Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   60   61   62   63   64   65   66   67   ...   111

 
167
- Bəs niyə durmusunuz? Burda mübahisə eləməkdən, söyüşməkdən nə çıxar! 
Qızı axtarmaq lazımdır! 
- Həyəti, töyləni, samanlığı – hər yeri axtarmışıq. Heç bir adamın ağlına 
gəlməyən iş  mənim başıma gəlir. Ta haranı axtaraq… Görəsən bu kimin 
qurmasıdır. 
Qonaqlardan biri: 
- Sən nə avam adamsan, Baqrat ağa! – dedi. – Qız töylədə, samanlıqda nə 
gəzir. Onu yəqin başqa kəndə qaçırdıblar. Durmayın, atlanıb hərəmiz bir tərəfə 
gedək. Bəlkə yolda rast gəldik… 
Karo qəzəbdən dodaqlarını çeynəyə-çeynəyə dedi: 
- Mənə sataşsınlar?! Toy gecəsi mənim arvadımı qaçırsınlar?! Mən bu evə 
od vuracağam! Bu kəndi alt-üst eləyəcəyəm! Bu kələk kimin kələyidir? Kaş onu 
biləydim!.. 
- Qızı tapandan sonra hər  şey bilinəcək, cənab general-nahankapet! – deyə 
Manuçar onun qolundan tutub çəkdi. – Gedək, gedək gəlini axtarmağa. Bütün 
qəzanı kəndbəkənd, evbəev gəzək!.. 
Özünü döyən, başını yolan, qızını qaçırana lənət, qarğış yağdıran Nvardın 
ağlamaq səsi bütün gecəni kəsilmədi. 
Siranuşun itməsinin sirrini Arzo kişidən başqa heç kəs bilmirdi. O, bilirdi ki
bu qarlı, şaxtalı qış gecəsində üç adam Xınzirəyə doğru gedir. O, bilirdi ki, onların 
qabağını yüz qaçaq-quldur da kəssə, Surenlə Hayk Siranuşu verməyəcəkdir… 
Haykla Surenin Əngələvidə getməsindən  Şuşanik çox narahat idi. O, gecə 
yarısına kimi yata bilmədi. Durub həyətə, küçəyə çıxdı. O yana, bu yana baxdı. Bir 
qədər gözlədi, üşüdüyündən evə qayıtdı. Dünyanın işlərindən xəbərsiz yatan 
balaca, sevimli oğlunun yanında uzandı. Gözünü yumdusa da, yuxulaya bilmədi. 
Bir həftə  əvvəl onlara gəlmiş Arzonun Surenə dediyi sözləri xatırladı: «…Oğul, 
Suren, məni sənin yanına göndərən Siranuşdur. Deyirdi ki, bu il yanvarın on 
beşində məni Gorusa, həmin adama gəlin köçürürlər. Əgər səndə məhəbbət varsa, 
dalımca gəl». 
Kürsüdə uzanmış  Şuşanik çox fikirləşdi. Nəhayət, təndirin istisindən 
xoşallanıb yuxuya getdi. 
Dan yeri sökülən zaman qapı döyüldü. Səksəkəli yatan Şuşanik o saat 
gözünü açdı. «Görən Haykgildir, ya mauzerli ciyəri yanmışlardır? – deyə fikirləşdi. 
– Bəlkə onlar Vahan dayını tutublar, indi də gəliblər Haykla Sureni aparmağa?..» 
Qapı bir də döyüldü. 
- Kimsən? 
- Bizik, qapını aç! 
Şuşanik ərinin səsini tanıdı, qapını açdı. 
Hayk dedi: 
- Qonağı qəbul elə, Şuşanik. Mən də atları töyləyə çəkim. 
Hayk  Şuşanikin  əmisi oğlunun kəhər atını  və qaynatasının boz madyanını 
tövləyə apardı. Surenlə Siranuş evə girdilər. 
- Sən bizə xoş gəlmisən, qadan alım! – deyə Şuşanik qafqazlılara xas olan 
mehribanlıq və qonaqpərəstliklə Siranuşu qəbul elədi. Onun boynunu qucaqlayıb 
buz kimi yanaqlarından öpdü. – Bu yoxsul komamız sənə qurbandır! 


 
168
Şuşanik kürsünün baş tərəfindəki palazın üstünə döşək saldı. 
- Keçin oturun. Yəqin ki, Suren qardaş, bərk üşümüşsünüz. Kürsüyə girin, 
qızının. 
Siranuş başmaqlarını, Suren çarıqlarını çıxardıb oturdular. 
Bir azdan Hayk da gəldi, o da o biri tərəfdən oturub özünü kürsüyə verdi və 
gülə-gülə: 
- Hə, necə gəlin gətirmişik, Şuşanik? – dedi. – İndi olarsınız bacı, bu evdə 
mehribanca yaşayarsınız. 
Siranuşun qara gözlərinə, gərgin qaşlarına, nazik dodaqlarına, soyuqdan pul 
kimi qızarmış yanaqlarına, nəcib burnuna ayaq üstə tamaşa edən Şuşanik dedi: 
- Çox gözəl gəlindir. Vallah, dünyanın maralını  gətirmisiniz. Siranuş bu 
gündən mənim bacımdır. – Şuşanik Siranuşun yanında oturdu. – Bura bax, sən 
Allah, qızı elə toy paltarında gətirmisiniz. Suren qardaş, daha sizin qoçaqlığınıza 
sözüm yoxdur!.. Barı sizi görüb eləyən olmadı ki? Qızı necə aradan çıxartdınız? 
Hayk: 
- Hər  şeyi sonra Siranuş özü sənə danışar, - dedi. – İndi zəhmət çək, dur 
ayağa, bizə yağlıdan-yavandan bir şey ver, acıq. Ancaq elə şey olsun ki, canımızı 
qızdırsın. 
Şuşanik ayağa qalxdı. Nə bişirəcəyini fikirləşə-fikirləşə evin bir bucağına 
getdi. Ocağı qaladı. 
Siranuşun könlünü açmaq üçün Hayk zarafatla dedi: 
- Siranuş bacı, gördün biz necə qoçaq oğlanlarıq! Səni Baqrat ağanın 
ikimərtəbəli, haşan-kaşanlı evindən götürüb bu yoxsul, qara dama gətirdik. Belə 
evdə yaşamağa sən də öyrənərsən… 
Siranuş dedi: 
- Hayk qardaş, qara damda xoşbəxt yaşamaq, bəzəkli otaqda dərd 
çəkməkdən yaxşıdır. 
Hayk bərkdən güldü. 
- Eşitdinmi, Suren! Ərə, bu Siranuş bacı elə kasıb-kusub tərəfdarı imiş ki!.. 
Sən ölməyəsən, doşab almışıq bal çıxıb. – Hayk nə isə fikirləşdi, sonra dedi: - 
Allaha and olsun, bu saat Baqrat ağanın evində bir vəlvələdir ki, gəl görəsən… 
Yəqin hər bir tərəfdən düşüblər Siranuş bacını axtarmağa. Qoy axtarsınlar. 
Şeytanın da gümanı getməz ki, Siranuşu Əngələviddən Xınzirəyə gəlin aparıblar… 
Bir qədərdən sonra Şuşanik bişirdiyi südlü yarma çəkməsini iştahla yedilər. 
Heç kim yatmaq istəmirdi. 
Yenidən söhbət başlandı. 
Gün çıxanda  Şuşanikin oğlu da yuxudan ayıldı. Anası onu geyindirib əl-
üzünü yudu. Ocağın yanında yedirtdi. Sonra gətirib Siranuşun yanında oturtdu. 
Siranuşa çox diqqətlə baxan uşaq, nədənsə ürkmüş kimi, birdən üzünü 
çevirib anasının boynunu qucaqladı. 
Şuşanik: 
- Bir ona bax, - dedi. – Gör bizə nə qəşəng xala gəlib… 
Uşaq yenə diqqətlə Siranuşa baxdı. Siranuş gülümsünərək Şuşanikə dedi: 
- MaşAllah, nə qəşəng oğlun var, Şuşanik bacı. 


 
169
Uşaq birdən  əlini onun araqçınındakı  qızıl pullara atdı. Hamı onun bu 
gözlənilməz hərəkətinə güldü. 
- Adam şuluqçu olmaz! – deyə Şuşanik tez onun əlini geri çəkdi. 
- Bundan başqa uşağınız varmı? 
- Yox, Siranuşcan. İlkimizdir. 
- Allah saxlasın. 
Hayk dedi: 
- Ay Şuşanik, oğlunla az oyna, camaat yuxusuzdur. Uşağı ver mənə, yer sal. 
Şuşanik oğlunu ərinə verəndə, uşaq qollarını açıb Siranuşa tərəf əyildi. 
Siranuş uşağı dizi üstünə aldı və danışdırmağa başladı. 
Şuşanik iki yer saldı. 
- Mən atları aparıb sahiblərinə verim, sonra gəlib yataram! – deyə Hayk 
ayağa qalxdı. Arvadına da başı ilə işarə elədi… 
- Mən də atamgilə gedəcəyəm, işim var, - deyə  Şuşanik qalın yun şalını 
başına örtüb oğlunu qucağına aldı. 
Haykla  Şuşanik evdən çıxdıqdan sonra otağı bir an sükut bürüdü. Suren 
durub qapını bağladı. Bir yorğan-döşəyə baxdı, bir başını aşağı dikmiş Siranuşa. 
- Evdə tək qaldıq… Zurnasız, balabansız toyumuz mübarək olsun! 
Siranuş başını qaldırdı. Onun vəfa, ismət və  məhəbbət ifadə edən gözləri 
güldü. 
- Canavarın ağzından sənin kimi körpə quzunu xilas etmək də bir qələbədir, 
Siranuş! – deyə Suren incə bir nəvazişlə onun balaca əlindən tutdu… 
Bu gün iki könlün hicranının sonu, vüsalının başlanğıcı idi… 
Sən ey coşqun gənclik, sən ey ülvi məhəbbət! Sizin atəşinizin qabağına nə 
dayana bilər! Dünyada sizdən gözəl, sizdən ətirli hansı bahar ola bilər?!. 
Dəqiqələrmi, saatlarmı keçdi? Kim bilir… Həyatlarının ən şirin dəqiqələrini 
yaşayan sevgililəri saatmı, vaxtmı maraqlandırırdı!.. 
Onların uzun həsrətdən sonra vüsalına  şahid olan bu dost evinin sükutu 
pozuldu. Onu pozan bayırdakı küləyin səsi idimi? Yox! Qara damın sükutunu 
pozan onların bahar təranəsini andıran gülüşləri idi. Siranuşla Suren bir-birinin 
təmiz nəfəsini uda-uda yavaşdan danışır və gülüşürdülər. Quşların nəğməsindən 
xoş, Zəngəzur bulaqlarının şırıltısından ahəngdar olan sözləri-söhbətləri uzandıqca 
şəkərə, bala dönürdü… 
Əzab-əziyyətin min bir fırtınasından keçirib, bakir saxladığı qəlbini aşiqinə 
təslim edən Siranuş xoşbəxt idi. Onun çöhrəsi, qara buludlardan çıxmış günəşi 
xatırladırdı. O, toyunu, bayramını yalnız indi hiss edirdi. 
Şirin dəqiqələr, saatlar ötüb keçdi… 
…Siranuş başını Surenin qolunun üstündən götürdü – elə bil, on dörd 
gecəlik ay üfüqdən baş qaldırdı. Siranuş geyindi – elə bil, evə bir ağ göyərçin 
qondu. Siranuş ayağa qalxdı – elə bil, nər qoynundan bir maya çıxdı. Siranuş 
yorğan-döşəkləri yükə yığıb qayıtdı – elə bil, qara damda bir xınalı kəklik səkdi. 
Siranuş kürsüdə Surenlə yanaşı oturdu – elə bil, yer kürəsinin cazibə qüvvəsi 
səmanın ən gözəl gəlini olan bədirlənmiş ayı öz yanına çəkdi… 
Onlar bir-birinə baxıb, sözsüz gülümsədilər. Bəli, sözsüz! Bir kitablıq söz o 
baxışlar qədər iki qəlbin məhəbbətini, səadətini ifadə edə bilməzdi!.. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə