- Emmanı... – Oxumaq üçün mənə “Samvel” kitabını gətirən o erməni
qızını! – O yaman bic idi! – Rauf başını yellədi: -Bir də gördüm
partamın üstünə qalın bir kitab atdılar. Baxdım, gördüm müəllif tanış
gəlmir. “Bu nədir?” – soruşdum. “- Rauf sən bunu oxumalısan. Apar
evdə oxu. Bir neçə günlüyə verirəm. – Gör sizin türklər bizim
ermənilərə nə divan tutublar”. “Bunu kim deyir”-mən də səsimi
qaldırdım: “Götür apar, mən belə kitabları oxumuram”, - dedim. –
Əslində elə çaşmışdım, heç bilmirdim ona nə cavab verim.
- Onlar elə o vaxt bizim əleyhimizə həm daxildə, həm də xaricdə iş
görürdülər. Bizsə sadəlövh idik, başa düşmürdük, - Teymur bildirdi. -
Onaların beynində, ürəyində nə olduğundan xəbərsiz idik.
- O, Bakıda tibb institutunun cərrahlıq şöbəsini qurtardı, - Rauf dedi.
İnstituta girmək üçün birinci il Ermənistana getdi. Amma girə
bilməyib qayıtdı. Mən onu küçədə gördüm. Dedi ki, Yerevanda ondan
pul istəyiblər. Bakıda isə pulsuz daxil olmuşdu.
- Ata, üzr istəyirəm, qarışdığım üçün, - görürəm, siz o vaxtlar bu
adamlara tutarlı cavablar
verə bilməmisiz, - Rüfət dözməyib bildirdi.
- O vaxt belə problemləri ağartmaq mümkün deyildi, - Raufun yerinə
Teymur cavab verdi. Biz xalqların qardaşlığını, dostluğunu mühüm
hesab edirdik. İçimizdə xainlik yox idi. Sovetlər birliyinə inanırdıq.
Ermənilərin ərazilərimizə göz dikmələri ağlımıza gəlmirdi. Bu xalqın
saflığından, böyüklüyündən irəli gəlirdi.
- Amma onlar həmişə sizə kələk gəliblər, dayı.
- Hə, bu belədir.
- Emma ilə nə danışdız? – Rauf maraqlandı.
- “Burada nə edirsən, Teymur?” – soruşdu. “ Yaşayıram”, - dedim.
“Sən nə edirsən?” – Elə-belə soruşdum. – Nədənsə, elə mənim də
sənin dediyin o “Samvel” kitabı yadıma düşdü. Özümdən asılı
olmadan yarı zarafat, yarı ciddi: “Yoxsa Zori Balayanın kitabını
Parisdə paylamağa gətirmisəm,” – dedim. – O, bunu gözləmirdi.
Boyalı gözlərini süzdürə-süzdürə yaxınlıqdakı stolda oturan kişinin
yanına keçdi. Patrisiya da rus dilini bilmədiyi üçün sual dolu nəzərlə
mənə baxırdı ki, “ bu kimdir?” Mən də qəsdən bərkdən fransızca:”Sən
Azərbaycanı, Bakını görmüsən də, Patrisiya”, - dedim.
“ Ora çox gözəldir, çox gözəldir, yeməkləri də dadlıdır”, - uşaqlar
ucadan hay-küylə qışqırdılar. “Bax, gözəl olduğu üçün də bu iki nəfər
kimi çoxlu xainlər, Emma ilə kişini göstərdim, torpaqlarımızı almaq
istəyirlər”, - dedim.
Mənə ləzzət edən bu oldu ki, Etibarla Cəmilə: “Yoox! Vermərik,
vermərik! Olmaz!” – sözlərini, nə üçünsə, azərbaycanca hündürdən
dedilər.
Emma da, kişi də çevrildi. Əmin idim ki, onlar bu sözləri eşitdilər.
Kişini deyə bilmərəm, Emma azərbaycanca bilirdi. Çox pərt görünürdü.
Etibarla Cəmiləyə elə heyrətlə baxırdı ki!
- Gör aaa ! Gedib Parisə çıxıb, - Nərgiz eyhamla dilləndi.
- Onlar hara istəyirsən gedib çıxırlar, özü də qondarma göz yaşlarıyla,
bizdən şikayət edə-edə, - Rüfət dilləndi. -Buna deyirlər, qara məni
basınca mən qaranı basım.
Təyyarəyə minik başlamışdı. Birdən-birə Teymura elə gəldi ki, o,
heç Bakıdan çıxmayıb. Həmişə burada yaşayıb. – Xatirələr o qədər canlı
idi ki!
Söhbətin bu məcraya yönəlməsi bacısının üzündəki kədəri də
silmişdi. Bu yaxşı hal idi. Bir azdan trapa qalxacaqdı.
- Arxayın ol, dayı, - torpaqlarımızı alacağıq, onda bilinəcək Qarabağın
əsl yiyəsi kimdir! – Rüfət onunla bu sözlərlə sağollaşdı.
Çox- çox keçmişdə olduğu kimi yenə üllüminatordan doğma
təyyarə limanını seyr edirdi. Amma indi o, ayrı Bakıdan havaya qalxırdı.
Müstəqil Azərbaycandan.
Çox qədim, möhtəşəm bir şəhərdən uçurdu...
Bakı, 2012