81
Naxçıvan ərazisində geniş yayılmışdır. Siklopik tikililər yaşayış
məskənlərinin istehkam divarlarıdır. Məsələn, Mağara-dağ, Xanlar yaşayış
məskəni və s. İstehkamlarla möhkəmləndirilməmiş yaşayış məskənləri
Mingəçevirdə, Qazax rayonu ərazisindəki Sarıtəpə, Qazaxbəyli, Töyrətəpə və
Şomutəpənin üst təbəqələrində, həmçinin Xanlar, Naxçıvan, Fizuli, Abşeron
bölgələrində aşkar olunmuşdur. Arxeoloji araşdırmalar zamanı müxtəlif
formalı evlər, təsərrüfat tikililəri, həyətlər və s. tədqiq olunmuşdur. Dövrünə
görə evlər həm yarımqazmalar, həm də yerüstü tikililər şəklində inşa edilirdi.
Onlar əsasən düzbucaqlı formaya malikdirlər. Qaratəpə yaşayış yerinin aşağı
qatlarından çoxotaqlı ev aşkar olunmuşdur. Ehtimal ki, bu ev icmanın
başçısına aid olmuşdur. Mingəçevirdən tapılmış tunc baltalar, toppuzlar
hazırlamaq üçün daş qəliblər isə həmin dövrdə sənətkarlığın inkişaf dərəcəsi
barədə məlumat verən önəmli tapıntılardır. Bu dövrdə dulusçuluq sənətinin
də yüksək inkişaf mərhələsində olduğu şübhə doğurmur. Mingəçevir
ərazisində e.ə. I minilliyə aid edilən dulus sobaları buna misal ola bilər.
Məhsuldarlığın keyfiyyətini abidədən əldə olunan toxuculuq alətlərinin
qalıqları, gil iynələr və s. göstərir. Mingəçevir ərazisində toxuculuğun
məhsulu olan yun və pambıq parça qalıqları da tapılmışdır. Arxeoloji
materiallar digər ölkələrlə sıx iqtisadi əlaqələrin olduğunu bildirir. Bu
materiallara əsasən söyləmək olar ki, həmin dövrdə Ön Asiya ilə olan
əlaqələr daha önəmli rol oynamışdır. Əldə olunan bəzi əşyalar bu dövrdə
əsasən uzaq ölkələrdən - Misirdən, Fələstindən, Hindistandan, Assuriyadan
gətirilirdi.
Dəmir dövründə əmək alətlərinin hazırlanmasında dəmir, tunc, daş və
sümükdən istifadə olunurdu. Dəmirdən oraq, bıçaq, qayçı, ağacişləmədə
istifadə olunan mişar-baltalar hazırlanırdı. Silahlardan qılınc və xəncərlər
əsasən tuncdan hazırlanırdı. Qılınclar çox uzun (72-75 sm) olub, üzərində
keçi, ilan təsvirləri həkk olunur, nadir hallarda inkrustasiya yolu ilə daşlarla
bəzədilirdi. Azərbaycan tayfalarının silahlanmasında əsas yeri tuncdan
hazırlanmış tunc və dəmir ucluqları olan ağac nizələr və dəmirdən
hazırlanmış xəncərlər tuturdu. Abidələrdən çoxlu sayda ox ucluqları da aşkar
olunmuşdur. Onlar əsasən iki növdə tapılıb - Cənubi Qafqaz və skif tipli ox
ucluqları. Cənubi Qafqaz tipli ox ucluqları - üçbucaq formalı, kəskin batıq
uclu, skif tipli isə üçkünc, kəskin ucluqludurlar. Onlardan e.ə. II minilliyin
sonlarından I minilliyin ortalarına qədər istifadə olunmuşdur. Gil qablar
əsasən dulus çarxlarında, nadir hallarda isə əldə hazırlanırdı. Qablar qara və
tünd qəhvəyi rənglidirlər. Onlar ornamentlərin həkk olunması üsuluna görə
iki qrupa bölünürlər - üzərində ağ naxışlar (anqob) olan və üzərində cızma
ornament olan tünd rəngli gil qablar. Bu dövrdə qab-qacaq təkcə gildən
hazırlanmırdı, bəzən qabların hazırlanmasında daşdan da istifadə olunurdu.
Abidələrdə daş qabların aşağıdakı formalarına təsadüf olunmuşdu: kiçik kasa
82
formalı qapaqlı qablar, spiral ornamentli, ayaqlı vazlar, zoomorf formalı
qulpları olan dayaz boşqablar və s. Bəzək əşyaları əsasən tuncdan, sürmədən
və yarıqiymətli daşlardan hazırlanırdı. Geniş yayılmış bəzək əşyalar nahamar
səthli bütöv tuncdan tökmə qolbağlar idi. Asma və üzüklər tuncdan
hazırlanırdı. Onlar metal boyunbağılarla birlikdə istifadə olunurdu. Başlıca
qəbirlər - kurqanlar, daş qutular və yeraltı qəbirlər hesab olunur. Kurqanlar
Mingəçevirdə, Gədəbəydə, Xocalıda və s. yerlərdə tədqiq edilmişdir. Bu
dövrdə tətbiqi incəsənət də yüksək inkişaf mərhələsində idi. Sənətin ən parlaq
nümunələri tunc kəmərlər hesab oluna bilər. Tətbiqi incəsənətin unikal
nümunələrindən heyvan və bitki təsvirli zoomorf və antropomorf saxsı
qabları da göstərmək olar.
Azərbaycan ərazisində dəmir dövrünün yaşayış yerləri, qəbir abidələri
yaxşı öyrənilmişdir. Bu dövrün ən möhtəşəm yaşayış yerləri Qazax rayonu
ərazisindəki Sarıtəpə, Baba Dərviş, Mil düzündəki Qaratəpə, Cəlilabaddakı
Uzuntəpə və başqalarıdır.
Bu baxımdan, XX əsrin 50-ci illərində tədqiqinə başlanmış Beyləqan
rayonu ərazisindəki Qaratəpə yaşayış yeri olduqca maraqlıdır. Hündürlüyü 14
m olan bu abidə 2 hektara yaxın sahəni əhatə edir. Abidənin altdan I təbəqəsi
e.ə. VII-VI əsrləri, II təbəqəsi isə e.ə. V-I əsrləri əhatə edir. II təbəqədən çiy
kərpicdən hörülmüş dördkünc bina qalıqları üzə çıxarılmışdır. Üst hissəsi
uçub tökülmüş, alt hissəsi isə 36x36x14 sm biçimli kərpicdən hörülmüş
binanın şimal-qərb divarının dibində ocaq yeri aşkar olunmuşdur.
Ocağın ətrafında gildən hazırlanmış qalın manqal qalıqlarına təsadüf
olunmuşdur. II təbəqədən xeyli dən daşları (əsasən qayıqvari formada), gil
qablar, iri və xırda küplər, camlar, kasalar və s. tapılmışdır. Bu qabların
əksəriyyəti qara və boz rəngdədir. Bir hissəsi cilalanmış və üzəri naxışlanmış,
bəzisi isə qırmızı və açıq çəhrayıdırlar.
II təbəqədən əldə olunan, üzərində yanma qoyun başı əks edilən
bəzəkli qablar, heyvan sümükləri, qoyun kəlləsi və nehrələr Mil düzündə
antik dövrdə maldarlığın yüksək inkişafını göstərir.
Qaratəpənin ən qədim təbəqəsindən çiy kərpicdən tikilmiş bina qalığı,
ocaq yerləri, toxuculuq alətləri, dən daşı və s. aşkar olunmuşdur. Qaratəpə
e.ə. I minilliyə aid olan çox qiymətli abidədir.
Mil düzündə Qaratəpə abidəsi ilə həmdövr olan, eyni zamanda
Qaratəpədən fərqlənməyən xeyli abidə də qeydə alınmış, lakin hələlik
onlarda əsaslı tədqiqat işləri aparılmamışdır.
Azərbaycanın qərb zonasındakı dəmir dövrünə aid ən möhtəşəm
abidələrdən biri də Sarıtəpədir. Abidə 100 m diametrində və 10 m
hündürlüyündə olan bir təpədən ibarətdir. Sarıtəpə yaşayış yeri Tunc
dövrünün sonu, Dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I
minilliyin sonunadək davam etmişdir.
Dostları ilə paylaş: |