AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
QƏTNAMƏ
SURƏTİ
20 dekabr 2016-cı il
İş № 2(106)2500/2016
Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq
Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mirzəyev Nüsrət Fətulla oğlu və Cəbrayılov Vüsal
Adil oğlundan ibarət tərkibdə, Xıdırov Bəhruz Müseyib oğlunun katibliyi ilə, iddiaçı “Bank
of Baku”ASC-nin cavabdehlər Həsənova İradə Şükür qızına və Əhmədova Şərqiyyə Şükür
qızına qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016
saylı 28 sentyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh Əhmədova Şərqiyyə Şükür qızı
tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati
binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDİ:
Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28 sentyabr 2016-cı il tarixli
qətnaməsi (hakim Əliyev Ziya Müqərrəm oğlu) ilə, iddianın təmin edilməsi, cavabdehlər
Həsənova İradə Şükür qızından və Əhmədova Şərqiyyə Şükür qızından 2281,61 (iki min
iki yüz səksən bir dolları altımış bir sent) ABŞ dolları məbləğində əsas borcu, 738,23
(yeddi yüz otuz səkkiz dolları iyirmi üç sent) ABŞ dolları faiz borcunun, cəmi 3019,84 (üç
min on doqquz dolları səksən dörd sent) ABŞ dolları manat hesabı ilə və 30 (otuz) manat
dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı “Bank of Baku”ASC-yə verilməsi qət
edilmişdir.
Qətnamədən narazı qalan cavabdeh Əhmədova Şərqiyyə Şükür qızı tərəfindən
apellyasiya şikayəti verilmişdir.
İŞİN HALLARI:
Kreditor “Bank of Baku”ASC ərizə ilə birinci instansiya məhkəməsinə müraciət
edərək borclular Həsənova İradə Şükür qızından və Əhmədova Şərqiyyə Şükür qızından
2281,61 ABŞ dolları məbləğində əsas borcu, 738,23 ABŞ dolları faiz borcunun, cəmi
3019,84 ABŞ dolları və iddia verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq
“Bank of Baku”ASC-yə ödənilməsi barədə əmrin verilməsini xahiş etmişdir.
Şirvan şəhər məhkəməsinin 21 yanvar 2016-ci il tarixli, 2(032)-488/2016 saylı əmri
ilə Həsənova İradə Şükür qızından və Əhmədova Şərqiyyə Şükür qızından 2281,61 ABŞ
dolları məbləğində əsas borcu, 738,23 ABŞ dolları faiz borcunun, cəmi 3019,84 ABŞ
dolları və iddia verilərkən ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur.
Birinci instansiya məhkəməsi əmrindən narazı qalan Əhmədova Şərqiyyə Şükür qızı
etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək 21 yanvar 2016-ci il
tarixli 2(032)-488/2016 saylı əmrin ləğv edilməsini və mülki iş iddia icraatına keçirilməsini
xahiş etmişdir.
Şirvan şəhər məhkəməsinin 29.07.2016-cı il tarixli 2(032)-488/2016 saylı qərardadı
ilə birinci instansiya məhkəməsinin 21.01.2016-ci il tarixli əmri ləğv olunmuş və mülki iş
iddia icraatına keçirilmişdir.
2
İddiaçı “Bank of Baku” ASC-nin nümayəndəsi Bayramlı Elgiz Pərviz oğlu birinci
instansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı təmsil etdiyi qurumun iddiasını
müdafiə edərək izahatında “Bank of Baku”ASC-nin filialı ilə borcalan Həsənova İradə
Şükür qızı arasında bağlanmış 07.04.2014-cü il tarixli kredit sazişi müqaviləsinə əsəsən
bank borcluya 24 ay müddətinə illik 25,90 % olmaqla 3000 ABŞ dolları məbləğində kredit
verildiyini, öhdəliyin icrasının təmini məqsədi ilə həmin tarixdə “Bank of Baku”ASC-e ilə
Əhmədova Şərqiyyə Şükür qızı ilə zaminlik müqaviləsi bağlandığını, borclunun krediti və
kreditlə hesablanmış faizləri müvafiq surətdə vaxtı-vaxtında ödəməyi öhdəsinə
götürdüyünü, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə borclunun banka 2281,61
ABŞ dolları məbləğində əsas borcu, 738,23 ABŞ dolları faiz borcunun, cəmi 3019,84 ABŞ
dolları borc yaranmışdır və cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,
kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmələrini və
ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun borclular Həsənova İradə Şükür
qızından Əhmədova Şərqiyyə Şükür qızından müştərək qaydada alınaraq “Bank of
Baku”ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq
qaydada xəbərdar olunmuş cavabdeh Əhmədova Şərqiyyə Şükür qızının qeydiyyatda
olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq
ünvanda yaşamaması qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə
əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan
axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının
və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını
təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması
mümkün hesab edir.
Cavabdeh Həsənova İradə Şükür qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi
qaydada xəbərdar edildiyinə baxmayaraq birinci instansiya məhkəməsinin məhkəmə
iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir .
Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə
əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş
cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə
gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən
yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində
qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək
hüququ verilir.
Belə olan vəziyyətdə birinci instansiya məhkəməsi cavabdehlər Əhmədova Şərqiyyə
Şükür qızının və Həsənova İradə Şükür qızının iştirakı olmadan işə baxılmasını mümkün
hesab etmişdir.
Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə yuxarıda göstərilən
məhkəmə aktı qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əhmədova
Şərqiyyə Şükür qızı vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci
instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, mühüm əhəmiyyətli olan bütün
faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmişdir. Maddi
3
və prosessual hüquq normaları düzgün tətbiq edilməməsi konteksindən məsələyə
yanaşanda görmək olar ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli inzibati işin
həlli zamanı maddi və prosessual hüquq normaları mübahisəyə münasibətdə düzgün təfsir
edilməmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət
etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam
və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla
da işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək qətnamə qəbul edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əhmədova
Şərqiyyə Şükür qızı vermiş olduğu apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin
2(032)488/2016 saylı 28 sentyabr 2016-cı il tarixli qətnaməsini “hesablanmış əsas
borcunun, cərimə və faiz borcunun” hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə
qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATI:
İddiaçı “Bank of Baku”ASC-nə, cavabdehlər Həsənova İradə Şükür qızına və
Əhmədova Şərqiyyə Şükür qızına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə
iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak
etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər.
Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin
iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya
məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar
əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə
apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin
maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın
təmin edilməsini mülki iş üzrə tədqiq olunmuş sübutlar və iş üzrə tərəflərin izahatları ilə
əsaslandırmışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əhmədova
Şərqiyyə Şükür qızı vermiş olduğu apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin
2(032)488/2016 saylı 28 sentyabr 2016-cı il tarixli qətnaməsini “hesablanmış əsas
borcunun, cərimə və faiz borcunun” hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə
qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28 sentyabr
2016-cı il tarixli qətnaməsindən cavabdehlərdən yalnız biri Əhmədova Şərqiyyə Şükür qızı
birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirilərək apellyasiya şikayəti
verilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə ona
münasibətdə baxılaraq hüquqi qiymət verilməlidir.
Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya
dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya
apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin
predmeti bölünməz olduqda isə tam yoxlayır.
4
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının
hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri
baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki,
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun
olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə
tutulduğu
hallarda
birinci
instansiya
məhkəməsinin
qətnaməsinin
əsaslılığını
mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla
əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən
hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını
şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə
prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası
cavabdeh Əhmədova Şərqiyyə Şükür qızınun apellyasiya şikayətinin dəlilləri həddində
Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28 sentyabr 2016-cı il tarixli
qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli
olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış
qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq
normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28
sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti
təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun
qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya
instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi
zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa
Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri
müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun
əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin
ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci
maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi
dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin
edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını
araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir.
İş materiallarına əlavə edilmiş «Bank of Baku» ASC-nin Şirvan filialı ilə cavabdeh
Həsənova İradə Şükür qızı arasında bağlanmış 07.04.2014-cü il tarixli kredit müqaviləsinin
surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 25,90 % olmaqla 24 ay müddətinə
3000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş
müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı
öhdəsinə götürmüşdür.
İş materiallarına əlavə edilmiş «Bank of Baku» ASC-nin Şirvan filialı ilə cavabdeh
Əhmədova Şərqiyyə Şükür qızı arasında bağlanmış 07 aprel 2014-ci il tarixli Zaminlik
müqaviləsinin surətindən məlum olur ki, Əhmədova Şərqiyyə Şükür qızı borcalan
Həsənova İradə Şükür qızının bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün
məsuliyyəti öz üzərınə götürmüşdür.
5
İş materiallarına əlavə edilmiş 07.04.2014-cü il tarixli kreditin ödəmə cədvəlindən
görünür ki borclu hər ay 161,48 ABŞ dolları ödəməklə borcunu və ona hesablanmış faizləri
07.04.2016-cı il tarixə kimi ödəməli idi.
İş materiallarına əlavə edilmiş 07.04.2014-cü il tarixli kassa məxaric orderindən
görünür ki, Həsənova İradə Şükür qızı 3000 ABŞ dolları pulu bankdan almışdır.
Məhkəmə kollegiyası apellyasiya şikayəti dəlilləri ilə mülki iş materiallarını
müqayisəli tədqiq edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları
qeyd edir:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə
əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,
məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya
müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək
hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin
zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar
nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun
iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz
hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın
tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə
və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar
adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə
əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi
başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün
cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən
çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu
öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra
edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və
öhdəliyin icrasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin
onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı
gecikdirməsi sayılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı
gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı
təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında
məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər
öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə
borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək
hüququna malikdirsə, onlar birgə borclulardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.2-ci maddəsinə əsasən birgə
öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 501-ci maddəsinə əsasən kreditor öz
arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik
tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.
6
Cavabdeh Əhmədova Şərqiyyə Şükür qızı tərəfindən verilmiş apellyasiya şikayətinin
əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual
hüquq normaları düzgün tədqiq edilməmişdir.
Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir
ki, cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdehin bağlanmış
kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra
etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də
tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit
borcu, faiz və cərimə borcu) icra etməlidir.
Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mübahisəli
inzibati işin həlli zamanı maddi və prosessual hüquq normaları mübahisəyə münasibətdə
düzgün təfsir edilmədiyini göstərsə də, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə
deyil, mülki işə baxılaraq qətnamə qəbul edilmişdir. Bu isə cavabdeh tərəfindən verilmiş
apellyasiya şikayətinin formal xarakter daşıdığını təsdiqləyir. İş materiallarına əlavə
edilmiş (mülki iş materialları səh. 12) CC/26910/39/26 nömrəli, 07.04.2014-cü il tarixli
kredit müqviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik faiz dərəcəsi 25,90 %
olmaqla 24 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin həmin
müqavilənin şərtlərini yerinə yetirməyən cavabdehin bank qarşısında öhdəlikləri
yaranmışdır. Cavabdehin bank qarşısında öhdəlikləri yaranması iş materiallarına əlavə
edilmiş (mülki iş materialları səh. 5) maliyyə arayışında da öz təsdiqini taparaq, cavabdehin
27.12.2015-ci il tarixə banka 2281,61 ABŞ dolları məbləğində əsas kredit borcunun,
738,23 ABŞ dolları faiz borcu olduğunu bir daha təsdiqləyərək, birinci instansiya
məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuni və əsaslı olduğunu, həmin
qətnamədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyi anlamına
gəlir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd etsə də, apellyasiya
şikayətində birinci instansiya məhkəməsi tərəfindən konkret olaraq hansı maddi və
prosessual hüquq normalaraının pozulduğunu göstərməmiş, məhkəmə iclasının yeri və
vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına
baxmayaraq nə birinci instansiya məhkəməsi iclasına, nədə ki, apellyasiya instansiya
məhkəməsinin iclasına gəlməmiş, nə birinci instansiya məhkəməsi əmrinə etiraz ərizəsinin
(mülki iş materialları səh. 31) dəlilləri ilə bağlı nə dəki, apellyasiya şikayətinin dəlilləri ilə
bağlı heç bir sübut təqdim etməmişdir. Bu isə apellyasiya şikayətinin verilməsinin
pozulması ehtimal olunan hüquq və maraqlarla bağlı olmadığını, əksinə birinci instansiya
məhkəməsinin qanuni və əsaslı qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin gecikdirilməsi
xarakteri daşıyır. Bu isə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə
yolverilməz hal hesab edilir.
Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə
etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin
sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz
qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki
Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
Məhkəmə kollegiyası qeyd edilən maddi və prosessual hüquq normalarını və tərəflər
arasında bağlanmış müqaviləni müqayisəli təhlil edib apellyasiya şikayətinin qeyd edilən
7
dəlilinə hüquqi qiymət verərək hesab edir ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin
şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin
vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Belə ki, iddiaçı
müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulan kredit məbləğini
cavabdehə ödəmişdir. Cavabdehlər isə müqavilədə nəzərdə tutulan öhdəliyi lazımınca
yerinə yetirməmişlər.
Beləliklə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki,
apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və
Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28 sentyabr 2016-cı il tarixli
qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində
nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən
qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə
görə ləğv edilə bilməz.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2,
392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh Əhmədova Şərqiyyə Şükür qızı tərəfindən verilmiş apellyasiya şikayəti
təmin edilməsin.
Şirvan Şəhər Məhkəməsinin 2(032)488/2016 saylı 28 sentyabr 2016-cı il tarixli
qətnaməsi cavabdeh Əhmədova Şərqiyyə Şükür qızı tərəfindən verilmiş apellyasiya
şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində
Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə
kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul
edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:
imza var.
Hakimlər:
imzalar var.
Əsli ilə düzdür,
Sədrlik edən
Tofiq Heydərov
8
Sədrlik edən:
Tofiq Heydərov
Hakimlər:
Nüsrət Mirzəyev
Vüsal Cəbrayılov
Dostları ilə paylaş: |