Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
85
– Yalan deyirsən. Mən uşaq deyiləm, hər  şeyi yaxşı 
görürəm.  
– Sən narahat olma, ana...  
– Nə çox sənin kimi atasız uşaqlar. Yaxşı ata olsaydı, 
yanında olardı. Onun fikrini etməyə dəyməz! 
Necə oldusa, Məsumə özü də bilmədən bu sözləri 
dedi. Sonra da səhv etdiyini anlayıb qızını qucaqladı. Onun 
könlünü almağa çalışdı. Amma nahaq, artıq deyilən 
deyilmişdi. Anasının sözləri Sayadı yaman tutdu. “Uşaqlar 
üçün ata-ananın pisi də hamıdan yaxşıdır.” Sayad ürəyində 
anasına belə cavab verdi.  
Sayad bu ağrılarla günləri, ayları yola sala-sala, 
güman edirdi ki, günlərin bir günü atası onların qapısını 
açıb, Sayadı çağıracaq. Onu görmək istədiyini deyəcək və 
heç nə olmayıbmış kimi onlar görüşəcəklər. Belə olanda 
Sayad da hər  şeyi unudub, yetimliyin daşını atacaq. Atalı 
ikən atasız olmaqdan birdəfəlik canı qurtaracaq. O, hər 
istəyəndə atası ilə görüşüb bəxtəvər olacaq. Bakının 
küçələrini birlikdə  gəzib bütün dünyaya sübut edəcək ki, o 
yetim deyil.  
Sayad artıq doqquzuncu sinifdə oxuyurdu. Son 
vaxtlar anası tez-tez ağrınırdı. Arada ağrıları kəskinləşirdisə 
də, Məsumə birtəhər dözürdü, Sayada bildirmək istəmirdi. 
Bəzən ağrılardan qıvrılıb-açılan anasının vəziyyəti Sayadı 
yaman qorxudurdu.  
Bir gün işdə  Məsumənin vəziyyəti ağırlaşdı. Onu 
xəstəxanaya apardılar. Yeməkxananın müdiri Hacı kişi, 
aşpaz Səlimə arvadı da yanına alıb xəstə ilə birgə  xəstə-
xanaya getdi. Həkimlər xəstəni müayinə edib, bildirdilər ki, 
kor bağırsağı partlayıb. Zəhərlənmə gedir, təcili cərrahiyə 
əməliyyatı aparılmalıdır. Hacı kişi özünü itirdi. Belə bir 


 
 
 
Solmaz Muxtarova 
 
86
məsuliyyəti öz üzərinə götürməyə qorxdu. “Birdən olmadı 
elə, oldu belə! Sonra onun qohumlarının qabağında nə cavab 
verərlər. Deməzlər ki, balam sən kimsən özbaşına belə  iş 
tutmusan? Yox, yaxınlarına demək lazımdır.” 
Əməliyyatın başlanmasına çox az vaxt qalmışdı. O, 
tələsik xəstəxanadan çıxdı. Bir qədər getmişdi ki, elə bil 
yuxudan ayıldı. O, hara gedir? Kimin yanına gedir? Saç-
saqqal ağartmış bu kişi gedib on beş yaşında bir uşağa nə 
deyəcək? Çıxılmaz vəziyyətdə qaldığını düşünüb ayaq 
saxladı. “İndi adam axtarmağın vaxtı deyil. Xəstənin halına 
qalmaq lazımdır...” 
Hacı kişi geri döndü. “Hər  şey yaxşı olar... Hər  şey 
yaxşı olar...” deyə özünü sakitləşdirmək istəsə  də, yaman 
narahat idi. 
– Ay Hacı qardaş, səndə ürək var! Belə  ağır işin 
altına girirsən. Heç qorxmursan? 
Hacı kişi özündən çıxdı: 
– Ay Səlimə, sən də ağzını xeyirliyə aç! Allah kərim-
dir! Indi adam axtarmaq vaxtı deyil... Bir də yazığın bu 
şəhərdə kimi var ki, axtaraq da? 
– Hə, doğru deyirsən. Mən bilən onların  şəhərdə 
yaxın bir kəsi yoxdur.  
Hacı kişi  əslində  Səliməni eşitmirdi. “Allaha pənah! 
Allah bizi üzüqara qoymaz!” 
Hacı kişinin hövsələsi daraldı. Pəncərəyə yaxınlaşıb 
fikrini dağıtmaq istədi. Həyətdə hərə bir tərəfə qaçırdı.  
“Bu nə işdir başıma gəldi?!” O, pis fikirləri başından 
qovmağa çalışsa da, olmurdu. “Həkim söz verib ki, hər şey 
yaxşı olacaq. Amma nə bilmək olur? Həkim Allah deyil ki, o 
da, insandır.” 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
87
Məsuməni araba ilə  cərrahiyə otağına aparanda 
Hacının halı xarab oldu. Cibində  gəzdirdiyi ürək dərma-
nından birini atıb divara söykəndi. “Mən nə iş tutdum?!” 
Cərrahiyə otağının qapıları bağlandı. Səlimə arvad 
hardansa tapıb su gətirdi.  
– İç, Hacı qardaş. Sakitləş. Hər şey yaxşı olar... 
Hacı suyu içdi. “Başqa çarəm yox idi. Nə edə bi-
lərdim?” O, gözlərini cərrahiyə otağının qapılarına dikib 
durdu. Sanki vaxt da ötüb keçmək bilmirdi. Elə bil zamanın 
ətəyindən daş asılmışdı. Əməliyyat iki saat yarım çəkdi.  
– Yaxşı ki, xəstəni vaxtında çatdırmısınız. – deyə 
əməliyyatdan çıxan həkim Hacı kişiyə bildirdi.  
– Oğlum, indi onun vəziyyəti necədir? Arxayın ola 
bilərik? 
– Hər şey yaxşıdır. Xəstə üç saatdan sonra ayılacaq. 
Narahat olmayın. 
Hacı rahat nəfəs aldı. 
– Şükür! Min şükür! – bu sözləri bir neçə dəfə təkrar 
etdi. Azca rahatlanıb Səliməyə dedi: 
– Ay Səlimə, sən evə get. Xəstəyə  nə lazımdırsa, 
gətir. Çatışmayanı dükandan al, bu da pul.  
Səlimə arvad pulu götürmək istəmədisə  də, Hacı 
kişinin sərt baxışlarından çəkindi. Pulu alıb tələsik getdi.  
Hacı kişi bir neçə  dəfə qapını aralayıb, hərəkətsiz 
uzanmış  Məsuməyə baxdısa da, bir şey anlamadı. Başının 
üstündə  şəfqət bacısı oturub nəzərlərini xəstəyə dikmişdi. 
Arada reanimasiyadan çıxan şəfqət bacısını görən Hacı kişi 
tələsik ona yan aldı.  
– Qızım, xəstə necədir? 
Qocanın təşviş dolu baxışları şəfqət bacısının gözün-
dən qaçmadı: 


 
 
 
Solmaz Muxtarova 
 
88
– Əmi, narahat olma, xəstə yaxşıdır.  
Hacı kişi girəvə edib şəfqət bacısının cibinə pul 
qoymaq istədi. Amma cavan qız mehribançılıqla qocanın 
əlini kənar etdi.  
– Əmi, heç nə lazım deyil. Biz öz borcumuzu yerinə 
yetiririk.  
– Sağ ol, qızım. Allah sizi heç vaxt darda qoymasın. 
Çox sağ ol. 
Səlimə  də qayıdıb gəldi. Lazım olanları alıb gətir-
mişdi. Amma Məsumə  hələ  də ayılmamışdı. Hacı kişiyə 
çırtma vursaydın qanı  çıxardı. O, özünə yer tapa bilmir, 
hövsələsiz dəhlizdə var-gəl edirdi. “Həkim deyəndən gərək 
çoxdan ayılaydı.” 
Artıq xəstəxanada gediş-gəliş nisbətən səngimişdi. 
Səlimə Hacı kişiyə yaxınlaşdı: 
– Hələ ayılmayıb?.. 
Hacı kişinin acıqlı baxışından arvadın sözü ağzında 
qaldı. Hacı tarama çəkilmiş  əsəblərini cilovlaya bilmirdi. 
Axır ki, reanimasiyanın qapısı açıldı. Şəfqət bacısı xəstənin 
ayıldığını  xəbər verdi. Hacı kişinin sanki çiyinlərindən dağ 
götürüldü. Bir qədər rahat nəfəs aldı və xəstə ilə görüşməyə 
icazə alaraq Məsumənin yanına girdi.  
Artıq saat doqquzu keçmişdi. Məsumənin işdən evə 
dönən vaxtı idi. Hacı kişi bir neçə  dəqiqə  Məsumə ilə 
görüşüb, arxayın olduqdan sonra xəstəxanadan çıxdı. 
Taksiyə oturub ünvanı deyərək gözlərini yumdu. Qapını 
astaca döydü. Sayad Hacı kişini görüb özünü itirdi.  
– Qızım, narahat olma. Bu məhəllədə  işim vardı, 
dedim qoy sizə də baş çəkim.  
Sayaddan cavab gözləmədən qoca ərklə soruşdu:  
– Qızım, çayın olmaz? 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə