– Sibil? Ah, o necə də zərif və utancaq idi! Uşaq məsumluğu vardı onda! Mən
onun tamaşadakı ifası barədə öz fikirlərimi söyləyən zaman qız gözlərini əzəmətli
təəccüblə açıb mənə baxırdı və mənə elə gəlirdi ki, o, qeyri-adi bir istedad
olduğunu anlamırdı. Mənə elə gəlirdi ki, biz ikimiz də bir qədər həyəcanlı idik.
Qoca yəhudi tozlu foyenin qapısı ağzında dayanıb gülümsəyir, bizə bəlağətli
sözlər deyirdi; biz isə üz-üzə dayanıb bir-birimizə uşaq kimi baxırdıq. Qoca məni
elə hey “Milord” çağırırdı, lakin mənsə Sibili inandırmağa çalışırdım ki, mən
lord-filan deyiləm. Qız isə sadəlövhcəsinə mənə dedi:
– Siz lorda yox, daha çox şahzadəyə bənzəyirsiniz. Bundan sonra mən sizi “Gözəl
şahzadə” çağıracağam.
– Vallah, Dorian, miss Sibil kompliment deməyi bacarır...
– Yox, Harri, düz başa düşmürsünüz; mən onun üçün hansısa pyesin bir
qəhrəmanıyam. Onun həyat barədə heç bir təsəvvürü yoxdur. Sibil anasıyla qalır;
əzab-əziyyət görmüş, solğun bir qadındır; birinci gecə səhnədə qırmızı don
geyərək Kapuletti rolunu oynayırdı və adama elə gəlirdi ki, bu qadın daha
bəxtəvər günlər yaşayıb.
– Belələrinə rast gəlmişəm. Onları görəndə sıxılıram, – lord Henri mızıldandı,
barmağındakı üzüklərini nəzərdən keçirdi.
– Yəhudi mənə o qızla bağlı tarixçəni danışmaq istəyirdi; lakin dedim ki, bu, məni
maraqlandırmır.
– Düz də eləmisiniz. Özgə faciəsində nəsə həddən artıq bir miskinlik var.
– Məni Sibilin özü maraqlandırır. Nəyimə lazım onun ailəsi, hansı nəsildən
çıxmağı? Onda hər şey mükəmməl idi, hər şey ilahiydi, başdan-ayağadək hər şey
müqəddəs bir məlaikə idi. Mən hər axşam gedib onun oyununa baxıram və hər
tamaşadan sonra o daha cazibədar və füsunkar görünür.
– Həəəə. Bax buna görə siz daha axşamlar mənimlə nahar eləmirsiniz! Elə belə də
düşünürdüm; düşünürdüm ki, siz, yəqin, kiməsə vurulmusunuz... Lakin bu....
mənim gözlədiyim şey deyil.
– Əzizim Harri, az qala, hər gün biz ya səhər yeməyini birgə yeyir, ya da birlikdə
şam edirik.... Bundan başqa, mən sizinlə bir neçə dəfə operaya da getmişəm, –
Dorian etiraz elədi.
– Elədir, amma siz həmişə insafsızcasına gecikirsiniz.
– Neyləmək olar! Mən Sibili hər axşam görməliyəm! Heç olmasa, bir tamaşada,
bir fraqmentdə görməliyəm. Görməsəm olmaz, onsuz yaşaya bilmirəm! Mən o
füsunkar varlığın nərmənazik bədənində, sanki, fil sümüyündən hörülmüş qəlbini
düşünəndə məni iltifatlı həyəcan hissləri bürüyür.
– Bu gün necə, Dorian, mənimlə nahar edərsinizmi?
Dorian başını bulayıb dedi:
– Bu axşam o, İmocendir. Sabah axşam isə Cülyetta olacaq...
– Bəs nə vaxt Sibil Veyn olur?
– Heç vaxt.
– Onda sizi təbrik etmək olar ki!..
– Siz necə də dözülməzsiniz! Siz başa düşmürsünüz ki, o qızın içində dünyanın
bütün məşhur qəhrəmanları yaşayır! O qız individual fərd deyil! Ondan da
artıqdır! Siz gülürsünüz! Amma mən sizə deyirəm ki, o qız dahidir, istedad
mücəssəməsidir! Mən onu sevirəm və elə etməliyəm ki, o da məni sevsin. Siz
həyatın bütün sirlərini bilən adam kimi deyin görüm Sibil Veyni necə özümə
heyran edim? Necə edim ki, o, mənə vurulsun? Mən Romeonu rəqib etmək
istəyirəm, qoy o, qızı mənə qısqansın! Mən istəyirəm ki, dünyanın bütün ölən
aşiqləri qəbirdən bizim sevgi dolu şaqraq gülüşlərimizi eşidib qəm dəryasına
batsınlar! Qoy bizim ehtiraslarımızın nəfəsi onların ruhlarını titrətsin, oyadıb
iztirab içində qovursun! İlahi, mən onu necə də çox sevirəm, Harri!
Dorian danışa-danışa otaqda var-gəl edirdi. Onun yanaqları əməlli-başlı allanmış,
həyəcanı isə get-gedə coşurdu.
Lord Henri gizli məmnunluqla dostunu seyr edirdi. Bazil Holvardın
emalatxanasındakı o utancaq oğlandan əsər-əlamət belə qalmamışdı! Onun bütün
varlığı al-qırmızı çiçəklərin ləçəkləri kimi açılmışdı. Qəlbi öz gizli sığınacağından
çıxmışdı, istəkləri isə qəlbi ilə görüşə tələsirdi.
– İndi nə etmək fikrindəsiniz? – nəhayət, lord Henri maraqlandı.
– İstəyirəm siz və Bazil bir dəfə mənimlə teatra gedəsiniz və qızın oyununa
tamaşa edəsiniz. Əminəm ki, siz onun oyununa baxsanız, Sibilin dahi olduğunu
görəcəksiniz. Sonra o qızı hansı yolla olur-olsun, o qoca yəhudinin əlindən almaq
lazımdır. Qız onunla müqavilə bağlayıb – ən azı, üç il orada qalmalıdır; hər halda,
iki il səkkiz ayı qalıb... Əlbəttə, mən o yəhudiyə nəsə ödəməli olacağam. Haqq-
hesab ödənildikdən sonra mən Sibili Vest End Teatrına aparacağam, onu insanlara
tanıdacaq, şan-şöhrətli edəcəyəm... O, məni dəli etdiyi kimi, dünyanı da dəli
edəcək...
– Eh, əzizim, bu mümkün deyil!
– Yox, mümkündür! Görəcəksiniz! Onun təkcə gözəl aktyorluq istedadı yoxdur
ki! O qızda parlaq fərd, şəxsiyyət gözəlliyi də var! Axı siz özünüz də mənə
dəfələrlə demisiniz ki, dünyanı şəxsiyyətlər idarə edir, ideyalar yox!
– Yaxşı, teatra nə vaxt gedək?
– Qoy bir fikirləşim... Hə, bu gün çərşənbə axşamıdır. Gəlin sabaha təyin edək. O,
sabah Cülyettanı oynayacaq.
– Danışdıq. Onda saat səkkizdə “Bristol”da görüşürük; mən Bazili özümlə
gətirərəm.
– Harri, səkkiz gecdir, yeddinin yarısında. Biz teatrda tamaşa başlanmazdan
qabaq olmalıyıq. Siz onu gərək birinci pərdədə, Romeo ilə ilk görüş səhnəsində
görəsiniz.
– Yeddinin yarısı? Belə tez niyə? Bir saat tez! Çay içəcəyik, yoxsa ingilis romanı
oxuyacağıq? Yeddi olsa, yaxşıdır. Heç bir mötəbər adam yeddidən tez nahar
etmir. Bəlkə, siz elə qabaqcadan Bazilin yanına gedəsiniz? Ya da, bəlkə, ona
məktubla xəbər verim, hə?
– Oh! Əziz və sevimli Bazil! Düz bir həftədir mən onun gözünə görünmürəm!
Bu, mən tərəfdən vicdansızlıq deməkdir! Axı o, mənim portretimi çəkib qurtarıb
və mənə evə göndərib; özü də elə gözəl çərçivəyə salıb ki! Düzdür, mən bu
portretə bir qədər həsəd də aparıram; o, düz bir ay məndən cavandır; lakin
boynuma alıram ki, o, məni heyran edib! Yaxşı olar ki, siz yazasınız ona! Mən
onunla göz-gözə gəlmək istəmirəm; o danışanda mən darıxıram. O, mənə daim
yaxşı məsləhətlər verir.
Lord Henri gülümsəyib dedi:
– Bəzi adamlar özlərinə çox lazım olan şeyləri böyük həvəslə özgələrə verirlər.
Bax mən bunu ifrat alicənablıq adlandırıram.
– Bazil çox xeyirxah adamdır! Amma məncə, o, bir qədər meşşan təbiətlidir.
Harri, mən səni tanıyandan sonra bunu özümçün kəşf elədim.
– Əzizim, görürsünüz, Bazil özündə olan bütün gözəl cəhətlərini sənətinə qoyur.
Beləliklə, o, həyat üçün heç nə qoymur; yalnız mövhumat və əxlaq prinsiplərini,
bir də sağlam düşüncələrini qoyub gedir. Mənim tanıdığım rəssamlar arasında
yalnız istedadsızlar şəxsiyyətcə sevimli olublar. İstedadlı sənətkarlar öz
yaradıcılıqları ilə nəfəs alırlar və buna görə də onlar tamamilə maraqsız olurlar.
Böyük şair – həqiqi böyük şair – həmişə ən cansıxıcı, bayağı adam kimi olur.
İkincidərəcəli şairlər isə cazibədar, heyranedici adamlar olurlar. Onların şeirləri
nə qədər zəif və bayağıdırsa, xarici görkəmləri və maneraları da bir o qədər
cazibəli və təsirli olur. Əgər bir adam zəif sonetlər toplusu buraxıbsa, qabaqcadan
demək olar ki, silinməz təəssürat oyadan adamdır. O, öz həyatına şeirlərinə gətirə
bilmədiyi poeziyanı gətirir. Lakin digər şairlər isə poeziyanı kağıza köçürürlər;
onların poeziyanı həyata gətirmək üçün cəsarətləri çatmır.
– Harri, bilmirəm, görəsən, dedikləriniz doğrudurmu? – Dorian Qrey tərəddüd
içində soruşdu və qızılı qapağı olan ətir şüşəsini götürüb burun dəsmalına vurdu.
– Əgər siz deyirsinizsə, deməli, düz olmalıdır... Yaxşı, mən gedim. İmocen məni
gözləyir. Sabahkı görüşümüzü yaddan çıxarmayın. Hələlik.
Dorian gedəndən sonra lord Henri qaşlarını çatıb fikrə getdi. Əlbəttə, o, başqa
adamlardan daha çox Dorian Qreylə maraqlanırdı; oğlanın dəlicəsinə vurulması
lord Henrinin qəlbində, azca da olsa, nə bir qısqanclıq, nə də təəssüf hissi
oyatmamışdı. Əksinə, o, buna sevinirdi. İndi Dorian ona öyrənmək üçün daha
maraqlı obyekt olmuşdu. Lord Henri hər zaman təbiətşünaslıq elminin
metodlarına rəğbətlə yanaşmışdı, lakin bu elmin tədqiqat sahəsini darıxdırıcı və
əhəmiyyətsiz hesab etmişdi. Öz şəxsi tədqiqatlarına o, öz üzərində viviseksiya1
ilə başlamışdı, sonra o, bu prosesi başqalarının üzərində aparmağa başladı. İnsan
Dostları ilə paylaş: |