c) İdrakın metod və vasitələri
Məlum olduğu kimi, müxtəlif elmlər özünün spesifik tədqiqat metodları və vasitələrinə malikdir. Fəlsəfə bu spesifikanı unutmayaraq idrakın yalnız ən ümumi (həm nəzəri, həm də paraktiki elmlər üçün) metod və vasitələrinə üstünlük verir. Psixologiyadan fərqli olaraq fəlsəfəni idrak prosesinin ümumi qanunauyğunluqları maraqlandırır. Fəlsəfədə metodologiya (metod haqqında təlim) adlanan böyük bir sahə vardır. bu, gerçəkliyin dəyişdirilməsi, idrak üsulları, dünyagörüş prinsiplərinin idrak prosesinə, yaradıcılığa, praktikaya tətbiqini əks etdirən fəlsəfi təlimdir. Əslində elmi idrakın vəzifəsi predmetlərin və hadisələrin daxili təbiətini, mahiyyətini, onların fəaliyyət və inkişaf qanunlarını aşkara çıxarmaqdan ibarətdir. Lakin mahiyyət, qanunlar hadisələrin səthində deyildir, bunları aşkara çıxartmaq üçün elmin və praktikanın uzun sürən mürəkkəb inkişafı prosesində bütöv bir elmi– tədqiqat üsulları işlənib hazırlanmışdır. Bu üsullar ən ümumi əhəmiyyətə malik olub, gerçəkliyin ən müxtəlif hadisələri araşdırılarkən hər hansı elmə tətbiq edilə bilər. Empirik tədqiqatların əsas vasitələri (metodları) müşahidə və ekisperimentdir. Onları çoxsaylı ölçü proseduraları tamamlayır.
Müşahidə– ətraf aləmin predmet və hadisələrinin məqsədyönlü və təşkil olunmuş qavrayışıdır. Müşahidə hissi idraka əsaslanır. Müşahidə obyekti kimi təkcə xarici aləm predmetləri çıxış etmir. Müşahidəyə subyektin özünün əhval– ruhiyyəsi, həyəcanlarının, hisslərinin, psixi və emosional vəziyyətlərinin özü də daxildir (burada söhbət özünümüşahidədən– introspeksiyadan gedir).
Qeyd etmək lazımdır ki, müşahidə təkcə faktların mexaniki və avtomatik qeydiyyatı ilə məhdudlaşmır. Müşahidə prosesində fəal funksiyanı insanın şüuru yerinə yetirir. Bu o deməkdir ki, müşahidəçi təkcə faktları qeydə almır, eyni zamanda məqsədyönlü şəkildə onları axtarır, öz axtarışında hipotezlərdən və mövcud təcrübədən istifadə edir. Əldə edilən nəticədə hipotezlər (nəzəriyyələr) ya təsdiq olunur, yaxud da təkzib olunur. Müşahidələr subyektin hissi, arzu, istək və iradəsindən asılı olmayaraq nəticə verməlidir, daha dəqiq desək onlar obyektiv informasiya verməlidir. Müşahidələr bilavasitə və bilvasitə kimi iki hissəyə bölünür. Bilavasitə müşahidələrdən fərqli olaraq, bilvasitə (dolayı ilə) müşahidələrdə tədqiqat predmeti rolunda bəzən obyektin, yaxud prosesin özü iştirak etmir, digər predmet və proseslərlə qarşılıqlı əlaqədə (təsirdə demək olar) iştirak edir. Bu cür müşahidələrə fizika istənilən qədər material verir.
Elmi tədqiqatlarda müşahidə aşağıdakı funksiyaları yerinə yetirir; empirik informasiya ilə təminat; eksperiment vasitəsilə həyata keçirilməsi mümkün olmayan nəzəriyyə və hipotezlərin yoxlanılması; nəzəri tədqiqatlar gedişində əldə edilən nəticələrin müqayisəsi; onların həqiqiliyi və adekvatlığının yoxlanılması və s. Bu, obyekti xalis şəkildə ayırıb öyrənmək, bu və ya digər şəraitin təsiri altında bütövlükdə obyektin və ya onun ayrı– ayrı tərəflərinin necə dəyişildiyini müəyyən etmək imkanı verir. Təcrübə ən böyük idrak üsullarından biridir. Təcrübə təbiətşünaslıqda geniş tətbiq edilir, ictimai elmlərdə isə get– gedə daha böyük əhəmiyyət qazanır. Təcrübələr öz xarakterinə görə müxtəlifdir.
Ümumiyyətlə, eksperiment (təcrübə) empirik tədqiqat metodu olub, öyrənilən hadisə və prosesə fəal, praktiki təsir imkanını təmin edir. Eksprimentator şüurlu və məqsədyönlü şəkildə onun təbii gedişinə müdaxilə edir. Tədqiq edilən obyektdən və elmi fənnin xarakterindən asılı olaraq aşağıdakı eksperimentlər fərqləndirilir. Fiziki, kimyəvi, bioloji, kosmik, psixoloji və sosial eksperimentlər.
Hazırda ekseprementin təbiəti əsaslı şəkildə dəyişilmişdir. Onun texniki imkanları ilə modelləşdirilmənin də imkanları artmışdır. Yəni eksperiment prosesində modellərdən daha geniş istifadə edirlər. Modellər tədqiqat obyektini əvəz edir (xüsusilə insanın sağlamlığı ilə əlaqədar məsələlərdə və obyektin uzaq məsafələrdə yerləşməsi ilə əlaqədar olaraq modellərdən geniş istifadə olunur). Bu zaman riyazi hesablamalar daha çox yarayır. Tədqiqat metodlarının və nəticələrinin xarakterinə görə eksperimentlər kəmiyyət və keyfiyyət eksperimentlərinə bölünür.
Qeyd etmək lazımdır ki, müşahidəni və eksperimenti tədqiqatçılar, başlıca olaraq, hiss üzvlərinin köməyi ilə keçirirlər. Lakin hiss üzvlərinin imkanları məhduddur. Hiss üzvlərinin məhdudluğu cihazlar vasitəsilə aradan qaldırılır, cihaz olmadan elm, xüsusilə müasir elm yaşaya bilməz. Elmdə istifadə edilən cihazlar müxtəlifdir. Bunlar, hər şeydən əvvəl, ölçü və müşahidə vasitələridir– xronometrlər, teleskoplar, mikroskoplar, voltmetrlər, ampermetrlər, analitik tərəzilər, seysmoqraflar, Vilson kameraları, («elementar» hissəcikləri müşahidə etmək üçün) və başqalarıdır.
Hər bir predmet qarşılıqlı təsir halında olan müxtəlif komponentlər, cəhətlər, tərəflərin məcmusudur (sistemidir). Bu cür sistemlərin tədqiqində təhlil mühüm rol oynayır.
Təhlil– predmeti onun tərkib hissələrinə, ünsürlərinə, tərəflərinə ayırmaq deməkdir, məqsəd isə bunların yerini başa düşmək, bunlardan mühüm, başlıca olanlarını ayırmaqdır. Təhlil– predmet üzərində keçirilə bilər, həmçinin məntiqi, fikri təhlil də ola bilər. Predmet təhlilindən başlıca olaraq qeyri– üzvi təbiətin tədqiqində istifadə edilir. Hər hansı səbəbə görə predmeti parçalamaq mümkün olmadığı hallarda məntiqi təhlildən istifadə olunur.
Təhlildən fərqli olaraq sintez (yunanca birləşmə demək olan «sintesis»sözündəndir) predmetin hissələrini, tərəflərini, maddi surətdə və ya fikrən birləşdirməkdir, bu da onların daxili, zəruri əlaqələrini, bununla da birlikdə, həmçinin predmetə məxsus qanunauyğunluqları aşkara çıxarmaq imkanı verir.
İnsanın təhlil– sintez yolu ilə idrak qabiliyyəti praktika əsasında meydana gəlmişdir. Təhlil ilə sintez vəhdət halındadır. Bunlar təhlil– sintez yolu ilə gedən vahid elmi idrak üsulunun bir– birinə təsir göstərən momentləridir.
İdrakda induktiv və deduktiv metodlardan da geniş surətdə istifadə olunur. İnduksiya (latınca– yönəltmə mənası verən «induksio» sözündəndir)– fikrin ayrı– ayrı hadisələrdən ümumi nəticələrə doğru hərəkəti prosesidir. Biz artıq bilirik ki, qanun hadisələrdə təkrarlanan ümumi cəhətdir. Lakin ümumi cəhət yalnız ayrıcadan başqa bir hal deyildir. Ayrıca haqqındakı bilikdən ümumi bilik əldə etmək vasitəsi olan induksiya qanunauyğunluqları, səbəbiyyət əlaqələrini aşkara çıxarmaq üçün mühüm vasitədir. İnduksiya yeni bilik əldə etmək imkanı verir, çünki əvvəllər əldə edilmiş bilik induksiya vasitəsilə yeni predmetlərə, hələ öyrənilməmiş predmetlərə şamil edilir.
Deduksiya (latınca hasiletmə mənası verən «deduksiya» sözündəndir)– fikrin ümumidən təkcəyə doğru hərəkəti prosesidir. Deduksiyadan elmi nəzəriyyə qurma üsulu kimi istifadə edilir. Müasir elmdə, məsələn, aksiom metodu geniş yayılmışdır, bu zaman elmi nəzəriyyə sübutsuz qəbul edilən müddəalardan ibarət olan aksiomların məcmusundan müəyyən qaydalar və qanunlar əsasında hasil edilir.
Təhlil və sintez kimi induksiya və deduksiya da bir– biri ilə əlaqədardır. Əslində ümumi haqqında bilik əldə etmək üçün təkcə haqqında bilik lazımdır və əksinə.
Dostları ilə paylaş: |