7
xəstəlikləri empirik üsullarla müalicə etmiş və bu sahədə zəngin təcrübə qazanmışlar.
Xalq arasında təbib, loğman, sınıqçı, çöpçü adları ilə məlum olan bilicilər müxtəlif
xəstəliklərin müalicəsilə məşğul olmuşlar. Onlar ölkəmizin ərazisində müalicə
əhəmiyyətli yüzlərlə bitki və meyvələrdən məlhəm hazırlamış, xəstələrə şəfa
vermişlər. Xəstələrin sağaldılması üçün bir çox materiallardan, o cümlədən heyvan
mənşəli məhsullardan da geniş istifadə olunmuşdur.
Azərbaycan xalqı öz dini görüşləri baxımından da səciyyələnir. Cilddə
minilliklərdən xəbər verən ibtidai dini təsəvvürlər, inanclarla yanaşı zərdüştilik,
xristianlıq və islam dininin tarixi qısa şərh edilir, xalqın mənəvi dünyasında tulduğu
yer müəyyənləşdirilir.
Xalqımızın mənəvi aləmində dinin mühüm yeri vardır. Min ildən artıq zaman
çərçivəsində islam dini xalqın dünyagörüşündə, adət-ənənələrində, etik davranış
qaydalarında əsas rol oynamış, islam ehkamlarının toplandığı müqəddəs kitab Qurani-
Kərim inam-etiqad qaynağımız, and yerimiz olub, xalqı düzlüyə, doğruluğa, paklığa
səsləyib, pis əməllərdən çəkindirib. İslam dini qaydaları, əxlaq normaları milli
adətlərlə elə çulğalaşıb, qaynayıb-qarışıb ki, hətta onları bir-birindən ayırmaq,
hansının islam dini qaydalarına, hansının milli adət-ənənələrə aid olduğunu ayırd
etmək belə çətindir. Bu qaynayıb-qarışmanın səviyyəsi o dərəcəyə çatıb ki, bəzən
islam dini təfəkkürü etnik təfəkkürü belə üstələyib; bir nəfər adət-ənənələri pozanda
"türk deyilsənmi?" əvəzinə "müsəlman deyilsənmi?" deyə qınanılıb. Məhz bunun
nəticəsidir ki, xalqımızın dünyagörüşünə, həyata baxışına, inamlarına hakim kəsilən
islam dini dünyagörüş, inam, inanc səviyyəsindən çıxaraq xalqımızın yaşam tərzinə,
həyat tərzinə çevrilib.
Buna baxmayaraq, islam dini özündən əvvəlki qədim dini etiqadları, inamları
sıxışdıraraq sıradan çıxarmadı, bu gün də Azərbaycanda islamaqədər mövcud olmuş
etiqadlar - daş, su, ağac, od ayini, göy cisimləri ilə bağlı etiqadlar islam dini görüşləri
ilə "dinc yanaşı yaşayır" və bu dini ayinlər animizm, totemizm, fetişizm, magiya və
əcdadlara sitayişlə sıx bağlıdır. Xalqımız bu gün də daşa, suya, oda, ağaca sitayiş edir,
qurban kəsir, nəzir verir, onlardan kömək diləyir, bununla da arzusuna, istəyinə
çatacağına inanır. Halbuki, Qurani-Kərimdə yeganə etiqad edilməli varlığın Allah
olduğu göstərilir. Bunun səbəbini isə elə Quranda axtarıb tapmaq olar. Müqəddəs
kitabın özündə qədim dini etiqadların izləri qabarıq şəkildə özünü göstərməkdədir.
İslamda digər dinlərə - atəşpərəstliyə, xristianlığa qarşı dözümlülük, hörmət bu
gün Azərbaycanda müxtəlif dinlərin mövcudluğuna, dini tolerantlığa zəmin
yaratmışdır və bu gün də ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh və
mehribanlıq şəraitində yaşamaqdadır.
Xalqımızın mənəvi aləmində, dünyagörüşündə inamların xüsusi yeri var.
Cəmiyyətin inkişaf səviyyəsinin aşağı olduğu dövrlərdə baş verən hadisələrin səbəbini
bilməyən, "niyə", "nə üçün" sualları qarşısında qalan insan vəziyyətdən çıxmaq üçün
müxtəlif sınamalara, ovsunlara, fallara, dualara əl atmış, yaxşı iş görənlərə alqış
oxumuş, yamanlıqları, pislikləri qarğamış, sözün sehr qüvvəsinə inanan insan onun
8
həyata keçəcəyinə əmin olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanında rast gəldiyimiz
"Bəylərin alqışı alqış, qarğışı qarğış idi, nə deyirdilərsə olurdu" sözləri də həmin
təfəkkürün nəticəsi kimi meydana çıxır, tərbiyə vasitəsinə çevrilir, yaxşılıqlara sövq
edir, pisliklərdən uzaqlaşdırır və həmin funksiyanı indi də saxlamaqdadır. Üstündən
min illər keçməsinə, cəmiyyətin inkişaf etməsinə baxmayaraq, cəmiyyət və təbiət
hadisələrinin səbəbləri aydınlaşsa da, cəmiyyətdə gedən sosial irəliləyiş, sivil
əvəzlənmə, dəyişikliklər ibtidai inamları, xüsusi məna daşıyan, mifoloji-semantik
yükə malik olan sınamaları, ovsunları, falları, duaları, andları, alqış və qarğışları
sıradan çıxara bilməmişdir və bu gün də onlar xalqın mənəvi aləmində,
dünyagörüşündə yaşayır, bir sıra hallarda isə tərbiyə vasitəsi kimi əhəmiyyətini indi də
saxlayır və onların öyrənilməsini zəruri edir, elmi əhəmiyyət daşımaqla yanaşı
praktiki əhəmiyyət də daşıyır. Xalqımızın mənəvi mədəniyyətində, dünyagörüşündə
rənglərin də öz yeri var; onların öyrənilməsi mənəvi varisliyin qorunmasında,
yaşadılmasında mühüm rol oynayır və dünyaya, əhatə olunduqları mühitə baxışları
rənglərdə, onların daşıdığı mifoloji-semantik mənalarda qorunub saxlanır. Çox zaman
bu mənaları bilmədən xalqımızın min illər ərzində yaratmış olduğu mənəvi
mədəniyyət nümunələrinin əsil mahiyyətini belə başa düşmək, dərk etmək mümkün
olmur. Xalqımızın dünyagörüşündə, həyata baxışında rənglər birbaşa daşıdıqları məna
yükündən kənara çıxır, semantik məna daşıyır, xeyiri, uğuru, xoşbəxtliyi, yaxşılığı,
pisliyi, hətta Tanrını belə özündə əks etdirir, simvola çevrilir. Məsələn, Azərbaycan
türklərinin təfəkküründə ağ - xoşbəxtlik, qara - bədbəxtlik, qırmızı - qan, müharibə,
yaşıl - bolluq, bərəkət, sarı - quraqlıq, qıtlıq, mavi - sevinc, şadlıq, hətta Tanrı rəmzi
kimi semantik yük daşıyır. Hətta babalarımız cəhətləri, istiqamətləri belə rənglərlə
işarələmiş, şərqi göstərmək üçün mavi, qərbi göstərmək üçün ağ, şimalı göstərmək
üçün qara, cənubu göstərmək üçün qırmızı rəngdən istifadə etmişlər.
Bütün dünya xalqlarının, o cümlədən Azərbaycan türklərinin dünya
duyumunda saylar qədim zamanlarda indi olduğu kimi sırf kəmiyyət, sıra bildirməmiş,
xüsusi səciyyə, məna daşımışdır. İnsanlar onlara müqəddəslik, uğur, sevgi, nəhs və s.
mənalar vermiş, özlərinə uğurlu rəqəmlər seçməklə xoşbəxt olacaqlarına inanmışlar.
Qədim türk tayfalarının bir çoxlarının adlarının qabağına əlavə olunan 8, 9, 24, 32 və
s. rəqəmlər də bu inancların nəticəsi kimi qiymətləndirilə bilər. İndi də xalqımız 3, 7,
9, 40 rəqəmlərini uğur rəmzi sayır, 13 rəqəmini isə nəhs rəqəm hesab edir. Kitabda
saylara xüsusi yer ayrılması da geniş oxucu kütləsinə onların mahiyyəti, haradan
qaynaqlandığı haqda məlumat vermək istəyindən irəli gəlir.
Azərbaycan xalqının min illər ərzində yaratdığı zəngin mənəvi mədəniyyət
nümunələrindən biri də oyun və əyləncələrdir. Oyun və əyləncələr xalqımızın
həyatında, məişətində öz məzmun və mahiyyəti etibarilə müxtəlif səciyyə daşımış,
xalqın təsərrüfat və ailə məişəti, həyat tərzi, dünyagörüşü, mənəvi aləmi ilə bağlı
meydana gəlmiş, bəşər mədəniyyətinin bir hissəsinə çevrilmişdir. İndi oyun, əyləncə
mahiyyəti daşıyan bu mənəvi mədəniyyət nümunələri son əsrlərədək ciddi həyat
sınağına hazırlıq məqsədi daşımış, əsas tərbiyə vasitələrindən biri olmuşdur. Əgər