- 338 -
bilavasitə, canlı şahididir. O imkanla gerçəklik arasında
dayanmışdır. Nəyin necə gerçəkləşəcəyini ancaq fikrində,
xəyalında yaradır, amma həm də ondan asılı olmayan ger-
çəkləşmə prosesinin şahidi olur. Əsəri ilk dəfə oxuyan adam,
filmə ilk dəfə baxan adam təkcə yazıçının, müəllifin qurduğu
bir həyatın passiv iştirakçısı olmayıb, özü də qurur, yaradır və
əsərdəki qəhrəmanlarla birgə öz hiss aləmində real bir həyat
yaşayır. Əsəri artıq oxumuş, filmə artıq baxmış adam, nə
olacağını qabaqcadan bilən adam isə yaradıcı münasibətdən,
imkanların sərbəst impravizasiya şansından məhrumdur. O bu
həyatın içində ola bilmir, ona ancaq kənardan baxır. Çünki
burada baş verən hadisələr başqa zaman müstəvisindədir. Onlar
artıq olub keçmişdir. Bu olub keçənlər insanı hiddətləndirə
bilər, təəssüfləndirə bilər, amma heyrətləndirə bilməz, onun
yaradıcı təxəyyülünü hərəkətə gətirə bilməz.
Filmə ikinci dəfə baxan adam və yaşadığı həyatı ikinci
dəfə yaşamalı olan adam. Keçilmiş yolları bir də keçən adam.
Üçüncü dəfə, dördüncü dəfə… Bu yol getdikcə daha çox
darıxdırıcı olur. Lakin insan ümidini itirmir. Haçansa
hadisələrin fərqli cərəyan edəcəyini düşünür. Çünki o real həyat
yaşayır. Artıq yazılıb bitmiş bir roman, çəkilib qurtarmış bir
film yox, hələ davam edən və iştirakçısı olduğun bir həyat.
Aktyor səhnədə dramaturqun yazdıqlarını deməyə məh-
kumdur. Amma Sartrın aktyoru birdən ayılıb özünü real
həyatda, canlı bir insan kimi dərk edir və proseslərin bundan
sonrakı gedişatını öz bildiyi kimi, öz istəyinə uyğun yönəltməyə
çalışır. Hadisələrin sonrakı gedişatının məsuliyyətini də öz
üzərinə götürür. Lakin ya dini nöqteyi-nəzərə, ya da Şekspir
versiyasına uyğun olaraq real həyat özü də bir teatrdırsa və
onun ssenarisi qabaqcadan yazılıbsa, insan nə dərəcədə azad
sayıla bilər? Şekspir versiyasında söhbət «alın yazısı»ndan
deyil, insanların riyakarlığından gedir. Yəni insanlar özlərini
bilərəkdən həqiqətdə olduqları kimi deyil, başqa cür aparırlar.
Sartra görə isə insan özünü necə aparırsa, real əməlləri nədən
ibarətdirsə, özü də elə odur. Yəni riyakarlıq edib guya
başqalarını aldatmaq istəyən insan, əslində sadəcə özünü
aldatmış olur. Dini nöqteyi-nəzəri, tale və qisməti isə Sartr
ümumiyyətlə qəbul etmir. Qabaqcadan heç nə müəyyənləşdirilə
- 339 -
bilməz; insan sonrakı fəaliyyəti üçün tam azaddır və hər bir
anda seçimi özü edir (daha doğrusu, etməlidir). Bu baxımdan,
teatrda deyil, həyatın özündə başqalarının ssenarisi ilə yaşayan
insanlar da nə vaxtsa ayılıb heç olmazsa bundan sonrakı
həyatlarını azad yaşamaq qərarına gələ bilərlər. Lakin elə bil nə
vaxtsa belə bir fəlsəfi yanaşmanın irəli sürüləcəyini sezən Artur
Şopenhauer bunun mümkünsüzlüyünü yazırdı: «… Hər kəs
özünü aprior olaraq hətta hər bir fəaliyyətində tam azad hesab
edir və düşünür ki, hər dəqiqə başqasına çevrilə biləcək
dərəcədə yeni həyat tərzi başlaya bilər. Amma nə qədər
təəccüblü olsa da aposterior olaraq, təcrübədə məlum olur ki, o
heç də azad deyil və zərurətə tabedir; bütün plan və
düşüncələrinə baxmayaraq, o, öz hərəkətlərini dəyişmir və
əvvəldən həyatının axırına qədər özünün bəyənmədiyi
xarakterdən çıxış etməyə məcburdur. Elə bil ki, üzərinə
götürdüyü rolu axıra qədər oynamalı olur (kursiv mənimdir –
S.X.)».
1
Tamamilə mümkündür ki, A.Şopenhauerin bu mövqeyi
J.P.-Sartra məlum idi, lakin Sartr öz mövqeyini şərh edərkən
Şopenhauerə münasibət bildirmir və ya buna ehtiyac duymur.
Biz isə duyuruq. Çünki bütün problem elə məhz bu məqamın
düzgün anlaşılmasından ibarətdir. Digər tərəfdən bu problem,
dini konteksdə də ortaya çıxır: Allah insanları, onların
fəaliyyətini yönəltmək imkanına malikdirsə və ya onların həyatı
qabaqcadan müəyyənləşibsə, hər bir şəxs öz əməlləri üçün nə
dərəcədə məsuliyyət daşıyır? Bu sualın açıq qalması və ya
birmənalı cavablandırılmaması çox vaxt islam dininə əsas
iradlardan biri kimi göstərilir. Məsələn, Sorbonna
Universitetinin professoru Dominik Sordel yazır: «Birinci
mübahisəli məsələ «qədər» («alın yazısı») və iradə azadlığı
probleminə aiddir; bu məsələ Məhəmmədin hədislərində də açıq
qalmışdır. İnsan ilahi iradəyə (qədər) qarşı heç nə edə bilməz.
Lakin digər tərəfdən, insandan gördüyü işlərə görə sorğu
sorulur. İlahi hökmranlıq və insan məsuliyyəti bir-birinə ziddir
və birgə nəzərdən keçirilə bilməz. Və Quran bu iki həqiqəti
1
А.Шопенгауэр. Избранные произведение. М., Просвещение.
1992, стр. 42.
- 340 -
necə ortaq məxrəcə gətirməyin, barışdırmağın yolunu
göstərmir».
1
Bu problem üzrə İslam alimləri arasında da həmişə böyük
mübahisələr olmuşdur. Mutazilitlərin mövqeyini müdafiə edən
Əl-Aşari ilahi volintarizmə haqq qazandırır, insan azadlığına
xüsusi önəm vermir. Al-Maturidi (X əsr) və onun ardıcılları isə
insan azadlığını hüdudsuz hesab edirdilər.
2
Lakin dünyada baş verən hadisələrin irəlicədən Allah
tərəfindən müəyyənləşdirilməsi heç də hər bir hadisənin hər
dəfə bütün təfərruatı ilə məlum olması kimi başa düşülə bilməz.
Yəni Qurani-Kərimdəki ideyalar əslində dünyada bir
qanunauyğunluq olduğuna işarədir. Heç nə təsadüfi deyildir, hər
şey dünyanın əsasında duran mükəmməl bir ideyanın
təcəssümündən ibarətdir. Lakin ideya hadisələri yox, mahiyyəti
ifadə edir. Yəni qabaqcadan müəyyən edilən mahiyyətlər
arasındakı münasibətlərdir və bu münasibətlər məhz müəyyən
zəruri prinsiplər əsasında qurulmuşdur. Təzahürlər isə müxtəlif
ola bilər. Bu baxımdan yanaşdıqda, nəinki insana, hətta cansız
aləmdə, təbiətdə baş verən hadisələrə də müəyyən sərbəstlik
dərəcəsi şamil edilə bilər. İnsanın öz həyatına və digər
hadisələrə müdaxiləsi də məhz təbiətə verilmiş bu sərbəstlik
dərəcəsi çərçivəsində mümkündür.
J.-P.Sartr ateist olduğuna görə, o, insanın sərbəstlik
dərəcəsini və deməli, həm də məsuliyyətini sonsuza qədər
artırır. Azad insan dünyadakı bütün münasibətlərin əsasıdır. Hər
bir insanın azadlığı da, əslində başqası tərəfindən açılır. Başqası
olmasa insanın azadlığı gizli qalmış olar.
Varlığa məna verən də insandır. İnsanla təmasda olmayan
hər hansı bir şeyin mənasından danışmaq olmaz. Hər hansı bir
insan da başqa insanla münasibətdə məna kəsb edir.
Bir insanın təbii varlığının ancaq başqa bir insanın şüuru
müstəvisində məna kəsb etməsi fikri də ondan irəli gəlir ki,
Sartr ilahi başlanğıcı qəbul etmədiyindən tərəf-müqabil kimi,
həm qiymət, həm də məna verən kimi, yenə də insanı (bu dəfə
başqa bir insanı) götürmək məcburiyyətindədir. Dini
1
Доминик Сурдель. Ислам. М., АСТ, 2004, стр. 47.
2
Yenə orada, səh. 50.
Dostları ilə paylaş: |