Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh



Yüklə 0,66 Mb.
səhifə4/8
tarix21.02.2018
ölçüsü0,66 Mb.
#27401
1   2   3   4   5   6   7   8

YENİ İLAHİ TƏLİM




Bəhai dini: təriqət yoxsa müstəqil din
Keçən əsrin 80-ci illərində dünyanın bir çox ölkələrində ictimaiyyət arasında, o cümlədən elmi dairələrdə Bəhai dininə marağın birdən-birə artması, iki əsas hadisə ilə əlaqədar idi:

1. İranda indiki siyasi rejim qurulduqdan sonra (1979) bəhailərə qarşı təqib kampaniyasının geniş vüsət alması nəticə­sində yüzlərlə insanın qətlə yetirilməsi, həbsxanalara salınması, on minlərlə insanın ölkədən qaçmağa məcbur olması dünya ictimayyətinin hiddətinə səbəb olmuş, Bəhai dini ardıcıllarına qarşı İran dövlətinin apardığı bu siyasət ayrı-ayrı dövlətlər və BMT tərəfindən kəskin pislənmişdir;

2. Bəhailərin Beynəlxalq birliyinin Ali inzibati və Ruhani orqanı Allahın Uca Ədalət Evi 1963-cü ildə qurulduqdan sonra Bəhai dini Asiya, Afrika, Cənubi Amerika və Okeaniya adaları ölkələrində sürətlə yayılmağa başlamışdır. “Britanika” ensiklo­pe­di­yasının məlumatına görə, Bəhai dini 60-80-ci illərdə dünyada ən sürətlə yayılan din olmuşdur. Bu dinin ardıcıllarının sayı qısa vaxt ərzində 400 min nəfərdən (1963) 5 milyona (1980) çat­mışdır.

Bu faktlar tədqiqatçıların diqqətindən yayınmamış, Bəhai dininin ardıcıl şəkildə tədqiqi üçün zəmin yaratmışdı. Hələ XIX əsrin ortalarında Babi və Bəhai dini təlimləri və onların Pey­ğəmbərləri – Həzrət Bab və Bəhaullahın Yazıları və şəxsiyyəti tədqi­qatçıları vaxtaşırı özünə cəlb edirdi. Babilik təliminin ilk tədqiqi fars ədəbiyyatının görkəmli bilicisi, Peterburq Univer­sitetinin professoru Mirzə Kazım Bəyə məxsus olmuşdur. Mirzə Kazım Bəyin “Bab və babilər” əsəri 1865-ci ildə nəşrdən çıxmış, bir il sonra fransız dilinə tərcümə edilmişdir. Əsər sonralar Almaniya, Fransa, İngiltərə və Amerikada təkrar-təkrar nəşr olunmuşdur. XIX əsrin ikincı yarısı və XX əsrin əvvəllərində M.A.Qamazov, M.F.Axun­dov, B.R.Rozen, E.Q.Braun, A.Q.Tumanskiy, B.A.Dorn, A.A.Jukovskiy, S.İ.Uma­nes, C.E.Esslemont və başqaları yazılarında Babi və Bəhai təlimləri haqqında məlumat vermişlər.

Həzrət Bəhaullah ilə şəxsən görüşmüş E.Braun ilk dəfə Bəhai təlimini İslamdan fərqləndirərək, onu müstəqil din kimi göstərmişdir. Halbuki, ondan çox-çox sonralar bəzi nüfuzlu tədqiqatçılar (A.Masse, Z.Bünyatov və b.) Bəhai dinini İslam təriqəti kimi qiymətləndirmiş və onun müstəqil dini təlim olmasını görə bilməmişdilər.

XX əsrin əvvəllərində Bəhai dininə maraq həzrət Əbdül-Bəha ilə bağlı olmuşdur. Azərbaycanda “Sərkərağa”, “Əbdül-Bəha Abbas”, Avropa və Şimali Amerikada “Ağa”, İraq və Yaxın Şərq ölkələrində “Böyük Budaq”, “Sirri-Xuda” və digər adlarla tanınan həzrət Əbdül-Bəha Bəhai dininin Peyğəmbəri Həzrət Bəhaullahın böyük oğlu və Onun süudundan sonra bu dinin uzun illər (1892-1921) başçısı olmuşdur.

İngilis şərqşünası C.E.Esslemont həzrət Əbdül-Bəhanın Bəhai dinində tutduğu məqama nəzər yetirmiş, Onun haqqında daha ətraflı məlumat vermişdi. Xüsusi təhsili olmayan, həyatının cox hissəsini məhbəs və sürgünlərdə keçirmiş, lakin fars, ərəb, türk dillərini mükəmməl bilən həzrət Əbdül-Bəha tədqiqatçını özünün dərin teoloji bilikləri, fəlsəfi və etik fikirləri, mütərəqqi ictimai baxışları və rasional düşüncə tərzi ilə heyrətləndirmişdi.

Həzrət Əbdül-Bəha tədqiqatçılara Bəhai Yazılarının, həmçinin Tövrət, İncil, Quran mətnlərinin şərhçisi kimi də tanış­ır. Bəhai dininin Peyğəmbərlərinin, həmçinin əvvəlki dinlərin Müqəddəs Yazılarındakı metaforlardan, rəmzlərdən ibarət olan və yaxud kifayət qədər anlaşılmayan mətnlərin həqiqi anlamı həzrət Əbdül-Bəha tərəfindən açıqlanmışdır.

Qeyd etmək lazımdır ki, yarandığı gündən bu günə kimi Bəhai dininə aid bütün Müqəddəs Yazılar, dinin əsas Səxsiy­ətlərinin (Həzrət Bab, Həzrət Bəhaullah, həzrət Əbdül-Bəha Abbas, Şövqi Əfəndinin) əlyazmaları, məktubları, tarixi hadi­ələrin protokollaşdırılmış sənədləri, şərhlər, izahlar, fotoşəkillər və həcmi yüz cildlərlə ölçülən digər sənədlər diqqətlə toplanılaraq, Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanılmışdır. Bu tədqiqatçının işini asanlaşdırmaqla yanaşı, təd­iqatın obyektivliyini artıran əhəmiyyətli amil sayılmalıdır. Bəhai dinindən əvvəlki dinlərin tədqiqi üçün bu cür imkanlar demək olar ki, yox dərəcəsindədir; belə ki, Budda təliminin hə­iqi mahiyyətini izah etmək, Həzrət İsa Məsih və Zərdüşt Pe­ğəmbərin həyatı ilə bağlı hadisələrin həqiqi xronikasını göstərmək, Krişnanın tarixi şəxsiyyət olmasını əsaslandırmaq olduqca çətindir. Hətta Məhəmməd Peyğəmbərin həyatı və şəxsiyyəti haqqında kifayət qədər məlumatlar olsa da, İslam tarixinin ilk dövrləri ilə bağlı bir çox məsələlərin həqiqi izahını bu gün vermək mümkün deyildir.

Hazırda dünyada mövcud on bir əsas “canlı” dindən yalnız İslam (VII əsr) və Sihhizmin (XVI əsr) tarixi yüz illiklərlə, qalan dinlər – Hinduzm, Buddizm, Caynizm, Daosizm, Konfusiçilık, Sintoizm, Zərdüştilik, İudaizm və Xristianlıq min illiklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (160 il). Təbii ki, ardıcıllarının sayı da azdır (6 milyon nəfər). Onun formalaşmasında sonuncu tarixi mərhələ yalnız 1963-cü ildə Uca Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşünas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər.

Müasir dinşünaslıqda dinlər coğrafi yayılmasına və əhatə etdiyi xalqların, millətlərin və etnik qrupların sayına görə iki qrupa bölünür: milli dinlər və dünya dinləri.

Milli dinlərə İudaizm, Hinduzm, Sihhizm, Caynizm, Daosizm, Konfusiçilık, Zərdüştülik, Sintoizm aid edilir. Onlar­dan bəzilərinin (məsələn, Hinduizm, Daosizm, Konfusiçilık) yüz milyonlarla insanı əhatə etməsinə baxmayaraq, bir və ya bir-neçə xalq və etnik qrupu əhatə etdiyinə görə milli dinlər sayılır.

Dünya dinləri həm sayına, həm də əhatə dairəsinə görə milli dinlərdən fərqlənir. Bu dinlər yüzlərlə xalq, millət və etnik qrupu əhatə edir. Müasir elmdə yalnız üç din – Xristianlıq, İslam və Buddizm dünya dini hesab olunur. Bəhai dini də ardıcıllarının sayının azlığına baxmayaraq, həm özünün millətlərüstü və universal cəhətlərinə, həm də əhatə dairəsinə görə dünya dini sayıla bilər. Bu məsələyə bir qədər aydınlıq gətirək.

Bəhai dini bütün dinlər kimi Şərqdə yaransa da, o ayrıca götürülmüş xalq və ya etnik qrupa yönəlməyib və yaxud hansısa bir mədəniyyətlə məhdudlaşmır. Heç kim Xristianlığı yəhudi mühitində yarandığına görə “yəhudi milli dini” və ya İslamı ərəblər arasında formalaşdığına görə “Ərəblərin dini” adlandırmır. İlk ardıcılları iranlılar olduğuna görə Bəhai dinini də “iranlıların dini” hesab etmək düzgün deyildir. Hazırda 6 milyon ardıcılı arasında iranlılar çox az hissə təşkil edir. Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır. “Britanika” ensiklopediyasının məlumatına əsasən coğrafi yayılmasına görə, dinlər aşağıdakı sıraya malikdir: Xristianlıq (254 ölkə) , Bəhai dini (234 ölkə), İslam (174) və Buddizm (68).

Hələ yüz il əvvəl Edvard Braun, qeyd edildiyi kimi, Bəhai dininin müstəqil təlim olması fikrini söyləmişdir. Bununla belə bəzi tədqiqat işlərində o yalnış olaraq “islam təriqəti”, “islamda reformasiya hərəkatı” və yaxud “dinlərarası ekumençiliyə çağırış” kimi göstərilmişdir.

Teoloji bazis
Hansısa dini təlimin müstəqil olması onun boş yerdə yaranması demək deyildir. Bir dinin özündən əvvəlki dinin teoloji bazisində yaranması bütün dinlər üçün ümumi qanunauyğunluqdur; Buddizmin ənənəvi Hinduizmin (Brahma-nizmin) teoloji bazisində yaranması və bu təlimin artıq müstəqil din şəkilində Tibet, Çin, Yaponiya, Cənubi-Şərqi Asiyaya yayılaraq, bu ölkələrin xalqları üçün çox güclü mədəni amilə çevrilməsi buna əyani misal ola bilər. Eynilə Hinduizm özündən əvvəl nazil olmuş Brahmanizmin, o isə daha qədim din olan Veda inancının teoloji bazisində formalaşmışdır.

İlkin xristianlıq dövründə (I-II əsrlər) Həzrət İsa Məsihin şagirdləri və ardıcılları Onun dini təlimini İudaizm çərçivəsində təbliğ edirdilər və təqribən iki əsr ərzində müasirləri Xristian­ığa İudaizmdən ayrılmış qol kimi baxmışdır. Xristianlıq yalnız Müqəddəs Yazıları, təşkilatı strukturu, ayin və mərasimlər sistemi formalaşdıqdan və nəhayət, qeyri-semit mənşəyli xalqlar və etnik qruplar bu təlimi qəbul etdikdən sonra müstəqil din kimi tanınmışdır.

Bəhai dini İslamın teoloji bazisində formalaşmış dini təlimdir. Onun İslamın mədəni konteksində yaranması, bir çox cəhətlərinə – tarix, dil, terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar onu yalnış olaraq İslam təriqətlərləri sırasına daxil etmişlər. Sonrakı araşdırmalarda biz əmin olacağıq ki, teoloji mahiyyətinə görə Bəhai dinini İslamın məzhəb və cərəyanlarına aid etmək mümkün deyildir. Bu təlim, bəzi tədqiqatçıların (A.Masse, 1963) təkidinə baxmayaraq, İslamı inkişaf etdirmək və ya onu müasirləşdirməyi bir məqsəd kimi qarşısına qoyma­ışdır. Ona görə də Bəhai təlimini Martin Lüterin “Reformasiya hərəkatı” (XVI əsr) ilə eyniləşdirmək və yaxud onu İslam daxilində reformasiya hərəkatı kimi təqdim etmək obyektiv­ikdən uzaqdır. Digər tərəfdən, bəhailər Quran-İ-Kərimi Allahın nazil etdiyi Müqəddəs Vəhy kitabı hesab etsələr də, O, Bəhai dini üçün teoloji əsas və qanunlar mənbəyi deyildir. Bəhai dininin əsasını və onun qanunlarının mənbəyini Bəhai dininin banisi Həzrət Bəhaullahın Yazıları təşkil edir. Bəhai dini təliminə görə, Həzrət Məhəmməd Vəhyinin (Əhdinin) zamanı hicri tarixi ilə 1260-cı ildə (miladi 1844-cü il) bitmiş, Həzrət Bəha­­ullahın zühuru ilə bəşəriyyətin tarixində Yeni Era baş­la­mışdır. Hələ 1848-ci il Bədəşt konfransında bu yeni təlimin tə­rəf­darları yeni Vəhyin mahiyyətini dərk edərək İslam qanun­larının ləğv edildiyini bəyan etmişdilər. Beləliklə İslamın ən böyük ehkamı – Həzrət Məhəmməd Əhdinin bəşə­riy­yət üçün sonuncu olması ­– bəhailər tərəfindən qəbul edilmir. Ona görə də Bəhai dinində mərkəzi mövqedə Həzrət Məhəmməd deyil, Həzrət Bəhaullah durur. Həmçinin bu təlimin yalnız ona məxsus bir sıra anlayışlar və başqa dinlərdə analoqu olmayan nadir İnzibati Sistem və digər əlamətlərdən ibarət teoloji bazis ilə ortaya çıxması, onun İslamda hansısa dəyişikliklər etmək və ya ona hansısa yeniliklər gətirmək marağında olmadığını, əksinə, Bəhai təliminin bütövlükdə din anlayışında və insanların dini baxışlarında köklü dəyişiklər etmək istədiyini göstərir. Bəhai təliminin İslam təriqəti deyil, müstəqil din olmasını şərtləndirən başqa cəhətlər də vardır ki, onlar aşağıdakılardan ibarətdir:

İ. Bəhai dinində Peyğəmbərin (Həzrət Bəhaullah) və Onun nazil etdiyi Vəhy Kitabının (Kitab-İ-Əqdəs) və digər Müqəddəs Yazıların mövcudluğu;

II. Həzrət Bəhaullahın vasitəçiliyi ilə yeni İlahi Əhdin (Bəhaullah Əhdinin) bağlanması;

III. Bu dinə məxsus xüsusi təqvimin (19 gün və 19 aydan ibarət) və vaxt hesabının (tarix 1844-cü ildən hesablanır və həmin il Bəhai Erasınin başlanma ili hesab edilir), müqəddəs yerlərin, bayramların, həmçinin özünəməxsus kəbin və dəfn qaydalarının olması;

IV. Namaz, oruc və digər ibadət qaydalarının İslamdan fərq­li şəkildə icra edilməsi. Namaz zamanı üzün qiblə kimi xü­susi səmtə (İsrail ərazisində yerləşmiş Bəhciyə – Həzrət Bəha­ul­la­hın bu dünyada sonuncu Vəhy məkanına) yönəldilməsi;

V. Bəhai dinində ruhanilərin (molla, axund, keşiş və s.) olmaması və başqa dinlərdə analoqu olmayan xüsusi İnzibati Sistemin tətbiq edilməsi (bu haqda sonra ətraflı məlumat veriləcək);

VI. Ardıcıllarının öz inanclarını hansısa din daxilində təriqət deyil, müstəqil din, özlərini isə Yeni Əhdin (Bəhaullah Əhdinin) tərəfi hesab etməsi;

İlk dəfə 1925-ci il mayın 10-da Misirin Bəni Suif əyalətinin apelyasiya məhkəməsi ərləri bəhai olduğuna görə üç kəbin müqaviləsini etibarsız saymaqla Bəhai dininin İslama aid olmadığını təsdiq etmişdir. Məhkəmənin qərarında belə bir izahat verilmişdir:

Bəhai inancı – özünəməxsus qaydaları, prinsipləri və qanunları olan, hansı ki, İslamın qaydalarından, prinsiplərindən və qanunlarından fərqlənir və ona ziddiyyət təşkil edir, tamamilə yeni müstəqil dindir. Ona görə də heç bir bəhai müsəlman sayıla bilməz və ya əksinə, necə ki, buddist, brahmin və ya xristian müsəlman sayılmır və ya əksinə”.

Məhkəmənin rəsmi hökmü aşağıdakı sözlərlə bitmişdir:

Əgər onlardan (ərlərdən) hər hansı biri tövbə edib, Məhəmməd ə.s. Allahın Rəsulu olmasına şəhadət verib, İslam dininin böyük çadırı altına qayıdarsa və təsdiq edərsə ki, Məhəmməd ə.s. nəbilərin və rəsulların möhürüdür və Onun dini sonuncudur və heç bir qanun Onun qanununu ləğv etməyəcək və Qurani-Kərim Allahın sonuncu kitabı, nəbilərə və rəsullara göndərilmiş sonuncu Vəhydir, onda həmin adam qəbul olunacaq və öz kəbin müqaviləsini təsdiq etdirmək hüququ əldə edəcək”.

Bəhai dini mövcud dinlərin teoloji bazisi əsasında “mexaniki” şəkildə “quraşdırılmış” və yaxud hansısa dinləri birləşdirməyə çalışan hərəkat da deyildir. Ona məxsus bəzi anlayışların universal xarakteri, dinlərarası dialoq və əmək-daşlığa can atması, dini dözümlüyü təbliğ etməsi, dinlərarası təşkilatı, birləşməyə çağırış və yaxud hansısa dinlərin “simbiozunu” yaratmaq cəhdi kimi başa düşülməməlidir. Qeyd edək ki, ayrı-ayrı müstəqil dinlərdən “simbioz din” yaratmaq və yaxud din daxilində mövcud təriqətləri birləşdirmək cəhdləri dünya tarixində dəfələrlə olmuşsa da, onların təcrübəsi uğursuzluqla nəticələnmişdir; İranda V əsrdə zərdüşti və xristian təlimləri əsasında manilik təlimini yaratmaq istəyi, XVI əsrdə Hindistanda İslam, brahmanizm, sufilik, xristianlıq, zərdüştilik əsasında Əkbərin (Babur sülaləsinin üçüncü hökmdarı) sinkretizmi, XVIII əsrdə Nadir şahın İranda şiəliklə sünniliyi birləşdirmək cəhdi buna sübutdur.

İndi də Bəhai dininin teoloji bazisi ilə bağlı digər məsələləri araşdırmağa çalışaq.

Hər bir dinin Allah, İlahi Vəhy, Dünyanın yaradılışı və sonu, İnsanın yaradılışı, İnsanın ruhu və ölümdən sonrakı həyat, Əhd (Allahla insan arasında razılaşma) və digər təsəvvür və anlayışlarlardan ibarət ruhani biliklər sistemi və ya teoloji bazisi vardır. Teoloji bazisinin oxşarlığına görə dünyada mövcud dinlər iki qrupa – İbrahimi (Yəhudilik, Xristianlıq, İslam) və Şərq dinlərinə (Hinduizm, Buddizm, Daosizm və s.) bölünür.

İbrahimi dinlər bəzi fərqli cəhətlərinə baxmayaraq, çox oxşar teoloji bazisə malikdirlər. Bu Allahın maddi dünyanı (materiyanı) altı gündə yoxluqdan yaratması, Adəm və Həvva, Cənnət və Cəhənnəm, mələklərlə bağlı hekayətlər, Allahın insanları Tövhidə və əməlisalehliyə dəvət edən Peyğəmbərlər göndərməsi (hər üç dində İbrahim peyğəmbərin məqamı xüsusi vurğulandığına görə İbrahimi dinlər adlanırlar), axır-zaman Peyğəmbərinin (Yəhudilikdə – Həzrət Musa, Xristianlıqda – Həz­rət İsa Məsih, İslamda – Həzrət Məhəmməd) və Xilaskarın (Yəhu­dilikdə – Maşiax, Xristianlıqda – Həzrət İsanın ikinci zühu­ru, İslamda – Mehdinin) gəlişi, Qiyamət ilə bağlı föv­qəl­ha­di­sələrin (Günəşin qaralması, Ayın parçalanması, ulduzların yerə tökülməsi, ölülərin qəbirlərdən qalxması və s.) baş ver­məsi, insanların əməllərinə görə bir qisminin Cənnətə, digər qis­minin isə Cəhənnəmə göndərilməsi ilə bağlı təsəvvürlərdir.

Bəhai dini İslamın teoloji bazisində formalaşsa da, İbra­himi dinlərdə mövcud təsəvvür və anlayışların bu təlimdə tama­milə fərqli izahı vardır. Bu haqda sonrakı fəsillərdə ətraflı danı­şılacaqdır.


III FƏSİL
BƏHAİ DİNİNİN PRİNSİPLƏRİ
Bəşəriyyətin birliyi
Həzrət Bəhaullah buyurur: “Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”6

Həzrət Əbdül-Bəha buyurur: Bütün insanlar – bir ağacın yarpaqları və meyvələri­dirlər...onların mənşəyi birdir. Eyni yağış onları sulayır, eyni günəş onları böyüdür və eyni külək onları canlandırır...Bütün bəşəriyyət Allahın Mərhəməti və Bərəkəti ilə əhatə olunmuşdur. Müqəddəs Yazılarda deyilir: Allah qarşısında bütün insanlar bərabərdir, O tərəfgir deyil­dir”7

Həzrət Bəhaullahın təlimində Bəşəriyyətin Birliyi mərkəzi mövqedə durur. İnsan bədəni təkamül prosesində fiziki inkişafın müxtəlif mərhələlərindən keçdiyi kimi, Bəşəriyyət də özünün sosial inkişafı prosesində müxtəlif mərhələlərdən keçir. Ən qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamış­lar, sonradan bu qruplar qəbilə birliklərinə çevrilmiş, daha sonralar şəhər dövlətlər, xalqlar və nəhayət XIX-XX əsrlərdə müasir millətlər yaranmışlar. Həzrət Bəhaullah öyrədir ki, bəşəriyyətin Birliyi kamillik yolunda sonuncu sosial mər­hələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd insanların birliyini mümkün etməkdir. O, yazırdı: “Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik8.

Həzrət Bəhaullahın təlimi planetin bütün insanları üçün­dür. Dünyanın birliyi hamıya aiddir. Ondan kənarda heç kim qala bilməz. Bununla belə bizim getdiyimiz birlik darıxdırıcı yekcinslik deyildir, əksinə, bu müxtəlifliyin birliyidir. Həzrət Bəhaullahın öyrətdiyi kimi, bu birlik çərçivəsində insanların istənilən qrupu öz istək və ideallarını daha yaxşı ifadə edə­cək­dir. Eyni zamanda hər bir qrup, hər bir xalq başqalarının da irsin­dən və nailiyyətlərindən istifadə edə biləcəkdir. Həzrət Əbdül-Bəha yazırdı, “Bəşəriyyətin şərəfi hər kəsin irsidir.9

Həqiqi birlik, hər bir insan ayrılıqda Bəşəriyyətin birliyini bu günki günün əsas ruhani prinsipi kimi qəbul etdiyi zaman əldə edəcəkdir Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı10 olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə bəşər tarixində görünməmiş üzvi dəyi­şik­liklərə səbəb olacaqdır. Belə birliyin əsası ruhani olsa da, dün­ya xalqlarının bu istiqamətdə atacağı bəzi konkret addımlar da göstərilməlidir. Bunlar aşağıdakılardır:

- Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu, onların ümumi mənafeyini qorumaq, planetdə əmin-amanlığı və sülhü təmin etmək məqsədilə Dünya Parlamentinin və Dünya Federatif Dövlətinin yaradılması, Dünya vətəndaşlığının təsis edilməsi;

- Dünyanın təbii sərvətlərindən Dünya Federativ Dövləti­nin nəzarəti altında Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi;

- Dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini və millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;

- Dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi;

- Həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.

Həzrət Bəhaullah 140 il əvvəl Avropanın dövlət başçıla­rına ünvanladığı məktubunda bildirirdi ki, bəşəriyyət planeti­miz­də indiki həyat tərzinin kökündən dəyişəcəyi yeni tarixi dövrə qədəm qoymuşdur. Əvvəllər məlum olmayan problemlər yeni dövrdə elə həddə çatacaq ki, hətta ən qüdrətli dövlətlər onları təklikdə həll etmək iqtidarında olmayacaqdır. Həzrət Bəhaullah qarşıdan gələn qlobal problemlərdən xilas olmağın yolunu da göstərirdi; onlar Bəşəriyyətin Birliyi çərçivəsində öz həllini tapa bilərdi. O, yazırdı:

Ey Yer kürəsinin ədavət aparan xalqları və insanları! Öz nəzərlərinizi birliyə tərəf çevirin və qoy onun işığı sizi nurlan­dır­sın. Bir yerə yığılın, aranızda çəkişmələrə səbəb olan nə varsa, Allah xatirinə onu məhv etməyə çalışın. Ey insanlar, oyanın! İnam qüdrəti ilə silahlanaraq sizin aranızda didişmələr salan təsəvvürlərinizin mənasız bütlərini sındırın. Sizin Mərhəmətli Rəbbiniz istəyir ki, dünyada olan bütün insanlar vahid ruh və vahid bədən kimi olsunlar11.

Zəmanəmizdə qlobal problemlərin miqyası və kəskinliyi artdıqca bu nəsihətin gücü özünü daha artıq şəkildə göstər­mək­dədir. Silahlanma və regional münaqişə ocaqlarının möv­cud­luğu, ekoloji böhran, dünya miqyasında dini, etnik, irqi zəmində qarşıdurmaların artması, narkomaniya və müalicəsi məlum olmayan yeni-yeni xəstəliklərin yayılması və digər problemlər bəşəriyyətin ümumi xəstəliklərə tutulmasından xəbər verir.

Bununla belə, Bəhai təliminə görə, həm bu cür destruktiv təbiətli proseslər, həm də getdikcə güclənməkdə olan millət­lər­ara­sı siyası və iqtisadi inteqrasiya prosesləri Allahın Böyük Planı əsasında bəşəriyyəti birləşdirməyə başlamışdır. Dünya təsərrü­fa­tında beynəlxalq əmək bölgüsünün və kooperasiyanın yaran­ma­sı, ticarətin liberallaşması, miqrasiya və digər proseslər döv­lət­lərarası sərhədləri şəffaflaşdırmağa və dağıtmağa başlamışdır. Avropa Birliyi (AB), Cənub-Şərqi Asiya ölkələri Assosiasiyası (ASEAN), Mərkəzi Amerika ölkələri Ümumi Bazarı, Karib hövzəsi ölkələri Birliyi, Amerika dövlətləri Təşkilatı, Cənubi Sakit okean ölkələri Forumu və digər bu tip beynəlxalq və regional təşkilatlar siyası və iqtisadi inteqrasiya proseslərinin nəticəsi kimi ortaya çıxmışdır. XXI əsrdə dövlətüstü qurumların yaradılmasının daha böyük vüsət alacağı və onlarca dövləti əha­tə edən qitələrarası təşkilatların formalaşacağı gözlənilir.

Allahın birləşdirici qüvvələri təkcə eninə deyil, dərininə də işləməkdədir. Belə ki, əvvəlki dövrlərdə təkcə coğrafi səd­dlər dünyanın birləşməsinə mane olmağa kifayət edirdisə, indi bu səddlər də aradan qaldırılır. Adi insani, dostluq və ya işgüzar münasibətlər bəşər tarixində ilk dəfə olaraq Yer kürəsinin ən uzaq məntəqələrində yaşayan adamları bir-birilə tez və asanlıqla ünsiyyət yaratması imkanı əldə edildikdən sonra mümkün olmuş­dur. Kino, incəsənət, peyk vasitəsilə teleradio kanalların yayıl­ması, idman və turizm planetimizin sakinlərini bir-birinə yaxınlaşdırmışdır. Dünən Amerikada baş verən hadisə bu gün dünyanın hər yerində məlum olur və insanları həyacanlandırır. Bu gün Avropada söylənmiş məruzə sabah Asiyada, Afrika və Avstraliyada oxunur, özünə tərəfdar və əleyhidar tapır. Yeni rabitə vasitələrinin, İnternet sisteminin inkişafı bu prosesi daha da gücləndirmişdir. Həzrət Əbdül-Bəha yazır:

İnsan aləminin ən böyük ehtiyacı birlik və əməkdaşlıqdır. İnsanlar arasında dostluq və həmrəylik əlaqələri nə qədər güclü olarsa, insanların bütün fəaliyyətləri də bir o qədər güclü olar. Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, şəhərlər və ya kəndlər olsun, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Demə­li, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur. Doğrudan da, bu ecazkar dövrün, bu şərəfli əsrin (yəni XX əsrin- A.C.) möcüzələrindən biridir. Ona görə ki, nur əsri olan bu əsrə yeganə və müqayisə edilməz qüdrət, cəlal və şöhrət bəxş edilmişdir”12.

Əvvəlki dövrlərdə Bəşəriyyətin Birliyinə mane olan ikinci sədd dillərin müxtəlifliyi idi. Xarici dillərin, xüsusən də beynəlxalq dillərin öyrənilməsi sayəsində bu çətinlik müəyyən dərəcədə aradan qaldırılmışdır və belə güman etməyə əsas da vardır ki, yaxın gələcəkdə bütün ölkələrdə hamının qəbul etdiyi bir beynəlxalq dilin tədrisinə ciddi yanaşmaqla bu sədd tamamilə aradan qaldırılacaqdır. Bu məsələ ilə bağlı Bəhaullah yazır:

Çox çəkməz ki, dünyadakı bütün insanlar bir dil və bir yazı ilə bəzənərlər. O zaman hər kəs hansı şəhərə yollansa, özünü evindəki kimi hiss edər. Bu işlər lazım və vacibdir13.

Üçüncü ən böyük maneə dini, milli, irqi, siyasi mövhu­mat­lar və dözümsüzlüklərdir. Onlar bütün dövrlərdə müna­qişə­lərə səbəb olmuş və müharibələr törətmişdir. Ölkələr ara­sında və ya müxtəlif ölkələrin daxilində hər cür qarşı­durmalar, nifrət və hədələr bu və ya digər mövhumat səbə­bindən baş verir. Bu da yox olub gedir. Dünyanın hər yerində insanların düşüncəsi dəyişilir. Xalqın tərbiyələn­diril­məsi qapa­lığa, əyalətçiliyə meyilli, millətçi, irqçi siya­sət­çilərin, mühafi­zəkar və fanatik ruhanilərin əlindən çıxır. İndi ən yeni və daha liberal ideyaların hətta ən qapalı və mühafizəkar dini və siyasi dairələrə daxil olmasına heç nə mane ola bilmir. Həzrət Bəhaullah yazır:

Həqiqətən, Allah İradəsinin səmasından enən sözlər Kainat üçün birlik və harmoniya mənbəyidir. İrqi və milli fərqlərə göz yumun və hamılıqla birliyi alqışlayın. Biz dünyaya yaxşılıq və xoşbəxtlik arzu edirik. Arzu edirik ki, bütün xalqlar inamına görə bir xalq, insanlar isə əslən qardaş olsunlar; insan oğulları arasında bağlılıq və birlik telləri artsın; dini çəkişmələr kəsilsin, irqi və milli ayrıseçkilik təzahürlərinə son qoyulsun”14.

Bəhai təliminə görə dünyada baş verən proseslər sübut edir ki, formalaşmaqda olan Qlobal Təfəkkürün zərbələri altında qrup düşüncənin məhsulu olan baxışlar və ideologiyalar tədricən aşınmaya, ən mürtəce siyasi, dini-siyasi rejimlər isə öz möv­qe­lə­ri­ni əldən verməyə başlamışdır. Şövqi Əfəndi 1931-ci ildə yaz­mışdır:

Həzrət Bəhaullahın çağırışı ilk növbədə əyalətçiliyin, qapalılığın, mövhumatın bütün formalarına qarşı çevrilmiş­dir. Əgər keçmişdə könüllərdə bəslənilən ideallar, zaman-zaman müqəddəs sayılan təsisatlar, bəzi sosial fərziyyələr və dini qanunlar bu gün Bəşəriyyətin böyük hissəsinin rifahının yaxşılaşmasına təsir göstərmirsə, əgər onlar daim inkişafda olan Bəşəriyyətin mənafeyinə xidmət etmirsə, onları süpürüb dövrünü başa vurmuş və unudulmuş təlimlər zibilxanasına atmaq lazımdır. Nə üçün ümumi dəyişkənlik və dağılma qanununa tabe olan dünyada onlar ümumi qanundan kənar­da qalmalıdır? Axı, hüquqi standartlar, iqtisadi və siyası nəzər­iyyələr yalnız Bəşəriyyətin bütövlükdə maraqlarını gözlə­məkdən ötrü təsis edilmişdir, ona görə də ayrı-ayrı qa­nun və ya doktrinaların qorunması naminə Bəşəriyyət əzab çəkməməlidir”15.

Bəşəriyyətin Birliyi insan cəmiyyətinin sosial və mənəvi inkişafının bütün gedişatı ilə, xüsusən də XX əsrdə ona daxilən xas olan ziddiyyətlərin kəskinləşməsilə hazırlanmışdır. Uca Ədalət Evinin Dünyanın Dini Liderlərinə ünvanlanmış aprel 2002-ci il tarixli məktubunda deyilir:

XX əsrin mirası budur ki, o dünya xalqlarını özlərini vahid insan nəslinin üzvləri kimi görməyə və Yer kürəsini bütün insanların ümumi evi olduğunu anlamağa məcbur etdi. Davamlı konfliktlərə və zorakılıqlara baxmayaraq, nə vaxtsa insan təbiətinin ayrılmaz xüsusiyyəti kimi təsəvvür olunan təəssüb­keşliklər artıq hər yerdə geriyə çəkilir. Bununla bərabər, bəşər ailəsini mədəni, etnik və milli mənsubiyyətinə görə Babil hənga­mə­sinə çevirən maneələr də dağılmaqdadır. Belə köklü dəyişik­liyin belə qısa bir zamanda baş verməsi gələcəkdə olacaq imkanların böyüklüyünü təsəvvür etməyə kömək edir.”

Lakin Bəşəriyyətin birliyə doğru dönməz inkişafının aşkar əlamətlərinə baxmayaraq, bu proses bir qrup insanların istəyi əleyhinə baş verməkdədir. Dünyanın siyasi, dini, iqtisadi lider­ləri xalqların həqiqi birliyinə deyil, Bəşəriyyətin parçalanması səbəbindən yaranmış qlobal böhranın yumşaldıl­masına çalışırlar. Dün­ya və vətən haqqında anlayışları genişlən­dirmək və Bəşə­riy­yətin birliyini tanımaq haqqında tək-tək çağırışlar həm icti­maiy­yətin bir hissəsi, həm də “uzaqgörən siyasətçilər” tərə­fin­dən laqeydliklə qarşılanır. “Açıq cəmiyyət” konsepsiyasının müəl­lifi Karl Popper - “Dünyanın bir çox intellektual liderlərinin xəyanətinə baxmayaraq, özünün hələ körpəlik dövrünü yaşayan Sivilizasiyamız böyüməkdə davam edir”- sözlərini deyərkən, görünür, həmin liderləri nəzərdə tuturmuş.

İnsan qruplarının müxtəlifliyi, mədəniyyətlər, dillər və dinlər arasındakı fərqlər və ziddiyyətlər bir çoxları üçün keçilməz səddə bənzəyir. Alman filosofu İohann Qerder (XVIII əsr) vaxtilə aforizmə çevrilmiş bir fikir söyləmişdir:”Avropada heç bir xalq öz mədəniyyətini təklikdə yaratmayıbdır”. Bəşəriy­yətin Birliyi prinsipində məqsəd insanların qəlbindəki sağlam düşüncəli vətənpərvərlik alovlarını söndürmək deyildir. Bu prinsiplə həmçinin dünyanın millət və xalqlarının dil, tarix, ənə­nə­lər, düşüncə tərzi, estetik xüsusiyyətlər və adətlərlə şərtlənmiş müxtəliflikləri nə inkar edilir, nə də ləğv edilir. Ək­sinə, onun qarşıya qoyduğu əsas məqsədlərdən biri də maddi dəyər­lərə söykənən indiki insan cəmiyyətinin törətdiyi hədsiz mərkəzləşmənin, yeknəsəkliyin nəticələrini aradan qaldırmaq­dır. Bəhai təliminə görə, XX əsrdə başlamış Qlobal iqtisadi və siyasi inteqrasiya proseslərinin təbii inkişafı Dünyada Kiçik Sülhün və yaxud Dünya Dövlətləri Federasiyasının yaranmasına gətirib çıxaracaqdır. Bəşəriyyətin iqtisadi və siyasi birliyinin arxasınca onun ruhani birliyi formalaşacaq ki, bu da Yerdə Yeni Sivilizasiyanın qurulması ilə nəticələnəcəkdir. Həzrət Bəhaullah bu yeni Sivilizasiyanı “Böyük Sülh Əsri”, həzrət Əbdül-Bəha “İlahi Sivilizasiya” adlandırmış, Şövqi Əfəndi isə Onun 500 min il ərzində mövcud olacağını (“Bəha” tsiklı müddətində) bildirmişdir. Uca Ədalət Evi buyurur:

Allahın coşğun inkişaf edən, bütün bəşəriyyətə bütöv­lükdə toxunan, durmadan həyata keçməyə doğru irəliləyən b­öyük Planı bəşəriyyətin birliyinə mane olan bütün maneələri ara­dan qaldırır və onu bədbəxtlik və iztirab kürəsində əridib bütövləşdirir. Allahın İradəsi ilə bu proses Kiçik Sülhün qurul­ma­sına gətirib çıxaracaq... Dünyanın siyasi cəhətdən birləş­məsi. Bəşəriyyət buna nail olaraq bir bədənə bənzəyəcək, lakin onda həyat ruhu olmayacaq. Sonra bu vahid bədənə həyat ruhu vermək zərurəti olacaq – əsl birliyi və ruhaniliyi bərqərar etmək lazım gələcək ki, bunun da ali təzahürü Böyük Sülh olacaq və bu vəzifə bəhailərin üzərinə düşür, o bəhailər ki, şüurlu surətdə və məqsədyönlü şəkildə, Yazıların prinsiplərinə əməl edərək və Allahın daim istiqamətləndirən gücünə inanaraq yer üzündə İlahi Səltənətin qurulmasına çalışır və öz yaxınlarını ona daxil olmağa çağırırlar...”

Həzrət Bəhaullahın Vəd etdiyi İlahi Sivilizasiyanın qurulu­şu­nu, maddi və mənəvi ölçülərini və imkanlarını bu gün təsəv­vürə gətirmək qeyri-mümkündür. Azərbaycan ərazisində 500 min il əvvəl yaşamış Azıxantrop insan üçün XXI əsrin Sivilizasi nə qədər sirli və əlçatmazdırsa, bu gün İlahi Siviliza­siya bizim üçün o qədər anlaşılmaz və dərkedilməzdir. İlahi Sivilizasiyanın Yerdə qurulması və Kainata yayılması təkcə Bəşəriyyətin deyil, bütün Kainatın inkişafında yeni Tarixi mərhələ olacaqdır. İlahi Sivilizasiyada bütün bəlaların, xəstəlik və təbii fəlakətlərin, yoxsulluq və səfalətin, zülm və haqsızlığın sonu çatacaqdır. Hər yerdə məhəbbət, xoşbəxtlik, sağlamlıq, firavanlıq, azadlıq, yüksək ruhanilik və əxlaqi paklıq bərqərar olacaqdır. Yer Kürəsi Cənnətə çevriləcək və çiçəklənən bağa bənzəyəcəkdir. İlahi Plana uyğun olaraq insanların birgə səyi və əməyi ilə qurulucaq bu cəmiyyətin ruhani, elmi-texnoloji, intelektual-mədəni səviy­yəsi o qədər yüksələcək ki, Həzrət Bəhaullahın buyurduğu kimi, Onun nuru bütün Kainatı işıqlandıracaqdır. Həzrət Əbdül-Bəha buyurur:

“...Eynilə də bu ecazkar tsikldə bu dünya dəyişəcək və insan dünyası sakitlik və gözəlliklə meydana çıxacaq. Dartış­ma­lar, mübahisə və qətllər sülh, doğruluq və barışla əvəz oluna­caq; sevgi və dostluq yaranacaq. Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Ən Müqəddəs Kitabın qanunları qüvvəyə minəndə, ixtilaf və mübahisələr millətlərin və ölkələrin ümumi tribunalı qarşısında mütləq ədalətlə son həllini tapacaq və baş qaldıran çətinliklər həll olunacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək, yer üzü bir ölkə olacaq və bəşəriyyət tək icmaya çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Səmavi məhəbbətin işığı nur saçacaq, düşmənçilik və nifrətin zülməti yer üzündən qovulacaq. Ümumdünya sülhü öz çadırını yer kürəsinin düz ortasında quracaq və mübarək Həyat Ağacı böyüyəcək və elə qol-budaq atacaq ki, bütün Şərqin və Qərbin üzərinə kölgə salacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər – hansı ki, qurd və quzuya, bəbir və çəpişə, aslana və buzova bən­zəyirlər – bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə, varlıqların sirlərinin gerçəkliyi haqda biliklə və Allahın biliyilə dolacaq”16.

Həzrət Bəhaullah, həzrət Əbdül-Bəha və Şövqi Əfəndinin Yazılarından məlum olur ki, İlahi Sivilizasiya Yerdə Bəşəri Birliyin yaranması ilə öz inkişafına başlayacaqdır. Lakin bu Cəmiyyətin sonrakı inkişaf mərhələləri və onun Kainatdakı əhatə dairəsi məlum deyildir. Bəşəri Birlik insanlıq tarixində yeni sosium olmaqla İlahi Sivilizasiyanın embrion halında olan təsisatlarını öz “bətnində” yetişdirən xüsusi mühit olacaqdır. Qeyd edildiyi kimi, belə bir təsisat – İnzibati Quruluş Bəhai icma­sının daxilində embrion şəklində inkişafdadır. Tarixi mə­qamda o, kamilləşmiş formada üzə çıxaraq, İlahi Sivilizasi­yanın İnzibati Quruluşunu təşkil edəcəkdir. İndiki sivilizasiya ilə İlahi Sivilizasiyanın qovşağında formalaşan Bəşəri Birliyin tarixi məqamı Şövqi Əfəndinin 11 mart 1936-cı il tarixli məktubunda işıqlandırılmışdır:



Həzrət Bəhaullahın nəzərdə tutduğu insan nəslinin bi­r­liyi prinsipi bütün xalqların, irqlərin və təbəqələrin öz ara­larında sıx və daimi əməkdaşlıq etdikləri, birliyə daxil olan bü­tün muxtar dövlətlərin mənafelərinin bütünlüklə qorunduğu və bu dövlətləri yaradan şəxslərin azad təşəbbüslərinə tama­milə təminat verildiyi Dünya Dövlətinin bərqərar olması kimi başa dü­şülür.

Bizim təsəvvür edə bildiyimiz bu cür dünya idarəetməsinin Qa­nunvericilik Orqanı olmalıdır. Bütün bəşəriyyət tərəfindən etimad göstərilmiş bu orqanın üzvləri isə onun tərkibinə daxil olan hər bir millətin sərvətləri üzərində ciddi nəzarət qoymalı və bütün dünya xalqlarının tələbatlarını ödəyən, onların həyat tərzini yaxşılaşdıran və onların düzgün qarşılıqlı əlaqələrini təmin edən qanunlar verməlidir.

Bütün beynəlxalq qüvvələr tərəfindən dəstəklənən dünya icraçı orqanı dünya qanunvericilik orqanı tərəfindən qəbul olunan ganunları yerinə yetirməli və bütün dünya idarəsinin üzvlərinin birliyini qorumalıdır. Beynəlxalq Tribunal ayrı-ayrı dövlətlər və xalqlar arasında baş verən bütün məsələləri gün­dəliyə gətirməli və danışıqsız yerinə yetirməli olan qəti qərarlar verməlidir.

Belə idarəetmə sistemi bütün yer kürəsini əhatələyən və tam sürətlə və dəqiqliklə fəaliyyət göstərən, hər cür milli müdaxilədən və məhdudiyyətlərdən azad olan etibarlı beynəl­xalq əlaqələrin mövcudluğuna təminat verəcəkdir.

Belə sistemdə Dünya Paytaxtı bütün aləmi ruhlandıran və bəşəriyyətin bütün xeyirxah qüvvələrini birləşdirən mərkəz olacaqdır.

Dünya sisteminə mənsub olan beynəlxalq dil ya yenidən tərtib edilməli, ya da mövcud dillərin içərisindən seçilməlidir. Və bu dil sistemə daxil olan bütün federativ millətlərin məktəb­lərində onların ana dilləri ilə yanaşı tədris olunmalıdır. Beynə­lxalq yazı, ədəbiyyat, vahid beynəlxalq pul sistemi, vahid çəki və ölçü sistem İ– bütün bunlar dünyanın bütün xalqlarının və irqlərinin qarşılıqlı münasibətlərini və qarşılıqlı ünsiyyətini asanlaşdırmalı və sadələşdirməlidir.

Belə bir Dünya Birliyində bəşəriyyətin iki ən nəhəng qüv­vəsi olan din və elm sülhə gələcək və qarşılıqlı yardım şəraitin­də ahəngdar surətdə inkişaf edəcəklər. Belə bir sistemdə fəaliy­yət azadlığından tamamilə istifadə edən kütləvi informasiya vasi­tələri insanların düşüncə və dünyagörüşlərini bütünlüklə əks etdirməyə başlayacaqdır, belə ki, o, müxtəlif şəxsi məq­sədləri və ya qrupların mənafelərini müdafiə etmək vəzifəsindən qurtaracaq, dövlətlərin və xalqların hər cür təsirindən azad olacaqdır. Dünyanın iqtisadi ehtiyatları düzgün hesablanacaq, xammal mənbələrindən tam istifadə olunacaq, onun bazarları düşüncəli surətdə əlaqələndiriləcək, dünyanın sərvətləri isə ədalətlə bölüşdürüləcəkdir.

Beynəlxalq rəqabətə və hər cür digər zərərli fitnə-fəsad­lara son qoyulacaqdır. İrqi xurafatları və nifrəti xalqlar arasın­dakı dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əvəzləyə­cəkdir. Dini çəkişmələri törədən səbəblər birdəfəlik aradan qaldı­r­ılacaq, iqtisadi sədlər və məhdudiyyətlərin, xüsusi sinfi fərqlərin kökü birdəfəlik kəsiləcəkdir.

Bir tərəfdən olduqca ağır ehtiyac içində yaşamaq və digər tərəfdən həddindən artıq sərvətlərin yığılması və təmərküzləş­məsi aradan qaldırılacaqdır. İndi müxtəlif iqtisadi və siyasi müharibələrə sərf olunan nəhəng enerjilər insanların etdikləri kəşflərin və onların texniki nailiyyətlərinin tez bir zamanda tətbiq edilməsinə yönəldiləcəkdir. Bu həm əmək məhsuldar­lığının artırılması, xəstəlikləri törədən səbəblərin aradan qaldı­rılması, elmi ixtiraların genişləndirilməsi, fiziki sağlamlıq səviy­yəsinin yüksəldilməsi, düşünmə vasitələrinin inkişaf etd­i­ril­məsi və təkmilləşdirilməsi sahələrindəki, həm də tam istifadə olun­ma­mış yeraltı yataqların və sərvətlərin emal edilməsi, insan öm­rünün uzadılması və bütün bəşəriyyətin əxlaqi, intellektual və mənəvi həyatını möhkəmləndirən digər təşəbbüslərin stimullaş­dırıl­ması sahəsindəki məsələlərə toxunacaqdır.

Bütün dünyaya rəhbərlik edən, sarsılmaz nüfuza malik olan, ixtiyarında zəngin sərvətlər və geniş imkanlar olan Dünya Federasiya Sistemi; müharibə fəlakətlərindən və onun acı nəticələrindən qurtarmaq haqqında həm Şərqin, həm də Qərbin baxışlarının və mənafelərinin ifadəçisi olan Dünya Federasiya Sistemi; yeraltı sərvətlərdən və mədənlərdən maksimum istifadə olunmasına çalışan sistem; zorakılığı cilovlayan və onu ədalətə tabe edən sistem; Allahın Təkliyini hər yerdə şüurlara təlqin etməklə şərtlənən və vahid dünya Vəhyinə loyal münasibət gös­tərməyi hamıya aşılayan sistem – indi ümumi, həyati maraq­lar əsasında birləşmiş bəşəriyyətin nail olmağa çalışdığı son məqsədi bax budur.

Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün xalqların birliyi­dir. Ailənin, tayfaların, ölkələrin və millətlərin formalaş­ması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. Bütün dünyanın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir.

Millətlərin formalaşması dövrü qurtarmışdır. Dövlət suve­ren­liyinin xüsusiyyəti olan anarxiya özünün ən yüksək nöqtəsinə can atır. Dünya öz kamilliyinə nail olan kimi xurafatlardan imti­na etməli, bütün bəşəriyyətin birliyini və onun qarşılıqlı əlaqələrinin bütövlüyünü dərk etməli və birdəfəlik olaraq elə təşkilati idarəetmə aparatı yaratmalıdır ki, bu həyati və müqəddəs problemi öz mövcudluğu tarixində ən yaxşı tərzdə həyata keçirə bilsin”.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə