Dorian kitabxanaya düşəndə artıq saat altıya işləmişdi və otağa
çay gətirmişdilər;
qara əlvan ağacdan düzəldilmiş sədəfli xırda çay stolunu ona ledi Radley
bağışlamışdı; onun qəyyumunun arvadıydı, daim xəstəlikləri ilə əlləşirdi, ötən qış
mövsümünü də Qahirədə keçirmişdi. Nə isə... Ledi Radleyin bağışladığı o sədəfli
stolun üstündə lord Henridən gəlmiş bir məktub və yanında da üz qabığı
köhnəlmiş bir kitab vardı. Çay sinisinin içinə isə “The St. James's Gazette”1
qəzetinin üçüncü nömrəsi qoyulmuşdu. Görünür, Viktor qayıdıb gəlib. Görəsən,
o, buradan gedən fəhlələrlə rastlaşıbmı? Onlardan gördükləri iş barədə bir şey
soruşubmu? Əlbəttə, xidmətçi artıq kitabxanadan portretin çıxarıldığını bilir, hər
halda, görüb ki, portret daha burada yoxdur. Çayı gətirəndə ekranın çəkildiyinə də
fikir verib, portretin yeri də boşdur. Bəlkə də, günlərin bir günü o, Viktoru iş
başında yaxalayacaq: xidmətçi gecələrin birində pilləkənlərlə qalxıb dərs otağının
qapısını sındıra bilər! Öz evində casus saxlamaq dəhşətli şeydir! O eşitmişdi ki,
varlı adamları həmişə onların xidmətçilərindən
kimsə şantaj edir; xidmətçi ya
gizlincə məktub oxuyur, ya qapı arxasında pusub söhbətlərə qulaq asır, ya vizit
kartlarını toplayır, ya da elə balışın altından rəngi solmuş gül ləçəyi və ya
bükülmüş qadın krujevası tapır...
Dorian dərindən ah çəkdi və özünə çay süzdü; sonra lord Henridən gələn məktubu
açdı. Henri yazırdı ki, ona axşam qəzeti və kitab göndərir; kitab Dorian üçün
maraqlı ola bilər;
daha sonra da qeyd edirdi ki, səkkiz on beş dəqiqədə mütləq
klubda olacaq. Dorian qəzeti vərəqlədi, beşinci səhifədə onun gözünə qırmızı
karandaşla nişanlanmış bir yazı sataşdı. Oxudu:
“Aktrisanın ölümüylə bağlı işin istintaqı. Bu gün səhər Hokston Rouddakı Bel
Taverndə rayon müstəntiqi mister Danbi gənc aktrisa Sibil Veynin cəzədi
üzərində müayinə aparmışdır; gənc aktrisa Holbordndakı Royal Teatrına bu
yaxınlarda işə götürülmüşdü. İstintaq müəyyən edib ki, ölüm bədbəxt hadisə
nəticəsində baş vermişdir. Mərhumun anasına başsağlığı verilmişdir; qızının
meyitinin yarılmasında iştirak edən ana və doktor Birrel
istintaqa bu barədə
məlumat vermişlər; ana ifadə verərkən çox mütəəssir və həyəcanlı olmuşdur”.
Dorian dilxor oldu; qəzeti cırıb parça-parça elədi və zibil yeşiyinə tulladı. Bu nə
rəzalətdir! Bu həqarət doğuran təfərrüatlar necə də dəhşətli görünür! O, qəzeti
göndərdiyi üçün lord Henridən bir qədər incidi. Hələ bir səfehlik edib xəbəri
qırmızı karandaşla da dairəyə alıb!? Axı Viktor onu oxuya bilərdi! Xidmətçi
ingilis dilini də yaxşı bilir.
Elədir, çox güman ki, xidmətçi qəzeti oxuyub və nədənsə şübhələnməyə başlayıb!
Axı niyə narahat olur ki? Onun bu məsələyə nə dəxli var?
Dorian Qrey Sibil
Veynin ölümündə günahkar deyil ki? Heç qorxmağın yeri də yoxdur! Dorian
Qrey qızı öldürməyib!
Gözü lord Henrinin göndərdiyi sarı kitaba sataşdı. Bu nədir, görəsən? Stola
yaxınlaşdı; bu səkkizbucaqlı sədəfli stol ona gümüşdən pətək hörən naməlum
Misir arılarının işini xatırlatdı; Dorian kitabı götürüb kresloda əyləşdi,
vərəqləməyə başladı. Bir neçə dəqiqədən sonra o artıq mütaliəyə qapılmışdı. Çox
qəribə kitab idi, beləsini heç vaxt oxumamışdı. Ona elə gəlirdi ki, gözləri önündən
dünyanın bütün günahları gözəl bir libasda, fleytanın həzin musiqi sədaları altında
bir-bir ötüb-keçir. İndi o, şirin xəyal kimi arzuladığı çox şeyi canlı şəkildə görür.
Heç yuxusuna belə girməyən şeylər indi onun gözləri qarşısında canlanır.
Deyəsən.
süjetsiz bir roman idi, daha doğrusu, psixoloji etüdlər idi. Əsərin yeganə
qəhrəmanı cavan bir Parisli oğlan idi; bu cavan oğlan on doqquzuncu əsrdə bütün
keçmiş əsrlərin ehtiras və əhvali-ruhiyyələrinin dirçəldilməsi işi ilə məşğul olur.
O, bəşər övladının ötən dövrlərdə yaşadığı hiss və həyəcanları, əhvali-ruhiyyələri
eynilə özü yaşamaq istəyir. Onu qeyri-təbii məhrumiyyət formaları maraqlandırır
ki, adamlar bunları düşüncəsiz olaraq ləyaqət adlandırırlar; eyni zamanda o
formalara qarşı olan təbii ehtiras dalğaları maraqlandırır; müdriklər isə bunları
hələ də əxlaqsızlıq adlandırırlar.
Kitab özünəməxsus səlis üslubda, aydın və rəvan dildə yazılmışdı; bununla belə,
kitabda başa düşülməyən, qaranlıq olan çoxsaylı arqo
və arxaik sözlər, texniki
terminlər və incə təbirlər vardı. Belə bir üslubda fransız simvolistlər məktəbinin
gözəl sənətkarları yazardılar. Kitabda çoxlu metafora, səhləb çiçəyinə bənzər
ifadələr və incə təsvirlər vardı. İnsanın duyğusal həyatı mistik fəlsəfi termin və
anlayışlar vasitəsilə təsvir edilirdi. Çətin bir sual qarşısında qalırdın – bu nədir
belə, kitab nədən bəhs edir? Orta əsrlərdə yaşamış hansısa bir müqəddəsin dini
meyil və arzularının təsviridir?
Yoxsa bu, günah işlədən müasirimizin utanmaz
etiraflarıdır? Bu, zəhərləyici bir kitab idi. Sanki kitabın səhifələrindən qalın
papiros tüstüləri qalxır, adamın beynini korlayırdı. Cümlələrin və ifadələrin ritmi,
onların monoton ahəngi, mürəkkəb və zəngin nəqarətlər, düşünülmüş təkrarlar –
bütün bunlar yalnız bir şeyə söykənirdi – xəstə xəyalpərvərliyə! Və kitabı
səhifədən-səhifəyə, fəsildən-fəslə acgözlüklə oxuyan Dorian bir də ayılıb gördü
ki, artıq gün əyilib, otağın qıraqlarına axşam kölgəsi düşüb. Buludsuz yaşılaçalan
səmada bir ulduz parlayırdı. Dorian pəncərədən düşən zəif işıqda sözləri
seçənədək oxudu; nəhayət, xidmətçinin bir neçə xəbərdarlığından sonra durub o
biri
otağa keçdi; artıq gec idi, kitabı çarpayısının yanındakı xırda Florentin
stolunun üstünə qoyub geyinməyə başladı.
O, kluba çatanda artıq saat doqquza qalmışdı; lord Henri tək-tənha oturub onu
gözləyirdi, çox əzgin və narazı görünürdü.
– Harri, üzr istəyirəm, – Dorian dedi, – vallah, mənim gecikməyimdə günahkar
sizsiniz. Sizin mənə göndərdiyiniz kitab o qədər sehrli idi ki, ondan ayrılmaq
olmurdu, buna görə də saat yaddan çıxmışdı mənim üçün. Bilmədim gün nə vaxt
qurtardı.
– Bilirdim ki, xoşunuza gələcək, – Lord Henri ayağa qalxıb cavab verdi.