nəzərə alınmaqla yerinə yetirilə bilərdi. Bu vəzifələri ancaq yerli şəraitə yaxşı
bələd olan, əhalinin əsas kütləsi ilə (ilk növbədə kəndlilərlə) eyni dildə danışan,
kütlələrin ənənələrini, ehtiyaclarını, tələblərini, məişət xüsusiyyətlərini başa düşən
kadrlara arxalanmaqla yerinə yetirmək olardı. 20-ci illərin əvvəllərində yerli
millətdən olmayan və Azərbaycan kəndi ilə zəif əlaqə saxlayan fəhlələr əksəriyyət
təşkil edirdilər. Məsələn, Azneftin 46 min nəfər fəhləsindən yalnız 7 min nəfəri
azərbaycanlı idi (102, s.168).
N. Nərimanov bu siyasətin əleyhinə çıxaraq «Ucqarlarda inqilabımızın
tarixinə dair» (İ. V. Stalinə məktubunda) yazırdı: aşağıda mən bəzi statistik
məlumatlar göstərirəm ki, bunlar mərkəzin etimadını qazanmış məsul yoldaşların
müstəmləkəçilik siyasətini daha yaxşı əks etdirir.
Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-
istəməz yazılı və şifahi şəkildə müraciət etdikdə bu müraciət rus dilində olmalıdır.
Belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar.
Mən bildirirəm ki, Dövlət Dumasında olanda türk əhalisi belə sıxıntıya
məruz qalmırdı.
Bəs Bakı qəzasında yerləşən 76 türk kəndinin əhalisi öz işləri üçün şəhərə
gəlib və Bakı Sovetinə müraciət etdikdə necə təəssürat yaranır?
Bəs
türklər üçün məktəblərin, uşaq evlərinin sayı?
Lakin hər şeydən dəhşətlisi təqaüdçü tələbələrin sayıdır: 30 rus və 5 türk.
Daha dəhşətlisi isə bu məsul fəhlə yoldaşların fəhlə uşaqlarına
münasibətidir.
Fabrik-zavod-şagirdlik məktəbləri adlanan təhsil ocaqlarının sayı 17,
burada rus uşaqlarının sayı 1192, müsəlman fəhlələr üçün isə 26. Məgər bütün
bunlar yoldaş Kirov və Mirzoyana bəlli deyil? Məgər Mirzoyan və başqalarının bu
cür cinayətkar siyasətini müdafiə edən R. Axundov və ona bənzər türklər bunu hiss
etmirlər? (90, s.49-50).
N. Nərimanovun il boyu təkid etdiyi, partiyadaxili ixtilafa səbəb olacaq
mövqeyi-idarəetmə metodlarının yumuşaldılması, psixoloji durumun, yerli şəraitin
nəzərə alınması kimi şərtlərindən daha irəli gedən başlıcası keyfiyyət dönüşünü
nəzərdə tutan partiya xətti irəli sürüldü. Qonşu respublikalarda yeni hakimiyyətin
qurulması sovet məkanında islahata dönüş dövrünə təsadüf etdiyi halda, artıq
Azərbaycan «hərbi kommunizm» siyasətinin bəhrəsini görmüşdü.
RSFSR-in siyasətində qarşıda duran ən ümdə vəzifələrdən biri Bakı
neftinin konsessiyası məsələsi idi. Azərbaycan rəhbərliyinin iştirakı və rəyi
mərkəzi maraqlandırmadığından, Bakı neftinin taleyini Moskva tək həll edirdi. Bu
da təbii ki, Bakıda birmənalı qarşılanmayan narazılığa səbəb olmuşdu.
Mübahisələrin davam etməsi ilə əlaqədar nəzərdə tutulan sahələr icarəyə
verilməmiş qalırdı. 1920-1922-ci illərdə A. Serebrovskiyə RSFSR Ali Xalq
Təsərrüfat Şurası tərəfindən verilmiş çoxsaylı mandat və vəkalətnamələrdə ona
Azərbaycanın bütün neft sənayesini şəriksiz idarə etmək tapşırılırdı.