Elm sahəsi: filologiya – dilçilik


I FƏSİL MÜASİR DİLÇİLİKDƏ ANTONİMLİYİN TƏDQİQİNİN



Yüklə 0,84 Mb.
səhifə8/54
tarix31.12.2021
ölçüsü0,84 Mb.
#81610
1   ...   4   5   6   7   8   9   10   11   ...   54
Sevda-Xelilova-Dissertasiya

I FƏSİL

MÜASİR DİLÇİLİKDƏ ANTONİMLİYİN TƏDQİQİNİN

ELMİ-NƏZƏRİ MƏSƏLƏLƏRİ




1.1. Antonimlik dildə əksliyin ifadə vasitəsi kimi. Antonimliyin fəlsəfi-

məntiqi mahiyyəti

Müasir dilçilik tədqiqatları dilin məna sahələrinə kommunikativ və koqnitiv aspektlərdən daha çox müraciət olunması ilə diqqəti cəlb edir. Bu cür araşdırmalarda sözün, eləcə də paradiqmaların məna strukturunun, sözlərin sintaktik üzv çərçi­vəsində semantikasının, cümlə, frazafövqi vahid, kontekst və mətn halında semantik yaxınlaşmanın, uzaqlaşmanın, əlaqələnmənin, ümumi məzmunun hissələrin ifadə etdikləri mənanın cəmlənməsi ilə müəyyənləş­dirilməsinin öyrənilməsinə daha çox fikir verilir. Sözün ifadə etdiyi mənanın koheziya əsasında fərqli komponentlərlə əlaqələr zəminində aşkarlanmasına, ekstralinqvistik amillərin mənaya təsirinin, leksik vahidin məna və mətnyaratmadakı rolunun nəzərə alınmasına kommunikativ dilçilik baxımından ehtiyac yaranmışdır. Ona görə də hazırda sözün məna strukturuna, onun semantikasına yeni aspektdən yanaşma şərti ilə öyrənilməsinə, bu problemin eyni və müxtəlifsistemli dillərin materiallarının qarşılaşdırılması, müqayisəsi zəminində tədqiq olunmasına ciddi tələb vardır.

Nəzəri semantikada sözlər arasındakı semantik əlaqələrin həm bu leksik vahidlərin qarşılaşdırılması, həm də digər sözlərlə birləşməsi, əlavə komponent qəbul etməsi nəticəsində yaranmış semantik tam daxilində mənanın açılması planında öyrənilməsi xüsusi yer verilir. Universal dil hadisələri olan sinonimlik, omonimlik və antonimliyin də semasioloji söz qrupları olaraq bu yöndən tədqiq edilməsinə, ənənəvi dilçilikdə çox işlənmiş bir məsələyə yenidən qayıtmağa zəmin yaratmışdır.

Sinonimlik məna yaxınlığını bildirdiyi halda, antonimlik məna əksliyi əsasında təzahür edir. Hər iki hadisə linqvistik baxımdan semantik müstəvidə yerləşir və eyni zamanda, hər iki hadisə gerçəkliklə bağlıdır. Dildən asılı olmayaraq, gerçəklikdə hadisə və predmetlərin arasında münasibətlərin xüsusiyyətləri bəzən yaxınlıq, bəzən əkslik, bəzən mahiyyət əlaqələrinin yoxluğunu üzə çıxarır. Dil gerçəkliyin bu cəhətlərini ifadə etmək imkanlarına və vasitələrinə malik olmalıdır. Gerçəklikdə baş verən hər bir hadisə dildə təzahürünü tapmalı, başqa sözlə desək, dil vasitələri ilə ifadə olunmalıdır. Dil hadisənin mahiyyətini açmağa, onu izah etməyə, ona tərif verməyə, onu ümumiləşdirməyə imkan verir. Predmet və hadisənin izahının hansı aspektdən verilməsindən asılı olaraq dil müxtəlif funksiyaları yerinə yetirir. Əkslik hadisəsinə fəlsəfi nöqteyi-nəzərdən yanaşıldıqda, onun izahı üçün dilin metadil funksiyasından istifadə edilir. Bu halda dil fəlsəfi anlayışın izahını verməyə xidmət göstərir. Adi danışıq və ya ünsiyyət prosesində iki predmetin bir-birinin əksi olmasını ifadə edərkən dil adlandırma və ya ünsiyyət funksiyasını yerinə yetirir.

Əkslik və ziddiyyət anlayışları müxtəlif elm sahələrində istifadə olunur. “Doğrudur, ayrı-ayrı elm sahələrində əkslik və ya ziddiyyət müxtəlif anlayışlarla ifadə olunur. Bununla belə, ziddiyyət və əkslikdə daha çox ümumi ola biləcək cəhət onların iki qütbünün varlığıdır” [32, s.153].

Bu anlayışlar semantik müstəvidə ortaya çıxır. Dilçilikdə sözlərin mənaları arasında əksliklər nəzərə alınaraq onların cütlər şəklində qarşı-qarşıya qoyulan sözlər kimi müəyyən qrup daxilində birləşdirilməsi qəbul edilmişdir.

Müxtəlif sahələrdə istifadə olunan əkslik anlayışının mahiyyətini başa düşmək üçün onun fəlsəfə və məntiqdəki izahını nəzərdən keçirmək lazım gəlir.

Əkslik əşya, hadisə və proseslər arasındakı münasibət formalarından biri olub məntiqi-fəlsəfi kateqoriyadır.

Dialektikaya görə, inkişafın mənbəyi predmet və hadisələrdən kənarda deyil, onların daxilində obyektiv sürətdə yaranan əksliklərin mübarizəsindədir. Obyektiv aləmin bütün predmet və hadisələrinə daxili əksliklər xasdır, onlar bu əksliklərin məcmusu və vəhdətindən ibarətdir. Həm də bu əksliklər predmet və hadisələrdə bir-birini istisna edən müxtəlif cəhətləri, zidd qüvvələri, meyilləri ifadə etdiyinə görə öz aralarında mübarizə aparırlar.

Materialist dialektika öyrədir ki, bütün şeylərdə, hadisələrdə daxili ziddiyyətlər vardır və hər bir şey əksliklərin, əks cəhətlərin, xassələrin, meyillərin vəhdətidir. Əksliklərdən danışarkən iki cəhət – onlar arasındakı vəhdət və mübarizə üzərində xüsusi dayanmaq lazım gəlir. Əksliklərin vəhdəti, əvvələn, o deməkdir ki, əksliyin hər bir tərəfi digər tərəfin olmasını tələb edir; Əksliklər predmetdə və ya hadisədə yanaşı mövcuddur və bunlardan biri olmadan digəri mümkün deyildir. İkincisi, o deməkdir ki, qarşı tərəflər bir-birilə müəyyən ziddiyyətdə olmalıdır.

Əksliklər arasında vəhdət mütləq deyil, o ancaq nisbi xarakter daşıyır. Bu da ondan irəli gəlir ki, həmin əksliklər bir-biri üçün şərt olmaqla bərabər, biri digərini istisna edir, yəni öz təbiəti etibarilə onlar əks qütblərdə dayanırlar. Məhz buna görə də bir-birilə vəhdət təşkil edən əksliklər eyni zamanda daim mübarizədə olurlar.

Fəlsəfədə əksliklərin vəhdəti qanunu öyrənilir və bu kateqoriya səviyyəsindədir. Əkslik məntiq elminin də kateqoriyalarından biridir. Əkslik dialektik ziddiyyəti ifadə edir. Burada bir-birini qarşılıqlı inkar edən, eyni zamanda bir-birini qarşılıqlı şərtləndirən bir obyekt daxilindəki ziddiyyət nəzərə alınır [119, s.342].

Göründüyü kimi, məntiqdə əkslik dialektik ziddiyyətin bir tərəfini ifadə edən kateqoriyadır. Əkslik bir-birini qarşılıqlı inkar edən, eyni zamanda bir-birini qarşılıqlı mövcud edəndir. Əkslik həm bir predmetin daxilində, həm də müxtəlif predmetlər arasında ola biləndir. Məhz əksliyin bu xüsusiyyəti onun izahında da fərqli cəhətlərin ortaya çıxmasına səbəb olur.

Fəlsəfədə əksliyin iki növü göstərilir: 1) eyni bir hadisənin, şeyin, mahiyyətin daxilindəki əkslik; 2) müxtəlif hadisələrə, şeylərə, mahiyyətlərə aid olan əkslik.

Eyni bir hadisəyə, obyektə, predmetə xas olan əksliyi ifadə edən sözlərin antonim mənanı ifadə etməsi məsələsində tədqiqatçılar arasında fikir birliyi vardır. Lakin əkslik fərqli predmetlərdə olduqda antonimliyin təyini çox zaman mübahisə doğurur. Mübahisə əksliyin mövcudluğunun predmet bazasına əsasən üzə çıxır. Bu cəhət göstərir ki, vacib semantik münasibəti ifadə edən antonimlik kateqoriyasının təyin olunmasında izahını tapmayan məsələlər vardır.

Dilçilikdə sinonimlik və antonimlik fərqli səciyyəli məna münasibəti kimi üzə çıxır. Antonimliyə çox zaman sinonimliyi tamamlayan hadisə kimi də baxırlar. Bir-biri ilə əks olan mənalar olduğu kimi, bir-birinə yaxın olan mənalar da vardır. Sinonimlər yaxın mənalı və ya məna çalarlarında fərq olan sözlər sayılır. Denotativ sinonimlər eyni denotatı müxtəlif şəkildə adlandıran, siqnifikativ sinonimlər isə eyni anlayışı ifadə edən müxtəlif sözlər sayılır. Sinonimləri antonimlərlə müqayisə etmək, antonimləri semantik münasibətə görə sinonimlərin tamamlayıcısı saymaq, əslində, təsdiqini tapmır. Dildə dubletlər və semantik baxımdan heç bir əlaqəsi olmayan sözlər də vardır. Məna əksliyi məna yaxınlığını tamamlaya bilmədiyi kimi, məna yaxınlığı da məna əksliyini tamamlaya bilmir. Lakin ayrılıqda götürüldükdə məna əksliyində tamamlama vardır. Tamamlama iki sözə görə yaranır. Yəni iki söz bir-birini, daha doğrusu, müəyyən xüsusiyyət üzrə ümumi mənanı tamamlayır. Sinonimlər ikidən artıq ola bildiyindən onlar sinonim cərgə təşkil edirlər. Bu cərgədə dominant və zəif vahidlər yer tutur. Sinonim cərgənin baş sözünə mənaca ən yaxın olan dominant vahiddir. Cərgənin sonrakı vahidlərində məna yaxınlığı getdikcə zəifləyir. Antonimlikdə isə yalnız iki söz iştirak edir və onlar bir-birinə qarşı qoyulur. Həmin iki söz antonim cütü yaradır. Bu iki semantik münasibətdən – sinonimlikdən və antonimlikdən kənarda qalan sözlər çoxdur. Biz “ulduz” – “star”, “planet” – “planet”, “araba” – “waggon”, “maşın” – “car”, gül” – “flower”, “ağac” – “tree” sözləri arasında məna əksliyini axtara bilmirik. Bu sözlərin bəziləri arasında isə mənanın müəyyən meyara görə yaxınlaşmasını aşkar hiss edirik. Məsələn, “ulduz” və “planet” göy cisimləri, astronomik obyektlərdir, “araba” və “maşın” nəqliyyat və yükdaşıma vasitəsidir, gül və ağac bitkidir. Belə yaxınlıq sözlərin müəyyən leksik-semantik söz qruplarında birləşməsindən irəli gəlir. Bütün sinonim cərgələrini, eləcə də antonim cütlərini eyni bir leksik-semantik qrupda birləşdirmək mümkün deyildir. Lakin bir sinonim cərgənin vahidləri eyni leksik-semantik qrupda ola bildiyi kimi, antonim cütlər də eyni leksik-semantik qrupda birləşir. Məsələn, ağ – qara “wite – black” (rəng adlarını ifadə edən sözlərin leksik-semantik qrupu), uzun – qısa “long – short” (ölçu və ya uzunluq bildirən sözlərin leksik-semantik qrupu) və s. Antonimlik əkslik və ziddiyyətlə gerçəkləşir. Bununla yanaşı, əkslik və ziddiyyət də eyni mənalı anlayışlar deyildir. Hərçənd ki, “əks” və “zidd”, “əkslik’ və “ziddiyyət” sinonim sözlərdir. Ziddiyyətin daxili və xarici, əsas və qeyri-əsas, antoqonist və qeyri-antoqonist növləri vardır [Bax: 22; 41; 43].

Antonim yunanca anti (zidd) və onim (ad) sözlərinin birləşməsindən əmələ gəlib, “bir-birinə zidd olan söz, ad” mənasını verir. Antonimiya və ya antonimlik sözü isə ümumiyyətlə ziddiyyəti, əksliyi ifadə edir. Bu, omonimlərin əksliyini əhatə edən hadisədir.

“Antonimliksözü ilk dəfə Kristofer Con Smiss tərəfindən “sinonimliyin” əksi olaraq işlənmişdir. “1867-ci ildən bəri “antonimlik” sözünün tərifini vermək üçün çoxlu cəhdlər edilib, ancaq məsələ orasındadır ki, antonimlik tərifdən daha çox nümunələr göstərilməklə izah olunmuşdur. Məsələn, cavan/qoca, uzun/qısa, açıq/qapalı, pis/yaxşı və s. kimi nümunələr göstərilir və onların antonim cütlər olduğu qeyd olunur. Bu da antonimlərin bütün cütlərini müəyyənləşdirməyə imkan yaradan tərif tapmaq çətinliyindən irəli gəlmişdir” [183, s.483].

Antonimlik və sinonimlik problemi dilçiliyin ənənəvi problemlərindən biri olmuşdur və yenə də olmaqdadır. V.A.Zvegintsev bu problemin nəzəri cəhətdən, demək olar ki, öyrənilmədiyini qeyd etmişdir [102, s.124]. Müəllif bu fikrini ilk dəfə 1968-ci ildə dilə gətirsə də, 1976-cı ildə də həmin fikir onun əsərində yenidən yer almışdır [103, s.203]. Deməli, müəllif antonimlik probleminin ötən səkkiz ildə həllini tapmadığını söyləmişdir. Aydındır ki, antonimliklə bağlı bu dövrdə bir çox tədqiqatlar aparıl­mışdır. Lakin bu problemlə elmi mübahisələr doğuran cəhətlər qalmışdır.

Antonimlərin öyrənilməsi, ilk növbədə, bu sözlərin yaranmasının əsasında duran hadisənin mahiyyətinin aydınlaşdırılmasını tələb edir. Ümumiyyətlə, antonimliyin əkslik və ya ziddiyyətlə bağlı olması, əksliyin bir predmetə aidliyi və ya fərqli predmetlərdə axtarılması daim mübahisə obyekti olmuşdur. Çox zaman antonimliyin sərhədlərini müəyyənləşdirmək və dəqiqləşdirmək çətinlik törətmişdir. Antonimliyin tip və formaları məsələsi də bundan qaynaqlanmışdır.

Antonimlik bütün dillərdə müxtəlif səviyyələrdə özünü göstərir. Antonimlərin təyin olunmasına, bu sahədə əldə olunmuş nəticələrin təhlilinə çoxcəhətli yanaşma antonimliyin dil sistemində kifayət qədər mürəkkəb və geniş elmi mübahisələr doğuran bir məsələ olmasını təsdiq edir.

Antonimlik dilin leksik-semantik sisteminə aid bir kateqoriya olub real gerçəkliklə bağlıdır. Sözlər əşya, hadisə və predmetləri, eləcə də insanın yaratdığı abstrakt anlayışları bildirir. Təbiətdə isə bir-birinin əksi olan hadisə və predmetlər vardır. Bir-birinə qarşılıqlı əks olan anlayışların adları antonimləri yaradır.

M.R.Lvov əksliyin iki tipini qeyd edir: “kontrar və komplementar ziddiyyət. Kontrar zidiyyət növ anlayışları əsasında formalaşır. Bu zaman iki növ analayışı arasına üçüncü anlayış da daxil olur. Məsələn, gənc –yaşlı- qoca” [132, s.307].

Komplementar ziddiyyətdə iki anlayış bir-birini cins səviyyəsinə qədər tamamladığından onların arasına üçüncü anlayış daxil ola bilmir: doğru – yalan. Əksliyin məntiqi modeli leksik antonimliyin zəruri şərti ola bilir. Lakin bu model leksik antonimlik üçün kafi şərt deyildir” [132, s.311].

Tamamlama məntiqi kateqoriyadır. Burada hadisənin doğruluğu və ya yalan olması tipində əkslik müşahidə olunur. Con Layonz əksliyin üç tipini qeyd edir: “antonimlik, tamamlama və konversivlik” [124, s.19]. Tədqiqatçı bu üç tipin hər birinin əsasında əksliyin müxtəlif formalarının dayandığını söyləyir. Dilçilik ədəbiyyatında antonimlik hadisəsinə Con Layonzun münasibətinə çox istinad olunur. Ona görə də üç əkslik tipi və onların dildə təzahür məsələsinin C.Layonz tərəfindən izah edilməsini bir qədər geniş şəkildə nəzərdən keçirək.

Tamamlama prinsipi müəyyən xüsusiyyət üzrə sistemin qapanmasını tələb edir. Dildə elə sözlər vardır ki, onlar bir-birini qarşılıqlı inkar edir. Bu cür sözlərdən biri doğru olduqda digəri yalan olur. Tamamlama prinsipində inkar məsələsinin ortaya çıxması aşkardır. “Məlumdur ki, inkar fəlsəfədə, məntiqdə, riyazi məntiqdə və dilçilikdə təyin olunan anlayışdır. Müxtəlif elmlərə aid anlayışı ifadə edən bu terminin təyin olunmasında oxşar və fərqli cəhətlər vardır. Fəlsəfədə, məntiqdə, riyazi məntiqdə qeyd olunan inkar arasındakı yaxınlıq və oxşarlıq linqvistika müstəvisində kəsişir, nəticədə inkar və inkarlığın linqvistik təbiətinin, eləcə də statusunun təyin olunmasında kifayət qədər mübahisəli məqamlar ortaya çıxır” [132, s. 308].

İnkar həmişə ikinci qütbü tələb edir. Antonim üçün də ikinci qütb vacibdir. “İnkar – təsdiq qarşılaşdırılması antonimliyin təyin olunmasındakı ziddiyyətlə səsləşir. İnkar təsdiqə qarşı durur. Bu halda inkarda və təsdiqdə olan iki söz bir-biri ilə əkslik təşkil edir və nəticədə antonimiya hadisəsi baş vermiş olur” [35, s.146]. İnkar hökm səviyyəsində gerçəkləşir. Antonimlik söz səviyyəsindədir. Bu baxımdan iki müxtəlif səviyyə kateqoriyasının qarşı-qarşıya qoyulması üzə çıxır. Antonimlik leksik-semantik kateqoriyadır. İnkar isə qrammatik kateqoriyadır. “İnkarda bir halda qütbün birində mövcudluq, digərində isə yoxluq dayanır. Başqa bir halda qütbün biri reallıq, digəri isə irreallıqdır” [82, s.239]. Belə qütbləşmələr də çoxdur. Həqiqət – yalan, doğru- yalan, düz - əyri, yaxşı –pis, təsdiq – inkar və s. Qarşı-qarşıya qoyulan belə sözlərin kifayət qədər uzun siyahısını tərtib etmək olar və belə siyahılar tərtib olunmuşdur. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, dünya dillərinin əksəriyyətinin antonimlər lüğəti vardır və antonimlər bu lüğətlərə daxil edilmişdir [25; 86; 117; 133 və s.]. Linqvistik nöqteyi-nəzərdən semantikasındakı əksliyə görə qarşılaşdırılan sözlər antonimlər qrupunu təşkil edir. Dilçilikdə antonimlik hadisəsi ilə inkarın təbiətini aydınlaşdır­ma prosesində üzə çıxan və mübahisə doğuran bir cəhət özünü bu məqamda göstərir. Antonimlər leksikanın tədqiqat obyektidir. Leksikada bir-birinə əks, zidd olan sözlər vardır. Acı – şirin, alçaq –hündür, uzun – qısa, qoca- cavan və s. İstər ayrılıqda, istər bir yerdə götürülüb qarşılaşdırdıqda bu sözlərin biri digərini inkar etmir. İnkar isə dilin daha yüksək yarusunda yerləşir. Onun qrammatika, yəni söz çərçivəsindən çıxaraq predikativliklə bağlı olan tərəfi vardır. Bununla belə, inkarın müxtəlif ifadə vasitələri, o cümlədən də inkar bildirən sözlər vardır. Belə sözlər təsdiq bildirən sözlə qarşılaşdırıldıqda antonim cüt yaradır. Məsələn, var – yox.

Bir sıra sözlər isə qarşılaşdırıldıqda bir-birini inkar edir. Con Layonzun tamamlama prinsipi də buna əsaslanır. Müəllif irəli sürdüyü prinsipin izahını verərkən, “John isn`t married” və “John is single” cümlələrini misal gətirir [124, s.486]. Bu cümlələrdən birincinin doğru olmasından, ikincinin doğruluğu çıxır. Nəzərə almaq lazımdır ki, birinci cümlə inkarda, ikincinin isə təsdiqdə olması iki hadisənin eyni zamanda doğruluğuna səbəb olur. “Con evli deyil”, deməli, “Con subaydır”. “Subay” və “evli” sözləri fərdin ailə vəziyyətini bildirən sözlərdir. Ailə vəziyyəti üçün iki haldan biri doğrudur. Şəxs ya evli, ya da subay ola bilər. “Evli” və “subay” sözləri bir-birini qarşılıqlı tamamlayır. Onlardan biri digərini inkar edir. Şəxs subaydırsa, deməli evli deyil və əksinə. Beləliklə, “evli” və “subay” sözləri müəyyən əksliyi ifadə edən sözlər kimi çıxış edir və bir-birini qeyd edilən əksliyə görə tamamlayırlar. Azərbaycan dilində “dul” sözü vardır. Bu söz evli olmuş, lakin ərini (arvadını) itirmiş şəxsi bildirir. Evlənmiş və boşanmış şəxslər də dul sayılırlar. Buradan belə bir nəticə çıxır ki, Azərbaycan dilində “evli’, «subay» sözlərinin olduğu leksik-semantik qrupa “dul” sözü də daxil olur. C.Layonz tamamlama prinsipinin pozulmasının başqa halını J.M.Moravçikə istinadla şərh edərək yazmışdır: “Moravçik analitik və sintetik olanın fəlsəfi sərhədlərini fərqləndirməyə həsr etdiyi əsərində göstərir ki, elə hallar fikirləşmək olar ki, eyni şəxs haqqında onun həm “bachelor” (subay), həm də “married] (evli) olması təsdiq edilsin. Belə hallar şəxsin qanunla nikahda olmamasına baxmayaraq evli kimi yaşamasına uyğun gəlir. Dixotomik təsnifatın aradan qalxdığı belə hallarda implikasiya “mütləq” mənada deyil, “normal” mənada təsdiqini tapır. Yəni bir hadisədən digəri törəyir” [124, s.487]. Göründüyü kimi, əksliyin tamamlama prinsipinə söykənməsi zamanı aralıq hallar mümkün olur. Lakin bu hallar əksliyin təyin olunduğu əsas meyarın normaldan kənara çıxmasının nəticəsi kimi meydana gəlir. “Evli” və “subay” ailə vəziyyətlərinin bir-birini tamamlaması faktdır. Üçüncü hal ya qəbul olunmuş normaların pozulması (nikahsız yaşama), nəzərə alınmaması, ya da baş vermiş hadisənin (dul qalmaq) ailə vəziyyətində normaya əsaslanmayan vəziyyəti doğurması ilə ortaya çıxır.

Con Layonz əksliyin ikinci əsas tipini antonimiya (antonimlik) adlandırır. Tədqiqatçı antonimiya tipli əkslikdə qradasiya və ya dərəcələnmənin olduğunu söyləyir. Dərəcələnmə müqayisədən irəli gəlir. Müqayisə implisit və ya eksplisit şəkildə aparılır. Eksplisit müqayisə olunan cümlələr iki tipə bölünür: 1) əşyalar müəyyən keyfiyyətə görə müqayisə edilir. Həmin keyfiyyət bu əşyaların birində digəri ilə müqayisədə çox və ya az olur; 2) eyni əşyanın iki halı müqayisə edilir. Eksplisit müqayisə zamanı keyfiyyət və halın fərqliliyi aşkar görünür. Məsələn, “Bizim ev sizin evdən böyükdür” cümləsi “Sizin ev bizim evdən kiçikdir” halını təsdiq edir. Nəticədə bu cümlələrdə istifadə edilmiş “böyük” və “kiçik” sözləri əks münasibətdə olur. C.Layonz antonimliyin implisit dərəcələnməsini izah edərkən “Bizim ev böyük deyil” cümləsini nümunə gətirir. Bu cümlə müqayisənin ikinci obyektini konkretləşdirmir. Dərəcələnmə ümumiyyətlə, “ev” anlayışı üzərinə köçürülür. Onun böyük və kiçikliyi, dərəcələnməsi artıq müxtəlif amillərdən asılı olur. Evin böyüklüyü və kiçikliyi ilə bağlı qəbul edilmiş ölçülər bu zaman nəzərə alınır [124, s. 489-490]. Beləliklə, tədqiqatçı antonimiya əksliyində qradasiyanın olmasını və bu zaman iki əkslik arasında üçüncü aralıq halın mövcudluğunu ortaya atır. Belə əkslik fəlsəfədə, məntiqdə, eləcə də dilçilikdə təyin olunmuşdur. Bu, kontrar əkslik növüdür.

Antonimliyin öyrənilməsinin əsas məsələsi əkslik anlayışının aydınlaşdırıl­masıdır. Əkslik bir-birinə qarşı durmaq, bir-birinə qarşı qoyulmaqla yanaşı, eyni mahiyyətin müxtəlif istiqamətlərdə son həddə qədər inkişaf etmiş vəziyyətlərinin müqayisəsidir. Burada mahiyyət qarşılıqlı təsir edən obyektlərdə əsas, ümumi, oxşar olandır. Məsələn, “dərin” və “dayaz” sözlərinin antonimliyi üçün real şəraitdə dərinliyin və dayazlığın makisimallığı nəzərə alınır. Balaca uşaq üçün dərin olan yer suyun onun boyu qədər, dayaz isə suyun uşağın qurşağına qədər olan yeri sayıla bilərsə, böyük adam üçün eyni mövqedən yanaşma dayazdərinin oxşar ölçü ilə təyinini gerçəkləşdirir. Lakin üzə bilən gənc üçün dərinlik ölçüsü bir qədər dəyişir. Bu zaman suyun boydan yuxarı olması mütləqdir. Lakin dərinliyin müqayisəsi üçün konkret hədd bəlli olmur. Şərait çimərlikdə üzmə ilə bağlıdırsa, dərinlik anlayışı sahildən nə qədər uzaqlaşmağı da implisit nəzərdə tutur.

Antik dövrlərdən kontrar və kontradiktor əksliklər fərqləndirilmişdir. Kontrar anlayışlar eyni bir cinsin növləridir. Bu növlərdən birinə xas olan əlamətləri ikinci növ həm inkar, həm də başqa əlamətlərlə əvəz edir. Kontrar anlayışlar arasında aralıq orta anlayış olur” [119, s.321].

Kontradiktor anlayışlar da eyni cinsin növləridir. Bu anlayışlardan biri müəyyən əlamətləri ifadə edir, digəri həmin əlamətləri inkar və istisna edir, başqa əlamətlərlə əvəz etmir” [98, s.35]. Kontradiktor anlayışlar arasına heç bir başqa anlayış daxil ola bilmir.

Məntiqi kontrarlıq dildə ifadəsini əks mənalı sözlərdə tapır. Kontrar münasibət zamanı bir anlayış implisit şəkildə digərini inkar edir, təsdiq isə etmir. Beləliklə, bir anlayışın inkarı başqasının təsdiqi olmur” [186, s.165].

Kontradiktor anlayışlar arasınldakı əkslik onların qarşılıqlı şəkildə bir-birinin inkarı ilə baş verir. Onlar arasına aralıq mənalı söz girmir. Belə münasibətdə olan sözlərdən biri doğru, digəri isə yalandır. Kontradiktor münasibət antonimliyin məntiqi bazasını təşkil edir. Belə münasibətdə olan iki söz, iki leksem bir-birinə qarşı durur. Qarşı duran sözlərdən birinin təsdiqi digərinin inkarıdır. Məntiqi nöqteyi-nəzərdən həm kontrar, həm də kontradiktor əkslik antonimliyin məntiqi əsası, özəyidir.

Antonimlər məna strukturlarına görə yüksək səviyyədə bircinsli olan sözlərlə təmsil olunurlar. Antonim tək bir söz deyil, söz cütüdür. Onların qarşılışdarılması məna komponenti əsasında gedir. Qarşılaşdırma qarşı-qarşıya qoyulan sözlərin məntiqi-predmet mahiyyətini nəzərə alır. Əkslik də ikitərəflidir. Lakin bu iki tərəfdən biri dərginə əks tərəf olmadan mümkün deyildir. Keyfiyyətin əksi yoxdursa, onun özü dərk edilmir. Buradan belə nəticə çıxır ki, hər bir antonimdə onun əksi mövcuddur. Dil vahidlərinin antonimliyində bir mahiyyət daxilindəki əkslik yer alır.

Əksliklərin dildəki təzahürünə münasibətdə fərqli fikirlər qeydə alınır. Fəlsəfi və məntiqi baxımdan iki əkslik növü göstərilsə də, əksliyin dildə özünəməxsus əlavə keyfiyyət qazanması fikri irəli sürülür. Ona görə də, bəzi tədqiqatçılar əksliyin dildə dörd tipinin olmasını söyləyirlər. L.A.Novikov əksliyin kontrar, vektor, komplementar və konversiv növlərini ayırır [149, s.83-84].

Bu dörd növ Con Layonzun irəli sürdüyü üç növdən irəli getmir. C.Layonz əksliyin tamamlama tipindən bəhs edir. Bu tip L.A.Novikovun tədqiqatında kontradiktor əksliyə uyğun gəlir. Oppozisiya təşkil edən iki əksliyin arasında üçüncü anlayış girmir (subay-evli).


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə