122
BU DA BİR İSTƏKDİ...
Bu da bir istəkdi, yazıb-yaratmaq,
hopa ağ kağıza duyğun,heyrətin.
Misraya can vermək, sözü oynatmaq,
gəzə dil-dodaqda sözün-söhbətin.
Bu da bir istəkdi, qəlb otağında
sözə cila vermək, sözdən bal çəkmək.
Məqamı gələndə, sənət bağında
kiçicik bir budaq, bir nihal əkmək.
Bu da bir istəkdi, arzu adında,
sözdən qala hörmək, kitab buraxmaq.
İlham ağuşunda, ruh qanadında
bulud fikirlərlə göylərə qalxmaq.
Bu da bir istəkdi, könül ovqatı,
sənə sirdaş edir qələm-dəftəri.
Hərdən dayandırıb vaxtı, saatı
yaşada biləsən qərinələri.
Bu da bir istəkdi, şair istəyi,
qəlbləri fəth etmək şeirlə, sözlə.
Düşün səhərəcən bir deyim üstə,
misran doğulacaq məqamı gözlə.
Bu istək həmişə ehtiram yerin,
çəkir maqnit kimi anbaan səni.
Bu istək övladdan, qadından şirin,
məst edir sevgisi hər zaman səni.
Bəlkə bu istəkdi qazandıqların,
kimsə verə bilməz özünə qiymət?
Ömür dəyərlidi, ya yazdıqların,
ən çətin imtahan budur, ya qismət?!
Dekabr, 2007
123
BİR YARPAQ ÖMRÜ
Gözüm bir yarpağı tutub haçandı,
bu yarpaq qəlbimə yatıb haçandı.
Bu yarpaq bir kiçik tumurcuq idi,
maşallah, böyüyüb, artıb haçandı.
Gör, nə tez qol açıb bir budaq qədər,
böyüyüb anbaan, saatbasaat.
Dartınıb Günəşə sarı hər səhər
bir yarpaq ucunda yaşanan həyat.
Bu yarpaq meyvəyə mühafizəçi,
bu yarpaq yağışa, küləyə çəpər.
Yayın yer yandıran bürkü vaxtında
ətrafa canından sərinlik səpər.
Cənnətdən müjdədir hər yaşıl yarpaq,
ruzidir, nəfəsdir məxluqata o.
Onsuz münbitləşməz, canlanmaz torpaq
simvoldur, bayraqdır nəbatata o.
Artar kol üstündə, budaq başında,
sürər təmənnasız qısa ömrünü.
Qısa həyatının xəzan yaşında
bağışlar payıza, qışa ömrünü.
Beləcə yaşayar yarpaq ömrünü,
dəli küləkləri vecinə almaz.
Ağacda işini bitirən günü
qopar saplağından, budaqda qalmaz.
Hər kolun, ağacın bəzəyi yarpaq
bənzərsiz zinətdir meşəyə, bağa.
Öz son payızını yaşayan yarpaq
saralıb xəzəltək düşür torpağa.
Mən də içindəyəm bu köçən köçün,
çörəyim bir loxma, suyum bir içim,
Əlimdən gələni edirəm hər gün
bir yarpaq ömrünü yaşamaq üçün.
Yanvar, 2006
124
MƏNİM ÜNVANIM
Mən harda doğuldum, harda böyüdüm,
atam haralıdır, anam haralı?
Ay mənim oxucum, sən hardansansa,
mən də o yerdənəm, mən də oralı.
Mən harda doğuldum, harda böyüdüm,
bunun nə fərqi var ölkə içində?
Bu sayaq yöndəmsiz, köntöy ovqatın
hər kiçik eyhamı ürək incidər.
Sərhəd, zaman bilməz şair ilhamı,
məni sözümdəki yerimdə axtar.
Özüm qazandığım əsl ünvanı
sevdiyin misramda, şeirimdə axtar.
Bizi ayırmasın “haralı” sözü,
xalqı bölgələrə bölənə lənət.
Nakəslər hələ də aşkar ya gizli
bizə yerə görə qoyurlar qiymət.
Yıxır evimizi tərəfbazlıqlar,
kəsir dilimizi əyri seçimlər.
Çünki cəzasını yaramazların
çox vaxt əqidəsi düzlər çəkirlər.
Bu cür düşüncəsi dayazlar yazıq,
bu cür insanlara oxunmaz rəhmət.
Qaça bilmiriksə bu hissdən uzaq,
qoy olsun sənə də, mənə də lənət.
Yurdun hər qarışı müqəddəs, əziz,
Dağlıq da Vətəndir, aran da Vətən.
Bir ovuc torpağı qalsa yiyəsiz,
demək sızıldayan yarandı Vətən.
Bizim ki, ən azı ölkəmiz iki,
Şimal da, cənub da tutulsun, qoy tən.
Könlümü gah o tay, gah bu tay çəkir,
Vallah, biz bölməsək, bölünməz Vətən.
125
Vətənə sədaqət andı içəndə
ayrı bir sevgiyə hacət qalmayır.
Igid torpaq üçün candan keçəndə
“haralı” sözünü yada salmayır.
Vətən torpağının hər bir bucağı,
elin hər insanı dəyərli, əziz.
Yox ögey-doğması, yaxın-uzağı,
hər yeri bizimdir, hər yerində biz.
Hər gün bir evdəyəm, bir məclisdəyəm,
gör, neçə ünvanda, neçə yerdəyəm.
Yüz yerdə söz deyən, iz qoyan mənəm,
şairin Vətəni olur ki, bəyəm?
Mən könül vermədim bülbülə, gülə,
dedim öz xalqıma qurbandır canım.
Ruhunu oxşayan hər misram ilə
ay əziz oxucum, sənsən ünvanım.
Noyabr, 2006
DƏYƏRLİ–DƏYƏRSİZ HƏKİMLİK
Bəşərin ən şərəfli peşəsi
həkimlikdir,
həkimlikdə kamillik ucalıqdır,
müdriklikdir.
Tanrı da həkimliyi
ən ali sənət kimi dəyərləndirib.
Loğmana həkimliyinə görə
peyğəmbərlik məqamı verib.
Bütün dövlətlərdə,
(əvvəl də belə olub,indi də belədir)
bu sənətin qiyməti böyükdür,
bizim ölkədə isə
həkimin məvacibi
ailəsinin gündəlik azuqəsinə
yetməyən qara qəpikdir!
Dekabr, 2007
126
HƏKİMLİK PEŞƏMƏ
Sənətinin kamil bilicisi olan bütün
vicdanlı və qayğıkeş həkimlərə ithaf edirəm.
Mən sənin yolunda ömrümü qoydum,
ay ümman sənətim, ay hikmət peşəm.
Sənə vurğunluqdan iftixar duydum,
təki bu dəryadan bir damla içəm.
Sən mənim gözümdə ən uca adsan,
qəlbimdə istəksən, başımda tacsan.
Ən acı həbdə də bir şirin dadsan,
sən şəfa verəndə yaşamaq asan.
Həkim təbabəti öyrənən insan,
təbiət elmindən vaqif olan kəs.
Həkim bəxş eyləyən, həkim mehriban,
həkim mərhəm olan, həkim müqəddəs?
Həkim həssas, nikbin, həkim nigaran,
həyatı nütvədən öyrənən qüdrət.
Gecə də, gündüz də, hər yerdə, hər an,
xəstəyə canından can verən xilqət.
Alkmeon, Hippokrat, Nostradamus
həkimtək bəşəri salmış heyrətə.
Həkimlik idrakı, sehriylə yazmış
loğmanlar adını əbədiyyətə.
Ən ali amaldır həkim istəyi,
həkim Yaradanın şəfqət elçisi.
Həkim əməyinin olmaz qiyməti,
sığmaz haqq-hesaba onun ölçüsü.
O da əqidəcə saf olsun gərək,
saxlasın hər yerdə öz hörmətini.
Heç vaxt el gözündə yüksələ bilməz,
əgər qorumasa ləyaqətini.
Dostları ilə paylaş: |