ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 1,02 Mb.
səhifə13/19
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18754
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Nino dərdli-dərdli “Həyat möcüzələrlə doludur” deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar, sonra da son dərəcə qürur və lovğalıqla: “mən Ninoyam” deyib yenə yatardı. Mən onun incə çiyinlərini yorğanla örtərdim.

“Nino – deyə fikirləşirdim – sən həqiqətən Dağıstanın kəndindəki həyatdan daha yaxşı yerlərdə yaşamağa layiq adamsan”.

Bir gün yaxınlığımızdakı Qunzax qəsəbəsinə getmişdim. Geriyə qayıdanda neft lampası, qrammofon və bir ədəd də ipək şarf gətirdim... Nino qrammofonu gördükdə gözləri kəlləsinə çıxdı. Amma çox təəssüf ki, bütün Qunzaxda ancaq iki qrammofon valı var idi. Onlardan biri dağlı rəqsi, ikincisi isə “Aida” operasından bir ariya idi. Biz bu valların ahəngləri arasındakı fərqi bilməyincəyə qədər onları dalbadal qoyub qulaq asırdıq.

Bakıdan arabir xəbər gəlirdi. Ninonun valideynləri bizə yalvarırdılar ki, bir mədəni ölkəyə gedib orada yaşayaq, yoxsa bizə lənət oxuyacaqlar. Ninonun atası bircə dəfə yanımıza gəldi. Qızının komada yaşadığını gördüyü zaman knyaz özündən çıxdı.

– Allah eşqinə, buranı tərk edin. Bu yabanı yerdə Nino həqiqətən xəstələnə bilər.

Nino cavab verdi ki: – Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan heç yana gedə bilmərik. Mən bu yaşda dul qalmaq istəmirəm.

– Axı, dünyada bitərəf ölkələr var, məsələn İspaniya. Naçararyanlardan heç biri orada sizə ilişə bilməz.

– Bəs İspaniyaya necə gedə bilərik, Ata?

– İsvec yolu ilə.

Nino qəzəblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmək istəmirəm.

Knyaz Bakıya qayıtdı. O, hər ay bizə alt paltarları, şirniyyat və kitablar göndərirdi. Nino da kitabları saxlayır, qalan şeyləri isə kənd camaatına hədiyyə verərdi.

Bir gün atam yanımıza gəldi. Nino onu utancaq bir təbəssümlə qarşıladı.

– Yeməkləri sənmi bişirirsən? – deyə atam soruşdu.

– Bəli, mən bişirirəm.

– Suyu da sən daşıyırsan?

– Bəli, mən daşıyıram.

– Yoldan yorğun gəlmişəm, mənim ayaqlarımı yuya bilərsənmi?

Nino dərhal gedib su və ləyəni gətirib atamın ayaqlarını yudu. Atam: “Təşəkkür edirəm” deyib cibindən çəhrayı mirvaridən düzülmüş bir boyunbağı çıxardıb Ninonun boynuna taxdı. Sonra Ninonun hazırlamış olduğu süfrəyə oturub onun bişirdiyi yeməyi yedi və qərarını bildirdi: “Əli xan, sənə layiq bir arvadın var, yalnız onun aşpazlığı pisdir. Sənə Bakıdan bir aşpaz göndərəcəyəm”.

Nino qışqırıb dedi:

– Sizdən xahiş edirəm göndərməyin – dedi – mən ərimə özüm qulluq etmək istəyirəm.

Atam güldü və şəhərə qayıdan kimi Ninoya brilyant qaşlı bir cüt sırğa göndərdi.

Kəndimizdə həyat son dərəcə sakit idi. Yalnız bir dəfə Qazı Molla böyük bir xəbərlə yanımıza gəlib dedi ki, kəndin kənarında silahlı bir naməlum şəxs yaxalanıb. Deyirlər ki, bu naməlum şəxs erməni imiş. Kənddə hay-küy qopdu... Çünki yaxalanan adamın hədəfi olan mən, kəndin qonağı idim. Mənim ölümüm buradakı hər bir kəndlinin şərəf və heysiyyətinə vurulmuş silinməz bir ləkə ola bilərdi. Bayıra çıxdım ki, gedim o adamı görüm. Həqiqətən bu adam erməni idi. Lakin onun Naçararyan nəslindən olub-olmadığını söyləmək çətin idi. Kəndin ağsaqqalları toplaşıb məsləhətləşirlər və belə qərara gəlirlər ki, o adama bir neçə möhkəm şallaq vurub kənddən qovsunlar. Əgər o Naçararyanların nəslindəndirsə, gedib o birilərinə xəbər verəcək. Yox, əgər o nəsildən deyilsə, onda allah kəndlilərin xoş niyyətini görüb, onların günahnı bağışlayacaq.

Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəbərimiz yox idi. Dağlarımız Şamil dövrünün əfsanələri ilə dolu idi. Müharibə xəbərləri bizə heç gəlib çatmırdı. Dostlarımız vaxtaşırı bizə qəzet göndərirdilər, lakin mən gələn qəzetləri oxumadan bir kənara atırdım. Nino bir dəfə soruşdu:

– Yadından çıxmayıb ki, müharibə hələ də davam edir.

Mən gülə-gülə cavab verdim:

– Nino, doğrusunu deyim ki, müharibəni tamam yadımdan çıxarmışdım. Düzü, keçmişlə gələcək arasında bəsit bir ara olsa belə, mənim üçün o anlarda yaşadığımdan daha gözəl bir həyat ola bilməzdi. Bu, Əli xan Şirvanşirə olan Tanrının hədiyyəsi idi.

Elə bu vaxt tər içində olan atın üstündə bir nəfər bizə məktub gətirdi. Məktub nə atamdan, nə də Seyid Mustafadan idi. Məktubun üstündə “Arslan ağadan Əli xana” sözləri yazılmışdı. Nino təəccüblə soruşdu:

– O bizdən nə istəyə bilər?

Atlı dedi ki, sizə çoxlu məktub göndəriblər, onlar yoldadırlar. Arslan ağa mənə çoxlu pul verdi ki, bu xəbəri siz birinci olaraq ondan eşidəsiniz. “Auldakı həyatımız sona çatır” deyə düşünüb məktubu açdım: Sonra məktubu oxumağa başladım:

“Sizi tanrı adından salamlayıram, Əli xan, necəsiniz? Atlarınız, şərabınız, qoyunlarınız və birlikdə yaşadığınız insanlar necədirlər? Məni soruşsanız, mən yaxşıyam, atlarım, şərablarım və ətrafımdakılar da yaxşıdır. Xəbərin olsun deyə bildirirəm ki, şəhərimizdə böyük hadisə baş verib. Məhbuslar həbsxanadan buraxılıblar, indi onlar şəhərimizin küçələrində gəzişirlər. Bilirəm, indi soruşacaqsan ki, bəs polislər haradadırlar? Amma bil ki, dünənə qədər hökumət nümayəndələri olan polislər indi dəniz qırağındakı zindandadırlar. Bəs əsgərlər? Artıq əsgər-filan da yoxdur. Bilirəm, dostum, indi başını yelləyib deyəcəksən ki, bəs bizim qubernator bu işlərə necə yol verir? Agah ol ki, bizim ağıllı qubernatorumuz yararsız adamları idarə etməkdən yorulub, dünən şəhərimizdən qaçmışdır. Ondan ancaq bir dəst şalvar və bir köhnə kokardı qalıb. Yəqin ki, mənə gülürsən, fikirləşirsən ki, yalan danışıram. İnan dostum, mən yalan danışmıram. Bilirəm, indi özün-özünə sual verib deyəcəksən ki, bəs nəyə görə çar şəhərimizə ordu birlikləri və yeni qubernator göndərmir? Xəbərin olsun ki, artıq çar mövcud deyil. Ümumiyyətlə indi heç bir şey mövcud deyil. Hələ bilmirəm bu şeylərə nə ad verirlər, lakin dünən məktəbin baş müəllimini döydük və heç kim bizə mane olmadı. Mən sənin dostunam, Əli xan. Ona görə də bütün bunları sənə ilk dəfə xəbər verən mən olmaq istəyirəm. Bütün Naçararyanlar ölkələrinə qaçıblar. Şəhərdə də daha polis mövcud deyil. Sağ-salamat qalın, Əli xan. Sənin dostun və qulun Arslan ağa”.

Başımı qaldırdım. Ninonun rəngi qaçmışdı. O, titrək səslə dilləndi:

– Əli xan, yol açıqdır. Biz evə qayıdırıq, evə!

Güclü sevincdən vəcdə gələn Nino bu sözləri təkrar edirdi. O, boynuma sarılıb “gedirik” deyə hıçqıra-hıçqıra ağlamağa başladı. O, yalın ayaqlarını auldakı tozlu həyətə döyəcləməyə başladı.

– Hə, elədir Nino, təbii ki, biz evimizə qayıdırıq.

Mən həm sevinirdim və həm də kədərlənirdim. Sarımtıl qaralı dağlar bütün gözəlliyi və cazibədarlığı ilə uzaqda parıldayırdı.

Uçurumun üzərinə soxulmuş arı yuvalarını andıran kiçik komalara baxdım, sonra üzümü möminləri ibadətə çağıran kiçik minarəyə çevirdim.

O gün aul həyatının son günü idi.

XXI

İnsanların sifətində qorxu və sevinc hissi bir-birinə qarışdığı aydın hiss olunurdu. Küçələrin bu başından o başına kimi uzanan qızılı rəngli qiymətli kağızlarda mənasız şüarlar yazılmışdı. Bazarda alver edən qadınlar tinlərdə toplanıb Amerika Hindularına və Afrika zəncilərinə azadlıq verilməsini tələb edirdilər. Müharibənin gedişi tərsinə dönmüşdü. Böyük knyaz qeybə çıxmışdı və cırım-cındır, üst-başdan tökülmüş, içində haldan düşmüş əsgər qalıqları şəhərin küçələrində sərgərdan dolaşırdılar. Gecələr atışma səsləri eşidilir, gündüzlər isə qarışıqlıq yaradanlar dükanları qarət edirdilər.



Nino əyilib atlasa baxırdı. “Mən müharibə olmayan bir ölkə axtarıram” deyə Nino barmağını rəngarəng bəzi sərhəd cizgilərinin üzərində gəzdirirdi.

Mən də istehza ilə dedim:

“Bəlkə Moskvaya və yaxud da Peterburqa gedək?” dedim.

Nino çiyinlərini çəkdi. Nino birdən barmağını Norveçin üzərində saxladı.

– Əlbəttə, o ölkənin barış içində olduğuna əminəm. Amma oraya necə gedə bilərik?

Nino köksünü ötürdü.

– Yox, oraya gedə bilmərik. Bəs Amerikaya nə deyirsən?

– Atlantik okean düşmənin sualtı qayıqları ilə doludur, – dedim. Bəs Hindistan, İspaniya, Çin, Yaponiya?

Oralarda da ya müharibə gedir, ya da oralara gedib çıxa bilmərik.

– Əli xan, deməli biz tələyə düşmüşük?

– Düz başa düşmüsən, Nino. İndi qaçmağın heç bir mənası yoxdur. İndi biz heç olmasa türklər gələnə kimi şəhər əhlinin sağlam ağıllı və təmkinli olmasının yollarını axtarmalıyıq.

Nino narazı halda dilləndi:

– Axı niyə mən qəhrəmana ərə getmişəm! Mən şüarları, nitqləri sevmirəm. Əgər bu işlər belə davam edərsə, İrandakı sənin əminin yanına qaçacağam.

– Belə davam edə bilməz, – deyib evi tərk etdim.

İslam xeyriyyə cəmiyyətinin binasında bir toplantı vardı. Bir neçə ay bundan qabaq atamın evində xalqımızın aqibətinə böyük qayğı göstərən alicənab adamlar orada deyildilər. Binanın salonuna qolu qüvvətli cavanlar doluşmuşdular. Qapıda İlyas bəyə rast gəldim. İlyas bəy Məmməd Heydərlə birlikdə cəbhədən qayıtmışdılar. Çarın öz taxtını tərk etməsini eşidib şəhərə gəlmişdilər. Müharibədə gördüklərini qiyamətə qədər ürəklərində daşıyacaq adamlara bənzəyirdilər.

– Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin qapısında dayanıb

– Bəli, biz özümüzü müdafiə etməliyik.

– Yox, bizim hücuma keçməyimiz lazımdır.

İlyas bəy bu sözləri deyib xitabət kürsüsünə qalxdı və amiranə bir səslə danışmağa başladı: “Hörmətli müsəlmanlar! Mən bir daha şəhərimizin vəziyyətini sizə izah etmək istəyirəm.

İnqilab başlanandan bəri cəbhə dağılır. Rus ordusundan qaçmış əlləri silahlı fərarilər soyğunçuluğa hazır vəziyyətdə Bakının ətrafında dayanıblar. Şəhərdə yalnız bir müsəlman hərbi hissəsi vardır. Bu hissə də “Vəhşi diviziya” nın könüllülərindən ibarətdir. Biz həm sayca və həm də hərbi sursat baxımından rus ordusundan zəifik. Şəhərimizdəki ikinci hərbi hissə isə “Daşnaksütyun” adlı erməni millətçi partiyasının hərbi dəstələridir. Bu partiyanın liderləri olan Stepan Lalayev və Andronik Ozanyan bizimlə təmas yaratmışlar. Onlar qarabağı və Ermənistanı müdafiə etmək üçün şəhərin erməni sakinlərindən ibarət ordu düzəldirdilər. Biz bu ordunun yaradılması, eləcə də onun ermənistan tərəfə yürüş etməsi barəsindəki planı təsvib etmişik. Bu səbəbdən də ermənilər bizimlə birləşib ruslara ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən keçməsinlər. Ruslar bizim tələbimizi rədd etsələr, biz ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla yerinə yetirmək iqtidarındayıq. Müsəlmanlar, “Vəhşi diviziya” ya yazılın və silaha sarılın. Düşmən qapı ağzındadır”.

Mən qulaq asırdım. Bu nitqdən müharibə və qan iyi gəlirdi. Artıq neçə gün idi ki, kazarmanın həyətində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni bilgini lazımlı yerdə tətbiq etmək olardı. Məmməd Heydər yanımda dayanıb patrondaşları ilə oynayırdı, əyilib onun qulağına dedim: “Toplantıdan sonra İlyas bəylə bizə gəlin. Seyid Mustafa da bizdə olacaq. Biz vəziyyəti müzakirə etməliyik”.

Məmməd Heydər başı ilə “gələrik” işarətini edib getdi. Dostları çox keçmədən gəldilər. Onlar silahlı idilər. Həttə Seyid Mustafa belə yaşıl qurşağının altına bir xəncər taxmışdı. Nino bir evdar qadın kimi tələsik çay hazırladı. İçimizdə anlaşılmaz bir sakitlik var idi. Müharibə ərəfəsində şəhər sıxıntılı və yad görünürdü. Hələ də küçələrdə insanlar gəzişirdilər, işə gedirdilər və bazarlarda alver edirdilər. Amma onların hərəkətlərində qeyri-real cəhətləri sezmək olurdu. Elə bil onlar həyatın gündəlik vərdişlərinin tezliklə mənasızlığa çevriləcəyini indidən başa düşürdülər.

– Evinizdə kifayət qədər silahınız varmı? – deyə İlyas bəy soruşdu.

– Beş tüfəng, səkkiz tapança, bir pulemyot və döyüş sursatımız var.

– Bundan başqa evinizdə qadınlarla uşaqların sığınacağı üçün zirzəminiz varmı?

Nino birdən başını qaldırdı və qətiyyətlə dedi:

– Mən zirzəmiyə getməyəcəyəm. Mən evimi müdafiə edəcəyəm. Onun səsi çox sərt və qəti idi.

Məmməd Heydər çox sakit tərzdə dedi:

– Nino, biz silah tətbiq edəcəyik, əgər yaralansaq, siz də yaralarımızı sarıyarsınız.

Nino başını aşağı əydi. Onun səsi tutulmuş görünürdü: “Aman Allah, şəhərimizin küçələri döyüş meydanına, teatrımızın binası da baş qərargaha çevriləcək. Bir azdan sonra isə, Nikolay küçəsinə getmək Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara litseyinə getmək üçün ya dünyagörüşünü dəyişmək və yaxud bir ordunu məğlub etmək lazım olacaqdır. Qubernator bağına qarnı üstə sürünə-sürünə getməyinizi və vaxtı ilə Əli xanla görüşdüyüm hovuzun yanında pulemyot qurulacağını xəyalımda canlandırdım. Biz çox qəribə bir şəhərdə yaşayırıq”.

Sonra İlyas bəy sözə başladı:

– Şəhərin içində döyüş olmayacağına əminəm. Ruslar bizim ultimatumu qəbul edəcəklər.

Məmməd Heydər acıqlı-acıqlı gülüb dedi:

– Sizə deməyi yaddan çıxartdım, buraya gələndə yolda Əsədullaha rast gəldim. O, dedi ki, ruslar ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təslim edək. Mən silahımı onlara verməyəcəyəm.

İlyas bəy dedi:

– Bu bizim erməni müttəfiqlərimiz üçün müharibə deməkdir.

Nino susurdu, onun sifəti pəncərəyə tərəf çevrilmişdi. Seyid Mustafa əmmaməsini düzəldib dedi:

– Allah, Allah! Mən cəbhədə olmamışam. Əli xan qədər də ağıllı deyiləm. Lakin şəraiti yaxşı bilirəm. Müharibə zamanı müsəlmanlar kafirlərin sədaqətinə bel bağlayarsa, o müharibədən xeyir gəlməz. Əslində, başqasına bel bağlamağın özü pis şeydir. Şəriət belə buyurur, həyat da belədir. Erməni hərbi dəstələrinə kimlər rəhbərlik edir? Stepan Lalay! Onu tanıyırsınız. Mən heç cürə inana bilmirəm ki, ermənilər bizimlə birlikdə ruslara qarşı vuruşsunlar. Axı qarşımızdakı bu ruslar kimlərdir? Cır-Cındır içində olan bir sürü anarxistlər və quldur dəstələri. Onların başçılarının adı Stepan Şaumyandır. O da ermənidir. Erməni anarxistləri ilə erməni millətçiləri, müsəlman millətçiləri ilə erməni millətçilərindən tez birləşərlər. Hər şey Quranın həqiqəti kimi aydındır.


Seyid – deyə Nino sözə başladı. Burada bir məntiq də vardır. Əgər Ruslar qalib gələrsə, hər halda Stepan Lalay ilə Andranikə yaxşı münasibət bəsləməyəcəklər.

Məmməd Heydər birdən-birə qaqqıltı ilə gülüb dedi:

– Dostlar, məni bağışlayın, üzr istəyirəm düşünürəm ki, əgər biz müharibədə qalib gəlsək ermənilərin vəziyyəti necə olacaq? Əgər türklər Ermənistana girsələr, biz onların ölkəsini müdafiə etməyəcəyik.

– İlyas bəy bərk hirslənərək dedi:

– Belə sözlər danışmayın, hətta ağlınıza belə gətirməyin. Erməni məsələsi çox asan və sadə yolla həll ediləcək. Lalayın rəhbərlik etdiyi batalyonların döyüşçüləri Ermənistana gedəcək. Döyüşçülərlə birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin ərzində Bakıda erməni qalmayacaq. Onlar öz ölkələrinin sahibi olacaqlar, biz də öz ölkəmizin sahibi olacağıq. Ondan sonra da biz sadəcə iki qonşu xalq olaraq ömür sürəcəyik.

Mən söz alaraq dedim:

– İlyas bəy, Seyid Mustafa heç də haqsız deyil. Bir siyasətçi olmalıdır, Əli xan. yəni elə bir adam olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam hissini boğsun. Əgər onun ağlı başındadırsa, özünün və xalqının mənafeyi üçün bizim tərəfimizdə olardı.

Biz qaranlıq düşənə qədər öz aramızda mübahisə etdik. Sonra Nino sözə başladı:

– İstər siyasətçi və istərsə də sadə bir insan olun, lakin bir şey istəyirəm ki, bir həftədən sonra inşallah sağ-salamat buraya qayıdasınız.

Əgər şəhərdə müharibə başlayarsa...

Nino sözünü axıra çatdıra bilmədi, susdu.

Gecə o mənim yanıma uzandı, amma yuxulaya bilmədi. Ağzı azacıq açıq, dodaqları nəm idi. Nino gözlərini pəncərəyə zilləyib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə tərəf çevirib soruşdu: “Əli xan, sən də döyüşə qatılacaqsanmı?”

Əlbəttə, Nino.

O da: “Əlbəttə vuruşacaqsan” – deyə təkrar etdi.

Birdən o başımı əlləri arasına alıb, köksünə sıxdı, gözlərini geniş açaraq, dinməzcə məni öpdü. Onu çılğın bir ehtiras bürümüşdü. Məni şəhvətlə və qorxu içərisində özünə ərəf çəkdi. Onun simasında elə bil bambaşqa bir dünyanın ifadəsi var idi. Birdən başımı gözlərinə yaxınlaşdırıb xəfif səslə dilləndi.

– Oğlumuza “Əli adı verəcəyəm” deyib yenə susdu. Sonra tərləmiş gözləri pəncərəyə tərəf zilləndi. Qədim minarənin narın və zərif quruluşu ayın solğun işığına qərq olmuşdu. Qədim qala divarları isə arxasına qaranlıq və qorxunc bir kölgə salmışdı. Uzaqlardan dəmirin dəmirə sürtülməsindən çıxan bir səs eşidildi.

Kimsə xəncərini itiləyirdi və elə bil o gələcəkdən xəbər verirdi. Bu vaxt telefon zəng çaldı.

Yerimdən durdum və qaranlıqda yavaş-yavaş yeriyib telefonun dəstəyini götürdüm. Dəstəkdən İlyas bəyin səsi gəldi:

– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər tərksilah edilməsini tələb edirlər. Təbii ki, biz bunu rədd edirik. Sən pulemyotu götürüb qala divarlarındakı Sisianaşvili darvazasının solunda mövqe tutarsan. Sənin öhdənə otuz nəfər göndərəcəyəm. Darvazanı müdafiə etmək üçün bütün hazırlıqları edərsən.

Telefonun dəstəyini yerinə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi. Mən xəncəri götürüb tiyəsini yoxladım.

– Nə olub, Əli xan?

– Düşmən qalanın ağzında durub, Nino.

Paltarımı geyinib xidmətçiləri səslədim. Onlar gəldilər. Onların hamısı enli kürəkli, güclü və hündürboylu idilər. Hərəsinə bir tüfəng verdim, sonra aşağı enib atamın otağına getdim. O, güzgünün qabağında dayanmışdı, xidmətçilərdən biri də onun çərkəz pencəyini şotka ilə təmizləyirdi.

Harada mövqe tutacaqsan, Əli xan?

– Sisianaşvili darvazasında.

– Lap yaxşı. Mən İslam xeyriyyə cəmiyyətinin salonunda, qərargahda olacağam.

Onun qılıncı şaqqıldadı və bığlarını sığallayıb sözünə davam etdi: – Mətin ol, Əli xan. düşmənlər qala divarlarını aşmamalıdırlar. Onlar darvaza qabağındakı meydanı tutsalar, pulemyotla onlara atəş açıb qabaqlarını al. Əsədullah ətraf kəndlərdən kəndliləri toplamağa getdi. Kəndlilər də düşmənə Nikolay küçəsindəki arxadan hücuma keçəcəklər.

O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi:

– İrana axırıncı gəmi saat səkkizdə gedir. Nino mütləq o gəmi ilə getməlidir. Çünki ruslar qalib gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.

Mən otağıma getdim. Nino telefonla danışırdı.

– Yox, ana, mən burda qalıram. Yox, yox, burada heç bir təhlükə yoxdur. Sağ ol, ata, narahat olma, bizim kifayət qədər ərzağımız var. təşəkkür edirəm. Amma çox xahiş edirəm ki, özünüzü üzməyin. Yox, gəlməyəcəyəm, yenə də təkrar edirəm, gəlmək istəmirəm – deyib telefonun dəstəyini yerinə qoydu.

Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri hıçqıra-hıçqıra dedi:

– Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son gəmi İrana saat səkkizdə gedir. Əşyalarını yığ.

Onun sifəti qıpqırmızı oldu.

– Sən məni buradan qovursan, Əli xan?

Mən Ninonu indiyədək belə qəzəbli görməmişdim.

– Nino, sən Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün qadınların namusunu ləkələyəcəklər.

Nino başını qaldırıb qətiyyətlə dedi:

– Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.

– Hələ nə qədər vaxt var, İrana get, Nino.

Nino ciddi tərzdə dedi:

– Bəsdir, Əli xan. mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli şeylərdən qorxuram. Buna baxmayaraq mən burada qalıram. Düzdür, sənə köməyim dəyməyəcək, amma mən səninəm. Mən burada qalmalıyam, vəssalam.

Elə də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən mənə söz qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.

Mən evdən çıxdım. Səhər açılırdı. Havada toz qoxusu vardı. Qala divarının üstünə çıxdım. Xidmətçilərim əllərində tüfəngləri hazır vəziyyətdə dayanmışdılar.

İlyas bəyin göndərdyi otuz nəfər adam da bomboş qalmış Duma meydanının gözətçiliyini edirdilər. Qapqara bığları, qarabəniz olan bu adamlar səssiz və əsəbi halda idilər. Kiçik lüləli pulemyot bir rusun fındıq burnunu andırırdı. Ətraf sükut içində idi. Qərargahla əlaqə saxlayan adamlar səssizcə qala divarının üstündə ora-bura gedib qısa xəbərlər gətirirdilər. Ruhanilərlə ağsaqqallar son anda barış möcüzəsinə nail olmağa çalışırdılar.

Gün çıxdı. Çevrilib qarşı tərəfdəki evimə baxdım. Nino damda oturmuşdu.

Günorta Nino yanımıza gəldi, o bizə yemək-içmək gətirmişdi. Ürkmüş halda gözlərini pulemyota zillədi... mən onu zorla evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub ətrafa baxırdı. Saat bir idi. Seyid Mustafa minarəyə çıxıb kədərli və ciddi bir səslə əzan verdi. Sonra yanımıza gəldi. O, tüfəngi arxasınca sürüyürdü. Onun qurşağında Quran vardı.

Mən qala divarının bayırında Duma meydanından irəli baxdım. Yalnız qorxudan tələsən bir neçə kişini qaçan gördüm. Çadralı bir qadın deyinə-deyinə meydanda oynayan uşaqlarının dalınca qaçırdı.

Bir, iki, üç. Bələdiyyə binasındakı saatın səsi sükutu pozdu. Bu səs sanki bambaşqa bir dünyanın qapılarını açırmış kimi şəhərin ətraf məhəllələrindən ilk silah səsləri idi.

XXII


O gecə ay görünmürdü. Yelkənli qayıq Xəzər dənizinin donuq suları dalğaları üzəri ilə yellənə-yellənə üzürdü. Acı və duzlu su köpükləri üzümüzə səpələnirdi. Qayığın başımızın üstündəki qapqara yelkəni gecə vaxtı nəhəng bir quşun qanadlarını andırırdı.

Mən qoyun dərisindən olan kürkə bürünüb qayığın göyərtəsində uzanmışdım. Sükançımız girdə və saqqalsız sifətini laqeydliklə ulduzlara tərəf çevirib baxırdı. Başımı qaldırdım və əlim qoyun dərisinin qıvrım tüklərinə toxundu. “Seyid Mustafa?” deyə səsləndim.

Çopur Mustafa başını mənə tərəf əydi. O, əlində dənələri qırmızı olan təsbehini çevirirdi... Elə bil barmaqları qan damlaları ilə oynayırdı.

Seyid Mustafa:

– Narahat olma, Əli xan, mən buradayam. “Sən rahat yat” – dedi.

Onun gözlərini yaşlı görüb, durub oturdum.

– Məmməd Heydər həlak oldu – dedim. – Onun cəsədini Nikolay küçəsində gördüm. Burnu ilə qulaqlarını kəsmişdilər.

Seyid üzünü mən tərəfə çevirdi:

– Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Sən onları Duma meydanından qovub, çıxardanda onlar bulvar tərəfə qaçırdılar.

Yadıma düşdü:

– Sonra da Əsədullah gəldi və hücum əmrini verdi. Biz süngü və xəncərlə hücuma keçdik. Biz hücuma keçərkən sən yasin surəsini oxuyurdun.

– Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsənmi Haşım evinin dalanında kimlər bizi gözləyirdi? Bütün Naçararyanlar nəsli. Onlar hamısı qırıldı.

Hamısı qırıldı, – deyə təkrar etdim. Mən Haşım evinin damında səkkiz pulemyot ələ keçirdim. Biz bütün məhəlləyə hakim olduq...
Seyid Mustafa alnını ovuşdurdu. Elə bil onun üzünə kül üfürmüşdülər: “Evin damında bütün günü pulemyot atəşi davam etdi. Kimsə sənin ölmüş olduğunu söylədi. Nino da bunu eşitdi, ancaq heç bir şey demədi. O, otağında oturub susurdu. Pulemyotlar da atəş açmaqda davam edirdilər. Nino birdən-birə əlləri ilə üzünü tutdu və “Qurtarın artıq, qurtarın” – deyə çığırdı. Amma pulemyotçular öz işlərində idilər. Sonra hərbi sursatımız qurtardı. Ancaq düşmən bunu bilmirdi. Atəş kəsiləndə, düşmən elə zənn edirdi ki, bu bir tələdir. Musa Haci də öldü. Lalay onu əlləri ilə boğub öldürdü... Daha deməyə bir söz yoxdur”.

Mən susurdum. Sükançımız hələ də ulduzlara baxırdı. Yüngül dəniz küləyi onun rəngarəng ipək libasını yellədirdi.

Seyid sözünə davam edib dedi:

– Sənin Sisianaşvili darvazası yanındakı əlbəyaxa vuruşunda olduğunu eşitdim. Mən şəxsən bu hadisəni görmədim, çünki qala divarlarının o biri başında idim.

– Düzdür, mən əlbəyaxa – vuruşunda oldum. Orada qara meşindən pencək geymiş bir cəmdək var idi. Mən onu xəncərimlə dəldim. O, qana boyandı. Mənim xalam qızı Aişəni də öldürdülər.

Dəniz sakit idi. Qayığın gövdəsindən qətran iyi gəlirdi. Qayıq, Qızılqum səhrasının sahilləri kimi adsız idi.

Seyid yavaşca danışırdı: – Məscidlərimizin möminləri ilə gələn meyitləri üst-üstə qaladıq. Sonra da xəncərimizi siyirib düşmənin üstünə cumduq. Bu döyüşdə çox adam həlak oldu. Lakin məni Allah qoymadı ölüm. İlyas bəy də sağdır. O kənddə gizlənir. Heç bilirsən sizin evinizi necə talan etdilər. Evinizdə heç bir şey qalmadı: nə bir xalı, nə mebel və nə də qab-qacaq. Hər şeyi soyub apardılar. Yalnız lüt divarlar qaldı.

Gözlərimi yumdum. Bütün bədənim elə bil yaxıb yandırıcı bir ağrıdan ibarət idi. Bibiheybətin xam neftlə islanmış sahilində meyitlərlə dolu arabalar və əlində bir bağlama tutmuş Nino gözlərimin qabağına gəldi. Nargin adasından qüllədən fənərin işığı gəlirdi. Şəhər gecənin zülmət qaranlığında qərq olmuşdu. Qapqara neft buruqları qəmgin sifətli həbsxana qarovulçularını xatırladırdı...


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə