qəribə obrazları tanıyır, onları dərk edir və bu obrazlar ona yaxındır. Sanki,
onların həyatı hansısa sirli tellərlə onun həyatına bağlanır.
Dorianın həyatına hədsiz təsir edən gözəl bir romanın qəhrəmanı
da belə bir
rəngarəng xülyalar sahibi idi; romanın yeddinci fəslində qəhrəman dəfnə
çələnglərinə bürünmüş Tiberius kimi oturaraq ildırımdan necə qorunduğunu
söyləyir; sonra o, Kapridə bağda oturub fillər haqqında tərbiyəsiz kitablar
oxuduğunu və bu zaman onun böyür-başında cırtdan və tovuzquşularının
gəzdiyini danışır; və bir fleytaçı da buxurdanı yellədərək ətirli maddələri ətrafa
səpələyir; o qəhrəman həm də Kaliqula kimiydi, tövlədə yaşıl alt köynəkli atlılarla
əyyaşlıq edirmiş, alnında brilyantdan örtük asılmış atıyla birlikdə bir qabdan, yəni
fil sümüyündən olan axurdan nahar edirmiş; o həm də Domisian kimiydi, mərmər,
güzgü kimi parıldayan dəhlizdən keçərkən sönük gözləriylə onun həyatına son
qoymuş xəncərin əksini axtarırdı; nə qədər qorxunc bir taedium vitae1 hissi! Və
o, elə oradaca həyatın
heç nə əsirgəmədiyi, lakin sağalmaz xəstəliyə düçar olmuş
adamlar kimi kədər içində batıb qalmışdı; sirkdə oturan zaman o, şəffaf zümrüdlər
arasından qanlı döyüş səhnələrini izləyirdi; bu döyüş səhnələrində al-qırmızı insan
qanı tökülür, sonra həmin insanları tünd-qırmızı rənglərlə və mirvari dənələri ilə
bəzədilmiş xərəklərdə, gümüş nalları olan gözəçarpan qatırlarda daşıyırdılar;
adamlar onu Narlar küçəsindən öz Qızıl sarayına keçərkən lənətləyir, “Neron
Sezar!” deyə qışqırır və ona lənətlər yağdırırdılar; o həm də Elaqabalus kimiydi;
öz
üzünü onun kimi rəngləmişdi, cəhrə qarşısında qadınlar arasında oturmuşdu və
Günəşlə mistik kəbinini kəsdirmək üçün Karfagendən Ay allahını gətirməsini əmr
edirdi.
Dorian bu fantastik fəsli və ondan sonrakı iki fəsli dəfələrlə oxumuşdu; qədim
xalçaların minalı təsvirlərində gördüyü kimi, burada da adamların qorxunc və
gözəl şəkilləri verilmişdi; bu şəkillərdəki adamları Toxluq, Pislik və Qana hərislik
Bədheybət və Dəli etmişdi; Filippo, Milanın Hersoqu, arvadını öldürmüş, onun
dodaqlarını qırmızı zəhərlə boyamışdı ki, məşuqu da onu öpəndə zəhərlənib
ölsün; Venesiyalı Pietro Barbi II Pavel kimi tanınmışdı,
şöhrət düşkünüydü, ona
pərəstiş edilməsinə və onun “Formosus” deyə çağırılmasına (yəni “Gözəl”) nail
olmuşdu; onun tacı iki yüz min florinə2 başa gəlmişdi ki, bu da dəhşətli bir
cinayət hesabına mümkün olmuşdu. Qian Mariya Viskonti insanları it əti ilə
zəhərləmişdi; o öləndə onun meyiti onu sevən bir fahişə tərəfindən qızılgüllərlə
örtülmüşdü; ağ atın belindəki Borciyanın gözünün qabağında qardaş qardaşın
qanını tökür və onun plaşı Perottonun qanına bulaşır; Florensiyanın
arxiyepiskopu, gənc kardinal Pietro Riario papa IV Sikstusun istəkli oğludur;
Pietronun gözəlliyi onun əxlaq pozğunluğuna bərabərdir; o, Leonora Araqonu ağ
və qırmızı ipək çadırda qəbul etmişdi; çadır nimfa1 və kentavrlarla2
bəzədilmişdi; o əmr etmişdi ki, eyş-işrət məclisində Qanimed və ya Hilas kimi
xidmət göstərəcək oğlanı qızıl suyuna salsınlar; melanxolik xasiyyətli Ezzelini
götürək; onun qəm-kədərini dağıtmaq üçün yalnız ölüm səhnələri lazım gəlirdi, o,
qana susamış
bir insan idi, adamlar qırmızı şərabı necə içirdisə, o da insan qanını
eləcə içirdi; əslən o, Şeytan oğluydu, öz atasının ürəyini qumara qoyaraq onunla
qumar oynamış, onu aldatmış və udmuşdu; Canbatista Çibo rişxəndlə öz adını
dəyişdirərək Günahsız qoymuşdu; həmin o Çibonun tükənməkdə olan qanına bir
yəhudi həkim üç cavan oğlanın qanını vurmuşdu; İzottanın sevgilisi Siqismondo
Malatesta və Romada Allahın düşməni kimi portreti yandırılan lord Rimini; bu, o
adamdır ki, salfetlə Polissenanı boğub öldürdü; və o, Cinevra d’Estə zümrüd
piyalədə zəhər verdi; bu adam həm də əxlaqsız ehtiraslara
olan pərəstişə bütpərəst
məbədi ucaltdı və xristianlar bu məbədə girib ibadət etdilər; öz qardaşı arvadına
dəlicəsinə vurulan VI Karl da belə adamlardan idi; guya, cüzamlı xəstələrdən biri
ona bildirmişdi ki, gələcəkdə o, sevgidən dəli olacaq; bu adamın beyni-başı xarab
olan zaman onu bilirsiniz nə ilə sakitləşdirirmişlər? Saracen kartları ilə! Bəli, bəli,
üstündə sevgi, ölüm və dəliliyin təsvirləri olan kartlarla; və nəhayət,
bayram
libasında olan Qrifonetto Baqlioni; şlyapası iri yarpaqşəkilli almaz qaşlarla
ilmələnmiş bu adam Astorre və onun nişanlısının qatili olmuşdu; o həm də
Simonettonu və onun zadəgan oğlunu da öldürmüşdü; oğlan o qədər gözəl idi ki,
o, Perucianın sarı meydanında uzanıb öləndə hətta ona nifrət edənlər belə göz yaşı
tökürdülər; və hətta ona lənətlər yağdıran Atlanta da onun ruhuna dualar
oxumuşdu.
Bu adamların hamısında nəsə dəhşətli, qorxunc bir
cazibə qüvvəsi olub; Dorian
onları gecələr yuxuda görürdü və gündüzlər isə bu adamlar onun xülyalarını cuşa
gətirir, təxəyyülünə dinclik vermirdilər. İntibah dövrü zəhərlənmənin qəribə və
ağlagəlməz üsullarını görüb: dəbilqə vasitəsilə zəhərlənmə, yanan məşəl
vasitəsilə zəhərlənmə, qiymətli daş-qaşlardan ilmələnmiş yelpik və ya əlcəklər
vasitəsilə zəhərlənmə, qızıl suyuna salınmış müşklü şarlar və kəhrəba
boyunbağılar vasitəsilə olan zəhərlənmələr; Dorian Qrey isə kitablar vasitəsilə
zəhərlənmişdi.
Bəzən onun üçün Şər, yaxud Şeytan, sadəcə, Gözəllik hesab etdiyi
təsəvvürləri reallaşdırmaq vasitəsi rolunu oynayırdı.
ON İKİNCİ FƏSİL
Dorian sonralar doqquz noyabrı, otuz səkkiz yaşının tamam olması ərəfəsini tez-
tez xatırlayacaqdı.
Təxminən, gecə saat on bir radələrində o, lord Henriylə nahar edəndən sonra evə
piyada qayıdırdı; hava çox soyuq və dumanlı idi; o, kürkünə bürünərək bütün
vücudunu gizlətmişdi, yalnız gözləri görünürdü. Qrosvenor meydanı ilə cənub
Odli stritin kəsişdiyi tinə çatanda onun yanından bir adam ötüb-keçdi; əlində
sakvoyaj vardı və o, yeyin addımlarla gedirdi, boz paltosunun yaxalığını