73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul
edildikdə;
73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq
normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən
olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana
qiymətləndirmə azadlığı verildikdə;
73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri
olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə
araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların
yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda
məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın
yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin
diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və
ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata
keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
Maddə 75. Məhkəmə qərarının elan olunması və təqdim edilməsi
75.1. Məhkəmə qərarının nəticəvi hissəsi, bir qayda olaraq, şifahi məhkəmə
baxışının qurtardığı gün elan edilir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə
qərarının nəticəvi hissəsi, şifahi məhkəmə baxışının qurtardığı gün məhkəmə
tərəfindən müəyyən edilən başqa gündə, lakin 10 gündən gec olmayaraq elan edilə
bilər. Qərarın elan edilən nəticəvi hissəsi yazılı formada tərtib olunur və işə baxan
hakim, işə kollegial qaydada baxıldıqda isə, məhkəmə tərkibinə daxil olan hakimlərdən
hər biri tərəfindən imzalanır.
75.2. Yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu
vaxtdan 15 gündən gec olmayaraq tərtib olunaraq məhkəmənin dəftərxanasına
verilməlidir.
75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş
qaydada proses iştirakçılarına təqdim edilir. 75.4. Bu Məcəllənin 85.1-ci maddəsində
nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən
şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30
gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi
haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Maddə 76. Məhkəmə qərarının mətnində məhkəmənin düzəliş etmək vəzifəsi
76.1. Məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini
və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur.
76.2. Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul
edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
76.3. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq
qeyd aparılmalıdır.
Maddə 77. Ərizə əsasında məhkəmə qərarının mətnində düzəliş edilməsi
77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə,
məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar
olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses
iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.
77.2. Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad
qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz.
77.3. Qərardad yalnız məhkəmə qərarının qəbul edilməsində iştirak etmiş
hakimlər (hakim) tərəfindən qəbul edilir. Hakimlərdən birinin səsvermədə iştirak
etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik
edən hakimin səsi həlledici sayılır.
77.4. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq
qeyd aparılmalıdır.
Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri
Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses
iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
Maddə 79. Məhkəmə qərarının icra olunması
79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.
79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı
hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10
Maddə 80.
Məhkəmə qərardadları
80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən,
habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən
məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti
xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən
hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən
qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü,
76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da
şamil olunur.