38
§ 3. Xalq hərəkatı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"
Konstitusiya Aktının qəbul olunması
Uzun illər əsarətə, var-dövlətinin talanmasına, milli və dini hisslərinin təhqir olunmasına,
hüquqlarının tapdalanmasına dözmüş xalqın səbir kasası artıq dolmuşdu. Köhnə idarəçilik mexanizminin
dağıdılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar imperiyanın düşdüyü ümumi böhran
gündən-günə dərinləşirdi. Xalqın güzəranı pisləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağılma prosesinin
qarşısını almaq üçün mərkəzçi qüvvələr milli münaqişələri daha da qızışdırır, antitürk,
antiislam siyasətini
genişləndirirdilər. Azərbaycan mühüm coğrafi-siyasi məkanda yerləşdiyindən, imperiyanın türk xalqları
ilə Türkiyə arasında körpü olduğundan əsas zərbə hədəfi olmuşdu. Ermənistanda və Dağlıq Qarabağda
azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu yolla bütün Qafqazda ağalığı
saxlamaq siyasəti həyata keçirilirdi. Bu siyasət Azərbaycanda xalq hərəkatının yüksəlməsinə güclü təkan
verdi.
Xalq Azərbaycanı parçalamaq cəhdlərinə, ermənilərin Dağlıq Qarabağın Ermənistana verilməsi
tələblərinə qarşı münasibətini əvvəllər Mərkəzi Komitəyə, rəhbərlərə etiraz teleqramları, məktublar
göndərməklə, imzalar toplamaqla bildirirdi. Daha sonra kütləvi çıxışlar başlandı. İlk etiraz mitinqi 1988-
ci il fevralın 19-da Bakıda keçirildi. Martın 16-da Azərbaycan Elmlər Akademiyasında etiraz mitinqi
oldu. Ermənistanda azərbaycanlıların soyqırımının kütləvi hal almasına qarşı mayın 16-da Universitetin
qarşısında "Yurd" təşkilatının fəal iştirakı ilə böyük mitinq oldu. Mitinqçilər şəhərin baş meydanına -
Lenin adına meydana (indiki "Azadlıq") toplandılar. Burada davam edən mitinqdə görkəmli ziyalılar çıxış
edərək xalqı, rəhbərləri respublikanın hüquqlarını müdafiə etməyə çağırdılar. Mitinqçilər mərkəzdən və
respublika rəhbərliyindən erməni millətçilərinin azğın hərəkətlərinə qəti cavab tələb edirdilər.
Respublikanın başqa şəhərlərində də mitinqlər keçirilirdi. Ermənipərəst Moskvada sözü keçməyən
respublika rəhbərliyi xalqın ciddi narazılığını nümayiş etdirib ağalarına təsir göstərmək istəyirdi və belə
mitinqlərin keçirilməsinə mane olmurdu. Lakin kortəbii etiraz hərəkatının böyüyüb bu milli münaqişəni
törədən rejimə, onun respublikadakı canişininə qarşı ümumxalq hərəkatına çevrilməsinə yol verməməyə
çalışırdı.
Moskva 1988-ci ilin mayında Azərbaycandakı canişinini dəyişdirib, xalqın psixologiyasını, adət-
ənənələrini, köklü maraqlarını yaxşı bilməyən Əbdürrəhman Vəzirovu qəsdən hakimiyyətə gətirmişdi.
Noyabrın 15-də Bakıda Universitetin qarşısında, səhəri gün Elmlər Akademiyasının böyük dairəvi zalında
və M.Ə.Sabir adına bağda "Yurd" təşkilatının təşəbbüsü ilə mitinqlər keçirildi. Xalq hərəkatının kortəbii
mərhələsinin ən yüksək dövrü noyabrın 17-dən başlandı. Həmin gün səhər Universitet, Akademiya,
Politexnik, İqtisad institutları qarşısından nümayişçi dəstələr milisin canlı maneələrini yararaq M.Ə.Sabir
adına bağa, oradan isə "Azadlıq" meydanına gəldilər. Meydanda mitinqçilərin tələbləri oxundu.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti
yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar həyata keçirilməsi,
Azərbaycandan olan deputatların SSRİ Ali Sovetinin sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar
məsələ qaldırması başlıca tələblər idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi. Axşam hökumət
nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələblər yerinə yetirilməyincə meydanı tərk
etməyəcəklərini bildirdilər. Meydanda liderliyi leytenant Şmidt (indiki Səttərxan) adına zavodun gənc
fəhləsi Nemət Pənahov ələ aldı. Burada "Moskvanın fitnələri", "Suverenlik", "Azadlıq" sözləri eşidilməyə
başlandı. Bundan Moskvaya təzyiq edib respublikada hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə
etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri
törədilirdi. Naxçıvanda dövlət orqanlarının binasına hücum edilmişdi. Gəncədə əhali ilə ordu arasında
qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq öldürülmüşdü. Bunları bəhanə
edərək hökumət noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant
saatı tətbiq etdi.
Buna baxmayaraq, xalqın mübarizə ruhu daha da artdı. Nümayişçilər Meydana Azərbaycan SSR-in
oraq-çəkicli bayrağı ilə gəlmişdi, burada isə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam küçələri qapayan
tankların, əsgərlərin arasından keçərək səngimək bilməyən Meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı
milyona çatırdı. Gecələr Meydanda qalanmış tonqalların kənarında minlərlə adam qalırdı.
Artıq xalq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. İndi təşkilatlanmaq, mübarizəni başqa
demokratik vasitələrlə davam etdirmək lazım idi. Lakin o vaxt respublika rəhbərliyinin səriştəsizliyi və
satqınlığı, habelə xalq hərəkatına salınmış nifaq nəticəsində ümumxalq maraqlarını müdafiə etmək və
Moskvanın məkrli siyasətinə qarşı milli birlik nümayiş etdirmək mümkün olmadı.