Bakı ziyalılarının musiqi əyləncəsinin əsas forması evlərdə təşkil olunan
musiqi axşamları çərçivəsindən kənara çıxmış həvəskar musiqi idi. Musiqi
həvəskarları yerli musiqiçilərin, hərbi kapelmeysterlərin, musiqi müəllimlərinin
iştirakı ilə kütləvi konsertlər (çox vaxt xeyriyyəçilik məqsədi ilə) təşkil edirdilər.
Dəmiryolu xəttinin açılması ilə Bakıya rus və Avropa musiqiçiləri gəlməyə
başladı. Onların ustalığı və geniş repertuarları Bakı tamaşaçılarında mənəvi zövqün
inkişafına və şəhərin musiqi həyatının canlanmasına müsbət təsir göstərirdi. 80-90-cı
illərdə görkəmli rus və Avropa musiqiçiləri tez-tez Bakıda çıxış edirdilər.
Bakılıların eşitdiyi ilk opera A.Verstovkinin 1889-cu ilin mayında
D.Aqryonov-Slavyanskinin kapellasının konsert ifasında təqdim etdiyi "Askoldun
məzarı" operası olmuşdur. Həmin il dekabrın 5-də qastrola gəlmiş Tiflis opera
truppasının ifasında Bakıda ilk peşəkar opera tamaşası göstərildi. Açılışda
A.Darqomıjskinin "Su pərisi" tamaşaya qoyulmuşdu. Tamaşanın dirijoru S.Barini idi.
Truppada İ.Tartakov, V.Zarudnaya, T.Lyubatoviç kimi məşhur müğənnilər oxuyurdu.
90-cı illərdə bakılılar balet janrı ilə tanış oldular, 1894-cü il mayın 16-da
Peterburq truppasının ifasında Bakıda ilk peşəkar balet tamaşası göstərildi. Açılışında
A.Adanın "Dəniz qulduru" baletinin tamaşası göstərilmişdi. Rus baletinin L.Keyten,
Çernyavskaya, Tixomirov, Stepanov kimi ustaları bu truppanın tərkibində çıxış edirdi.
Mayın 16-dan 20-dək göstərilən beş tamaşanın arasında A.Adamn "Jizel" və
L.Delibanın "Koppeliya" baletləri də vardı.
80-90-cı illərdə həm peşəkar, həm də həvəskar yerli musiqiçilər öz
fəaliyyətlərini xeyli genişləndirirdilər. Məhsuldar pedaqoji işlə məşğul olan,
konsertlərdə və musiqi dərnəklərinin təşkilində iştirak edən bir sıra istedadlı
musiqiçilər səhnəyə qədəm qoydular.
90-cı illərdə Bakıda uşaqlara musiqi öyrədən xeyli müəllim işləyirdi. Lakin
belə xüsusi dərslər gənclərin musiqi təhsilinə artan tələbatını ödəyə bilmirdi. Xüsusi
məktəblərin açılmasının zəruriliyi haqqında danışıqlar gedirdi. 1895-1896-cı illərdə
pianoçu A.İ.Yermolayeva özünün xüsusi musiqi məktəbinin əsasını qoydu. Bu, Bakıda
ilk Avropa tipli musiqi təhsili müəssisəsi idi. Şəhərin ən yaxşı musiqi qüvvələri
məktəbə yığışır, burada xeyriyyəçilik məqsədilə konsertlər verilirdi. P.F.Yuon
tərəfindən təşkil edilmiş simli kvartet 1896-cı ildən kamera musiqisi məclislərini
keçirirdi.
Milli musiqi kadrlarının hazırlanmasında Qori Müəllimlər Seminariyası böyük
rol oynadı. Onun məzunları eyni zamanda musiqiçilik fəaliyyəti ilə məşğul olur, musiqi
təhsilinin ibtidai formaları şəbəkəsini genişləndirirdilər.
Bakı musiqiçiləri öz qüvvələrini birləşdirmək üçün 1895-ci ildə teatr və
musiqi şöbələri, həvəskar orkestr yaratdılar. Bu orkestr F.Parizekin başçılığı altında
1897-ci ildə Bakıda ilk simfonik konsert mövsümünü açdı.
Musiqi həyatının inkişafı tədricən demokratik, maarifçi xarakter almağa
başlayır: əhalinin geniş təbəqələri, mədəni-maarif müəssisələri bu həyata
qoşulurdular. Müxtəlif həvəskar xor kollektivi yaradıldı. 1834-cü ildə dəmiryol işçiləri
özlərinin dram sənəti və musiqi həvəskarları cəmiyyətini və 15 nəfərlik orkestr
yaratdılar. 1896-cı ildə "Nobel qardaşları" şirkətinin işçiləri orkestri olan musiqi
dərnəyinin əsasını qoydular. Orkestr fəhlələr üçün pulsuz konsertlər verirdi. Eyni
zamanda A.A.Lampenin rəhbərlik etdiyi 50 nəfərlik xalq xoru təşkil olunmuşdu.
Rus və Avropa musiqi mədəniyyətləri ilə ünsiyyətdə Azərbaycan musiqi
sənəti yeni məcra ilə inkişaf etməyə başladı, musiqinin yeni formalan meydana çıxdı.
Kütləvi konsertlər yeni şəraitdə - konsert salonlarında, teatr binalarında,
təntənəli gecələrdə, ballarda, bağ gəzintilərində keçirilməyə başladı. Məsələn, 1892-
ci ildə sazəndələr orkestri Bakıda, ictimai məclisin binasında özünün ilk konsertini
vermiş, 1899-cu ildə isə elə bu binada məşhur Azərbaycan müğənnisi Cabbar
Qaryağdı geniş dinləyici kütləsi qarşısında çıxış etmişdi.
Paralel olaraq Azərbaycan xalq musiqisinin nümunələri də Avropa alətlərində ifa
olunmağa başladı. Tiflisli pianoçu Q.Korqanov özünün "Bayatı" fortepiano
fantaziyasını Bakıda böyük müvəffəqiyyətlə ifa etmişdir. Azərbaycan xalq mahnı və
muğamlarının konsert işləmələri Bakıda bəstəkar və pianoçu N.F.Tiqranovun ifasında
səslənmişdi (1895-ci və 1899-cu illərdə). İctimai məclisin binasında, Tağıyev
teatrında qarışıq Azərbaycan, gürcü, erməni konsert axşamları təşkil olunurdu.
Peterburq, Tiflis və İrəvanda Azərbaycan musiqi konsertləri keçirilməyə
başlandı. Məşhur Azərbaycan xanəndəsi Səttar sazəndələr ansamblının müşayiəti ilə
ilk dəfə (1853-cü və 1860-cı illərdə) Tiflis opera teatrında konsert proqramı ilə çıxış
etmişdi. 1895-ci ildə azərbaycanlı tələbələr Peterburqda ilk Azərbaycan gecəsi təşkil
etdilər. Axşamda Avropa orkestri Azərbaycan melodiya və rəqslərini ifa etmiş, habelə
Firdovsinin "Rüstəm və Zöhrab" poemasından və "Aşıq Qərib" dastanından canlı
musiqi parçaları səsləndirilmişdir. Bu tamaşa Azərbaycanın "canlı musiqili
lövhələrinin" səhnədə ifa edilməsi sahəsində ilk addım idi. Sonralar belə səhnələr
xalq musiqisinin görkəmli nümayəndələrinin repertuarına daxil oldu.
Beləliklə, XIX yüzilliyin ikinci yarısında Azərbaycan musiqisində müasir
musiqi peşəkarlığının ilkin şərtləri yaranırdı. Bu peşəkarlıq milli ənənələrin musiqi
həyatının, musiqi ifaçılığının Azəbaycan üçün yeni formaları ilə uzlaşdırılmasına
əsaslanırdı. XX əsri əvvəlində Azərbaycanda musiqinin çiçəklənməsinin kökləri məhz
bu dövrdən başlanır.
XIX yüzilliyin ikinci yarısında Azərbaycan memarlığının inkişafı bir tərəfdən,
coşqun surətdə genişlənərək qısa müddətdə Rusiyanın ən iri sənaye mərkəzlərindən
birinə çevrilmiş Bakıda şəhərsalma özünəməxsusluğu ilə, digər tərəfdən isə qalan
əyalət şəhərlərinin əvvəlki dövrdə nisbətən çox az fərqlənən ləng inkişafının davam
etməsi ilə səciyyələnirdi.
Bir sıra şəhərlərdə "nizami" planlaşdırmaya və onların abadlığının
yaxşılaşdırılmasına səy edilməsi müşahidə olunurdu.
Nəzərdən keçirilən dövrdə Azərbaycanda şəhərsalma və memarlığın
inkişafının başlıca xüsusiyyətlərindən biri tikintidə plan-kompozisiya və bədii
memarlıq elementlərindən istifadə olunması idi. Bu, binaların fasadlarının xüsusi