mövzulardan danışmasın. Bunun üçün sabahkı gündən başlayaraq Səmranı özü
ilə gəzməyə "məcbur " etdi. Bəhanə etdi ki, uşaq vaxtı Səmra ona bir zaman
butun rayonu gəzdirəcəyinə söz verib, amma sözünü tutmayıb. Beləcə 3 gün
Səmra ilə rayonun mərkəzi küçələrini, bazarlarını, mağazalarını, parklarını
gəzdilər. Hər beş dəqiqədən bir Xədicə ağlına gələn ilk mövzu barədə sual
verirdi Səmraya. O da susa bilmirdi. Çünki Xədicə o qədər deyib-gülən insan idi
ki, Səmra bir an belə nə Mahiri, nə yaşadıqlarını xatırlamadı. Suallar
çoxluğundan Xədicə də yorulurdu, amma məcburdu ki, rəngdən, geyimdən,
qarşısına çıxan şirniyyat mağazasından, yaylıqlardan, ağaclardan, güllərdən
soruşub Səmranın fikrini dağıtsın. O qədər sual verirdi ki, birinə cavab almadan
o birinə belə keçirdi. Amma nə fayda yenə axşam eyni vəziyyət. Səmra yerinə
uzanır, amma yatmır. Elə düşünür, düşünür, bir sualına belə cavab tapa bilmirdi.
Zərifə ilə Mahirin toyundan bir gün əvvəl Xədicə ilə Səmra bağlarında oturub
çay içirdilər. Bunu Xədicə təklif etmişdi. Çünki başqa nə edəcəyini bilmirdi.
Səmranın gözü hasar kənarındakı fındıq ağacına sataşdı və gözlərini qırpmadan
ona baxmağa başladı. Elə xəyalı gözəl günlərin birinə getdi...
Səmranın ad günü idi. Fındıq ağacının altında günorta vaxtı Zərifə ilə 17 yaşını
qeyd edirdilər. Səmranın Zərifədən başqa dostu, sirrdaşı yox idi. Bu cür "şənlik"
keçirməyi Zərifə təklif etmişdi. Sanki o fındıq ağacı onların böyüməyinə,
sirrlərinə, arzularına şahid idi. "Zərifə, sevgi necə hissdir?
Səmra, sevgini yaşamayan insan onu anlaya bilməz . Çünki mən sevənə kimi
sevginin nə olduğunu bilmirdim. Elə səndə də, elə olacaq. Sevdiyini sonradan
biləcəksən. Onunla qarşı-qarşıya dayananda, baxışlarında özünü itirəndə,
əllərinə toxunanda şam tək əriyəndə biləcəksən.
Zərifə, bəs sənin sevdiyin oğlan necə oldu?
Eh, Səmra sənə dedim axı, ona naz edirəm. O da mənim könlümü almaqdan,
şıltaqlığımdan zövq alır. Deyir, xoşum gəlir sənin naz etməyindən. Bilirsən, bir
dəfə məni sevdiyini də deyib. Amma o qədər tez dedi ki, eşidib eşitmədiyimə
inana bilmədim. Sadəcə görüşə bilməmək bizim aramıza soyuqluq salır. Ayda
bir dəfə hasar başında iki kəlmə sözü güclə deyirik bir-birimizə. Ancaq
məktubla, telefonla yazışırıq, danışırıq. Bir günümü onun səsini eşitmədən
yaşaya bilmərəm. Onunla bir ailə qurmaq, övlad sahibi olmaq istəyirəm.
Həyatımda keç nəyi, heç kəsi bu qədər arzulamamışdım. Onun varlığı ilə o
qədər arzularım yaranır ki içimdə. Hər gecə "yuxun bal tək şirin olsun azizim"
deyən sözünü eşitməsəm necə yuxuya gedə bilərəm ki... Allahımdan tək onu
istəmişəm onu arzulamışam."
"Səmra, sən hara baxırsan? Deyirəm, gərək ərik ağacı da əkərdiz bura.
Eşidirsən?" Səmra qəfldən xəyalından ayıldı. "Nə dedin? "- soruşaraq fikrini
cilovlamağa başladı. "Deyirəm gərək bura ərik ağacı da əkərdiz. Sən nə
düşünürsən Səmra? O fındıq ağacı sənə nəyi xatırlatdı? " Əslində Xədicə özü də
anlamırdı ki, niyə Səmraya bu sualı verdi. Qorxdu ki, yenidən Mahirdən
danışacaq, amma içinə qapanmaqdansa, danışmağını istədi.
"Bilirsən, Xədicə, o fındıq ağacının kölgəsində başlayıb Zərifə ilə dostluğum. O
da bizimlə birgə böyüyüb bu illər boyu. O şahiddir həyatımızdakı bütün sirrlərə.
Zərifənin ilk sevgisindən, mənim Mahirə aşiq olmağımdan...." Xədicə hiss etdi
ki, Səmra yaşla dolmuş gözlərini ondan yayındırmağa çalışır. Bunun üçün
söhbəti dəyişdirməyə başladı.
"Zərifənin sevdiyi oğlanın adı nə idi?"
"Saleh. Niyə soruşdun?" -Səmra fikrini artıq Xədicənin deyəcəklərinə yönəltdi.
"Heç deyirəm bəzən düşünəndə xatırla ki, sənin keçirdiklərini Saleh də keçirdir.
Əgər Zərifəni sənin Mahiri sevdiyin kimi sevibsə, o da əziyyət çəkir. Yer
üzündə xəyanətdən əziyyət çəkən tək sən deyilsən, Səmam. Məni düzgün anla,
Mahir sənin sevginin bir damlasına dəyməz. Dəli şeytan deyir, get Zərifənin
atasına danış hər şeyi. Vursun öldürsün Mahiri."
Xədicə anladı ki, yaman coşdu və Səmra onun son sözlərindən inciyə bilər.
"İncimədin sözümdən?".
"Yox, niyə inciyim ki, dəli şeytan sənə o yolu göstərir, mənə də deyir ki
Mahirlə Zərifə toy günü evdən çıxanda qabaqlarını kəsib tüpürüm Mahirin
üzünə, deyim, kişi deyilsən. Sən adam olmayacaqsan. Sənə olan sevgim haramın
olsun. "
Birdən Səmra anladı ki, Xədicə ona təəcüblə baxır. Bu səfər Səmra özü
mövzunu dəyişdi. "Bilirsən, niyə ərik ağacı əkmirik? Çünki əkənimiz yoxdur "
Bu cümlədən sonra Xədicə gülməyə başladı ki, Səmranın da üzü gülsün....
Xədicə uşaq vaxtı yıxıldığı gilas ağacından danışırdı ki, birdən hasardan səs
eşitdilər.
"Səmra o nə səsdir?"
Xədicə diksinərək Səmradan bərk yapışdı. "Qorxma deyəsən biri yolunu səhv
salıb".
Bəli, hasarın başına dırmaşan Mahir idi. Qəribəsi o idi ki, Səmra onu görüb heç
anasını çağırmadı da. Əslində Mahiri görəndə qulaqlarında Zərifənin sözləri
cingildəməyə başlamışdı: "Səmra, bir dinlə məni, gör hadisə necə olumuşdu..."
Bəlkə də ona görə Səmra Mahirin deyəcəklərini dinləmək istəyirdi. "Sən
kimsən burda nə işin var? Rədd ol xalamı çağıracam bu saat." deyən Xədicə
onun üstünə yeridi. "Dayan Xədicə, bu Mahirdi. Sevgimizə ləkə gətirmə deyərək
son dəfə bu hasardan aşan Mahir, Zərifəni bədbəxt edən, sevgimizə ləkə
gətirən, alçaq Mahir... " Səmra bu sözləri dedikcə gözlərindən damla damla yaş
axmağa başladı. Sevdiyi insanı uzun müddətdən sonra ilk dəfə idi ki qarşısında
görürdü. Üç ay əvvəl bu rastlaşma olsaydı, Səmra uçardı sevincindən. Amma
indi hər şey çox qəliz idi. "Sənə qurban olum Səmra, qovma sözümü dinlə. Sənə
dediklərim hamısı doğrudur. Səni bir an belə sevmədiyim an olmayıb. Sən
mənim tən yarımsan. Bilirəm, gözlərində daha sevgi qatiliyəm. Amma qulaq as
mənə, Zərifə hər şeyi sənə danışdığını dedi. Mən də istəyirəm ki, tamamilə hər
şeyi biləsən. "
Mahir Səmranın əllərindən bərk yapışdı bütün qəlbi ilə əllərini öpüb sinəsinə
sıxdı.
"Çək əlini toxunma birdə. Sənin buna bir damcı haqqın yoxdur. Mənim
xəyanətimdən qorxan sən idin. Amma sən özün mənə, sevgimizə, arzularımıza
elə böyük xəyanət etmisən ki, əlimdən tutmağa nə cəsarət edirsən? Məni
düşünmədin, bəs Zərifənin günahı nə idi? Bu qədər ucuz imiş məhəbbətin, bu
qədər adi..."
Dostları ilə paylaş: |