38
Daş dövrünə aid daha bir maraqlı abidə Lerik rayonu ərazisində aşkar
olunmuşdur. Bu 1985-ci ildə Ə.Cəfərov tərəfindən aşkarlanmış Buzeyir
mağarasıdır. Aşkar olunmuş 6 mədəni təbəqədən IV və VI Mustye dövrünə
aid edilir. Kəlbəcər rayonu ərazisindəki Zar mağaraları da həmin dövrlə
əlaqələndirilir.
Zəngin paleolit tapıntıları (bu, əsasən nəsli kəsilmiş heyvan
sümüklərindən ibarət olan qəbirstanlıq şəklindədir) Binəqədi kəndində, Bakı
yaxınlığında 1938-ci ildə aşkar olunmuşdur. Sümüklər 1 m qalınlığında neft
hopmuş təbəqədən çıxarılmışdır. Bu ərazidə mağara pələnginin, canavar,
tülkü, mağara öküzü, kərgədan və maral sümükləri müəyyən olunmuşdur.
Binəqədidən həmçinin bitki qalıqları da aşkarlanmışdı - üzüm, nar, fındıq,
armud və s. ağacların budaqları. Binəqədi tapıntılarının tarixi 40 min il
əvvələ aid edilir.
Beləliklə, məlum olur ki, Azərbaycan ərazisində insanlar hələ alt
paleolit dövründən məskunlaşmışlar.
1924-cü ildə Krımın Kik-Koba mağarasında yaşlı adamın və uşağın
sümük qalıqları tapılmışdır. 1953-cü ildə Krımın Staroselye düşərgəsində
uşaq skeleti aşkar edilmişdir. Mustye dövrünə aid maraqlı tapıntı 1938-ci ildə
Özbəkistanın Teşik-Taş mağarasında qeydə alınmışdır. Bu neandertal oğlan
uşağının sümük qalıqları idi. Aparılan arxeoloji tədqiqatlar nəticəsində
Gürcüstanın Sakariya, Gurçula, Kudaro, Şimali Qafqazın Barakayevsk və
digər Mustye düşərgələrində də neandertal tipli insanlara məxsus sümük
qalıqları tapılmışdır.
Dostları ilə paylaş: