həyətlərlə istifadə şəraitində verdikləri borcu sanballı girovlarla təmin etmək və
müflisləşmiş kəndlilərin torpaqlarını su qiymətinə almaq imkanı əldə edirdilər.
Qeyd etmək lazımdır ki, qəti bölgüdən sonra birdəfəlik olaraq bu və ya
digər kəndlinin daimi istifadəsinə keçmiş torpaqlar bəzi rəsmi sənədlərdə sahə-
həyətyanı torpaqlar sayılmır və icma mülkü adlandırılırdı. Lakin bu da torpaq
sahələrini ələ keçirmiş adamlara özlərini bu torpaqların tamhüquqlu sahibi
saymağa mane olmurdu.
Qəti bölgülərdən sonra yaranan həyət-malikanə torpaqlarından başqa
sahə-həyətyanı torpaqlar da var idi. Kəndlilərin xeyli maddi və pul vəsaiti sərf
etdikləri torpaq sahələri sahə-həyətyanı torpaqlar sayılırdı. Bu torpaqlar dövlət
kəndlilərinin nəsli istifadəsində qalırdı. Müəyyən bir torpaq sahəsinin onu birinci
olaraq əkinə yararlı hala salmış adamın nəsli istifadəsinə verilməsi kimi cəmiyyətdə
mövcud olan qayda Şimali Azərbaycanın dövlət kəndində sahə-həyətyanı
torpaqlarının meydana çıxmasının digər səbəbi idi. Dövlət torpaqlarının sadəcə
çəpərlənməsi və onların intensiv surətdə becərilməsi yolu ilə sahə-həyətyanı
torpaqlarının yaranması kifayət qədər geniş yayılmışdı. Həyətyanı torpaq sahibliyi
də bu yolla yaranırdı: kəndlilər meşələri təmizləyir, onu əkinlərə və bağlara
çevirirdilər. Onlar hesab edirdilər ki, torpağı meşədən təmizləmək üçün sərf
etdikləri zəhmət onlara bu torpaq sahəsindən təkbaşına istifadə etmək hüququ
verir.
Dövlət kəndliləri həyətyanı, biçin və bağ torpaqlarından istifadə hüququnu
öz xüsusi mülkiyyətləri kimi satırdılar, özü də alıcı vergi və rüsumları ödəmək üzrə
satıcının bütün təhəddüdlərini öz üzərinə götürürdü. Lakin əkin torpaqlarından
istifadə hüququnun da satılması halları baş verirdi. Belə torpaqların alğı-satqısı əsasən
eyni bir icmanın üzvləri arasında baş verir və buna görə də satılan torpaqlar bu icmanın
tərkibindən kənara çıxmırdı. Lakin torpaqlardan istifadə hüququnun digər kəndlərin
sakinlərinə və hətta şəhərlilərə satılması halları da var idi. ―Rayonda kəndlilərin ictimai
torpaq münasibətləri torpaq barəsində ancaq xüsusi mülkiyyətçilər arasında baş verə
biləcək alğı-satqının tamamilə sərbəst surətdə həyata keçirilməsinə yol verir. Torpaqların
girov qoyulması və alınıb-satılması burada (Lənkəran qəzasında) geniş yayılmışdır‖ [7].
Torpaqların əsas alıcıları varlı kəndlilər və bəylər idi [8].
Torpaqların satışı, yazılı müqavilələrsiz, torpağın faktiki olaraq başqasına
verilməsi yolu ilə həyata keçirilirdi. Lakin bəzən alıcıda qəbalə şəklində adicə
imzalanmış kağız qalırdı ki, burada da hansısa kəndlinin hansısa kəndliyə nə qədər
torpağı hansı qiymətə satdığı qeyd olunurdu. Adətən torpaqdan istifadə və torpaq
sahibliyi hüququ bir parça kağızdakı bu cür qəbzlərlə satılırdı.
XIX yüzilliyin sonunda Bakı qəzasında xüsusən çox torpaq satılmışdı. 1897-
1899-cu illər ərzində Bakı qəzasının kəndlərində 1000-dən artıq torpaq sahəsinin alğı-
satqısı olmuşdur [9]. Dövlət kəndliləri təkcə öz həyətyanı torpaqlarını deyil, hətta əkin
torpaqlarını da satır və girov qoyurdular. Kəndlilər öz torpaqlarını satmaqdan başqa, onu
müəyyən haqq müqabilində icarəyə də verirdilər.
XIX yüzilliyin 40-cı illərindən dövlət torpağından istifadə müqabilində
kəndlilərdən pulla haqq almırdı. Hələ feodal rentası şəklində olan bu haqq tədricən
dövlət vergisi formasını aldı. Kəndlilər torpaqlardan istifadəyə görə icarədarlar kimi icarə
haqqı ödəyirdilər. Rəsmi çar sənədlərində dövlət torpaqlarından istifadə edən kəndlilərin
təsərrüfatları xüsusi təsərrüfatlar sırasına şamil edilirdi [10].
Xüsusi sahibkar kəndinə gəldikdə isə pay torpaqları kəndlilərin ixtiyarına
verilmişdi. Hərçənd ki, onlar əvvəlki kimi torpaq sahibkarı olan bəydən iqtisadi
asılılıqda qalaraq, onların xeyrinə mükəlləfiyyətlər yerinə yetirməli idilər.
Həm dövlət, həm də sahibkar kəndində icarə geniş yayılmışdı. Torpağı bəylər,
varlı kəndlilər və öz pay torpaqlarını becərmək imkanı olmayan kəndlilər icarəyə
verirdilər.
İcarə adətən qısamüddətli olurdu, lakin uzunmüddətli icarə də mövcud idi.
Qısamüddətli icarə müqaviləsi 1-3, uzunmüddətli isə 2-30 ilə və daha uzun müddətə
bağlanılırdı. Şimali Azərbaycan rayonlarında ən çox yayılmış uzunmüddətli icarə
müqavilələri təxminən 7-12 illə məhdudlaşırdı. İcarənin ən geniş yayılmış forması bir
neçə növdə təmsil olunmuş natural (məhsul) icarə idi. Bu növlərdən birincisi və ən
geniş yayılanı pay icarəsi, paydarlıq idi. Bu icarə zamanı kəndli mülkədardan icarə
olunmuş torpağı öz alət və iş heyvanları ilə becərir və məhsulun bir hissəsini
mülkədara verirdi. İcarənin digər forması pul icarəsi idi. Məhsulun bölünmədiyi
torpaq sahibinin əvvəlcədən müəyyən edilmiş məlum haqqı pulla aldığı torpaq
icarəsi halları pulla torpaq icarəsinə keçid idi. Kəndlilərin əksər kütləsi ona görə pulla
icarəyə can atmırdı ki, nəğd pul tapmaq onlar üçün çətin idi, özü də icarədar kəndli
bu pulu əksər hallarda əvvəlcədən - məhsul yığımınadək ödəməli idi.
Pulla icarə başlıca olaraq kəndin həmişə nəğd pula malik olan və torpağı
nisbətən uzun müddətə icarəyə götürən varlı təbəqələr içərisində yayılmışdı. Pulla
icarə şəraitində natural münasibətlər tədricən bəy və icarədar kəndlilər arasında pul
münasibətləri formasını alırdı. Belə şəraitdə icarədarların varlı hissəsi aztorpaqlı
kəndlilərin hesabına öz icarə sahələrini genişləndirir və beləliklə də, muzdlu
fəhlələrin - torpaqsız və aztorpaqlı kəndlilərin əməyini istismar edən kapitalist
icarədarlar meydana çıxırdılar.
Su sahibliyi və sudan istifadə. Bu dövrdə Şimali Azərbaycan 3 milyon
desyatin əkin üçün əlverişli torpağın 2 milyon desyatindən çoxunun suya ehtiyacı olan
bir ölkə idi. Kür və Araz çayları vadilərində süni suvarmasız becərmək qeyri-mümkün
idi. Cənubi Qafqazm şərqində, aran yerlərində əhalinin rifahı torpağın böyüklüyündən
deyil, suvarma suyunun qədərindən asılı idi [11].
Şimali Azərbaycan suvarma üçün zəngin su ehtiyatına malikdi; su ehtiyatının
çox hissəsini çaylar, bulaqlar, qara su, təbii nohur və s. təşkil edir. Bütün Şərqdə olduğu
kimi, Şimali Azərbaycanda da başlıca suvarma mənbəyi çaylardan ibarətdir. Bu dövrdə
Cənubi Qafqazda 181 çayın [12] 131-i [13] Şimali Azərbaycan ərazisində axırdı. Kür və
Araz su ehtiyatına görə Şimali Azərbaycanın ən iri çayları idi. Şimali Azərbaycanda
suvarma əsas etibarilə arxlar vasitəsilə təşkil edilirdi. 1880-1890-cı illərdə Şimali