Азярбайжан милли елмляр академийасы


Ekspressiv-emosional leksika



Yüklə 1,58 Mb.
səhifə33/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   29   30   31   32   33   34   35   36   ...   78
Flora-Namazova-Dissertasiya

Ekspressiv-emosional leksika. Ekspressiya (lat. expessio) ifadənin gücü anlamında işlədilir. İfadənin gücü, təsiri isə müxtəlif vasitələrlə yaranır. Emosionallıq isə hissi proseslərin təzahürüdür, dilin bütün vasitələri ilə ifadə oluna bilər. Bunlar mətnin ümumi vəziyyətindən, yaxud ifadə vasitə­sinin daxilində olan incə çalarlıqdır. Bunlar nitqə ifadəlilik keyfiyyəti vermir, ifadəlilik keyfiyyətinin təzahür for­masıdır... [24, s.18].

Ekspressivlik (ifadəlilik) dilin əsas funksiyalarından biridir. Ekspressiv funksiya dilin semasioloji mahiyyətinin mühüm komponentləri – praqmatik və konnotativ aspektləri əsasında qurulur. Ekspressivliyin ifadə vasitələri çoxdur və müxtəlif səviyyələrdədir. Kommunikativ müna­sibətlər leksik-ekspressiv vasitələrlə yaranır, üslubi cəhətdən neytral leksika ilə qarşı-qarşıya durur.

İlyas Əfəndiyev dil və üslubunun gücü, hər şeydən əvvəl, onun drama­turgiyasında aydın şəkildə hiss edilir. İ.Əfəndiyevin istedadlı bir dramaturq kimi insan qəlbinə və mənəviyyatına nüfuzetmə qabiliyyəti, personajların təbiətini və psixologiyasını incəlikləri ilə araşdırma məharəti “Sən həmişə mənimləsən” pyesində daha parlaq şəkildə özünü göstərir. Nargilə ilə Həsənzadənin canlı emosional xarakterlər səviyyəsinə qalxmasının sirrini də burada axtarmaq lazımdır. Daxili zənginliyə malik iki həssas obrazın hiss və həyəcanları, həyata və insanlara baxışı incə psixoloji çalarlarla açılır.

İ.Əfəndiyevin bədii dilinə məxsus emosionallıq, dərin psixologizm, incə lirizm, yerinə görə, ideya-estetik məqsəd və tələbə uyğun publisist kəskinlik mühüm, səciy­yəvi əlamətlər kimi dramaturgiyasında da özünü qabarıq şəkildə göstərmişdir.

Ümumən, emosional-ekspressiv sözlərdən personajların nitqini xarakterizə etmək məqsədilə istifadə edilir. Dram dilində belə söz qruplarının bir neçə formasına rast gəlmək olur:

1. Əzizləyici sözlərin həm cüttərəfli, həm də təktərəfli birləşmələr forması: əzizim, mənim əzizim, mehribanım, ümidim, mələyim və s.

2. Kiçiltmə bildirənlər: qızcığaz

3. Müəyyən etinasızlıq, laqeydlik, nifrət bildirmək üçün işlədilənlər: çərənçi, bambılı və s.

4. Təhqir və söyüş bildirənlər: dələduz, axmaq və s. Bunlara personajların nitqində təsadüf olunur.

Bəllidir ki, dilin müxtəlif funksiyaları mövcuddur. Bunlardan biri kommunikativ funksiya – ünsiyyət əlaqəsi, digəri isə ekspressiv funksiya – dilin ifadə gücü. Dilin esteti­kasından, gözəlliyindən söhbət gedərkən, şübhəsiz, yanaşma obyekti olaraq, ilk öncə, bədii dil və üslub əsas götürülür.

Dram janrı, hər şeydən öncə, təfəkkürün müəyyən qəliblərə salınmış ifadə tərzidir. Dram dili deyərkən onun sadə və aydınlığı, xəlqiliyi, yığcam və bitkinlik, ahəngdarlıq və obrazlılıq kimi keyfiyyətləri nəzərdə tutulur.

İlyas Əfəndiyev dramlarının estetikası, ekspressivliyi bilavasitə onun xalqın taleyinə münasibət mövzusunu bütövlükdə yaradıcılığı üçün leytmotivə çevirmə­sindədir. Onun çoxsaylı dramlarının dilində işlətdiyi sözlər və canlı ifadələr elə diqqətlə və zərgər dəqiqliyi ilə seçilmişdir ki, bunlar obraz və perso­najların yalnız fərdi keyfiyyətlərini deyil, həmçinin də onların təmsil etdiyi ictimai təbəqənin bir sıra tipik əlamətlərini professional səviyyədə ümumiləşdirir. Ədib tiplərin meşşan təbiətini bu sözlərdən istifadə edərək müəyyənləşdirir.

Məlumdur ki, Azərbaycan dilinin ekspressiv leksikasının özünəməxsus xarakteri və tipologiyası, eləcə də digər leksik fonddan fərqli sərhədləri vardır. Ekspressiv leksikanın yarımsistemləri emosionallıq, qiymətvermə, intensivlik və obrazlılıqdır.

Dram dilindəki ekspressivliyi N.Abbasova bu cür xarakterizə edir: “Azərbaycan xalq dilinə məxsus olan emosional leksikada hissilik, təsirlilik, həm də hamı üçün eyni dərəcədə anlaşıqlı olmaq və ifadə etdiyi hissi incəliyi ilə duydurmaq xasiyyəti vardır. Bu da belə sözlərin ümumxalq xarakterli olmasından irəli gəlir. Xalq dilinin emosional sözlərinin bədii-üslubi funksiyası intensivləşir. Emosional sözlər bədii dilin təbiilik koloritini artırır, hisslərin aydın ifadəsini mümkün edir” [160, s.18].

İ.Əfəndiyevin dram dilinin funksional-semantik metod­la kontekstual-situativ təhlili göstərir ki, o, surət və obrazların dilində bu altsistemlərin hər birindən uğurla istifadə etmişdir. Emosionallıq və ekspressivlik dramaturqun sözdən istifadə ustalığını göstərir. Çünki bu əlamətlər sözün daxili formasına hopub; sözlərin mənalarının keçidi prosesi bu vasitələrin aydınlaşdırılması üçün stimul rolunu oynayır. İ.Əfəndiyevin dram dilində ekspressiv sözlərdən təpiş­dirmək/tıxmaq “yemək” mənasında, gillətmək “içmək” mənasında işlənmişdir.

Emosional qiymətvermə dram dilinin personajlarının xarakterinin, münasibət­lərinin açılmasına xeyli kömək edir. Personajların nitqində emosionallıq ba­lası, qadası, xalası, nənəsi, atam, bacım, anacığım, dədəciyim və s. əzizləmə bildirən vokativ sözlər vasitəsilə gücləndirilir. Dramların dilində əclaf, namərd, alçaq, idiot və s. sözlər də emosional qiymətvermə ölçüləri kimi diqqəti çəkir. Söyüş xarakterli söz və ifadələr: donuz oğlu, heyvan qızı, köpək uşağı, it balası, əclaf qızı əclaf, gədənin biri gədə və s. emosional dəyərvermə baxımından ciddi situasi­yalarda işlənir.

Dramların dil xüsusiyyətləri göstərir ki, obrazlara qiymətvermədə aksioloji modallıq aparıcı rol oynayır. Bu, qiymətin müsbət və mənfi qütbü ilə bağlıdır. Dramların personajları mənfi və müsbət xasiyyətə malik olur ki, burada da bir surət o birinə lazım olan qiyməti verir. Beləliklə, qiymətvermənin xarakteri müsbət-mənfi istiqa­mətində sıralana bilir.

Dilimizdə ekspressivliyin leksik yolla ifadəsində intensivlik mühüm rola malikdir. İntensivlik dram dilinin replikalarında real fəaliyyətlə, insan münasibətləri ilə bağlı meydana çıxır. Ekspressiv sözlərdə intensivlik real hadisələrin icrasında prosesin yüksək dərəcəsi ilə ifadə olunur. Dinamik hərəkətlər intensiv vəziyyəti yaradır. Məs.: çox maymaq, çox huşsuz, xəsis (ifrat dərəcədə qənaətcil), pulgir (pulu həddən artıq sevən) və s. Dramların dilində qoşa sözlər də intensivliyi xarakterizə edir: çən-duman, səs-küy, dikbaş, salam-əleyküm, kütbeyin.

Obrazlılıq ekspressivliyi doğuran əsas vasitələrdəndir. “Bədiilik çox zaman görmə və eşitmə ilə əlaqədar (audiovizual) təsəvvürlərlə bağlıdır ki, bu təsəvvürlər əlamətli məfhumlarla assosiasiya edilir və bu məfhumları simvollaşdırır. Bədii təsəvvürlər öz təbiətinə görə psixiki hadisədir. Eyni zamanda, sözlü surət sözün məna strukturuna daxil olmuş sosiumun təsəvvürüdür. İnsanı səciyyələndirən ekspressiv leksik vahidlər arasında bədii ifadələr, adətən, zahiri əlamətləri və şəxsin (şəxsiyyətin) xüsusiy­­yətlərini əks etdirir” [183, s.14-15]. Məs.: acıdil, həlləm-qəlləm, hətərən-pətərən, xıncım-xıncım, pərən-pərən və s. obrazlı sözlərdir.

Həyat materialını dərindən və hərtərəfli öyrənmiş yazıçı meşşanlığın, xüsusi mülkiyyətçilik ehtirasının, mə­nəvi qadağanlara laqeydliyin törətdiyi acınacaqlı nəti­cələri ictimai planda göstərməklə yanaşı, bu mənfi keyfiyyətlərin şəxsiyyəti alçaldıb, onu həqiqi xoşbəxtlikdən məhrum etdiyini də son dərəcə inandırıcı, emosional vasitələrlə əks etdirə bilmişdir.

N.Abbasovaya görə, “emosional sözlər müxtəlif dramaturji funksiyalarda istifadə olunur. Gərgin vəziyyət və hərəkətlərin, dəqiq və örtülü münaqişələrin, qəhrə­manların adi münasibətlərində, dünyanın daxili xarak­teris­ti­kasında, kolliziyaların toqquşmasında və s. emosional sözlər işlədilir” [3, s.9].

Emosionallığın güclənməsi dramın təsir qüvvəsini artıran əlamətlərdən biri kimi “Atayevlər ailəsi”ndə çox əhəmiyyətlidir.

Həyatın hər üzünü, xarakterlərin təqdir olunan və pislənən cəhətlərini adi sözlərlə, üslubi yükdən məhrum heç bir emosiya və ekspressiya yaratmayan söz, ifadə və birləşmələrlə göstərmək, bütün genişliyi ilə təsvir etmək mümkün deyildir. Yazıçı istər-istəməz işlək sözlərdən kənara çıxmalı, emosional-ekspressiv sözləri bədii əsərə cəlb etməli olur və onlardan daha çox istifadə etməyə çalışır. “İ.Əfəndiyev öz yaradıcılıq ənənəsinə əməl edərək, danışıq dilində işlək olan yüksək emosiya və ekspressiya bildirən ayrı-ayrı söz qruplarını digər bədii əsərlərində olduğu kimi, dram­larında da cəmləşdirə bilmişdir. Yazıçının əsərlərində səmimi münasibət, qayğı, nəvaziş, öyüd-nəsihət, ərk, qəzəb, hiddət, nifrət, təhqir, söyüş, qarğış və başqa məz­munlu üslubi çalarlar, məziyyətlər yaradan emosional-ekspressiv leksika müsbət emosiya və mənfi emosiya yaradan sözlər kimi iki yerə bölünür” [138, s.76].

Dialoqlarda emosional-ekspressiv leksika yalnız yerinə görə, mövzuya uyğun seçilib işlənmiş, əksər hallarda müəllifin (burada onun qəhrəmanlarının hissləri, dünya­görüşləri, davranışları, münasibətləri və s. nəzərdə tutulur) nəzərdə tutduğu məqsədə yönəldilmişdir.

Müsbət və ya mənfi məzmun ifadə edən emosional sözlər istər yaşlı nəslin nitqində, istərsə də gənclərin danışığında verilərkən ölçü hissi unudulmur, yerinə görə böyük, ağsaqqal, lazım gələndə hirsli, qəzəbli təsvir edildiyi kimi, qayğıkeş, səmimi, mehriban, tədbirli, alicənab, ailəcanlı, el qədrini bilən kimi də təqdim edilir.

Müsbət emosiyalı sözlər üslubi çalarlar yaradır:

1) dialoqun həmsöhbətlərindən biri o birinə öz hörmət hissini, ona olan ehtiramını, səmimiyyətini ifadə edir: başına dönüm, qadasın aldığım və s.

2) etiraz, öyüd-nəsihət, danlaq məzmunlu söhbətlərdə. Məs.: adam oğlusan, yekə qızsan və s.

3) səmimi müraciət, nəvaziş, yalvarış, yaxınlıq ifadə edənlər: bacıqızı, mənim əzizim, canım, aman günüdür, balam, amanın bir günüdür, sən allah, ay başına dönüm, mənim iki gözüm və s.

4) inandırma, alqış, xoş arzu, qayğı, söhbətə başlama, mətləbə keçmə üçün şərait, məqam hazırlama, hörmət, müsahibini yüksək qiymətləndirmə və s. bildirənlər: Allah eləməsin, Allah göstərməsin və s.

5) təəccüb, heyrət, təəssüf, təsəlli, etiraz, öyüd-nəsihət və s. məzmun və çalar bildirənlər: ay evi tikilmişin qızı, bir insafın olsun və s.

6) mənfi emosiya yaradan dil vahidlərindən istifadə bədii əsərlərdə yeri gəldikcə eybəcərlikləri, hətta müsbət qəhrəmanının özündəki sığalsız cizgiləri, keyfiyyətləri də əks etdirir, onlara yazıçı münasibətini ifadə edir.

7) mənfi məzmunlu sözlər surətlərin mənəviyyatını, daxili aləmini, dünya­baxışını, özünə olan tələbkarlığını aşkara çıxarır: belləri qırılmış, başı batmış, yiyəsi ölmüş və s. [138, s.78-79, 82].


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə