AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ
1
Bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan
və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin
yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə
münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə
vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını
tənzimləyən normaları müəyyən edir.
Birinci bölmə
Ümumi müddəalar
1-ci fəsil
Ailə qanunvericiliyi
Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları
1.1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər
müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq
qanunla mühafizə edilir.
1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə
münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin
işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı
yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin
olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan
tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti
orqanında bağlanmış nikah tanınır.
1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa
müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların
təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm
haqqında sənədlərə aid deyildir.
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən
münasibətlər
2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə)
nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və
şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə
qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər
arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə
valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını
müəyyən edir.
2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-
arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması,
uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik
yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin
müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti
orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil
mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması
qadağandır.
2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının,
hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki
hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər.
Maddə 3. Bu Məcəllənin vəzifələri
3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə
üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət
hissləri əsasında qurulması;
3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət
ruhunda tərbiyə edilməsi;
3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt
həyatının təmin edilməsi;
3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.
Maddə 4. Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi
Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi
ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin
ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.
Maddə 5. Ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ailə
münasibətlərinə analogiya üzrə tətbiqi
Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər
arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən
mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və
oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu
normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və