cildlədiyi "Les Cent Nouvelles”1 kitabı vardı; kitabın müəllifi hansısa fransız
Marqaret Valua idi; üz qabığı qızılı qızçiçəyilər ilə örtülmüşdü. Bu gülü kraliça
özünün emblemi seçmişdi. Daş sobanın üstündəki iri Çin mavi vazalarının içində
qırmızı zanbaqlar görünürdü. Xırda pəncərə şüşələri boyunca Londonun yay
gününün ərik rəngli işığı düşürdü.
Lord Henri evdə deyildi, hələ qayıtmamışdı. Bir qayda olaraq o, həmişə gecikərdi
və hesab edirdi ki, dəqiqlik vaxtın oğrusudur. Gənc Dorian xeyli pəjmürdə
oturmuşdu, bir qədər əvvəl kitab rəflərinin birindən götürdüyü Manon Leskotun
illüstrasiyalı nəfis nəşrini dalğın-dalğın vərəqləyirdi. Saat əqrəbləri aram-aram
çıqqıldayırdı, sanki, XIV Lüdovikin vaxtındakı kimi vururdu. Bu, Dorianı
bezdirdi. Hətta bir-iki dəfə çıxıb getmək istədi.
Nəhayət, o, qapı kandarında ayaq səsləri eşitdi; qapı açılan kimi Dorian
donquldandı:
– Harri, nə yaman gec gəldiniz?
– Mister Qrey, təəssüf ki, Harri deyil, – cingiltili bir səs gəldi.
Dorian cəld geri boylandı və ayağa durdu.
– Bağışlayın! Elə bildim...
– Elə bildiniz mənim ərimdir? Onun arvadıdır gələn... İcazə verin, özümü təqdim
edim... Mən artıq sizi tanıyıram, şəkillərinizi görmüşəm. Ərimdə sizin, səhv
etmirəmsə, on yeddi şəkliniz var.
– On yeddi olmaz, ledi Henri!
– Olsun on səkkiz! Mən bu yaxınlarda sizi onunla birgə operada gördüm.
Qadın danışarkən əsəbiliklə gülürdü və Doriana diqqətlə baxır, oynayan, mavi,
çağırışlı gözlərini ondan çəkmirdi. Qəribə qadın idi; əyin-başı elə idi ki, deyirdin
bəs indicə kiməsə dəlicəsinə vurulub, ehtirasdan və çılğınlıqdan od tutub yanır.
Ledi Votton tez-tez kiməsə vurulurdu və oxu dərhal daşa dəyirdi; buna görə də o,
hələ də xəyalpərvərliyini saxlamışdı. Qadın çalışırdı ki, təravətini saxlasın, lakin
alınmırdı, əvəzində adamda pinti təəssürat yaradırdı. Onun adı Viktoriya idi,
kilsəyə getməyi çox xoşlayırdı; kilsə onun səcdə etdiyi yerə çevrilmişdi.
– Görünür, “Lohenqrin” operasında, eləmi?
– Elədir, Lohenqrində gördüm. Mən Vaqnerin musiqisini sevirəm; onunku o
birilərinkindən daha yaxşıdır. O qədər səs-küylü musiqidir ki, adam teatrda bütün
gecəni bir-biriylə söhbət edər və kənar adam da o söhbəti eşitməz. Bu da böyük
bir üstünlükdür, elə deyilmi, mister Qrey?
Qadının nazik dodaqları yüngülcə və narahat-narahat aralandı və o, uzun
tısbağaşəkilli qayçını götürüb kağız kəsmək istədi. Dorian təbəssümlə başını
buladı.
– Bağışlayın, mən sizinlə razı ola bilmərəm, ledi Henri. Mən həmişə musiqiyə
diqqətlə qulaq asıram, əlbəttə, əgər o, yaxşıdırsa. Lakin əlbəttə, pis musiqi
eşidəndə gərək söhbət edəsən.
– Aha, belə de! Bu, Harrinin fikridir, elə deyilmi, mister Qrey? Mən həmişə
Harrinin fikirlərini onun dostlarından eşidirəm. Yalnız bu yolla mən onları tanıya
bilirəm... Musiqiyə gəlincə.... Elə fikirləşməyin ki, mən onu sevmirəm. Yaxşı
musiqi üçün ölürəm, lakin o, məni həddən artıq romantizmə kökləyir. Pianoçulara
Allah kimi baxıram, hətta bir könüldən min könülə dərhal aşiq oluram onlara...
Hər halda, Harri belə deyir. Heç özüm də bilmirəm onların nəyi məni cəzb edir.
Bəlkə, onlar xarici vətəndaşlardır, ona görə? Axı onlar məncə hamısı xaricdən
gəlib? Hətta İngiltərədə doğulanlar da tədricən əcnəbi olurlar, düz demirəm?
Ağıllı iş görürlər, bu, onların sənətinə yaxşı nüfuz gətirir, onların sənətini
kosmopolit1 edir. Elədirmi, mister Qrey? Yəqin, siz mənim heç bir gecəmdə
iştirak etməmisiniz? Mütləq gəlin. Mən səhləb çiçəkləri sifariş etmirəm, buna
mənim gücüm də çatmaz; lakin əcnəbilərə qarşı səxavətliyəm; onlar mənim qonaq
otağıma şairanə gözəllik gətirirlər. Ooooo, budur, Harri də gəldi! Harri! Mən
sənin otağına girdim ki, nəsə soruşam səndən – bilmirəm, nəsə soruşacaqdım –
gördüm mister Qrey oturub burada. Biz onunla musiqi barədə maraqlı söhbətlər
etdik və fikirlərimiz də tamam üst-üstə düşdü... amma... yox, məncə, bizim
fikirlərimiz tamam müxtəlifdir. Buna baxmayaraq, o, çox gözəl müsahibdir, onu
burada görməyimə çox şadam...
– Əzizim, mən də çox şadam, – lord Henri qara, əyri qaşlarını qaldırdı, gah
arvadına, gah da Dorian Qreyə gülümsədi. – Bağışlayın, gecikdim, Dorian. Mən
Vardor küçəsiylə gəlirdim, orada qədimi bir zərxara parçası gördüm və istədim
onu alam; düz iki saat qiymətini öldürməklə məşğul idim. İndi camaat hər şeyin
qiymətini yaxşı bilir, lakin deyim ki, əsl dəyərin nə olduğunu bilmir.
– Təəssüf ki, sizi tərk edəcəyəm, – ledi Henri araya çökmüş bir anlıq sükutu
pozaraq dilləndi. Qadın həmişəki kimi qəflətən və yersiz güldü. – Mən
hersoginyaya söz vermişəm ki, onunla birlikdə maşın sürüm. Xudahafiz, mister
Qrey, sağ ol, Harri! Gərək ki, siz çöldə nahar edəcəksiniz? Elə mən də. Bəlkə, ledi
Tornberigildə görüşdük...
– Yəqin ki, əzizim, – lord Henri cavab verdi və qapını arvadının arxasınca
bağladı. Bütün gecəni yağış altında qalan cənnət quşunu xatırladan qadın otaqda
özündən sonra yüngül yasəmən ətri qoyaraq uçub getdi; Henri dərhal papiros
yandırıb divana yayxandı.
– Dorian, mənim sizə məsləhətim: heç vaxt saçı saman rəngli qadınla evlənməyin!
– lord Henri bir-iki qullab vurandan sonra dedi.
– Niyə, Harri?
– Çünki onlar çox sentimental olurlar.
– Axı sentimental adamlar mənim xoşuma gəlir.
– Ümumiyyətlə, heç evlənməsəniz yaxşıdır... Kişilər yorulduqları üçün evlənirlər;
qadınlar isə hər şeylə maraqlandıqları üçün ərə gedirlər. Axırda izdivac hər ikisinə
məyusluq gətirir.
– Nə vaxtsa evlənəcəyimi ağlıma belə gətirmirəm, Harri. Mən həddən artıq çox
sevirəm. Bu da sizin aforizmlərdən biridir. Mən də sizin bütün məsləhətlərinizi
həyata keçirirəm.
– Kimə vurulmusunuz belə? – lord Henri ani sükutdan sonra soruşdu.
– Bir aktrisaya, – Dorain Qrey qızardı. Lord Henri çiyinlərini çəkib dedi:
– Tamam mənasız bir başlanğıcdır...
– Siz onu görsəniz, belə deməzsiniz, Harri...
– O qız kimdir belə?
– Adı Sibil Veyndir...
– Eşitməmişəm.
– Onun haqqında heç kəs heç nə bilmir... Lakin əvvəl-axır onu hamı tanıyacaq...
Çox istedadlı aktrisadır.
– Mənim əziz dostum, qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər.
Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl
deyirlər. Qadın materiyanın ruh üzərində qalibiyyət mücəssəməsidir, kişi isə
düşüncənin əxlaq üzərində təntənəsini təcəssüm etdirir.
– Bunu necə dilinə gətirirsən, Harri?
– Əzizim Dorian, bu, həqiqətdir, inanın. Mən qadınları təhlil edirəm, ona görə
bunu yaxşı bilirəm. Və onu deyim, bu, o qədər də çətin predmet deyil ki, öyrənə
bilməyəsən. Mən bu qənaətə gəlmişəm ki, qadınlar, əsasən, iki kateqoriyaya
bölünürlər: boyasız və boyalı qadınlar. Birincilər bizə sərf edir, onlar daha
faydalıdır. Əgər nüfuzlu adam olmaq istəyirsənsə, hörmət qazanmaq istəyirsənsə,
onları şam yeməyinə dəvət elə. İkinci kateqoriyadan olan qadınlar çox gözəl
olurlar. Lakin onlar bir səhv buraxırlar: onlar cavan görünmək üçün boyalanır, üz-
gözlərinə rəng sürtürlər. Bizim nənələrimiz rəng sürtürdülər ki, gözəl və
hazırcavab müsahib kimi görünsünlər. O dövrdə “rouge”1 və “esprit”2in hər
ikisindən birlikdə istifadə edirdilər. İndi isə belə deyil. Əgər qadın öz qızından on
yaş cavan görünmək xətrinə dəridən-qabıqdan çıxıbsa, yaxud buna nail olubsa,
deməli, o qadın bundan həzz alır. Onlardan ağıllı və zəkalı söhbətlər gözləməyin.
Bütün Londonu axtarsan, söhbət etmək üçün cəmi beş qadın var; və onların ikisi
də mötəbər cəmiyyətə layiq deyil. Nə isə… o dahi, istedadlı qızınız barədə
danışın. Onu nə vaxtdan tanıyırsınız?
– Ah! Harri, sizin mühakimələriniz məni dəhşətə gətirir…
– Boş verin! Deyin görüm, o qızla neçə müddətdir tanışsınız?
– Üç həftə olar...
– Harada tanış olmusunuz?
– İndi deyərəm, Harri, amma Allah xatirinə, məni ruhdan salmayın... Əslinə qalsa,
sizinlə görüşüb tanış olmasaydım, bu da mənim başıma gəlməzdi... axı siz mənə
həyatda hər şeyi bilməyə ehtirasla can atmağın nə demək olduğunu anlatdınız.
Bazilin yanındakı görüşümüzdən sonra mən rahatlıq tapa bilmirdim; mənim bütün
Dostları ilə paylaş: |