tutulur. Bir kəlmə də hisslərindən deyə bilmir. Bu an Səyavuş “Məni
gözləyərsən?” soruşur. Qönçə hisslərini idarə edə bilmir. Bu nə məna verirdi
deyə düşünməyə başlayır. Lakin Səyavuş eyni sualı yenidən təkrarlayır:
-- Qönçə, məni gözləyərsən?
-- Hə-ə- ə.
Bu kəlmə dili tutulmuş insanın zorla dilə gətirdiyi ilk söz kimi səslənir.
Səyavuş aldığı cavabdan çox sevinir. Heç gözlənilmədən Qönçənin yanağından
öpüb gedir. Qönçə özünü lap itirir. Yalnız bir neçə saat sonra anlayır ki, yanağı
daha ona məxsus deyil. Sanki istilik vardı zərif yanağında. Bu istiliyin
soymağını heç istəmirdi. Bir həftə sonra Səyavuşdan məktub alır. Lakin orda
ailəsinə ümumi yazılmış sözlər olur. Qönçə isə özünə aid nə isə bir sətir oxumaq
istəyirdi. Sonra düşündü ki, bəlkə Səyavuş “Məni gözləyərsən?” sualını başqa
mənada verirmiş. Yəni bir bacı kimi, ya dost kimi gözləyəcəyini soruşurmuş?!
Odur ki, pərt olur. Lakin ona olan sevgisi qəti azalmadı. Günbəgün, anbaan daha
da artdı. Özü də qorxurdu ki, bir gün hisslərini cilovlaya bilməz və anası onun
məktuba olan marağından nə isə anlaya bilər. Odur ki, ehtiyat edirdi. Məktubu
isə bacardıqca hər kəsdən sonra oxuyurdu. On səkkiz ay beləcə həsrət dolu ötüb
keçir.
Bir gün Qönçə bağdakı qızılgülləri dəst halında toplayanda həyət
darvazası açılır. Qapıdan hündür, arıq, buğdayı gənc oğlan daxil olur. Bu gələn
Səyavuş idi. Qönçə onu görəndə özünü necə itirirsə on dəqiqə əvvəl topladığı
gülləri əlindən yerə düşür. Səyavuş iri addımlarla Qönçəyə yaxınlaşır.
Həyəcandan az qalır qızın ürəyi yerindən qopa. Budur artıq onlar on səkkiz
aydan sonra yenidən üz-üzə göz-gözə durmuşdular. Yenə Qönçənin dili tutuldu.
Bu an Səyavuş titrək səslə - Məni gözlədiyin üçün çox sağ ol... - bunun mənasını
hələ də anlamayan Qönçə bir az cəsarət toplayıb titrək səslə də olsa – Xoş
gəlmisən! –dedi.
Zaman keçdi. Keçdikcə də Səyavuş ürəyindəkiləri açmaq istədi. Lakin
qorxdu. Qönçəni itirməkdən çox qorxdu. Nəhayət uzun müddət düşündükdən
sonra qəlbini açdı, amma Qönçəyə deyil, atası Vahid Zamana. Hansı ki,
uşaqlıqdan ona hər bir şeydə dəstək olmuş, bu yaşına kimi əlindən tutmuş, öz
övladı kimi böyütmüş, tərbiyə vermiş, hər zaman arzuladığı, lakin qismətində
olmayan oğlu kimi sevmişdir. Vahid bəy Səyavuşun cəsarətlə qarşısına çıxıb
ürəyini açdığına çox sevinmişdi. Onu oğlu kimi sevirdi. Lakin düşünməmişdi ki,
bir gün gələcək qarşısında dayanıb ondan tək övladı olan Qönçəni istəyəcək.
Vahid bəy Səyavuşa cavab verməzdən əvvəl gərək Qönçə ilə də məsləhətləşə.
Onun da ürəyindən keçənləri bilə. Odur ki, Qönçəni axşam yatmazdan əvvəl
birinci mərtəbədəki iş otağına çağırdı. Onun bu məsələ ilə bağlı fikirlərini
öyrəndi. Məlum oldu ki, Qönçə atasından çox utansa da başını aşağı salıb-Ata,
sən necə istəyirsənsə Səyavuşa elə də cavab ver – dedi. Bu cümlə dilindən çıxar
-çıxmaz üzü qızardı. Vahid bəy o an hər şeyi anladı. Anladı ki, Qönçə də
Səyavuşa biganə deyil. Bununla da bir həftənin içində nişanlarını etdi.
Səyavuşun atası olmadığından Vahid bəy toy tədarükünü də öz boynuna
götürüb, bir ay sonra toylarını etdi. Onların toy hədiyyəsi isə indi yaşadıqları
həmin bu iki otaqlı mənzil oldu.
Bu an Qönçəni xəyallardan ev telefonunun səsi ayırdı. Dəstəyi götürüb:
-- Alo?
-- Salam. Qönçə mənəm - danışan Səyavuş idi – necəsən?
-- Yaxşıyam.
-- İşə zəng vurmuşdum. Dedilər icazəlisən. Nə isə olub?
-- Bir az narahat yatmışam. Düşündüm ki, yuxuya gedərəm. Amma yata
bilmədim. Ürəyim yaman darıxır.
-- Niyə?
-- Bilmirəm.
-- Darıxma. Bir saat sonra gəlirəm. Gedərik .....–Bir az susub - İstəsən
gedərik bağa. Hə?
-- Nə deyirəm. Gedək. Sən gəlincə hazır olaram.
-- Oldu.
Dəstəyi yerinə asıb. Bir az dərindən nəfəs aldı. Sanki, kimsə ürəyini iki
əlli tutub sıxırdı. Heç rahat ola bilmirdi. Özünə gəlmək üçün vanna otağına
keçdi. Sərin suyun altında bir qədər dayandıqdan sonra sanki, yüngülləşdi. Bu
narahatlığının bir səbəbini tapa bilmirdi. Heç nə anlaya bilmirdi. Odur ki,
yuyunduqdan sonra qurulanıb bir həftə əvvəl aldığı çit donunu əyninə geyindi.
Bu geyim Səyavuşun da, atasının da xoşuna gəlirdi. İlk dəfə geyinəndə atası onu
təbəssümlə süzmüş-Sən həqiqətən şirinsən. Körpə vaxtı necə idinsə, indi də
eləsən. Bircə balan da olsaydı. Dünya gözü ilə nəvəmi görərdim. Səhərdən
axşamadək onunla vaxt keçirərdim. Heç sizə də verməzdim! - demişdi.
Heç Qönçə də bilmirdi ki, atasını niyə bu gün bu qədər çox xatırlayır?!
Düşündü ki, bəlkə bir həftədir onu görmür deyə darıxıb? Adətən həftədə iki dəfə
görüşərdilər. Qönçənin işlədiyi musiqi məktəbi atasının tikinti şirkətinə yaxın
yerdə idi. Odur ki, Vahid bəy hər fürsət tapanda qızını görməyə bura da gələrdi.
İstəsəydi evə də gedərdi.
Bu an nədənsə Səyavuşu xatırladı. Axı o düz yarım saat sonra gəlməli idi.
Odur ki, tələsik üz-gözünə əl gəzdirib, saçını yuxarıdan sadə formada yığdı. On
dəqiqə sonra Səyavuş Qönçənin mobil telefonuna zəng vurdu:
-- Qönçə, mən həyətdəyəm. Düşürsən?
-- Evə çıxmayacaqsan?
-- Yox... Nə isə istidir. Sən düş.
-- Yaxşı.
Telefonu bağlayıb. Əl çantasını götürüb evdən çıxdı.
Üçüncü fəsil.
Dənizdən iki kilometr məsafədə yerləşən doqquz mərtəbəli binanın ikinci
blokunun qarşısında “Nissan- Altima” markalı qara maşın dayanmışdı. Səyavuş
Qönçəyə zəng etdikdən sonra bir siqaret yandırdı. Nədənsə həmin gecə o özü də
narahat idi. Növbətçi olmağına baxmayaraq hər dəfə fürsət düşdükcə kabinetinə
çəkilib televizorunu yandırar, rahat divanda uzanıb səhərini açardı. Bəzən də
fabrikin qarşısında yaşıllaşdırma işi ilə məşğul olardı. Lakin bu gecə hər dəfə
olduğundan çox sıxıntılı keçdi. Demək olar səhərə kimi fabriki başdan başa
dövrə vurmuşdu. Heç özü də bunun səbəbini anlamırdı. Nəyinisə, çox önəmli bir
şeyi itirmiş insan kimi binanın başına fırlanırdı. Bu hissləri barədə Qönçəyə heç
nə demək istəmirdi. Bilirdi ki, Qönçə hər şeyi ürəyinə salandı. Qanını qaraltmaq
istəmirdi. Sadəcə onun da bu gecə narahat yatmağından nigaran qalmışdı. Heç
nə anlaya bilmirdi.
Səyavuşun işi asan idi. Daha doğrusu onun düşüncəsi belə idi. Əslində isə
o da hər bir ailə sahibi kimi, ailəsini dolandırmaq istəyən kişi kimi iş görmək
istəyirdi. Dayanmadan, alın təri tökə-tökə, qolunun gücündən istifadə edərək
qazanmaq istəyirdi halal pulunu. Əlləri mazutlu yorğun halda girmək istəyirdi
qapıdan. Öz doğma atası kimi. Lakin həyatda heç də hər şey insanın istədiyi
kimi olmur. Səyavuş toyuq əti və yumurta istehsal edən broylerin nəzarətçisi
idi. Bu işə qayınatasının tanışlığı ilə düzəlmişdi. Maaşı maaş, istirahəti istirahət
idi. Əti də ət idi. Ayda bir dəfə gecə növbəsində olmalı idi. Bu heç də vacib
deyildi. Nə zaman istəsə gecə növbəsini tabeliyində olan şəxslərə verə bilərdi.
Amma yenə də bu rahat iş rejimi onun ürəyincə deyildi. Bir sözlə gördüyü bu
işdən narazı idi Səyavuş.
Dostları ilə paylaş: |