Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİNİn kollegiyasi qərar


Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət



Yüklə 0,57 Mb.
səhifə3/6
tarix05.02.2018
ölçüsü0,57 Mb.
#24900
növüQaydalar
1   2   3   4   5   6

10. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət

edilməsində fiziki qüvvənin, xüsusi vasitələrin, silahın tətbiq

olunmasının əsasları və qaydaları

 

10.1. MSY-nin mühafizə xidmətləri, müşayiət dəstələri və bu sahəyə cəlb olunan polis orqanlarının digər əməkdaşları tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və silah yalnız «Polis haqqında» və «Həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.



10.2. Fiziki qüvvə, xüsusi vasitələr, odlu silah tətbiq edilərkən aşağıdakı şərtlərə riayət edilməlidir:

10.2.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, başqa təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən, eləcə də onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;

10.2.2. qrup halında və ya odlu silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr və ya odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqları olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;

10.2.3. xüsusi vasitələr və ya odlu silah yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;

10.2.4. fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;

10.2.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;

10.2.6. odlu silah tətbiq edilməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, yaxud hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən və ya təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər);

10.2.7. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.

10.3. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. MSY-nin əməkdaşları tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda MSY-nin rəisi (polis orqanının rəisi) bu barədə dərhal Daxili İşlər Nazirliyinə, odlu silahın tətbiq edilməsi barədə isə habelə prokurorluq orqanlarına yazılı məlumat verməli və hadisə yerinin dəyişilməmiş saxlanılmasını təmin etməlidir.

10.4. MSY-nin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiq edildiyi hər bir halda Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitənin və ya odlu silahın tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır.

10.5. MSY əməkdaşlarının öz səlahiyyət həddini aşaraq fiziki qüvvə, xüsusi vasitələr, odlu silah tətbiq etməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

10.6. Hazırlanan və ya törədilən cinayətin və ya digər hüquq pozuntularının qarşısını almaq, habelə MSY-nin əməkdaşlarının qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün, bunların başqa üsullarla təmin edilməsi mümkün olmadıqda fiziki qüvvə tətbiq edilə bilər.

10.7. Xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilir:

10.7.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-nin işçilərinin və ya digər şəxslərin həyatına və sağlamlığına real təhlükə yaradan hücumlarını dəf etmək üçün;[1]

10.7.2. kütləvi iğtişaşların, MSY-də saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını almaq üçün;

10.7.3. MSY-nin və saxlama yerində qaydanın təmin olunması işinə cəlb olunmuş əməkdaşların qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən tutulmuş və ya həbs edilmiş şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün;

10.7.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün;

10.7.5. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-dən qaçması cəhdinin qarşısını almaq üçün;

10.7.6. tutulmuş və ya həbs edilmiş şəxsin özünə və ətrafdakılara zərər yetirmək cəhdinin qarşısını almaq üçün.

10.8. Tutulmuş və ya həbs edilmiş şəxslərə aşağıdakı xüsusi vasitələr tətbiq olunur:

10.8.1. rezin dəyənəklər - bu Təlimatın 10.7.1-10.7.6-cı bəndlərində göstərilən hallarda;

10.8.2. əl qandalları - bu Təlimatın 10.7.3-cü, 10.7.5-ci və 10.7.6-cı bəndlərində göstərilən hallarda;

10.8.3. yayındırıcı təsir göstərən işıq-səs vasitələri - bu Təlimatın 10.7.1 - 10.7.4-cü və 10.7.6-cı bəndlərində göstərilən hallarda;

10.8.4. maneədağıdan vasitələr - bu Təlimatın 10.7.4-cü bəndində göstərilən hallarda;

10.8.5. suvuranlar və zirehli maşınlar - bu Təlimatın 10.7.2-ci və 10.7.4-cü bəndlərində göstərilən hallarda;

10.8.6. xidməti itlər - bu Təlimatın 10.7.1 - 10.7.6-cı bəndlərində göstərilən hallarda;

10.8.7. gözyaşardıcı qaz - bu Təlimatın 10.7.1 - 10.7.6-cı bəndlərində göstərilən hallarda;

10.8.8. elektroşok vasitələri - bu Təlimatın 10.7.1-ci, 10.7.2-ci və 10.7.5-ci bəndlərində göstərilən hallarda.[2]

10.9. MSY-də odlu silah müstəsna tədbir kimi zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısı alınarkən aşağıdakı hallarda tətbiq edilir:

10.9.1. MSY-nin əməkdaşlarını, tutulmuş və ya həbs edilmiş şəxsləri, ətrafdakı şəxsləri həyat və sağlamlığa təhlükə yaradan basqından müdafiə etmək üçün;

10.9.2. həyatına və sağlamlığına təhlükə yarandıqda və bu təhlükənin başqa vasitələrlə aradan qaldırılması mümkün olmadıqda, girov saxlanılan şəxsləri azad etmək üçün;

10.9.3. MSY-nin binalarına, qurğularına və ya nəqliyyat vasitələrinə edilən silahlı hücumları dəf etmək üçün;

10.9.4. silahlı müqavimət göstərən, silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edərək MSY-nin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin, ətrafdakı şəxslərin həyat və sağlamlığına təhlükə yaradan silahlı şəxsin tutulub saxlanılması üçün;

10.9.5. tutulmuş və ya həbs edilmiş şəxsin MSY-dən və ya müşayiət altından qaçmasının qarşısının başqa vasitələrlə alınması mümkün olmadıqda, bu qaçışın qarşısının alınması üçün;

10.9.6. MSY-nin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin, ətrafdakı şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;

10.9.7. tutulmuş, həbs edilmiş və ya digər şəxslər tərəfindən odlu silahın ələ keçirilməsinin qarşısını almaq üçün;

10.9.8. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.

 

11. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət



edilmə xidmətinin təşkili və idarə olunması üzrə vəzifəli

şəxslərin funksiyaları

 

11.1. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Baş Polis idarələrinin, polis idarələrinin rəisləri, rəis müavinləri tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətini təşkil edirlər. Bu sahədə onların vəzifələri aşağıdakılardır:



11.1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət dəstəsini komplektləşdirmək, onların peşə və fiziki hazırlığının lazımi səviyyədə olmasını təmin etmək və insan hüquqlarının qorunmasına, qanunçuluğa riayət olunmasına yönəltmək;

11.1.2. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin etibarlılığının yüksəldilməsi üçün qabaqcıl təcrübədən, elm və texnikanın nailiyyətlərindən istifadə etmək, xidmətə rəhbərliyin forma və üsullarını təkmilləşdirmək;

11.1.3. qaçma hadisələrinin qarşısının alınması məqsədilə MSY-nin texniki möhkəmləndirilməsinə və müşayiət xidmətinin maddi-texniki təchizatı məsələlərinə daim diqqət yetirmək;

11.1.4. fövqəladə hadisələr zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini gücləndirmək məqsədilə qüvvə və vasitələrin vaxtında yerləşdirilməsini təşkil etmək;

11.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiət olunması üzrə məsələlərin həllində ictimai təhlükəsizlik, əməliyyat, istintaq xidmətləri ilə qarşılıqlı əlaqələri daim təmin etmək;

11.1.6. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunmasında iştirak edən mövcud qüvvə və vasitələrin düzgün yerləşdirilməsinə, onlardan səmərəli istifadə olunmasına, həmçinin naryadların xidmətinə, qanunçuluğa və nizam-intizama riayət olunmasına şəxsən gündəlik nəzarət etmək;

11.1.7. MSY-nin fəaliyyətini təhlil edərək, onun təkmilləşdirilməsinə dair tədbirlər işləyib hazırlamaq;

11.1.8. MSY-nin inşası və yenidən qurulması, xüsusi avtomobillərlə, müasir mühafizə və rabitə vasitələri ilə təchiz edilməsi barədə DİN-in rəhbərliyinə təkliflər vermək;

11.1.9. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi, saxlanılması və müşayiət olunması məsələlərində polis orqanları, habelə aidiyyəti təşkilatlarla qarşılıqlı əlaqə yaratmaq.

11.2. Polis orqanının rəisi və onun xidmət üzrə müavini (ictimai təhlükəsizlik şöbə və bölmə rəisi) tabelikdəki müvəqqəti saxlama yerlərinin işinin təşkilinə görə şəxsən məsuliyyət daşıyır və öz səlahiyyətləri daxilində aşağıdakıları təmin edirlər:

11.2.1. MSY-nin mühafizəsi üzrə naryadların təşkilinə, təlimatlandırmanın keçirilməsinə və xidmətin aparılmasına nəzarət etmək, mühafizə vəziyyətini gündəlik yoxlamaq;

11.2.2. MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin müvafiq qanunvericiliklə müəyyən olunmuş hüquqlarını təmin etmək;

11.2.3. daxil olmuş tələbnamələrə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunması barədə qərar qəbul etmək, fövqəladə hadisələr və xüsusi şərait zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini gücləndirmək məqsədilə mövcud qüvvə və vasitələrin yerdəyişməsini həyata keçirmək;

11.2.4. MSY-nin saxlanılma şəraitinin tələb olunan standartlara uyğunlaşdırılması məqsədilə maddi-texniki təchizat üzrə məsələləri həll etmək;

11.2.5. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiət məsələlərinin həllində polis orqanlarının başqa xidmətləri, məhkəmə, ədliyyə və prokurorluq orqanları ilə qarşılıqlı əlaqəni təşkil etmək;

11.2.6. MSY-nin əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə xidməti siniflərin lazımi tədris vəsaitləri ilə təchiz olunmasını təmin etmək, xidməti, döyüş və fiziki hazırlıq üzrə ayrı-ayrı məşğələlər keçirmək, qanunçuluğa və nizam-intizama ciddi riayət olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına, xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə yönəltmək, tabelikdə olanlar üçün normal məişət şəraiti yaratmaq;

11.2.7. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət naryadlarının, texniki və nəqliyyat vasitələrinin təyinatları üzrə istifadə olunmalarına, həmçinin silahların saxlanılma və verilmə qaydalarına riayət edilməsinə nəzarət etmək, müntəzəm olaraq MSY-nin avadanlıqlarının, xüsusi avtomobillərin, rabitə və siqnalizasiya vasitələrinin vəziyyətini yoxlamaq, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirmək;

11.2.8. MSY-nin işinin uçotunun aparılmasını, təhlil edilməsini, görülmüş işlərin nəticələrinin hər ay ümumiləşdirilməsini, əməliyyat müşavirələrində müzakirələrini, yol verilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;

11.2.9. fövqəladə hadisələrin qarşısının alınması üzrə gündəlik iş aparmaq, tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət edilməsinin təşkilini və ona rəhbərliyi təkmilləşdirmək, şəxsi heyətin sayıqlığını yüksəltmək, qaçma halları baxımından MSY-nin möhkəmləndirilməsi üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;

11.2.10. tutulmuş və ya həbs edilmiş şəxslər arasında qaçmaq, basqın etmək niyyətində olan şəxslərin vaxtında aşkar edilməsi üçün əməliyyat tədbirlərini həyata keçirmək.

11.3. Polis orqanlarının ictimai təhlükəsizlik xidmətinin rəisləri bu Təlimatın 11.2.2-11.2.9-c bəndlərində nəzərdə tutulmuş vəzifələrindən əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirirlər:

11.3.1. tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılmasına və müşayiət olunmasına dair DİN-in əmr və göstərişlərinin icra olunmasını təşkil etmək;

11.3.2. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin, bu xidmətdə istifadə olunan qüvvə və vasitələrin yerləşdirilməsinin, istifadə olunmasının vəziyyəti barədə məlumat toplayıb təhlil etmək, əldə etdiyi nəticələri, nöqsanların aradan qaldırılması barədə təklifləri orqan rəhbərinə məruzə etmək;

11.3.3. polis orqanının iş planına əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin təşkilinə yönəldilmiş tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;

11.3.4. rəhbərliyin göstərişinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin və müşayiət olunmasının təşkilini və yoxlanılmasını həyata keçirmək.

11.4. MSY-nin rəisi polis orqanının rəisinə və xidmət üzrə rəis müavininə tabedir. MSY-nin rəisi tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini təşkil edir, qanunla nəzərdə tutulmuş saxlanılma şəraitini təmin edir, MSY-də xidmətin aparılmasına rəhbərlik edir. MSY-nin rəisi aşağıdakıları yerinə yetirməlidir:

11.4.1. naryadları xidmətə hazırlamaq, qüvvə və vasitələri orqan rəisinin qərarına əsasən yerləşdirmək;

11.4.2. qarşıya qoyulmuş vəzifələrin tabelikdəkilər tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;

11.4.3. avadanlıqların, texniki vasitələrin işlək vəziyyətdə saxlanılması məqsədilə müvəqqəti saxlama yerinin kamera və xidməti-təsərrüfat otaqlarına gündəlik baxış keçirmək;

11.4.4. MSY-nin təmiri, mühafizə və həyəcan siqnalizasiyası, rabitənin təkmilləşdirilməsi, həmçinin tutulmuş və ya həbs edilmiş şəxslərin maddi-məişət və tibbi təminat məsələləri ilə bağlı vaxtında təkliflər vermək;

11.4.5. fövqəladə hadisələr zamanı bu Təlimatın 8.8-ci, 8.10-cu, 8.12-ci, 8.14-cü, 8.18-ci və 8.21-ci bəndlərində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;

11.4.6. tutulmuş və ya həbs edilmiş şəxslərin müəyyən edilmiş normalara müvafiq olaraq yeməklə təmin olunmasını təşkil etmək;

11.4.7. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də qəbulu, tibbi müayinədən keçirilməsi, kameralara yerləşdirilməsi, həmçinin MSY-dən azad edilməsi və ya başqa yerə göndərilməsi işini təşkil etmək, MSY-də saxlama müddətinə riayət olunmasını təmin etmək;

11.4.8. həbs edilmiş şəxsin müvəqqəti saxlama yerində saxlanılma müddətinin başa çatmasına 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;

11.4.9. tutulmuş və ya həbs edilmiş qadın yanında olan 3 yaşınadək uşağına qayğı göstərmədikdə uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaq müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmaq;

11.4.10. tutulmuş və ya həbs edilmiş şəxslərin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təşkil etmək;

11.4.11. eyni cinayət işi və ya əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən tutulmuş və ya həbs edilmiş şəxslərin ayrılıqda saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin digər tutulmuş və ya həbs edilmiş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə tutulmuş və ya həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişlərini yerinə yetirmək;

11.4.12. tutulmuş və ya həbs edilmiş şəxslərin prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək;

11.4.13. cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslərin iştirakı ilə MSY-də prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;

11.4.14. fövqəladə hadisələrin, qanun və xidməti intizam pozuntularının qarşısının alınması məqsədilə profilaktik tədbirlər görmək;

11.4.15. naryadlar tərəfindən MSY-nin işini tənzimləyən normativ hüquqi aktların tələblərinin, MSY-də saxlanılan şəxslərin saxlanılma şəraitinin öyrənilməsinə və dəqiq yerinə yetirilməsinə nail olmaq;

11.4.16. əməkdaşları qanunçuluğa və nizam-intizama ciddi riayət olunması ruhunda tərbiyə etmək, tabelikdəkilərin fərdi xüsusiyyətlərini öyrənmək, ehtiyaclarına diqqət yetirmək, fəaliyyətlərini qiymətləndirmək, onlara məzuniyyət və istirahət günlərinin verilməsini tənzimləmək;

11.4.17. şəxsən növbətçi naryadla birlikdə tutulmuş və ya həbs edilmiş şəxslərin gündəlik gəzintisini təşkil etmək, MSY-nin bütün qapılarının bağlı olmasına nəzarət etmək;

11.4.18. müşayiət olunma ilə bağlı sənədləri hazırlamaq, müşayiət olunanların dəyişdirmə məntəqələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboruna təhvil verilməsində şəxsən iştirak etmək, həmçinin xüsusi avtomobillərdə şəhər (rayon) hüdudlarından kənara müşayiət olunarkən polis orqanından ayrılmış müşayiət dəstəsinin rəisinin vəzifələrini icra etmək;

11.4.19. MSY-nin bütün xidməti sənədlərini, tutulmuş və ya həbs edilmiş şəxslərin şəxsi işlərini vaxtında, tam və dolğun tərtib etmək;

11.4.20. daxili intizam qaydaları ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək.

11.5. Polisin müşayiət dəstəsinin bölmə (manqa) komandiri tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət olunması üzrə əməkdaşların fəaliyyətinə bilavasitə rəhbərlik edir. Xidmətin aparılmasının keyfiyyətinə, tabelikdə olanların peşə hazırlığına, nizam-intizama və onlar tərəfindən qanunçuluğa riayət olunmasına görə məsuliyyət daşıyır. Onun vəzifələri aşağıdakılardan ibarətdir:

11.5.1. tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilmə və mühafizə şəraitini öyrənmək, bu vəzifələrin yerinə yetirilməsi üsullarını müəyyən etmək, müşayiət dəstəsinin marşrut hərəkətlərini və marşrut cədvəllərini işləyib hazırlamaq, qaçma və digər hadisələr baş verdiyi zaman görüləcək tədbirləri müəyyən etmək və bu barədə öz təkliflərini birbaşa rəisinə məruzə etmək;

11.5.2. şəxsi heyəti xidmətə hazırlamaq, müşayiət edilmə barədə qərara müvafiq qüvvə və vasitələrin yerləşdirilməsini həyata keçirmək;

11.5.3. naryadların öz vəzifələrini yerinə yetirmələrini yoxlamaq, aşkar edilmiş nöqsanları yerində aradan qaldırmaq;

11.5.4. müşayiət dəstəsi tərəfindən texniki və nəqliyyat vasitələrinin saxlanılmasına və düzgün istifadəsinə nəzarət etmək, silahları, rabitə və siqnalizasiya vasitələrini gündəlik yoxlamaq, hər dəfə müşayiət marşrutlarına çıxmazdan əvvəl xüsusi təyinatlı avtomobilin vəziyyətinin yoxlanılmasını təmin etmək;

11.5.5. şəxsi heyət ilə xidməti, döyüş və fiziki hazırlıq məşğələləri keçirmək, əməkdaşları qanunçuluğa və nizam-intizama ciddi riayət olunması ruhunda tərbiyə etmək, polis nəfərlərinin şəxsi keyfiyyətlərini bilmək və onların ehtiyaclarına bələd olmaq, istirahət günlərinin verilməsini tənzimləmək, işin nəticələrini ümumiləşdirmək.

 

12. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət

xidmətinin aparılmasına nəzarətin təşkili

 

12.1. Nəzarətin təşkili zamanı aşağıdakılar müəyyən edilir:



12.1.1. yoxlamanın vaxtı, yeri (konkret olaraq MSY, müşayiət marşrutları, məhkəmə binası, dəyişdirmə məntəqəsi ) və məqsədi;

12.1.2. yoxlamanın üsulları;

12.1.3. yoxlayıcı qrupun üzvləri, onların vəzifələri;

12.1.4. yoxlayıcıların təlimatlandırılması, yoxlamanın nəticələrinin sənədləşdirilməsi və məruzə edilməsi qaydaları.

12.2. Yoxlama zamanı aşağıdakılara diqqət yetirilir:

12.2.1. qəbul edilmiş qərarın düzgünlüyü və məqsədəmüvafiqliyi, şəxsi heyətin yerləşdirilməsi, nəqliyyat və texniki vasitələrdən istifadə olunması;

12.2.2. MSY-də avadanlıqlarının və xüsusi avtomobillərin vəziyyəti;

12.2.3. naryadın xidmətə hazırlığı, təminatı, polis əməkdaşlarının xarici görkəmi, onların funksional vəzifələrini, bu Təlimatın tələblərini, həmçinin fövqəladə hadisə baş verdikdə necə hərəkət etmələrini bilmələri;

12.2.4. qarşıya qoyulmuş vəzifələrin (tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması, mühafizəsi və müşayiət edilməsi qaydalarına riayət olunması, post xidmətçilərinin və müşayiətçilərin sayıqlığı, müşayiət olunanların vaxtında təyinat yerinə çatdırılması) icrasının təmin edilməsi;

12.2.5. qanunçuluğa riayət olunması;

12.2.6. MSY-nin texniki və sanitar vəziyyəti;

12.2.7. xidməti sənədlərin aparılması.

12.3. MSY-də yoxlamalar yalnız MSY-nin (polis orqanının) növbətçisinin iştirakı ilə aparılır.

12.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət edilmə xidmətinə nəzarəti aşağıdakılar həyata keçirir:

12.4.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan MR-in DİN, Bakı, Gəncə şəhər və Nəqliyyatda Baş Polis idarələri tabelikdə olan orqanlar yoxlanıldıqda;

12.4.2. idarə, şöbə rəisləri həftədə ən azı 1 dəfə;

12.4.3. rəis müavinləri həftədə ən azı 3 dəfə;

12.4.4. ictimai təhlükəsizlik şöbələrinin (bölmələrinin) rəisləri hər gün;

12.4.5. MSY-nin rəisi hər növbə ərzində ən azı 3 dəfə.

12.5. Yoxlama zamanı MSY-də saxlanılan şəxslərlə sorğu aparılaraq, onların hüquqlarının təmin olunması üçün lazımi tədbirlər görülür, habelə onların insan ləyaqətinə hörmət və humanizm prinsipləri əsasında saxlanılmasına ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.

12.6. Mühafizə və müşayiət xidmətinin təşkili, aparılması sərəncamla və ya birbaşa rəislər tərəfindən səlahiyyət verilmiş şəxslər tərəfindən yoxlanılır.

12.7. Yoxlamaların konkret icraçılar tərəfindən mütəmadi keçirilməsi DİN-in, BPİ-nin, idarə və şöbələrin iş planlarına, eləcə də səlahiyyətli şəxsin göstərişinə əsasən həyata keçirilir.

12.8. Polis orqanının rəisi tərəfindən xidmətin aparılmasına nəzarət MSY-də əsasən gecə vaxtı, müşayiət marşrutlarında isə bilavasitə marşrutlarda həyata keçirilir. Bu zaman şəxsi axtarış və baxışın keçirilməsi vacibdir.

12.9. Naryadların xidmət aparmalarına nəzarət aşkar və gizli yolla həyata keçirilir.

12.10. Mühafizəçi (müşayiətçi) yoxlayıcını şəxsən üzdən tanımadıqda, şəxsin yanında polis orqanının növbətçisi olmadıqda o, yoxlayıcıdan şəxsi vəsiqəsini və ya MSY-ni yoxlamaq hüququ verən sənədi təqdim etməyi tələb edir, bundan sonra özünü təqdim edir. Yoxlayıcılar iki nəfər olduqda, post xidmətçisi (müşayiətçi) özünü vəzifəcə, eyni vəzifədə olduqları təqdirdə isə rütbəcə böyük olana təqdim edir.

12.11. Yoxlayıcının tələbi ilə mühafizəçi (müşayiətçi) tutulmuş və ya həbs edilmiş şəxsləri nəzarətsiz qoymadan vəziyyəti məruzə edərək suallara cavab verir. Mühafizəçi (müşayiətçi) xidməti yerində olmadıqda, yoxlayıcı bu barədə dərhal polis orqanının rəisinə məlumat verir, bunun səbəblərini araşdırmaqla, saxlanılan (müşayiət edilən) şəxslərin mühafizəsini təmin edir.

12.12. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətini yoxlayan şəxslər xidmətin aparılmasına qərəzsiz qiymət verməyə, yaranmış şəraiti öyrənməyə, naryada lazımi yardım etməyə borcludur.

12.13. Xidmətin təşkilində və aparılmasında nöqsanlar aşkar edildikdə yoxlayıcı çatışmazlıqların aradan qaldırılması üçün pozuntulara yol vermiş əməkdaşların ehtiyat mühafizəçi (müşayiətçi) ilə əvəz edilməsinə qədər lazımi tədbirlər görür.

12.14. Aşkar yoxlamanın nəticələrinə dair naryadın post cədvəlində, «Müvəqqəti saxlama yerlərində yoxlamanı icra edən şəxslərin qeydləri və təklifləri kitabı»nda, əməkdaşların xidməti kitabçalarında qeydlər aparılır. Gizli yoxlamanın nəticələri yoxlamanı təyin etmiş polis orqanının rəisinə yazılı raportla məruzə edilir.

12.15. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətinin təşkili və aparılmasının nəticələri mütəmadi olaraq şəxsi heyətin iştirakı ilə polis orqanının əməliyyat müşavirəsində müzakirə olunur.

12.16. MSY-də ölümlə nəticələnən, saxlama yerindən və müşayiət altından qaçma hadisələri ilə bağlı xidməti təhqiqat Daxili İşlər Nazirliyi tərəfindən aparılır.

12.17. MSY-də saxlanılan şəxslər tərəfindən daxili intizam qaydalarının pozulması ilə bağlı xidməti təhqiqat 10 gün ərzində polis orqanının xidmət üzrə rəis müavini (o olmadıqda ictimai təhlükəsizlik xidmətinin rəisi) tərəfindən aparılır, polis orqanının rəisi tərəfindən təsdiq edilmiş rəyin (əmrin) surəti xidməti təhqiqat başa çatdıqdan sonra 5 gün ərzində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə göndərilir.

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə