Haqsız tökülən qan yerdə qalmaz



Yüklə 15,3 Kb.

tarix21.06.2018
ölçüsü15,3 Kb.


Haqsız tökülən qan yerdə qalmaz

O  vaxt  respublikada  çoxları,  xüsusilə  ölkə  rəhbərliyi  yaxşı  bilirdi  ki,  1991-ci  ilin

sonlarından  başlayaraq  Xocalı  şəhəri  erməni  qəsbkarlarının  mühasirəsindədir,  düşmən  halqası

getdikcə  daralır.  Dözülməz  çətinliklərə, əhalinin  ölkə  rəhbərliyindən  kömək  istəməsinə  və

Xocalının  bu  gün-sabah  işğal  ediləcəyi  barədə  həyəcan  dolu  teleqramların  Bakıya  axmasına

baxmayaraq, şəhər sakinlərinin səsinə səs verən, harayına yetən yox idi. Bu vəziyyətdən istifadə

edən erməni qəsbkarları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ən müasir silahlarla hücuma

keçərək bir gecənin içində Xocalını oda qaladılar, əhalisinə isə misli görünməmiş divan tutdular.

Həmin  müdhiş  gecəni  həyat  yoldaşını,  iki  oğlunu  və  bir  nəvəsini  itirmiş,  digər  iki oğlu  və  özü

ayrı-ayrılıqda  ermənilərə  əsir  düşərək  ağır  işgəncələrə  məruz  qalmış  9  uşaq  anası,  80  yaşlı

Məleykə nənə belə xatırlayır:

- O  gecə  oğlanlarım  Novruz  və  Ziyadxan,  həmişəki  kimi,  səngərdə  düşmənlə  üz-üzə

dayanmışdılar.  Həyat  yoldaşım  Salah  Allahverdiyev,  mən  və  18  yaşlı  nəvəm  Mahir  təzəcə

yatmışdıq  ki,  dəhşətli  atışma,  partlayış  səsləri  eşidilməyə  başladı.  Həyat  yoldaşım,  1919-cu  il

təvəllüdlü  Salah İkinci  dünya  müharibəsi  iştirakçısı  idi.  1945-ci  ildə  Berlində  yaralanaraq

Varşava hospitalında müalicə olunmuş və 1946-cı ildə evə əlil qayıtmışdı. Böyük oğlum Novruz

Ağdam  Kənd  Təsərrüfatı  Texnikumunu  bitirərək  Xocalının  üzümçülük  sovxozunda  aqronom

işləyirdi.  Üç  övladı  vardı.  1957-ci  ildə  anadan  olmuş  digər  oğlum  Ziyadxan  isə  həmin  vaxtlar

Xocalını müdafiə edirdi. İki övladı vardı. Atışma başlayandan az sonra Novruz bizi xilas etmək

üçün  evə  qayıtdı.  Biz  elə  üstümüzdəki  pal-paltarla  meşəyə  qaçdıq.  Nəvəm  Mahir  mənə

bacardıqca buradan qaçıb uzaqlaşmağımı tapşırdı, özü isə düşmənlə döyüşmək üçün Salahın və

Novruzun  yanına  qayıtdı.  Gecəni  meşədə,  qarın  üstündə  qaldıq.  Həmin  gecə  meşədə  qız-

gəlinlərimizin  başına  min  bir  oyun  açdılar.  Onların  tükürpədici  nalələri,  çığırtıları  indi  də

qulaqlarımda səslənir. Səhərə yaxın bizi mühasirəyə aldılar, piyada Əskərana apardılar və 300-ə

yaxın  qız-gəlinlə  birlikdə  həbsxanaya  saldılar.  Sonradan  yanımıza  gətirilən  qonşu  qadın  mənə

digər  iki  oğlumun  da  işgəncələrə  məruz  qalaraq  əsir  alındıqlarını  və  yaxınlıqdakı  kamerada

olduqlarını  bildirdi.  Mən  onları  görmək  məqsədilə qonşunun  uşağını  qucağıma  alaraq  qapıda

duran  erməni  keşikçiyə  yaxınlaşdım.  Uşağı  bir  neçə  dəqiqəlik  atasına  göstərmək  istədiyimi

bildirdim.  Çox  yalvardıqdan  sonra  oğlumun  saxlandığı  kameraya  keçdim.  İnsanların  hansı  ağır

işgəncələrə  məruz  qaldıqlarını  sözlə  deməyə  çəkinlik  çəkirəm.  Erməni  qaniçənlər  oğlum

Mirzənin  tətik  çəkdiyi  barmağını  kəsmiş,  qızıl  dişlərini  çıxarmış,  ayaqlarına  şişlə  dağ

basmışdılar. Döyülməkdən sifəti tanınmaz hala düşmüşdü. Kiçik oğlum Elşənin də qızıl dişlərini

çıxarmış, başına o qədər vurmuşdular ki, məni güclə tanıya bildi. Bir aydan sonra övladlarım əsir

düşmüş ermənilərlə dəyişdirilib yarımcan halda bizə qaytarıldılar. Məni isə bir neçə gün bundan

qabaq  azad  etmişdilər. İndi  hər  iki  oğlum əlildir  və  heç  biri  işləmir.  Həyat  yoldaşım  Salahın,

böyük  oğlum  Novruzun  və  onun  oğlu,  18  yaşlı  nəvəm  Mahirin  necə  öldürüldüyünü  bilmədim.

Ziyadxan haqqında isə  müdhiş xəbərlər eşitdim. Düşmən  güllələrlə onun ayaqlarını qırıb. O da

yoldaşlarına  deyib  ki,  onu  polislərin  növbədə  dayandıqları  vaqona  qoysunlar.  Düşməndən

qisasını  almamış əsir  düşmək,  ölmək  istəmir.  Belə  də  edirlər.  Ziyadxan  vaqonda  daldalanaraq

xeyli  erməni  öldürür.  Bundan  duyuq  düşən  düşmən  onu  qumbara  ilə  partladır.  Cəsur  balam

"İgidliyə görə", Salah isə "Böyük Vətən müharibəsinin 60 illiyi" medalları ilə təltif edildilər. Hər

iki  medal  mənə  təqdim  olundu.  Ziyadxanın  vəfatından  iki  ay  sonra  bir  oğlu  dünyaya  gəldi,

erməniyə qalib gələcəyimizə böyük inam hissi ilə adını Qalib qoyduq.

Moskvada  ali  təhsil  alan  19  yaşlı  qızım  Xına  1989-cu  ildə  Xocalıda  maşın  qəzasına

düşərək dünyasını dəyişmişdi. Onun faciəsi qəddimi əymişdi. Sən demə, faciələrimizin çoxu hələ

qabaqda imiş. Xocalıda bir çox qohum-qardaşımla yanaşı ailəmin 4 üzvü də şəhid oldu. 18 ildir

ki, ürəyi dağlı yaşayıram.

Məleykə nənə  deyir  ki,  qəddarcasına  öldürülən  əzizlərindən  heç  bir  nişanə  qalmayıb,  heç

şəkillərini də gətirə bilməyib, hətta məzarları da yoxdur.



Ümid  axırda  ölür, - deyiblər.  Bəlkə  də,  Məleykə  nənə  elə  buna  görə  axırda  bildirdi  ki,

ümidimi itirməmişəm. Tökülən haqsız qan heç vaxt yerdə qalmır, o cümlədən Xocalıda tökülən



qan.

Adilə QOCAYEVA

Azərbaycan.- 2010.- 19 fevral.- S.  9.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə