www.vivo-book.com
251
Biz üçümüz də böyük bir təşviş içində qaldıq. Bütün bu
şeylər heç gözlənilmədiyi halda, qəfildən baş vermişdi. Biz
hiss edirdik ki, bir anda hər şey dəyişmişdir, yeni, məchul
bir şey başlanmışdır. Alyoşa kirimişcə Nataşanın yanında
oturdu, yavaşca onun əlini öpdü. Arabir Nataşanın üzünə
baxır, sanki onun bir şey deyəcəyini gözləyirdi.
Axırda Nataşa dedi:
– Əzizim Alyoşa, sabah Katerina Fyodorovnanın
yanına get.
– Mən özüm də bunu fikirləşirdim. Mütləq gedəcəyəm.
– Bəlkə də səni görmək onun üçün ağır olacaq... Necə
eləyək?
– Bilmirəm, əzizim. Mən bunu da fikirləşmişəm.
Baxaram... görüm... nə qərara gəlirəm, – Alyoşa səbir
etməyərək dedi. – Nataşa, indi bizim həyatımızda hər şey
dəyişmişdir.
Nataşa gülümsəyərək, mehribanlıq ifadə olunan bir
nəzərlə ona xeyli baxdı.
Alyoşa:
www.vivo-book.com
252
– Gördünmü, – dedi, – o nə qədər nəzakətlidir? Sənin
belə yoxsul bir otaqda yaşadığını gördü, amma bircə kəlmə
də söz demədi.
– Nə barədə?
Alyoşa qızararaq əlavə etdi:
– Başqa bir otağa köçmək barəsində... ya da başqa bir
şey...
– Bəsdir, Alyoşa! Axı nə üçün?!
– Mən də ona görə deyirəm ki, çox nəzakətlidir. Səni
yaman təriflədi! Mən axı deyirdim... deyirdim! O hər şeyi
başa düşə bilər, hiss edə bilər! Mənim barəmdə elə danışdı
ki, elə bil bir uşaq barəsində danışdı, onlar hamısı məni uşaq
hesab eləyir. Doğrudan da, mən elə uşağam.
– Sən uşaqsan, amma bizim hamımızdan arifsən.
Alyoşa, sənin çox gözəl qəlbin var.
– O dedi ki, sənin gözəl qəlbin sənə ziyan yetirir. Bu
necə ola bilər? Başa düşmürəm. Nataşa, bilirsən nə var?
Mən bu saat atamın yanına getməliyəm. Getməyimmi?
Sabah səhər açılan kimi, sənin yanında olacağam.
www.vivo-book.com
253
– Get, get, əzizim! Bunu yaxşı fikirləşmisən. Mütləq
onu gör, eşidirsənmi? Sabah mümkün qədər tezdən gəl. –
Sonra baxışları ilə onu oxşayaraq, hiyləgərcəsinə əlavə etdi.
– İndi daha məndən beş günlərlə qaçmayacaqsan ki?
Biz hamımız sakit, dolğun bir sevinc içində idik.
Alyoşa otaqdan çıxarkən bərkdən səsləndi:
– Vanya, sən də gedirsənmi?
– Yox, o qalır. Vanya, biz hələ bir az söhbət edərik.
Bax, yadından çıxartma ha, sabah səhər açılan kimi!
– Səhər açılan kimi! Mavra, xudahafiz!
Mavra böyük bir həyəcan içində idi. Knyaz nə
danışmışdısa, o hamısını eşitmişdi, hamısına qulaq asmışdı,
ancaq çoxunu başa düşməmişdi. O istəyirdi ki, başa
düşmədiklərini də soruşub bilsin. İndi hələlik o çox ciddi,
hətta lovğa-lovğa onlara baxırdı. O da bir çox şeyin
dəyişdiyini hiss edirdi.
Otaqda biz ikimiz qaldıq. Nataşa mənim əlimi əlinə
alıb xeyli susdu, sanki düşünürdü ki, nə desin.
Nəhayət, zəif bir səslə dedi:
www.vivo-book.com
254
– Yorulmuşam! Mənə bax, sən sabah bizimkilərin
yanına gedəcəksən?
– Mütləq gedəcəyəm.
– Anama de, amma atama demə.
– Onsuz da sənin barəndə onunla heç bir şey
danışmıram.
– O yaxşıdır. Sən deməsən də, o özü bunu biləcək.
Ancaq sən gör, o nə deyəcək. Bu məsələyə necə baxacaq.
Ah, ilahi! Vanya! Yoxsa, o məni doğrudan da, belə ərə
getmək üstündə qarğıyacaq? Yox, ola bilməz!
Mən cəld dedim:
– Knyaz hər şeyi gərək yoluna qoysun. O gərək mütləq
atanla barışsın. Onda hər şey düzələr.
Nataşa yalvarışlı bir səslə bərkdən dedi:
– Ah, ilahi! Nə yaxşı olardı! Nə yaxşı olardı!
– Narahat olma, Nataşa, hamısı düzələr. İş yaxşılığa
doğru gedir.
Nataşa diqqətlə mənə baxdı.
– Vanya! Sən knyaz haqqında nə düşünürsən?
www.vivo-book.com
255
– Əgər onun söylədikləri səmimi idisə, məncə, o çox
nəcib adamdır.
– Əgər söylədikləri səmimi idisə? Bu nə deməkdir?
Yoxsa, onun söylədikləri səmimi olmaya da bilər?
– Mənə də elə gəlir.
Düşünərək öz-özümə dedim. “Görünür, onda da belə
bir fikir əmələ gəlmişdir. Qəribədir!”
– Sən elə dayanmadan ona baxırdın... Çox da diqqətlə
baxırdın...
– Bəli, o bir az qəribə idi, mənə elə gəldi.
– Mənə də. O hər şeyi elə deyirdi ki... Əzizim, mən
yorulmuşam. Bilirsən nə var? Sən də get evinə. Sabah
mümkün qədər onların yanından tez gəl. Qulaq as, gör bir də
nə deyirəm: mən ona deyəndə ki, sizi tez sevmək istəyirəm,
o bundan incimədi ki?
– Yox... Niyə də incisin?
– Bir də ki... Axmaq bir söz olmadı ki? Axı bu o
deməkdir ki, mən hələ onu sevmirəm.
www.vivo-book.com
256
– Əksinə, bu həm gözəl, həm sadəlövhcəsinə, həm də
çox yerində deyilmişdi. Bilirsən, sən o anda necə qəşəng
idin! Öz kübarlığı ilə bunu başa düşməsə, axmaq adamdır!
– Vanya, elə bil ki, sənin ona acığın tutur. Amma mən
nə qədər pisəm, vasvasıyam, şöhrətpərəstəm! Gülmə! Mən
ki səndən heç bir şey gizlətmirəm. Ah, Vanya, mənim əziz
dostum! Mən yenə də bədbəxt olsam, başıma yenə də bir
müsibət gəlsə, sən yəqin ki, burada, mənim yanımda
olacaqsan. Bəlkə də elə tək sən olacaqsan! Sənin bu
yaxşılığından mən necə çıxacağam?! Sən məni heç vaxt
qarğıma, Vanya!..
Evə qayıdan kimi, soyunub yerimə girdim. Otağım
zirzəmi kimi, rütubətli və qaranlıq idi. Başımda qəribə
fikirlər dolaşır, ürəyimdən çox-çox şeylər gəlib keçirdi,
xeyli müddət yata bilmədim.
Lakin yəqin indi bir adam, bizə gülməyi hələ də özünə
layiq görürsə, öz rahat yatağında yatarkən bizə gülür! Amma
bəlkə də layiq görmür!
Dostları ilə paylaş: |