Xəritədə coğrafi adların düzgün verilməsi (oronimlər,
hidronimlər, oykenillər) hazırda böyük elmi əhəmiyyətə malikdir. Saxtakar erməni
tədqiqatçılarını ifşa etmək üçün bu xəritə tutarlı mənbə hesab oluna bilər.
İbrahim ağa Vəkilovun xəritəsi onun əlimizdə olan yeganə kartoqrafik
əsəridir. Xəritənin tarixçi, dilçi, coğrafiyaçı alimlər və siyasətçilərin dərindən
təhlilinə ehtiyacı var. İndiki dövrdə bəzi mübahisəli məsələlərin (ad, sərhəd)
aydınlaşdırılmasında ondan istifadə etmək vacibdir. Xəritədə göstərilmiş, indi isə
unudulmuş türk mənşəli adların bərpa olunmasında bu xəritənin çox böyük rolu ola
bilər.
Azərbaycan Respublikasının qonşu dövlətlərlə sərhəd ərazilərinin xəritədə
göstərilməsi (xüsusən Ermənistan, Dağıstan) müəllifin Qafqazı yaxından
tanımasından irəli gəlir.
İbrahim ağa Vəkilovun «Azərbaycan Respublikasının siyasi və təbii
xəritəsi» adlı məzmunlu kartoqrafik əsəri qəza sərhədlərini (siyasi vəziyyəti) çox
əyani göstərən bir xəritədir.