11
soldurub-soluşduran, dağıdan, qış isə "yağı", yəni düşmən adlandırılır və həm də
animist təsəvvürlə bağlı olaraq canlı sayılırlar.
Çox əski çağların məhsulu olan xeyir-şər (dualist) dünyagörüş adamlarda qışa
demonoloji qüvvələrin əməli kimi baxmaq hissləri aşılayıbmış. Odur ki, bu "yağı"nı -
qışı saymamaq, ona qarşı mübarizə aparmaq cəhdi hələ qış fəslinin başlanmasına bir
ay qalmış icra olunan xüsusi bir mərasimdə açıq-aydın görünməkdədir. Kövsəc adı ilə
tanınan bu mərasim çox-çox qədimlərdə "Azər" adlanan bayramın mərasimlərindən
biridir. İndi "Azər" bayramı və onun digər mərasimləri, ayinləri unudulsa da, Kövsəc
mənbələrdə qoruna-qoruna yaşamışdır.
Kövsəc mərasimi adətən noyabrda - qırovdüşən ayda icra edilərmiş. Mərasim
iştirakçıları əsasən bədənə istilik verən yeməklər - yağlı ət, istiot qatılmış xörəklər
yeyərmişlər. Özünü gülməli vəziyyətə salmış, paltarının cır-cındırı tökülən bir nəfər
qatıra minib meydana çıxar və əlində də tükü tökülmüş qarğa müqəvvası tutarmış.
Yan-yörədəkilərin onun üstünə soyuq su səpmələrinə baxmayaraq, o çox saymazyana
"İstidir! İstidir!" - deyə bağırarmış [1].
Bu mərasimin bilavasitə qış fəsli ilə bağlı olması ayində istifadə olunan
vasitələrdən də bəlli olur. Burada üst-başı cır-cındırlı kimsə əbəs yerə əlində tükü
tökülmüş qarğa müqəvvası tutmur. Bilindiyi tək, el arasında qarğanın "qarr-qarr"
oxuması, onun qarı, qışı çağırması kimi yozulur. Bundan savayı, qış ilin barsız-
bəhərsiz fəsli sayıldığı üçün doğub-törəməyən, nəsil artırmayan qatırın onun simvolu
olaraq alınması, nəhayət, noxtalanıb minilməsi də təbii təsir bağışlayır.
Elə çox qədim zamanlarda keçirilmiş Səddə bayramı da insanların qışa qarşı
münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır. Xalqımız
Səddə deyimini yanvarın son günü, iki çillə arasındakı sərhəddə, Böyük çilləni
əvəzləyən Kiçik çillənin sərt şaxtalarının qarşısını almaqdan ötrü çəkilən böyük
maneə, odlu-alovlu bənd, yaxud sədd kimi mənalandırıb. Bayramın bütün tədbir və
ayinləri də məhz bu məqsədə xidmət etmişdir. Novruza nə az, nə çox, düz əlli gün
qaldığını bildirmək üçün icra olunan Səddə bayramında insanlar axın-axın gəlib təyin
olunmuş meydana toplaşır. Meydanda böyük bir tonqal yandırılır. Toplaşanlar əl-ələ
tutub tonqalın çevrəsinə dolanır, "əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi"
sözlərilə başlanan mahnı oxuyur, şənlik keçirir, rəqs edib əyləncəli tamaşalar
göstərirlər. Dahi Azərbaycan şairi Nizami Gəncəvi "İskəndərnamə" poemasında
Novruzla bərabər Səddə bayramını da təsvir etmişdir:
Novruz ilə Səddə bayramlarında
Ayinlər yenidən olurdu bərpa,
Ər üzü görməmiş növrəstə qızlar
Evindən sevinclə dışarı çıxar.
Əllər al xınalı, üzlər bəzəkli,
Hər yandan gəlirdi coşqun ürəkli...
...Hər bir qıvrım saçlı, gəlişi gözəl
Ayaq yerə döyər şappıldadar əl.
12
Hərə bir sərv idi, əldə güldəstə,
Sərv əndamlı bənzər çiçəkpərəstə.
Hər il qızlar bu gün axır hər yandan,
Ürək arzusuna açılır meydana [2].
Qış fəslinə belə münasibət yalnız Kövsəc və Səddə ilə qurtarmır. Bu baxımdan
qış və yaz fəsillərinin qarşılaşmasının, mübarizəsinin rəmzi təsvirini nümayiş etdirən
və sonralar xalq tamaşası şəkli almış mifoloji məzmunlu Kosa-kosa mərasimi daha
maraqlı və düşündürücüdür. İlin axır çərşənbəsində, eləcə də Novruz bayramı
günündə Azərbaycanın demək olar ki, hər yerində keçirilən bu mərasim-tamaşanın
ayin və nəğmələri çoxçeşidlidir. Mərasim-tamaşada bir adama tərsinə çevrilmiş kürk
geyindirilir, üz-gözünə un sürtülür, çənəsinə uzun saqqal bağlanır, başına şiş papaq
qoyulur, geyiminin altından qarnına yastıqça sarınır, əlinə naxışlanmış ağac verilib
boynundan zınqırov asılır. Camaatın toplaşdığı meydanda Kosanın köməkçisi ortalığa
çıxıb:
Ay uyruğu, uyruğu,
Saqqalı it quyruğu.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçasın,
Hər yerdə düyün eylər, -
kimi nəğmələr oxuyur, sonra da:
A Kosa, Kosa gəlsənə,
Gəlib salam versənə, -
deyib Kosanı meydana çağırır. Kosa görünür və o:
Qorxmayın, Kosa gəldi,
Əlində hasa gəldi, -
söyləyir. Köməkçinin işarə və göstərişləri ilə Kosa cürbəcür gülməli oyunlarla
meydana toplaşanları əyləndirir. Bundan sonra köməkçi Kosa üçün pay istəyir:
Xanım, ayağa dursana,
Çömçəni doldursana,
Kosanı yola salsana,
Verənə oğul versin,
Verməyənə qız versin.
Eyni zamanda Kosanı da başa salır ki:
A Kosa, Kosa gəlmisən,
Gəlmisən meydana sən.
Almayınca payını,
Çəkilmə bir yana sən.
Uzaq səfərə yollanacaq Kosaya kimsə pay vermək istəmir. Köməkçi çox yaxşı
bilir ki, camaat arasında keçinin böyük hörməti vardır. Gedib onu gətirir ki, Kosaya
13
pay yığsın. Bu da keçi görkəminə salınmış birisidir. Meydandakılar keçini sevinclə
qarşılayırlar. Ona istədiyindən də çox pay verirlər. Kosa keçinin yığdıqlarının
hamısını onun əlindən alır və keçini qovub meydandan çıxarır. Varlanmış Kosa
sevinə-sevinə atılıb-düşür, gülməli hərəkətlər göstərir. Köməkçi isə oxuyur:
Mənim Kosam oynayır,
Gör necə dingildəyir.
Ona qulaq asanın
Qulağı cingildəyir.
Mənim Kosam canlıdı,
Qolları mərcanlıdı,
Kosama əl vurmayın,
Kosam ikicanlıdı.
Kosa uzanıb yuxuya gedir. Bu zaman keçi gəlir. Kosanı buynuzlayıb öldürür
və qaçır.
Arşın uzun, bez qısa,
Kəfənsiz öldü Kosa, -
deyib köməkçi guya ağlayır. Tamaşaçılar gülüşürlər. Balaları ilə birlikdə
qayıdan keçi alqışlanır. Meydana toplaşanlar elliklə keçinin, yəni əslində baharın
gəlişi eşqinə oxuyurlar:
Novruz, Novruz bahara,
Güllər, güllər nübara,
Baxçanızda gül olsun,
Gül olsun, bülbül olsun.
Bahar gəldi, bahar gəldi, xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Bu tamaşadakı Kosa bütün geyimi, görkəmi ilə qışın antropomorfizmi -
insanlaşdırılmış simvolu, keçi isə bir sıra əski xalqlarda olduğu kimi, Azərbaycanda
da baharın, yazın, oyanan, canlanan təbiətin simvolu - zoomorfizmidir.
İlin "yağı" fəsli sayılan qış fəsli ibtidai təsəvvür və etiqadlardan başlanğıc
götürməklə indinin özündə də üç xüsusi çilləyə bölünür. Birinci Böyük çillə qışın
başlanğıc günündən, yəni dekabrın iyirmi ikisindən fevralın əvvəlinədək olan qırx
günlük vaxtdır. Böyük çillənin yarısı qədər - iyirmi gün olan və el arasında "qışın
oğlan çağı" da adlanan Kiçik çillənin ömrü fevralın iyirmi ikisinə qədərdir. Fevralın
iyirmi ikisindən, ilin uzun-qısalığından asılı-olaraq, martın iyirmi, iyirmi bir, iyirmi
ikisinə qədər olan və Boz ay adı ilə tanınan müddət isə hər biri yeddi gündən ibarət
dörd balaca çilləyə, başqa sözlə, çilləbeçəyə bölünür.
Fəslin bu cür bölgüsü və onların "çillə" adlandırılması yenə elə əski
təsəvvürlərlə bağlıdır. Çillə əslində "çehl" sözündən olub qırx sayını bildirir və el
arasında çoxluq, ağırlıq, çətinlik mənasında başa düşülür. Əbəs yerə deyil ki, adamlar
bir ağır dərd-bəla ilə üzləşdikdə, xəstələndikdə bunlardan xilas olmaq, yaxa qurtarmaq