Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Xərçəng xəstəliyinin qarşısının alınması



Yüklə 2,02 Mb.
səhifə15/32
tarix06.02.2018
ölçüsü2,02 Mb.
#26419
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

Xərçəng xəstəliyinin qarşısının alınması
“The Archives of Internal Medicine” jurnalında dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az olduğunu göstərmişdir.

Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apar­dığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun yağının β-sitosterolun prostat xərçəng hüceyrələrinin yaran­masının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar β -sitosterolun hüceyrələ­rin bölünməməsi əmrini verən hüceyrədaxili xəbər­ləş­mə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyü­məsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına bilə­cəyi nəticəsinə gəliblər.

Oksford Universitetinin həkimləri tərəfindən aparı­lan sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkim­lər zeytun yağının bağırsaq xərçən­ginin başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford təd­qi­qatçıları zeytun yağının öd turşusu miq­darını azaldaraq və DAO (diamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu da üzə çıxarıblar.

Artritin (oynaq iltihabı) qarşısının alınması
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaq­la­rındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablan­ma­ya) səbəb olan revmatik artrit keçirmək riskini azaldıır.
Sümüyün inkişafına kömək etməsi
Zeytun yağının tərkibindəki E, A, D və K vita­minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişa­fına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri güclən­dirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla bədəndə istifadəsinə kömək edir. Həmçinin, sümük minera­liza­siyasını (mi­ne­ralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kal­sium itkisinə əngəl olur. Sümüklər orqanizmin mineral quruluşunun anbarını yaradır və sümüklərdə mi­neral yığımı olmayanda sümük yumşalması kimi cid­di problem əmələ gəlir. Bu baxımdan, zeytun yağının skelet quruluşuna çox müsbət təsiri var.
Qocalmağın qarşısını alır
Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan qocalığın qarşısının alınmasında da istifadə edilir, çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar bədənimizdə enerjiyə çevrilərək oksidant adlı bəzi maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva etdiyi çoxsaylı antioksidant maddələrlə bədənin zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri­mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını ləngidir. Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər verən, onları qocal­dan “sərbəst radikallara” təzyiq edən E vitamini baxı­mından da zəngindir.

Uşaqların inkişafına müsbət təsiri
Zeytun və zeytun yağı tərkibində olan linolen turşusuna (omeqa-6 yağ turşusu) görə təzə doğulmuş körpələr, inkişaf mərhələsində olan uşaqlar üçün çox faydalı bir qidadır. Linolen turşusunun az olması uşağın inkişafının ləngiməsinə və bəzi dəri problemlərinin yaranmasına səbəb ola bilər. Zeytun yağında bədəni­miz­də olan zərərli maddələrin təsirinin qarşısını alan antioksidant elementlər və insan üçün böyük əhəmiy­yət kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək olur və hüceyrə zərinin əmələ gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ turşusu nisbətinə oxşayır, bununla bərabər bir çox doymamış tərkiblərə də malikdir.

Zeytun yağı insan bədəni tərəfindən əldə edilə bilməyən, həmçinin, bədənin zəruri ehtiyac duyduğu əsas yağlı turşular baxımından kifayət edəcək bir mənbədir. Bu amillər zeytun yağını təzə doğulan körpələr üçün çox faydalı maddəyə çevirir. Doğuşdan əvvəl və sonra körpə beyninin və sinir sisteminin təbii inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər tərə­findən analara məsləhət görülən yeganə yağ yenə zeytun yağıdır. Bu yağ ana südündəkinə yaxın miqdarda linolen turşusu ehtiva edir. Bununla yanaşı, yağsız inək südünə zeytun yağı əlavə ediləndə, o ana südü qədər təbii bir qida xüsusiyyəti qazanır.


Təzyiqi aşağı salması
“The Archives of Internal Medicine” jurnalının 2000-ci il 27 mart tarixli sayında dərc olunan bir araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət təsirini bir daha vurğu­la­mışdır. Bundan başqa, zeytun yağının yarpağından təzyiqi aşağı salan dərmanlar hazırlanır.

Daxili orqanlara faydası
İsti və ya soyuq halda qəbul edilməsindən asılı olma­yaraq zeytun yağı mədə turşusunu azaldaraq mədəni qastrit və xora kimi xəstəliklərdən qoruyur. Bununla yanaşı, öd ifrazını sürətləndirərək onun ən mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin bo­şalma fəaliyyətini nizamlayır və öddaşı riskini azaldır. Tərkibindəki xlor sayəsində də qaraciyərin ça­lış­masına kömək edir. Bununla da bədənin tullan­tı­lar­dan xilas olmasını asanlaşdırır. Bunlardan başqa, be­yin, aorta damarlarının da sağlamlığına müsbət təsir gös­tərir.

Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son dövr­lərdə mütəxəssislərin diqqətini cəlb edir. Mütəxəssislərin izah­larından bir qismi ilə tanış olaq.

Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxs­lər­dən biri sayılan, “Qida əczaxanası” (“The Food Pharmacy”) və “Qidalar – möcüzəli dərmanlarımız” (“Food – Your Miracle Medicine”) kitablarının müəl­li­fi, SNN telekanalının mükafatlı müxbiri, beynəlxalq köşə yazarı olan Jan Karper: - “Italiyada aparılan yeni tədqiqatlar nəticəsində zeytun yağının özündə LDL xolesterinin arteriya damarlarına tıxac yaratmaq xüsu­siyyəti də daxil olmaqla bəzi xəstəlik mərhələləri ilə döyüşən … anti­ok­sidantlar ehtiva etdiyini aşkarlayıb”.

Pəhriz və qidalanma mütəxəssisi Pet Beird: - “Zeytun yağının hərtərəfliliyi…onun bədənin sağ­lam­lığına olan faydası haqqında öyrənəcəyimiz daha çox şey var”.

Harvard Universitetinin xalq sağlamlığı məktəbi epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopu­los: - “Amerikalı qadınlar doymuş yağların əvəzinə daha çox zeytun yağı istifadə etsəydilər, döş xərçəngi riskində 50% qədər azalma baş verə bilərdi… Zeytun yağı bəzi bədxassəli şiş növlərinə – prostat, döş, onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı qoruyucu təsirə malikdir”.

Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən D.Pek: - “Zeytun yağının siçovullardakı immunitet sistemini güclən­dirdiyi sübut olunmuşdur…”.

Milan Universiteti əczaçılıq fakültəsindən Bruno Berra: - “Təbii yolla süzülmüş zeytun yağının tərkibində olan LDL oksidasiona olan müqavimətini aydın şəkildə artırır”.

II Federiko Universitetinin daxili və metabolizma xəs­təlikləri kafedrasından A.A.Rivelles, G.Rikardi, M.Mançini: - “Zeytun yağı insulin müqavimətinin qarşısını alır və qandakı qlükozanın daha yaxşı nəzarətini təmin edir”.

Neapolitan Universiteti tibb və kimya fakültə­sindən Patrisia Qaletti: - “Zeytun yağı polifenollarının qida kimi qəbul edilməsi reaktiv oksigen metabolitlərlə bağlı xəstəlik riskini azalda bilər – mədə-bağırsaqla bağlı bəzi xəstəliklər və damar­ların tıxanması kimi. Zeytun yağı insan eritrositlərini oksidativ təhlükədən qoruyur”.

Harvard Universitetinin xalq səhiyyəsi kafedrasın­dan Frank Saks: - “Zeytun yağından ibarət olan zəngin qida ra­sionlu pəhriz ifrat kökəlməyi nəzarətdə saxla­maq­da və müalicə etməkdə az yağlı qida rasionundan ibarət pəhrizdən daha təsirlidir. O uzunmüddətli artıq çəki itkisinə də səbəb olur, bu halda çəkini qorumaq daha asandır…”.

Göründüyü kimi, bu gün bir çox alimlər zeytun yağını əsas qəbul edən qidalanma modelinin ən ideal forma olduğunu düşünür. Bu xüsusiyyətlərinə görə gündəlik qida rasionunda zəruri olan ən əsas qidaların zeytun və zeytun yağı olduğu bildirilir.

Q O Z M E Y V Ə L İ L Ə R
Qozmeyvəli bitkilər yağ və zülali maddələrlə zəngindir. Bəzi qozmeyvəlilərdə karbohidratlar da vardır. Qidalılıq dəyə­rinə və kaloriliyinə görə qozmeyvəlilər nəinki bitki mənşəli məhsullardan, hətta bəzi heyvanat məhsullarından da üstündür. Bu bitkilərin məhsulları uzun müddət saxlanılma qabiliyyətinə və uzaq məsafəyə daşınmağa davamlı olmasına görə də üstünlük təşkil edir.

Qozmeyvəlilərin tərkibindəki qidalı maddələr insan orqanizmində asan mənimsənilir. Bunların yüksək kaloriliyi insanların fiziki əmək nəticəsində sərf etdikləri enerjini bərpa edir, eləcə də xəstəlikdən zəifləmiş və arıq insanların qidasında mühüm əhəmiyyət kəsb edir.

Qozmeyvəlilərin yüksək enerji dəyəri, əvvəla onların tərkibində olan yağların çox olmasından irəli gəlir. Quru maddəyə görə bu meyvələrin 50%-dən çoxunu yağ təşkil edir. Həmin yağlar doymamış yağ turşularından olein, linol, linolen və araxidon turşuları ilə zəngindir. Bu yağ turşuları fizioloji cəhətdən yüksək dəyərə malik olduğundan, elmi ədəbiyyatlarda onları vitaminəbənzər maddə (F vitamini) adlandırırlar.

Qozmeyvəlilərin tərkibində olan zülallar tərkibcə sadə zülallardan ibarətdir və orqanizmdə asan mənimsənilir. Qoz­meyvəlilərin tərkibində vitaminlər, aşı və boya maddələri və bioloji fəal maddələr də vardır ki, bunlar insan orqanizminə fizioloji təsir göstərir. Elmi və xalq təbabətində qozmey­vəlilərin ləpəsi ilə yanaşı, bu bitkilərin vitamin və bioloji maddələrlə zəngin olan digər orqanlarından da istifadə olunur.

Qozmeyvəlilərin yağından texniki məqsədlər üçün də istifadə edilir.

Qozmeyvəlilərə yunan qozu, fındıq, badam, püstə, yerfındığı, pekan, fıstıq, sidr qozu, şabalıd aiddir. Biz bu qrup daxilində günəbaxan, küncüt və kətan (zəyərək) haqqında da məlumat veririk.



Badam – Миндаль – Amygdalus communis. Gül­çiçəklilər (Rosaceae) fəsiləsindəndir. Badam cinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayıl­mışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. «Badamlı» adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əlçatmayan yerlərdə azacıq badam ağacları qalmışdır.

Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənir.

Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir. Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə toplanmış olur. Çiçəkləri iri beşləçəkli, rəngi ağ və ya ağımtıl-çəhrayıdır.

Badamın meyvələri iyul-avqust aylarında yetişir. 4-5 yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Meyvəsinin uzunluğu 2,5-3 sm-dir. Mədəni sortlar nisbətən iri olur. Meyvəsi yumurtavarı, yanlarından basılmış, təpəsi küt və ya şişmər, çox vaxt əyri olur. Meyvənin üzəri çəyirdək ətrafı ətli hissə ilə örtülmüşdür. Bu, yaşılımtıl, üzəri tüklü olub, yetişəndə yarılır və içindən çəyirdəyi çıxır. Qabığı qalın, bərk və ya nazik olur. Rəngi boz-sarıdan tünd qəhvəyiyədək dəyişir. Badamın bir və ya iki ləpəsi olur. Ləpəsi ağımtıldır, sarı-qəhvəyi pərdə ilə örtülmüşdür. Islandıqda bu qabıq asanlıqla ayrılır. Dadı xoş, yağlı və şirindir.

Badamın tərkibində 40-60% yağ (qurumayan), 20-30% zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı maddə, 15 mq% B1 vitamini vardır. Yabanı halda bitən əksəri badam acı olur. Onların tərkibində 2,5-3,5% amiqdalin qlükozidi vardır. Bu qlükozid orqanizmdə qlükozaya və sinil turşusuna parçalanır. Sinil turşusu isə qüvvətli zəhərdir. Ona görə də acı badam qida üçün sərf edilməməlidir.

Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmu­latlarının ətirləndirilməsi üçün istifadə edilir. Badamın qabığı konyak, likör və bəzi şərabların ətirləndirilməsi və rənginin yax­şılaşdırılması üçün işlədilir. Ondan, həmçinin, aktivləş­diril­miş kömür də alırlar.



Badamın müalicəvi xassələri. Badamın tərkibində sortundan və becərildiyi torpaq-iqlim şəraitindən asılı olaraq 45-62% qurumayan yağ vardır. Yağın tərkibi, əsasən olein və linol turşularının qliseridləridir. Badam zülalının (20%) tərkibində əvəzedilməz aminturşular vardır. Badamda 2%-ə qədər saxaroza və amiqdalin qlükozidi var. Acı badamda bu qlükozidin miqdarı (3,5%) nisbətən çoxdur. Bu qlükozid emulsin fermentinin təsirindən parçalanır və kəskin zəhərli maddə – sinil turşusu əmələ gəlir. 10-15 ədəd acı badam insana öldürücü təsir göstərir. Əsas etibarilə, sinil turşusu beynin mərkəzində həyat üçün vacib olan toxumaların fəaliyyətini pozur. Insanın nəfəs yolları və qan damarlarının işini çətinləş­dirir. Insanın nəfəsinin kəsilməsi ilə ölüm baş verir. Ona görə də acı badamdan qida məqsədləri üçün istifadə olunmur. Ondan yağ alınıb kosmetikada istifadə edirlər. Ona görə də tərkibində amiqdalin qlükozidi olan badam və digər meyvələri yemək olmaz. Xüsusən uşaqların qidasında bunlardan istifadə olunmamalıdır.

Badamdan soyuq presləmə üsulu ilə alınan yağdan ye­yinti sənayesində, əczaçılıqda və ətriyyat sənayesində istifadə olunur. Şirin badam ləpəsi təzə və qovrulmuş halda qidaya sərf olunur. Ondan qənnadı sənayesində tort, pirojna, şokolad, kon­fet və peçenye hazırlanır. Badamın qabığından xüsusi maddə alıb konyakın və bəzi üzüm şərablarının rənglənməsində və ətirləndirilməsində istifadə olunur.

Qədim ərəb təbabətində badamdan qidanın yaxşı həzm olunması üçün sidikqovucu kimi, badam yağından isə bəzi xəstəliklərdə sakitləşdirici və ağrıkəsici vasitə kimi istifadə etmişlər. Badamın bu şəkildə istifadə olunmasına digər ölkələrin təbabətində də rast gəlinir. Müasir tibbdə şirin badam emulsiyasından (badam südündən) mədə-bağırsaq yolları xəstəliklərində sakitləşdirici vasitə kimi istifadə olunur. Son za­manlar şirin badam mədə xorası xəstəliyində də tətbiq olunur, çünki badam mədə şirəsinin sekresiyasını zəiflədir. Eyni zamanda, badam mədənin və bağırsağın peristaltikasını artırmır (gücləndirmir).

Badam yağı zərif yumşaldıcı təsir göstərdiyindən, ondan qəbizlikdə də istifadə etmək olar. Xalq arasında badamdan sakitləşdirici, ağrıkəsici və iltihaba qarşı da istifadə olunur. Azərbaycanın xalq təbabətində qulaq ağrıları zamanı 2-3 damla badam yağı damızdırılır. Əczaçılıqda badam yağından mazların (məlhəmlərin) hazırlanmasında, kosmetikada isə dərinin yumşaldılması məqsədilə istifadə olunur.

Əsəb pozuntuları, qarında kəskin ağrılar, kəskin öskürək zamanı sakitləşdirici və ağrıkəsici vasitə kimi xəstələrə gündə 10-15 damcı badam kəpəyindən (nazik meyvə qabığı) ha­zırlanmış acı badam suyu içmək məsləhət görülür. Badam yağı aldıq­dan sonra yerdə qalan cecədən (jmıxdan) dərini yum­şaltmaq və onu ağartmaq üçün istifadə edirlər.

Fındıq – Фундук – Corylus avellana, Tozağacı (Betulaceae) fəsiləsinin fındıq cinsinə mənsubdur. Məlum 15 növündən 7 növü daha çox yayılmışdır. Meşə fındığı yabanı halda Avropada, Qərbi Asiyada və Şimali Amerikada bitir. Azərbaycanda meşə fındığı Şəki-Zaqatala zonasının dağətəyi meşələrində geniş sahələrdə bitir. Dağlıq Qarabağ, Quba-Xaçmaz zonalarının meşələrində də yabanı fındıq vardır.

Fındıq 7-9 m hündürlüyündə bitən koldur, bəzən ağac şək­lində boy atır. Mart ayında çiçəkləyir. Erkək və dişi çiçək­ləri ayrı-ayrı eyni ağacda yerləşir. Fındığın meyvəsi avqust-sentyabrda yetişir. 1 ha sahədən 40-500 kq məhsul yığmaq olar. Meyvələri yetişənə qədər yaşıl qalır və qərzəklidir. Qərzək fındığı ya tamamilə, ya meyvənin dib hissəsini, ya da ki, yarısını bürüyür. Meyvəsi yumru, oval-silindrik və əksərən uzunsov olur. Qabığı sarı-qəhvəyi və ya tünd darçınıdır. Fın­dığın ləpəsi ağdır, yağlı və dadlıdır, qırmızı və ya tünd sarı rəngli pərdə ilə örtülüdür.

Meşə fındığı 5-10 yaşından bar gətirir, 60-80 il ömür sürür. Təbiətdə vegetativ yolla çoxalır.

Meşə fındığının tərkibində 58-71% yağ, 14-18% asan həllolunan zülal, 2-5% saxaroza, B1 və E vitaminləri, dəmir duzları vardır. Meşə fındığı təzə, qurudulmuş və qovrulmuş halda yeyilir. Ondan qənnadı sənayesində tort-pirojna, konfet və karamel üçün içlik, Şərq şirniyyatı hazırlan­masında daha çox istifadə edilir. Təzə meyvələrini narın sürtgəcdən keçirib, su ilə qarışdıraraq yüksək qidalı sayılan «süd» və «qaymaq» hazırlayırlar ki, bu da zəif düşmüş xəstələr üçün məsləhət görülür. Meşə fındığının ləpəsindən əczaçılıqda və ətriyyatda işlədilən yağ çıxarılır, qabığından təbabətdə işlədilən kömür hazırlanır, cavan şivlərindən təsərrüfatda zənbil və səbət toxunur.



Fındığın müalicəvi xassələri. Fındığın tərkibindəki yağ qurumayan yağlar qrupuna aiddir. Fındıq zülalı əvəzedilməz aminturşular ilə zəngindir. Fındığın yağı ayrıldıqdan sonra yerdə qalan jmıxdan halva hazırlanır. Fındıq qovrulmuş halda daha da ətirli və dadlı olur. Ondan qənnadı sənayesində şoko­lad, konfet, tort, pirojna və müxtəlif şərq şirniyyatı hazırlanır.

Xalq təbabətində fındıqdan sidik kisəsi daşları xəstə­liyində istifadə olunur. Balla fındıqdan revmatizm, qanazlığı və orqanizmin möhkəmləndirilməsi vasitəsi kimi də istifadə olunur. Məişət təbabətində fındıq yağı yumurta ağı ilə qarış­dırılıb yanıqların müalicəsində tətbiq olunur. Saçların möhkəm­lənməsi üçün onlara fındıq yağı çəkilir. Fındıqdan qurdqovucu (askarid) kimi, eləcə də südverən anaların südünün daha çox olması məqsədilə yeyilir. Azərbaycanda yandırılmış fındıqdan qaşın və kirpiklərin boyanmasında istifadə olunur.

Təbabətdə fındığın yarpaqlarından və ağac qabığından istifadə olunur. Yarpaqlarında 200 mq% C vitamini, efir yağı, qlükozid mirisitrozid vardır ki, bu da damardaraltma təsirinə malikdir. Ağacının qabığında efir yağı, aşı və boya maddəsi, liqnoseril spirti və betulin vardır. Fındığın yarpaqlarından və qabığından hazırlanmış tinkturadan varikoz damar geniş­lənməsi, flebit və periflebitdə, ayaqların trofik yaralarında və kapillyar hemorragiyada gündə 3-4 dəfə 1/31/4 stəkan içmək məsləhət görülür. Yarpaqlarından hazırlanmış həlimi mədəaltı vəzinin hipertrofiyasında qəbul etmək olar.

Meşə fındığının quru distilləsindən «L-2 Meşə» preparatı alınır. Bu, iki fraksiyadan ibarətdir: sulu və qatranlı. Həkim təcrübəsində bu preparatdan neyrodermit, ekzema, epidermofit və dərinin üzvi streptokokk zədələnməsi zamanı istifadə olunur.



Fıstıq – Бук – Faqus L. Fıstıq (Faqaceae) fəsiləsinin fıstıq cinsinə aiddir. 9 növ ağacdan 2 növü yayılmışdır. Qaf­qaz­da dəniz səviyyəsindən 2300 m yüksəklikdə subalp qur­şağına qədər meşəliklərdə bitir. Fıstıq meşələri Qafqaz meşələrinin 25%-ni təşkil edir.

Fıstıq aprel-may aylarında çiçəkləyir, eyni zamanda yarpaqları əmələ gəlir. Meyvələri sentyabr-oktyabrda yetişir və çatlamış tikanlı qərzəkdən ayrılıb düşür. Meyvəsi 3 tilli, parlaq qəhvəyi rəngdədir. İçərisində açıq bozumtul-qəhvəyi rəngli ləpəsi vardır.

Fıstıq 40-50 yaşından bara girir, 3-4 ildən-bir bol məhsul verir, 500 ildən çox ömür sürür.

Fıstıq ləpəsində 30-50% yağ və 20% zülali maddə vardır. Onu təzə və qovrulmuş halda yeyirlər. Lakin fıstıq ləpəsinin tərkibində zəhərli qlükozid olduğundan, onu çox yemək məsləhət görülmür. Fıstıq ləpəsindən yarımquruyan yağ alınır. Həmin yağ qida üçün, həm də texnikada istifadə edilir.

Fıstığın oduncağı bərkliyinə görə şabalıd və palıd odun­ca­ğından geri qalır. Xüsusi mebel və parket hazırlan­masında istifadə edilir.

Günəbaxan – Подсолнечник – Helianthus annuus L. Günəbaxanın vətəni Şimali Amerikadır. Aborigenlər avro­palılar gələnə qədər orada günəbaxanı becərirdilər. Günəbaxan toxumlarını qidalarında istifadə edir, yağını saçlarına çəkirdilər. Avropada günəbaxan ilk dəfə XVI əsrin əvvəllərində ispanlar tərəfindən Madrid botanika bağında becərilmişdir. Qərbi Avropa ölkələrində günəbaxan bir neçə yüz illər bəzək bitkisi kimi əkilirdi. Günəbaxan Rusiyaya I Pyotrun vaxtında gəti­rilmiş və 10 illərlə bəzək bitkisi olmuşdur. XIX əsrin birinci yarı­sının sonunda Saratov quberniyasında kəndli Bokaryev günə­baxan bitkisi əkib ilk dəfə onun toxumundan yağ almışdır. Tezliklə günəbaxan Rusiyanın mərkəzi və cənub rayonlarında yayılmağa başladı. XX əsrin əvvəllərindən günəbaxan Ru­siyada geniş miqyasda becərilməyə başlandı və hazırda bitki yağları içərisində əsas yer tutur.

Günəbaxan yağının qidalılıq dəyəri onun kimyəvi tərkibi ilə müəyyən olunur. Günəbaxan yağının qliseridləri palmitin, stearin, araxidon, liqnoserin, oleinlinol turşularından təşkil olunmuşdur. Yağdan başqa günəbaxan toxumlarında 13,5-19,1% zülal, 23,9-26,5% karbohidrat,

2%-ə qədər futin və 1,5% aşı maddəsi vardır. Günəbaxan ya­ğından müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunur. Rafinadlaşdırılmış günəbaxan yağından təkcə aş­bazlıqda deyil, həmçinin, marqarin, balıq və tərəvəz konservləri istehsalında da istifadə edilir.

Günəbaxanın müalicəvi xassələri. Günəbaxan toxum­larından azad edilmiş səbətdən pektin alınır. Bu pektin mədə-bağırsaq xəstəliklərində nəzərdə tutulan dərmanların əsasını təşkil edir. Təmizlənmiş günəbaxan yağı əsas kimi bəzi məlhəmlərın, yağlı məhlulların və plastırların tərkibinə daxildir.

Günəbaxan yağından çox vaxt tibbidə işlətmə dərmanı kimi istifadə olunur. Tərkibində doymamış yağ turşuları oldu­ğundan, ateroskleroz zamanı günəbaxan yağı içmək məsləhət görülür.

Günəbaxan yarpaqları və çiçəyinin kənar ləçəkləri də müalicəvi xassələrə malikdir. Zədələnmədən yığılan parlaq sarı rəngli ləçəkləri dərhal qaranlıq otaqlarda, yaşıl yarpaqlar isə açıq havada kölgədə qurudulur.

Qurudulub qablaşdırılmış xammal quru binalarda iki il­dən çox olmayaraq saxlanıla bilər. Qurudulmuş yarpaq və ləçəklərdən spirtdə hazırlanmış tinkturadan iştahanı yaxşılaş­dırmaq üçün istifadə olunur. Xalq təbabətində belə tinkturadan (1:5 nisbətində xammal 7-10 gün araqda saxlanılır) mal­yariyanın müalicəsində istifadə olunur. Bəzən bu məqsədə 1:10 nisbətində günəbaxanın zoğlarından hazırlanmış tinkturadan istifadə olunur. Belə nastoy 2 saatdanbir 1 xörək qaşığı titrətmə zamanı, gündə 3-4 dəfə isə ağrılar zamanı içirlər. Əvvəllər malyariya xəstəliyinin müalicəsi üçün xüsuüsi günəbaxan damcısı hazırlanırdı.



Kətan, zəyərək – Лен – Linum usitatissimum (Tourm.) L. Bu kətan (Linaceae) fəsiləsindən olan birillik və çoxillik bitkidir. 200-dən çox növündən yalnız iki növü, kətan lifi və yağlı toxum almaq üçün becərilir. Kətan toxumlarından alınan piyli yağdan təbabətdə geniş istifadə olunur. MDB-də birillik bitki kimi becərilir.

Çiçəkləri göy rənglidir. Meyvəsi kürəvarı qutucuqdan ibarətdir. Onun içərisində 10 ədəd toxum yerləşir. Toxumları yumurta şəkilli olub, qonur-sarı rəngli-dir, üst qatı selikli mad­də ilə zəngin olduğundan onların rəngi parlaqdır. Toxumların xoşagələn selikli dadı vardır.

Kətanın iki növü sənaye əhəmiyyətli bitki kimi geniş miq­yasda becərilir. Bunlardan biri “dolqunes” kətanı (L. Elon­gata), digəri isə “kudryaş” kətanı (L. Hrevimul-ticaulia) adlanır.

Dolqunes kətan hündür boyludur, budaqları isə zəif inkişaf etmişdir. O, ancaq kətan tədarükü üçün becərilir. Kud­ryaş kətan isə alçaq boyludur, zəngin qol-budaqlıdır. Bu ancaq kətan toxumu tədarük etmək məqsədilə yetişdirilir. Kətan toxu­mundan alınan kətan yağı yeyinti sənayesində və texnikada geniş miqyasda tətbiq olunur. Kətan yağı quruyan bitki yağları qrupuna aiddir.

Kətan çox qədimdən becərilən bitkidir. O, hələ era­mız­dan 2400 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və to­xum­larından kətan yağı, yerüstü hissəsindən isə kətan lifi hazırlanmışdır.

Toxumlarını toplamaq üçün əvvəlcə bitkini torpaqdan dartıb çıxarır, sonra dərz bağlayıb bir müddət açıq havada qurudub xırmanda və yaxud xüsusi maşınla toxumlarını ayırır, kənar qarışıqlardan təmizləyib kisələrə qablaşdıraraq tədarük məntəqələrinə göndərirlər.

Kətan toxumlarında 5-12% selikli maddə, 30-48%-ə qədər piyli yağ və 18-33% zülal maddələri vardır. Dərman məqsədilə kətanın toxumlarından istifadə olunur.

Kətanın müalicəvi xassələri. Kətan toxumlarının qabıq hissəsində “linamarin” adlı qlikozid müəyyən edilmişdir ki, hazırda ondan elmi-təbabətdə mədə-bağırsağın həzm prosesini artıran dərman kimi istifadə edilir.

Kətan toxumundan eyni zamanda zəif işlətmə, həmçinin mədə-bağırsağın selikli qişasını yumşaldan dərman kimi də istifadə olunur.

Kətan toxumlarından hazırlanan sulu dəmləmə və bişir­mələrdən mədə xorasının müalicəsində yarasa-ğaldıcı dərman kimi işlədirlər.

Xalq təbabətində kətan toxumlarından çay dəmləyib, böyrək və qaraciyər ağrılarında sakitləşdirici vasitə kimi qəbul edirlər. O, eyni zamanda çiban (furunkul) və digər dəri yara­larının müalicəsində də iltihabı aradan qaldıran və yarasağaldan vasitə kimi istifadə edilir.



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə