Azərbaycan teatrı ağır şəraitdə fəaliyyət göstərirdi: nə iri teatr
kollektivləri, nə rejissorlar, nə binalar və zəruri dekorasiyalar, nə də butafor
əşyaları var idi.
Teatr zəruri olan hər şeyi həvəskar aktyorların vəsaiti hesabına əldə edirdi.
Qadınları truppaya cəlb etmək mümkün deyildi, ona görə də qadın rollarını kişilər
oynamalı olurdu.
Teatr sənətinin təşkilatçıları və həvəskarları bütün maneə və çətinlikləri
dəf edərək, bu sənətin daha da inkişaf etdirilməsinə səy göstərirdilər.
90-cı illərdə teatrın repertuarı əsasən N.Vəzirov, N.Nərimanov,
Ə.Haqverdiyev və b. əsərlərindən ibarət idi.
Azərbaycan teatrı artıq 90-cı illərdə mühüm müvəffəqiyyətlər qazanaraq
öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu illərdə teatr Azərbaycan, Avropa
və rus ədəbiyyatının klassik əsərlərinin tamaşaya qoyulmasını təşkil edirdi. İlk
dövrlərdə yerli rus-teatr məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov tərəfindən
qoyulan ev tamaşaları geniş yayılmışdı. C.Zeynalovun da ev teatrında tamaşalar
göstərilirdi. Sonralar teatr sənətinin görkəmli nümayəndələri kimi püxtələşən
həvəskarlar məhz bu teatrın səhnəsində çıxış edirdilər. Teatr işinin yüksəlişi
H.Mahmudbəyov truppası tərəfindən dram əsərlərinin müntəzəm tamaşaya
qoyulmasına təkan verdi. 1895-ci il yanvarın 15-də Tağıyev teatrının səhnəsində
qoyulan tamaşalar Azərbaycan dilində səslənir. N.Nərimanovun "Nadanlıq"
əsərinin tamaşası gedir. Baş rolun (İmran) ifaçısı N.Nərimanova saat bağışlamışdı.
Bu tamaşaya münasibəti ilə "Artist" jurnalı yazırdı: "Bakıda, yerli müsəlman
əhalisi arasında görünməmiş canlanma müşahidə olunurdu" [23].
1896-cı ildə truppa milli və rus dramaturgiyasından iki tamaşa göstərir.
Bunlar N.Nərimanov tərəfindən tərcümə edilmiş Qoqolun "Müfəttiş" və
N.Nərimanovun "Dilin bəlası, yaxud qoçu Şamdan bəy" əsərləri idi. Sonuncu
tamaşada Cahangir Zeynalovun öhdəsinə çox böyük məsuliyyət düşmüşdü.
N.Nərimanovun dediyinə görə, "Bugünkü teatrdan biz iki xcyir görürük: birincisi
biz indiki həyatımızın nöqsanlarını göstəririk, ikincisi isə teatrdan gələn gəlir bu il
müsəlman uşaqları üçün məktəblərin tikilməsinə sərf ediləcək" [24].
Zeynalov Mahmudbəyovun truppasında çıxış etməklə bərabər, öz evində
də tamaşalar göstərməkdə davam edirdi. Bu tamaşaların birində (1897-ci ildə)
Mixaylov məktəbinin şagirdləri Hüseyn Xələfov və Mirmahmud Kazımovski ilk
dəfə səhnəyə çıxmışdılar. Onların hər ikisi məktəbi bitirdikdən sonra aktyor olmuş
və növbə ilə Mahmudbəyov truppasında, habelə H.Məlikov-Zərdabinin 1897-ci
ildə təşkil etdiyi yeni teatr truppasında işləmişdilər. Sonuncu truppa 1898-ci ilin
aprelində özünün ilk tamaşasını - İsgəndər Məlikovun "Yaxşılığa pislik elədilər"
pyesini göstərir. 1898-ci ilin noyabrında Zərdabi truppası ikinci əsəri, 1893-cü
ildən qadağan altında olan "Hacı Qara"nı göstərir. Komediya müvəffəqiyyət
qazanmış və şəhərin teatr həyatında mühüm hadisə olmuşdu.
Mahmudbəyovun truppasında "Yağışdan çıxdıq, yağmura düşdük", "Ev
tərbiyəsindən bir səhnə" (1898-ci il, 7 dekabr), Ə.Haqverdiyevin "Dağılan tifaq"
(1899-cu il, 7 fevral) əsərləri gedirdi. Sonuncu tamaşada Nəcəf bəy rolunda
Azərbaycan səhnəsində bu obrazın birinci təfsirçisi olmuş N.Nərimanov
müvəffəqiyyətlə çıxış edirdi [25].
Bakılılar C.Zeynalovun "Müsyö Jordan"da (1899-cu il martın 3-də)
nümayiş etdirdiyi yüksək ustalığa heyran olmuşdular. Məlikovun truppası
H.Vəzirovun "Evlənmək su içmək deyil" (1899-cu il martın 12-də) pyesini
göstərmişdi.
Zaman keçdikcə milli teatrın fəaliyyəti, onun köhnə dünyaya, həyatın
müxtəlif eybəcərliklərinə qarşı, xalq həyatının yeniləşdirilməsi uğrunda mübarizəsi
getdikcə daha çox ictimai əhəmiyyət kəsb edirdi. Azərbaycan teatrı istismarçı
sinifləri ifşa edərək, adamlara həyatını eybəcərliklərini açıb göstərir, onlarda
geriliyə, fanatizmə, mövhumata qarşı nifrət hissi tərbiyə edir, sosial tərəqqi,
mədəniyyət və maarif uğrunda mübarizəyə çağırırdı. Azərbaycan teatr sənətinin
tərəqqipərvər xadimləri mütərəqqi milli dramaturgiyaya, habelə dünya
ədəbiyyatının yaxşı əsərlərinə üz tutaraq, repertuarın ciddi surətdə seçilib
yeniləşməsinə, repertuardan məzmunsuz əsərlərin çıxarılmasına can atırdılar.
H.Mahmudbəyovun truppasına daxil olmuş, onun rejissoru və ideya
rəhbəri olan Ə.Haqverdiyev Azərbaycan teatrının inkişafında mühüm rol oynadı.
O, teatrın ideya-bədii səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə müvəffəq
oldu. Bunlara baxmayaraq, sabit teatr kollektivinin təşkilinə tələbat hiss olunurdu.
N.Vəzirov, H.Mahmudbəyov, Ə.Haqverdiyev, C.Zeynalov və H.Məlikov-
Zərdabinin teatr işinə hədsiz sədaqəti və bu sahədə qaynar fəaliyyəti bu məsələnin
həllində müsbət rol oynadı.
Dram artistlərinin Ə.Haqverdiyev tərəfindən başçılıq edilən ilk daimi teatr
truppası milli və dünya ədəbiyyatının materialları əsasında monumental
tamaşaların hazırlanması sahəsində fəaliyyətə başladı. Azərbaycan pyeslərinin rus
teatrının, digər xalqların və ölkələrin teatr səhnələrində tamaşaya qoyulması üçün
ilk cəhdlər göstərilirdi. Məlumdur ki, M.F.Axundovun komediyaları Azərbaycan
dilində tamaşaya qoyulandan 20 il əvvəl rus səhnəsində göstərilmişdi.
M.F.Axundovun A.Sereteli tərəfindən tərcümə edilib 1897-ci ildə gürcü
səhnəsində tamaşaya qoyulmuş "Lənkəran xanının vəziri" komediyası Gürcüstan
ictimaiyyəti içərisində geniş əks-səda doğurmuşdu. Azərbaycan milli
dramaturgiyasının əsərləri tədricən İrana, Türkiyəyə və Şərqin digər ölkələrinə
yayılırdı.
XIX yüzilliyin ikinci yarısı Azərbaycan musiqi sənətinin daha da inkişaf
etməsi ilə əlamətdar olmuşdur. Musiqi sənətinin inkişafı iki istiqamətdə gedirdi.
Bir tərəfdən o, aşıq, xanəndə və sazəndə ansambllarının yaradıcılığı ilə təmsil
olunan çoxəsrlik şifahi xalq ədəbiyyatı ənənələri hesabına zənginləşir və inkişaf
edir, digər tərəfdən isə Avropa və rus mədəniyyətinin təsiri altında yeni forma