İntellektual öLÇMƏ vasiTƏLƏRİ fənnindən mühüzirələr toplusu



Yüklə 0,5 Mb.
səhifə1/15
tarix24.12.2023
ölçüsü0,5 Mb.
#159863
  1   2   3   4   5   6   7   8   9   ...   15
İntellektual mühazirə


İNTELLEKTUAL ÖLÇMƏ VASİTƏLƏRİ
fənnindən mühüzirələr toplusu
Tərtib edən: “CM” kafedrasının
dosenti, t.e.n. Abbasov V.A.


Bakı- 2020
Mövzu 1. Öçmə vasitələrinin intellektuallaşdırılması
İntellektual ölçmə vasitələrinin funksional imkanları
İntellektual ölçmə vasitələrində mikroprosessorların (MP) və mikrokontrollerlərin (MK) tətbiq edilməsi ölçmə informasiyasının yığılması, çevrilməsi, ötürülməsi, yadda saxlanması və təqdim edilməsi, verilənlərin emalı və sıxılması, eləcə də mürəkkəb alqoritmlər üzrə dolayı ölçmə üsullarının praktiki realizasiyası nöqteyi-nəzərindən onların imkanlarını artırır.
Bu imkanların sırasına aşağıdakı funksiyaların icrası da daxildir [Цапенко М.П. Интеллектуальные функции измерительных информационных систем (ИИС) Приборы и системы управления. 1992, № 2 с.16-19.]:
- ölçmə nəticələrinin riyazi emalı – buraya dinamik parametrlərin hesablanması, maksimum və minimum qiymətlərin tapılması, təhrif olunmuş nəticələrin (sapmaların) ayrılması, nəticələrin rəqəm şəklində yadda saxlanması, xəttiləşdirmə, miqyaslama, funksional çevirmələr və s. aiddir;
- ölçmə prosesinin idarə edilməsi – buraya ölçmə vasitəsinin avtomatik dərəcələnməsi, ölçmə həddinin avtomatik seçilməsi, ölçmə proqramıının icrasına nəzarət edilməsi, sıfırın bərpa edilməsi və s. daxildir;
- mexaniki və əl əməliyyatlarının elektronika ilə əvəz edilməsi – buraya ölçmə hədlərinin dəyişdirilməsi, informasiya massivlərinin və operator üçün təlimatların təqdim edilməsi məqsədilə displeylərin istifadə olunması və s. aid edilə bilər;
- ölçmə siqnallarının strukturunun riyazi (proqram) təhlilinə əsaslanan ölçmə üsullarının icra edilməsi.
Müasir ölçmə vasitələrinin inkşafı yalnız sərt proqram üzrə fəaliyyət göstərmək deyil, həm də « əqli » imkanlarının hesabına icra ediən məsələlərin, məsələn, məntiq, qərar qəbuletmə kimi intellektual funksiyaları yerinə yetirməsi istiqamətinə yönəldilmişdir.
Ona görə də qeyd etmək olar ki, müasir ölçmə vasitələrinin fərqləndirici xüsusiyyəti onların intellektuallığı, yəni ölçmə cihazları və sistemlərinin insana xas olan yeni imkanlarının yaranmasıdır.
Ölçmə vasitələrinin intellektuallaşdırılması mikroprosessorların və mikrokontrollerlərin meydana çıxması ilə daha çox inkişaf etmişdir.
Mikrokontroller bir və ya bir neçə mikroprosessorlu böyük inteqral sxem (BİS) üzərində qurulmuş idarəetmə qurğusudur. Bəzən onları qısaca olaraq kontrollerlər də adlandırırlar. Proqramlaşdırılan və proqramlaşdırılmayan mikrokontrollerlər vardır. Ölçmə cihazının daxilinə quraşdırılmış mikrokontroller-mikroprosessor komplekti əsasında, funksional blok şəklində, plata üzərində hazırlanır. Nəticə etibarı ilə mikrokontroller müstəqil işləyə bilməyən, yalnız cihaz daxilində fəaliyyət göstərə bilən, qida mənbəyi, gövdəsi, idərəetmə pultu olmayan mikrokompüterdir. Ölçmə sistemləri üçün mikroprosessor komplekti əsasında, konstruktiv olaraq bitmiş, avtonom qurğu kimi də kontrollerlər istehsal olunur.
İntellektual ölçmə vasitələrində həll edilən metroloji məsələlər
İntellektual ölçmə vasitələrində aşağıdakı metroloji məsələlər həll edilir:
1. Ölçmə prosesində verilənlərin emalına sərf olunan müddət ərzində yaranan xətaların qiymətləndirilməsi.
2. Ölçmə informasiyasının analoq-rəqəm çevirmələri nəticəsində yaranan xətaların təyin edilməsi və nəzərə alınması.
3. Çıxış siqnallarının xətalarını nəzərə almaqla ölçülən kəmiyyəti bərpa etmə xətasının hesablanması.
4.Ölçmə dəqiqliyinin artırılması məqsədi ilə obyekt haqqında yığılmış aprior informasiyadan istifadə edilməsi.
5. Ölçmə vasitəsinin özünüyoxlaması (özünükalibrləməsi).
İtellektual ölçmə vasitələrinin yaradılmasının iki istiqaməti daha çox yayilmışdır:

  • daxilində hesablama vasitəsi – bir qayda olaraq MP və MK yerləşdirilmiş ölçmə vasitələrinin yaradılması;

  • adi ölçmə vasitələrinin uyğun kompüterlə əlaqələndirilməsi və bu əsasda daxili ekspert sistemli (ES) süni intellekt sistemlərinin yaradılması.

Ekspert sistemi müəyyən sahədə yaranan məsələləri həll etək üçün həmin sahə üzrə olan məhdud biliklərindən istifadə edən süni intellekt sistemidir.
Kütləvi ölçmələrin yerinə yetirilməsi tələbatı ölçmə vasitələrinin avtomatlaşdırılması və onların funksional imkanlarının genişləndirilməsi zərurətinə gətirib çıxardı.
Bu məqsədlə ölçmə vasitələri daxilinə MP və MK-ların yerləşdirilməsi həm də ölçmə informasiyasının yadda saxlanılması və təqdim edilməsi, verilənlərin emalı və sıxılması və eləcə də mürəkkəb alqoritmlərin realizasiyası nöqteyi-nəzərindən də onların imkanlarını genişləndirir.
İntellektual ölçmə vastələrini xarakterizə edən əsas xüsusiyyətləri
Beləliklə, intellektual ölçmə vastələrini xarakterizə edən əsas xüsusiyyətlər və imkanlar aşağıda qeyd edilmişdir [[Соболев В.С. Актуальные вопросы развития теории интеллектуальных измерительных систем. – Приборы и системы управления, 1989, № 3, с. 16-19.]:

  1. Ölçmə obyekti, prosesi və ya kəmiyyəti haqqında əldə olan aprior informasiyanı nəzərə alması və ondan istifadə etməsi;

  2. Təqdim edilən obyekti, prosesi və ya fiziki kəmiyyəti öncədən təsnifatlandırması (modelini dəqiqləşdirməsi) və adekvat olçmə alqoritmi və ona uyğun ölçmə vasitələrini seçməsi;

  3. İdentifikasiya olunmuş modellər sinfi əsasında obyektin və ya prosesin ölçmə nəticələrinin verilmiş keyfiyyət göstəricilərinin optimallaşdırılması yolu ilə ölçmə ekspermentini öncədən avtomatik planlaşdırması;

  4. Seçilmiş ölçmə kanalının (ÖK) avtomatik olaraq özünüyoxlaması və özünükalibirləməsi;

  5. Eksperment şəraitinin və girişə olan təsirlərin mümkün dəyişmələrinə seçilmiş ölçmə alqoritminin parametrik adaptasiyası;

  6. Özünüöyrətmə qabiliyyəti, yəni yeni biliklər əldə edərək, onlarla məxsusi biliklər bazasını (BB) zənginləşdirməsi və özünün işləmə alqoritmini təyin edərkən onlardan aktiv istifadə etməsi;

  7. Ölçmə eksperimentinin gedişinə nəzarət etməyə və lazım gəldikdə ona müdaxilə etməyə, alınmış nəticələri xaric etməyə imkan verən “İÖV - insan” intellektual dialoq interfeysinin mövcud olması;

  8. Ölçmə nəticələrinin xətalarının və doğruluğunun qiymətləndirilməsi və bəzi

hallarda ölçmə nəticələrinionların əsasında qəbul edilməsi lazım gələn qərarlarla (ölçmə nəticələrinin korreksiyası, xəttiləşdirmə və s.) birlikdə yığcam və operatorun asan qəbul edə bildiyi şəkildə təqdim olunması.
Nəticə olaraq, müasir dövrdə İÖV tərkibində intellektual kompüter olan və aprior və cari informasiyanı qəbul edərək, istifadə edə bilən kifayət qədər inkişaf etmiş cihaz periferiyası olan (bb. 1; 2; 5); öz fəaliyyətini planlaşdıran qərarlar qəbul edən (bb. 2; 3; 5; 8); özünün iş qabiliyyətinə nəzarət edən (b. 4); özünüöyrədən (b. 6); insan-operatorla dialoq yaradan (bb.7, 8) ölçmə texnikası vasitəsi kimi xarakterizə edilir.
Qeyd etmək lazımdır ki, göstərilən funksiyaların əksəriyyətini icra edən intellektual ölçmə vasitələri intellektuallaşdırmanın yüksək səviyyəsinə aid edilə bilər. Hər halda, yalnız belə yüksək səviyyəli intellektuallığa malik olan ölçmə vasitələrini deyil, həm də hər hansı intellektual funksiyaları yerinə yetirə bilən ölçmə vasitəsi də intellektual ölçmə vasitəsi hesab edilir [Цапенко М.П. Интеллектуальные функции измерительных информационных систем (ИИС) Приборы и системы управления. 1992, № 2 с.16-19.]
Ölçmə vasitələrinin özünün çevirmə xarakteristikasını alqoritmik üsullarla xəttiləşdirərək ölçmə dəqiqliyini artırması, miqyaslama əməliyyatını avtomatik olaraq icra etməsi, ölçmə diapazonunu genişləndirməsi və s. intellektual funksiyalardır və bu funksiyaları yerinə yetirən ölçmə vasitəsi də intellektual ölçmə vasitəsi sayılır.
Beləliklə, ölçmə vasitələrində MP və MK-ların tətbiqi onların dəqiqliyinin artırılmasına, funksional imkanlarının xeyli genişləndirilməsinə, etibarlılığının, cəldişləməsinin yüksəldilməsinə, əvvəllər həlli mümkün olmayan məsələləri həll etməyə imkan verir.
Nəticədə, yeni sinif ölçmə vasitələri -«intellektual və yaxud «ağıllı» ölçmə vasitələri meydana çıxmışdır.
Ölçmə vasitələrinin yaradılması ideologiyası əsaslı surətdə dəyişmişdir. MP və MK-larölçmə vasitələrinin konstruksiyasının, sxemotexnikasının, yığılmasının, idarəolunmasının müsbət istiqamətdə dəyişməsinə səbəb olmuş, verilənlərin emalı əməliyyatlarını olçmə prosesinin tərkib hissəsinə çevirmişdir.
MP və MK-ların tətbiqi yumşaq proqramla işləyən çoxfunksiyalı ölçmə vasitələrinin qurulması imkanlarını genişləndirmiş, onları iqtisadı cəhətdən əlverişlı etmiş, istismarını sadələşdirmiş, istifadəçilərin işini yüngülləşdirmişdir.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə