www.vivo-book.com
257
III FƏSİL
Ertəsi gün səhər saat doqquzda, tez Vasilyevski
adasına, İxmenyevgilə, oradan da Nataşanın yanına getmək
üçün otaqdan çıxırdım ki, birdən qapıda Smitin dünən bizə
gələn qız nəvəsini gördüm! O, içəri girmək istəyirdi.
Yadımda deyil, nədənsə, mən onun gəlməsinə çox sevindim.
Dünən mən macal tapıb ona yaxşı baxa bilməmişdim, indi
isə o məni daha da təəccübləndirdi. Zahirən də olsa, belə
qəribə belə orijinal bir qız uşağına çətin rast gəlmək olardı.
Onun rus gözünə oxşamayan, par-par parıldayan qara
gözləri, pırtlaşıq, sıx qara saçı, düz adama zillənən sirli,
sakit baxışları vardı. O hətta yoldan keçən hər adamın
diqqətini cəlb edə bilərdi. Xüsusilə, onun baxışı adamı
heyrətə salırdı: qızın baxışında ağıl, eyni zamanda,
amansızca bir inamsızlıq, hətta şübhə ifadə olunurdu. Gün
işığında onun köhnə, çirkli paltarı dünənkindən daha çox
cır-cındıra oxşayırdı. Mənə elə gəldi ki, o, ağır-ağır, inadla,
həmişə davam edən, onun bədənini yavaş-yavaş, həm də
rəhmsizcəsinə pozan bir xəstəliyə tutulmuşdur. Onun
www.vivo-book.com
258
solğun, arıq üzü öd rəngini xatırladan, qeyri-təbii bir rəngə
çalırdı. Lakin o, ümumiyyətlə, belə dilənçi vəziyyətində,
xəstə olsa da, qəşəng idi. Çox aydın nəzərə çarpan qaşları
nazik və gözəl idi, xüsusilə, bir az yastı olan geniş alnı,
qürur və cəsarət ifadə olunan, zərif, azca qızaran solğun
dodaqları çox qəşəng idi.
Mən həyəcanla dedim:
– Ah, sən yenə də gəlmisən! Mən bilirdim ki,
gələcəksən. İçəri girsənə!
Qız dünənki kimi şübhə ilə ətrafına baxa-baxa yavaş-
yavaş içəri girdi. O, babasının yaşadığı otağa diqqətlə
baxırdı, sanki yeni bir kirayənişinin gəlməsilə otağın nə
qədər dəyişdiyini bilmək istəyirdi. Düşünərək öz-özümə
dedim: “Babası necə idisə, nəvəsi də elədir. Bəlkə bu
dəlidir?” Qız hələ də susur, mən də dayanıb gözləyirdim.
Axırda o, gözlərini yerə dikərək pıçıldadı:
– Kitabları aparmağa gəlmişəm!
– Hə! Sənin kitabların! Budur, götür! Mən onları sənin
üçün saxlayırdım.
www.vivo-book.com
259
Qız maraqla mənə baxdı, qəribə halda dodaqlarını əydi,
sanki şübhəli halda gülümsəmək istəyirdi. Lakin bu gülüşə
bənzər şey onun dodaqlarından silindi, elə o saat onun
üzündə sərt, sirli ifadə göründü.
Qız məni başdan-ayağa istehza ilə süzərək soruşdu:
– Yoxsa, babam mənim barəmdə sizə bir şey demişdi?
– Yox, sənin barəndə bir şey deməmişdi, ancaq o...
Qız tez mənim sözümü kəsərək soruşdu:
– Siz nədən bilirdiniz ki, mən gələcəyəm? Bunu sizə
kim demişdi?
– Mənə elə gəlirdi ki, sənin baban tək yaşaya bilməz,
kim isə onun yanına gəlirmiş. O çox qoca idi, zəif idi. Mən
də bundan güman edirdim ki, kim isə onun yanına gəlib-
gedirmiş. Al, bu da sənin kitabların! Sən bu kitablardan dərs
oxuyursan?
– Yox.
– Bəs onları neynirsən?
– Mən bura gələndə babam mənə dərs deyirdi.
– Bəs sonra gəlmədin?
www.vivo-book.com
260
– Yox, gəlmədim... – o sanki özünü təmizə çıxartmaq
üçün əlavə etdi: – Sonra azarladım.
– Sənin nəyin var? Ailəniz var? Atan, anan var?
Qız birdən qaşqabağını tökdü, hətta bir az qorxmuş
kimi mənə baxdı. Sonra başını aşağı saldı, kirimişcə döndü,
dünənki kimi mənə heç cavab vermədən, yavaş-yavaş
qapıya tərəf getdi. Mən heyrətlə onun ardınca baxırdım.
Lakin o, qapı ağzında dayandı.
Azca mənə tərəf dönərək, dayana-dayana soruşdu:
– O nədən öldü? – dünən də qapıya tərəf gedərək, üzü
qapıya doğru duraraq eyni hərəkətlə Azorkanın öldüyünü
soruşmuşdu.
Mən ona yaxınlaşdım, əhvalatı elə ayaqüstü danışmağa
başladım. O, kürəyi mənə tərəf durmuşdu, başını aşağı
dikərək, dinib-danışmadan diqqətlə qulaq asırdı. Mən bunu
da dedim ki, qoca öləndə altıncı küçənin adını çəkdi. “Mən
də güman etdim ki, yəqin orada onun istədiyi bir adam
yaşayır, buna görə də gözləyirdim ki, ona dəyməyə bir adam
gələcək. O ki səni ömrünün son dəqiqəsində yada saldı,
görünür, səni sevirmiş”.
www.vivo-book.com
261
Qız sanki qeyri-ixtiyari olaraq pıçıldadı:
– Yox, sevmirdi...
O, dərin həyəcan içində idi. Mən danışdıqca ona tərəf
əyilir, onun üzünə baxırdım. Mən hiss etdim ki, o öz
həyəcanını gizlətmək üçün çox böyük bir qüvvə sərf edir,
elə bil ki, özünü mənim qarşımda sındırmamaq istəyir. Onun
rəngi get-gedə daha da ağarırdı, o, alt dodağını bərk dişlədi.
Xüsusilə, bir şey məni heyrətə saldı: onun ürəyi çox qəribə
döyünürdü, o get-gedə daha bərk vururdu, axırda elə oldu ki,
onun səsini, anevrizm xəstəliyində olduğu kimi, iki-üç
addımdan eşitmək mümkün idi. Mən elə zənn etdim ki, o
indi, dünənki kimi, birdən hönkürtü ilə ağlamağa
başlayacaq, lakin o özünü saxladı.
– Bəs çəpər hardadır?
– Hansı çəpər?
– O ki dibində ölmüşdü – o çəpər.
– Gedəndə... sənə göstərərəm. Mənə bax, sənin adın
nədir?
– Lazım deyil...
– Nə lazım deyil?
Dostları ilə paylaş: |