Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

ehtiyatla içəri girdi; köhnə, balaca Çin sinisində çay fincanından savayı bir yığın 
məktub da vardı. Xidmətçi üç hündür pəncərəni örtən işıltılı yaşıl ipək pərdələri 
araladı. Gülümsəyərək dedi: 
– Müsyö, siz bu gün bərk yatmısınız… 
– Saat neçədir, Viktor? – Dorian Qrey yuxulu-yuxulu soruşdu. 
– İkiyə on beş dəqiqə işləyib, müsyö! 
– Yaman yatıb qalmışam! – Dorian ağır-ağır durub çarpayıda oturdu, çaydan bir-
iki qurtum içdi, sonra məktubları eşələməyə başladı. Məktublardan biri lord 
Henridən gəlmişdi, özü də bu gün səhər onu əllə gətirib təhvil vermişdilər. Dorian 
bir anlıq tərəddüd elədi, sonra məktubu kənara itələdi. O biri məktubları ötəri 
nəzərdən keçirdi; həmişəki kimi, onu nahara dəvət edirdilər – müxtəlif 
dəvətnamələr, vizit kartları, rəsm sərgilərinin açılışı, xeyriyyə konsertləri və sair 
və ilaxır... Bütün bu korrespondensiyalar – mövsümün ən qızğın çağında kübar 
bir cavan adama gələn adi göndərişlər idi. Məktubların arasında kifayət qədər 
yüksək məbləğdə bir hesab qaiməsi də vardı – bu, XV Lüdovik üslublu gümüş 
tualet ləvazimatlarına görə idi ki, bunu da Dorian öz qəyyumlarına göndərməyə 
cəsarət etməmişdi; onlar  tamamilə köhnə düşüncəli adamlar idi və başa 
düşmürdülər ki, bizim dövrdə insana yalnız lazımsız şeylər lazım olur; məktublar 
arasında Cermin küçəsindəki sələmçilərdən də bir neçəsi vardı və onlar nəzakətli 
bir dillə təklif edirdilər ki, hər hansı bir tələb olarsa, çox aşağı faizlərlə ssuda 
verməyə hazırdırlar. 
On dəqiqədən sonra Dorian durub ipək kəşmiri xalatını geyindi və ornamentli 
daşlarla döşənmiş vanna otağına girdi. Uzun yuxudan sonra sərin su vannası onun 
ruhunu təzələdi və vannadan çıxanda Dorianın əhvalı yaxşılaşdı; gecəki olaylar, 
sanki, unuduldu. Yaddaşında dünənki gecənin yalnız xırda-mırda detalları 
oyanırdı: o, hansısa dramda iştirak edibmiş! Lakin bütün bunlar ona dumanlı yuxu 
kimi gəlirdi.    
Dorian geyinib kitabxanaya düşdü və açıq pəncərəyə yaxın dairəvi, balaca masada 
onun üçün düzəldilmiş  yüngül fransız səhər yeməyi süfrəsi arxasında oturdu. 
Gözəl bir gün idi. Mülayim havadan ətir qoxusu gəlirdi. Otağa arı girdi və 
vızıldaya-vızıldaya Dorianın stolunun üstündəki Çin vazasına qoyulmuş sarı 
qızılgüllərin başına fırlanmağa başladı. Dorianın üzünə məmnun bir bəxtəvərlik 
qonmuşdu. 
Birdən onun nəzərləri portretin qarşısında qoyduğu ekrana sataşdı və o diksindi. 
– Müsyö, sizə soyuq deyil ki? – bu an ona omlet gətirən xidmətçisi soruşdu. – 
Bəlkə, pəncərəni örtüm? 
Dorian başını buladı: 
– Yox, soyuq deyil! 
Doğrudanmı, bütün bunlar olmuşdu? Yəni portret dəyişmişdimi? Bəlkə, bu, onun 
korlanmış təxəyyülünün nəticəsi idi? Onu qara basmışdı və ya portretin fərəhli 


təbəssümü əvəzinə onun gözünə, bəlkə də, idbar sima görünmüşdü? Axı kətan 
parça üzərinə həkk olunan rənglər necə dəyişə bilər? Absurddur! Bir gün Bazilə 
bunları deyəcək! Yəqin, o da Dorianla məzələnəcək, bəs deyincə güləcək ona! 
Amma yox! Bütün ötənlər ona, elə bil, canlı kimi görünür! O, portretin qəddar 
sifətini əvvəlcə qaranlıqda, sonra da gün işığında görmüşdü! Ağzının ətrafındakı 
büküşləri də! İndi isə o, səbirsizliklə xidmətçinin otaqdan çıxmasını gözləyirdi; 
əmin idi ki, tək qalan kimi dözməyəcək, ekranı portretin qabağından götürüb ona 
baxmaq istəyəcək. Dorian həqiqəti öyrənməkdən qorxurdu.   
Xidmətçi siqaret və qəhvə gətirdi, sonra otaqdan çıxmaq istədi; Dorianın 
ürəyindən dəli bir istək keçdi; o, xidmətçiyə demək istəyirdi ki, otaqda qalsın, 
çıxmasın. Lakin xidmətçi qapını örtüb gedəndən sonra Dorian zəngi basdı, onu 
geri çağırdı. Viktor müntəzir durdu və sahibinin əmrlərini gözləməyə başladı. 
Dorian xidmətçiyə dedi: 
– Mən evdə yoxam, Viktor! – Dorian dərindən bir ah çəkdi, Viktor təzim edib 
çıxdı. 
Dorian süfrə arxasından durub bir siqaret yandırdı; ekranla üzbəüz taxtın üstündə 
yerini rahatladı. Ekran qədimiydi, basmanaxışlı qızılı ispan dərisindən idi; üstünə 
XIV Lüdovik üslubunda əlvan bəzəklər vurulmuşdu. O, gözlərini ekrana 
zilləmişdi, öz-özündən soruşurdu ki, görəsən, bu ekran parça nə vaxtsa insan 
həyatının sirrinin üstünü bax beləcə örtübmü? 
Hə, o, indi neyləməlidir, ekranı portretin qabağından kənara çəksinmi? Bəlkə, elə 
yaxşısı budur, beləcə qalsın? Bunu öyrənməyin nə mənası var axı? Əgər, 
həqiqətən, portret dəyişibsə, onda dəhşət olacaq! Yox, əgər dəyişməyibsə, onda 
niyə narahat olur? Birdən kimsə təsadüfən portretə baxıb görsə ki oradakı şəklin 
cizgiləri dəhşətli dərəcədə dəyişib, onda necə olsun? Birdən Bazil Holvard gəlib 
öz əsərinə baxmaq istədi, o, nə deyəcək? Bazil mütləq ona baxmaq istəyəcək. 
Yox! Dorian gərək portretə baxsın, ekranı onun qabağından çəkib götürsün! Bunu 
dərhal etmək lazımdır! Naməlum şeydən ötrü iztirab çəkməkdən pis şey yoxdur! 
Dorian durub hər iki qapını bağladı. O istəyirdi ki, öz portretinin eyiblərini yalnız 
özü görsün! Beləliklə, o, ekranı portretin qabağından kənara çəkdi və öz portreti 
ilə üzbəüz qaldı. Bəli, bu bir həqiqət idi: portret dəyişmişdi! 
Sonralar Dorian tez-tez və hər dəfə də təəccüblə xatırlayacaqdı ki, ilk anlar o 
portretə, demək olar ki, obyektiv bir maraqla baxırmış. Belə bir dəyişikliyin baş 
verməsi ona yuxu kimi görünürdü; lakin bu, baş vermişdi, yuxu deyildi. 
Doğrudanmı, bu, onun qəlbi ilə kətan üzərində forma və rənglər yaradan kimyəvi 
atomlar arasındakı hansısa ağlasığmaz bir bənzəyişdir? Ola bilərmi ki, bu atomlar 
kətan üzərində onun qəlbinin səsini əks etdirsin, yaxud onun yuxularını çin etsin? 
Bəlkə, bu şəkildə ayrı bir sirr, möcüzə və yaxud dəhşətli, çox qorxunc bir səbəb 
var? O titrədi və qorxdu; geriyə, taxta sarı gedib uzandı və oradan qorxa-qorxa bir 
daha şəklə baxmağa başladı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə