170
Türk tayfalarının Azərbaycan ərazisinə III əsrdən, daha pis
halda isə XI-XII əsrlərdən gəldiyini iddia edənlərin fikirlərini dil
və tarix təkzib edir, qədim sak-massaket tayfalarının, hunların,
oğuz-qıpçaqların tarixi bu cür mülahizələri alt-üst edir. Qədim
onomastik leksika, Sak-Turan hökmdarı Alp Ər Tonqanın ölü-
münə ağılar, Kaşğari divanının faktları, ‖Oğuznamə‖ material-
ları, Orxon-Yenisey abidələri belə bir ağlabatan qənaətə gəlməyə
imkan verir ki, Azərbaycanda ən qədim dövrlərdən e.ə. I minil-
liyin ortalarına qədər müxtəlif türk etnoslarının konsolidasiyası
dövrü, e.ə. I minilliyin ortalarından eramızın ilk əsrlərinə qədər
türk etnoslarının ictimai-siyasi nüfuzunun güclənməsi, III-VII
əsrlər isə Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin
formalaşması dövrüdür. Azərbaycan ədəbi dili IX-XI əsrlərdə
tam təşəkkül tapmışdır. XVI əsrin ilk günlərindən Şah İsmayılın
fəaliyyəti ilə başlayan hərəkat milli oyanışın başlanğıcı idi. Şah
İsmayıl da, Füzuli də, Qurbani də üç müxtəlif üslubun zirvəsində
durmaqla ədəbi dilin axarını yeni mərhələyə – milli mərhələyə
ötürmüş oldular.Ümumiyyətlə, Azərbaycan dili Azərbaycan Res-
publikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə
yaşayan azərbaycanlıların ana dilidir. Hazırda dünyanın müxtəlif
yerlərində yaşayan 30 milyondan çox azərbaycanlı bu dildə danı-
şır. Bu dil müstəqil respublikamızın da dövlət dilidir. Azərbaycn
dili türk dilləri ailəsinin oğuz qrupuna mənsubdur. Morfoloji qu-
ruluşuna görə iltisaqi dillərə daxildir. İctimai hadisə olan dil baş-
qa ictimai hadisələrlə qarşılıqlı əlaqədə inkişaf edir. Dil cəmiy-
yətin bütün sahələrindəki dəyişikliklərə, geriləmə və irəliləyişlərə
reaksiya verir. Müəyyən köhnəliklərlə bağlı dilin lüğət tərkibində
bir sıra sözlər arxaikləşir, elmin, texnikanın, bütövlükdə mədə-
niyyətin inkişafı yeni anlayışların yaranmasına səbəb olur. Dildə
mədəniyyət anlayışı ilə bağlı çoxlu ifadələr var: əmək mədə-
niyyəti, iş mədəniyyəti, siyasi mədəniyyət, dövlətçilik mədə-
niyyəti,
dil mədəniyyəti,
nitq mədəniyyəti, hərbi mədəniyyət və s.