müdaxilə etməyə haqqı çatmır. Səbrli olmaq, hər şeyi zamanın öhtəsinə
atmaq lazımdır. Vaxt həll edər, kifayətdir, vəssəlam”
***
Parisə Teymurun yanına Raufla Rüfət gəlirdilər. O, bacısı üçün
viza göndərmirdi. Amma Patrisiya Teymursuz bir neçə dəfə uşaqlarla
Bakıda olmuşdu. O, dili bilmədiyindən Nərgizlə danışa bilmirdi.
Köməyə uşaqlar gəlirdi. Yaşları az olsa da Etibarla Cəmilə azərbaycanca
bilirdilər. Bu Teymurun səyi idi. Sanki Parisdə doğulmamışdılar. Nərgiz
onları bağrına basır, Teymurun ətrini alır, gözlərindən yaş sellənirdi.
“Nərgizin istədiyi qadınların, elə bu Patrisiyanın nəyi Mədinədən
yaxşı idi?!” - O, təəssüflə özündən soruşurdu. Mədinə həqiqətən
başqaydı. Nərgiz bunu indi etiraf edirdi. Amma gec idi. Özünü bağışlaya
bilmirdi. “ Bu mənə azdır”, - fikirləşirdi. Qardaşı uşaqlarının körpəliyini,
necə
böyüdüklərini görməsə
də
onların “bibi” deyib üzünə
gülümsəmələrindən doymurdu.
Anasının ilindən sonra uzun müddət Bakıya gəlməyən qardaşını
yenidən görmək necə xoş idi. Həsrət onu bezdirmişdi. Elə bil, qarşısında
atası dayanmışdı. Gözlərinin rəngini çıxmaqla Teymurun səsi, boy-
buxunu, üzünün cizgiləri, seyrəlmiş saçları, xırdaca qırışlarınacan eyni
ilə atasınkı idi. Bu adam ona necə əziz idi. Onun yenidən gedəcəyini
fikirləşəndə Nərgizin qanı qaralırdı.
Teymur da gəlişindən razı idi. Bu toy yerinə düşmüşdü. Nə yaxşı ki,
məzuniyyət götürmüşdü, yoxsa Bakıdan doymayacaqdı. Bir ay bir gün
təki keçsə də qohum- əqrəba, digər yaxınlar, tanışlar, dostlar, Rüfətin toy
mərasimi də daxil olmaqla Azərbaycanın çoxdan həsrətdə olduğu
yerlərinə səyahət onda unudulmaz təəssüratlar qoymuşdu.
Qubada, Qusarda, Lənkəranda, Gəncədə, Qazaxda, Tovuzda, hər
yerdə bir gün gecələsə də Şamaxıda bir həftəyəcən qaldı. Ata babası
şamaxılı olduğundan bu yerlər ona son dərəcə əziz idi. Məktəbli ikən
Şamaxının kəndlərini çox gəzmişdi. Baba dağa getmişdi. Dədə Günəş,
Məlhəm, Sis, Pirqulu, Avaxlı, Dəmirçi kəndlərinə isə gözüyumulu bələd
idi.
Şamaxı ərazisi onu həmişə valeh edirdi. Buranın iqlimi dəyişkən
olsa da xoş idi. Qəribəsi bu idi ki, qışda bir yerdə qar dizdən olurdu,
sürüşkəndir deyə, yola çıxmağa qorxurdun, amma maşınla bir saat fərq
olan digər ərazidə isə uşaqlar köynəkdə qaçırdılar. Duman dağları,
dərələri, düzləri bürüyür göz-gözü görmürdü. Çox valehedici mənzərəyə
düşürdün. Göylərin təravəti ruhuna işləyirdi. Dumanlı dərələrdən quşlar
dəstəylə qalxırdılar. Bir anda görünüb, bir anda da itirdilər.
Bildirçin kababı, dağ göbələkləri onun şərəfinə kəsilən hinduşka,
quzu ətindən ləzzətdə heç də geri qalmırdı. Hələ çobanların qatığı,
bulaması, qaymağı, sac quran arvadların razyanalı-yağlı lavaşlarının dadı
damağından getmirdi. Bu, dünyanın heç bir yerində olmayan bir özgə
dad idi.
Amma təəssüf doğuran şeylər də vardı. İyirmi il bundan qabaq
gördüyü meşələrdən indi yalnız ağaclıqlar qalmışdı. Meşə seyrəlmiş,
yox olmuşdu. Yerində imarətlər ucalırdı. Elə bil, meşəyə yox, təzəcə
salınmış şəhərə girirdin.
Pirqulu dağının sağ tərəfindəki Dəmirçi kəndinə gedən yolda,
dərədə onun bir vaxt meyvəsini ləzzətlə yediyi zoğal, yemişan, əzgil,
alça ağacları vardı. Onların yerini lap gözübağlı gəlsəydi də tapardı.
Uşaq vaxtı buralarda çox əylənərdi. Elə də uzaqda olmayan çayın şırıltısı
sakitlikdə ruhunu oxşardı.
İndi də Raufla ağacları asanlıqla tapdılar. Amma birdən qəribə
qoxu hiss etdilər. Meşənin içində, yolun qırağında belə qoxu ola
bilməzdi. -Kanalizasiya borusunu gördülər. Yaxınlıqdakı istirahət evinə
məxsus olan bu xətt tamamlanmamışdı. Buranı xəlvət bilib eləcə
atmışdılar. Bu iyrənc su onun sevimli ağaclarının dibinə axırdı. Daha bu
zoğalları dərmək olmazdı. Teymur başını yelləyir, qəzəbindən
dodaqlarını gəmirirdi. Yolun sağ, sol tərəflərindəki meşələrdən əsər-
əlamət yox idi. Elə bil, buraları biçmişdilər. Çəpərlər gözə girirdi. Hərə
bir sahə götürüb çəpərləmişdi. Halbuki bu yerlər əvvəllər qoruq sahələri
idi.
***
Bakıya dönərkən gah yamaca qalxan, gah yoxuşa enən əyri- üyri
yolların genişləndirilməsi, yaxşı asfalt örtüyü qəlbinə fərəh verirdi. Lap
nağıllarda da yolların abadlaşdırılması mədəniyyətin mühüm atributu
hesab olunurdu. Yol birincidir. Şəhərin siması yoldan başlayır.
Rayonlara, kəndlərə, şəhərə gedən yolların beləcə rahat olması yolçuya
ləzzət verməklə, vaxta da qənaət edirdi.
Parisə qayıtmaq vaxtı yaxınlaşdıqca bacısının qəmli üzü gözündən
qaçmırdı. Bacısı ilə danışanda gözləmədiyi, özündən asılı olmayan
kövrək, həzin duyğular ona hakim kəsilirdi. Bacısının səsindəki ağrı,
yumşaqlıq, həyəcan qəlbindəki biganəliyi sıxışdırırdı. Bu səs ona anasını
xatırladırdı. Yoxsa anası Nərgizlə Teymurun arasındakı soyuqluğu yox
etmək üçün səsini Nərgizə bağışlamışdı? Elə bil, özü də onun çöhrəsinə
köçmüşdü. Bu kimin sürəti idi? – Bir vaxt geriyə dönmədən qoyub
getdiyi həsrətli anasınınmı, yoxsa illərlə üzünü görmək istəmədiyi
bacısınınmı?!
Zaman hər şeyi həll etmişdi. Teymur özü artıq gücsüz, həvəssiz,
yorğun düşmüşdü. Hiddət çoxdan onu tərk etmişdi. Bacısının əf diləyən
günahkar baxışları Teymurun ürəyinə işləyirdi.
- Teymur, orada qalmaq lazım deyil, - çıx gəl, - bacısı acizanə,
müticəsinə xahiş edirdi. Bir də səni kim bilir nə vaxt görəcəyəm?!
- Darıxma, çatan kimi sənin üçün viza göndərəcəyəm. Lap uzun
müddətə. Gəlib Parisi gəzərsən. – O, bacısını uşaqlıqda olduğu kimi
bağrına basdı. – Fransızca indi yaxşı danışıram. Sənə tərcüməçilik
eləyərəm, - Nərgizin doluxsunduğunu görüb ağlamaması üçün
zarafata keçdi.
***
Rüfətin idarə etdiyi “Cip” onları gəldiyi yollarla hava limanına
aparırdı. Gələrkən maşında hamı dil-dil ötsə də indi ürəksıxıcı sükut
hökm sürürdü. Ayrılığın gətirdiyi kədəri qovmaq üçün, yəqin, Rauf
ortaya ayrı söhbət saldı:
- Yadına gəlir, Zoya. - Anası məktəbdə yeməkxanada işləyən, - dedi.
Məktəb yoldaşlarının hamısı Teymurun yadında qalmışdı. Amma
Zoya Butuzova, xüsusilə, qalmışdı. – Nə gözəl idi, nə də yaxşı oxuyurdu.
Əksinə kifir idi, üçdən yuxarı qiymət almırdı. Onlar səkkizdə oxuyanda
sinifdə xəbər yayıldı ki, Zoya anasının yanına gələn kişilərdən hamilə
qalıb. Onu məktəbdən çıxartdılar. Sonra Zoya bicbala doğdu. Adını İqor
qoydular. Amma Zoya buna görə Teymurun yadında qalmamışdı. O, bu
Dostları ilə paylaş: |