Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru
imtahanının danışıq bloku üzrə təşkili qaydaları
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı vermək istəyən iddiaçılar xarici dil imtahanında
çoxpilləli təhsil sistemi çərçivəsində əvvəllər mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını,
praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün
növləri üzrə kompleks şəkildə, yəni
dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri
əhatə olunmaqla nümayiş
etdirməlidirlər.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı qrammatik qaydalar üzrə 5 qapalı və 5 açıq test
tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq, dinləyib-anlama bacarığı üzrə
dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama üzrə 350-500 sözdən
ibarət mətn üzrə 10 qapalı test tapşırığı və akademik yazı bacarığı üzrə 10 balla
qiymətləndirilməklə bir vizual məlumatın təsviri üzrə yazı tapşırığından ibarətdir. Səhv cavablar
düzgün cavabların nəticəsinə təsir göstərmir. Qeyd olunmalıdır ki, yazı işləri yoxlanılarkən hər
esse iki ekspert tərəfindən yoxlanılır, qiymət fərqi üç baldan çox
olduqda iş üçüncü ekspertə
göndərilir. Digər hallarda iki qiymətin ədədi ortası götürülür (məsələn, ekspertlər 3 və 4 balla
qiymətləndirdikdə yekun qiymət 3,5 bal çıxarılır). Eyni prosedur danışıq
bloku üzrə də tətbiq
olunur və iddiaçının verdiyi cavabın iki ekspert tərəfindən qiymətləndirilməsi məqsədilə
iddiaçının cavabı lentə yazılır.
Danışıq bloku üzrə iddiaçının cavabının qiymətləndirilməsi 5 alt bacarıq üzrə (səlislik və
məntiqi ardıcıllıq; qrammatik
qaydalara əməl olunma; söz ehtiyatının zənginliyi;
tələffüz və
tapşırığın yerinə yetirilməsi) qiymətləndirilir və ümumi 50 balın 20%-ni təşkil edir. Hər alt
bacarıq üzrə maksimum 10 bal olmaqla qiymətləndirmə nəzərdə
tutulur və yekunda ballar
toplanaraq 5-ə bölünüb orta bal çıxarılır.
Danışıq bloku üzrə qiymətləndirmə üç mərhələdən ibarətdir. İddiaçı imtahan zalına daxil
olur, ona ayrılmış yerdə əyləşir və müvafiq şəxsiyyəti təsdiq edən sənədi və cavab vərəqini
təqdim etdikdən sonra özünü təqdim edərək ümumi məlumat verir. Bu mərhələ imtahan zamanı
rahat dil mühitinin yaradılması üçün zəmin yaradır və qiymətləndirilmir.
Birinci mərhələdə iddiaçı verilmiş şəkli öncə təsvir edir, sonra isə artan çətinliklə mövzu
üzrə verilən suallara fikrini bildirir, səbəblər gətirir və izahatlar verərək əsaslandırır. Bu tapşırıq
da birinci sual şəkil təsviri üzərində qurulmuşdur (1 dəqiqə). Ikinci sual ümumi (1 dəqiqə),
üçüncü sual (1 dəqiqə) isə nisbətən xüsusi xarakter daşıyır. Ümumilikdə bu mərhələ üçün ayrılan
vaxt 3 dəqiqədən çox olmamalıdır. Bu tapşırıq maksimum 3 balla qiymətləndirilir.
İkinci mərhələdə verilmiş məlumatlar əsasında (lehinə/əleyhinə) uyğun olanı
seçərək
fikrini əsaslandırmaq üçün iddiaçı təqdimetmə bacarığını nümayiş etdirir. Düşünmək üçün
iddiaçılara maksimum iki dəqiqə vaxt verilir və iddiaçı üç dəqiqəlik təqdimatla çıxış edir. Bu
tapşırıq maksimum 5 balla qiymətləndirilir.
Üçüncü mərhələdə iddiaçıya təqdimatla əlaqədar bir sual verilir.
Sonuncu mərhələyə
ayrılan vaxt 1 dəqiqədir. Bu tapşırıq maksimum 2 balla qiymətləndirilir.