Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh



Yüklə 0,66 Mb.
səhifə5/8
tarix21.02.2018
ölçüsü0,66 Mb.
#27401
1   2   3   4   5   6   7   8

Dinlərin birliyi
Həzrət Əbdül-Bəha buyurur:

Allahın bizim mədəni əsrimizə olan hədiyyəsi – bəşəriyyətin birliyi və dinlərin əzəli birliyi haqqında bilikdir”17

Bəhai dininin ardıcılları inanırlar ki, dünyanın böyük din­ləri ilahi mənşəyə malikdirlər. Onların hamısı müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Alla­hın Vəhyi vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbər­liksiz qalmamışdır və Bəşəriyyət durduqca bu rəhbərlik də davam edəcəkdir. Bəhai təliminə görə Yerdə Allahın bir Dini möv­cuddur, bütün dinlər Onun tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmək yolu ilə inkişaf etmişdir. Peyğəmbər­lərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Tövrət, İncil, Quran-İ-Kərim və s.) isə bir İlahi Kitabın səhifələridir. Bu Din cansız deyildir. Əksinə, o, daim inkişafdadır. Həzrət Musanın təlimində biz tumurcuğu, Həzrət İsa və Həzrət Məhəmmədin təlimində çiçəyi görürüksə, Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Tumurcuq və çiçək töküldükləri üçün faydasız sayılmamalıdır. Onların hər biri öz dövründə zəruri və faydalı idi, onlarsız meyvə yetişə bilməzdi. Eyni proses Peyğəmbərlərin təlimlərində də baş verir; onların xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamam­layır. Onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur, onlar Vahid Dinin müxtəlif tarixi mərhələləridir.

Allah alidir və O, insanın dərketmə qabliyyətindən kənar­dadır. O, bəşəriyyəti kamil və qüsursuz şəxslər olan Elçilər vasitəsi ilə idarə edir. Bu Elçilərə və ya Peyğəmbərlərə Allahın Zühurları kimi də baxmaq mümkündür. Onlar Allah deyillər, lakin mükəmməl güzgütək Onun işığını insanlara əks etdirirlər. Onlar günəşin işığını yerə çatdıran şüalara bənzəyirlər. Peyğəm­bərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Onlar Öz həyatları və təlimləri vasitəsilə Allahın kamilliyini əks etdirirlər. Allah bu Zühurlarının vasitəçiliyi ilə insanı Onu dərk etməyə və sevməyə çağrir. İnsan üçün Allahın dərk edilməsi yalnız Zühurun vasitəçiliyi ilə mümkündür. Ona görə də Zühurun kamilliklərinin dərk edilməsi insanın məhdud dərrakəsinə Allah haqqında tam bilik əldə etməyə imkan verir.

Lütfinin nişanəsi..., mərhəmətinə sübut kimi O, insanlara Özünün İlahi rəhbərliyinin dan ulduzlarını, Onun ilahi biliyinin rəmzlərini aşkarladı və bu nurlandırılmış Varlıqlarların dərk edilməsini özünün dərk edilməsi ilə eyni olmasını müəyyən etdi”18

Allah Elçisinin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş yalnız bir neçə Peyğəmbərin adı məlumdur: Həzrət Krişna, Həzrət İbrahim, Həzrət Zərdüşt, Həzrət Musa, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd, Həzrət Bab və Həzrət Bəhaullah. Onların hər biri yeni Dinin əsasını qoymuş və müstəqil mədəniyyətlərin inkişafına təkan vermişlər. Onların hər biri vaxtilə ələ salınmış, qovulmuş, alçal­dılmış, insanlar tərəfindən qəbul edilməmişlər. Müasirlə­rinin yalnız çox az qismi Onların həqiqi mahiyyətini duymuşlar. Hər Allah Elçisinin Yerdəki həyatı sona yetdikdən sonra O, milyonlarla insanın məhəbbət və etiqad obyektinə çevrilmişdir. Allah Elçiləri təklikdə, yerdəki qüvvələrin köməyi olmadan insanların ürəklərində Öz hakimiyyətlərini qururdular. Onlar bəşəriyyətin həqiqi müəllimləri idilər. Onların məqsədi insanları bir-birinə yaxınlaşdırmaq, insan sivilizasiyasının tərəq­qisinə nail olmaq idi.

Bəhai təliminə görə, hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yuksək ruhani səviyyədə bütün dünya dinləri arasında tam harmoniya mövcuddur. Fərq yalnız sosial səviyyədə müşahidə edilir. Bu özünü dini mərasim və ayinlərdə, qanun və sərəncamlarda göstərir. Dinin sosial cəhətləri əbədi ola bilməz, dövrdən dövrə cəmiyyət dəyişdikcə, onlar da dəyişməlidirlər. Həzrət Əbdül-Bəha yazır:

Hər İlahi Vəhy iki hissədən ibarətdir. Birincisi əsas olub əbədidir. O, İlahi həqiqətlərin və başlıca prinsiplərin şərhidir. O, bütün dinlərdə vahid və dəyişməzdir.



İkinci hissə praktiki həyata, qarşılıqlı və işgüzar münasibətlərə aid olub, onun məzmunu insanın təkamülünə və Peyğəmbərin dövrünün tələblərinə uyğun şəkildə dəyişir. Məsələn, Həzrət Musanın dövründə ən adi oğurluğa görə əli kəsirdilər. Lakin bu qanunlar Həzrət İsanın dövrünə uyğun gəlmirdi və O onları ləğv etdi. Eynilə boşanmaların geniş hal alması, nigah qanununun laxlaması səbəbindən Həzrət İsa boşanmanı da qadağan etdi.

Dövrünün tələblərinə uyğun olaraq Həzrət Musa ağır cinayətlərə görə “On qanun” müəyyən etdi. O zamanlar bu kəskin qanunlar olmadan icmanı müdafiə etmək, onun icti­mai təhlükəsizliyini qorumaq mümkün deyildi, çünki İsrail övladları Tih səhrasında yaşayırdılar. Orada nə məhkəmə, nə də həbsxanalar var idi. Lakin Həzrət İsanın dövründə bu qanunlara ehtiyac olmadı. Beləliklə, yerin və zamanın adət-ənələrinə aid edilən dinin ikinci hissəsi o qədər də əhəmiyyətli deyildir, lakin Allah Dininin əsasını təşkil edən birinci hissə isə vahiddir və Həzrət Bəhaullah onu bərpa etdi...”19

Dinlər arasında fərq insanların İlahi təlimlərə süni əlavələr etməsi nəticəsində də yaranır. Beləliklə, təlimlərin saflığı ardı­cıl­ları tərəfindən zaman-zaman təhrif olunur. Hər dinin zahiri, maddi cəhətləri yaranma, yüksəlmə və tənəzzül mərhələ­lərindən keçir. Zaman keçdikcə insanlar dinin ruhaniy­yə­tilə bağlı hissəsini unudub, onun zahiri, maddi cəhətlərindən (ayin, mərasim və s.) möhkəm yapışır, onları mütləq həqiqətə çevi­rirlər. Lakin insan cəmiyyəti bir yerdə durmur, o daim inkişaf­dadır. Biliklər artdıqca və ictimai-iqtisadi münasibətlər təkmil­ləş­dikcə, insanların dünyagörüşü dəyişir və kamilləşir. Bu za­man inkişaf etmiş cəmiyyət dinin dondurulmuş sosial qanun­larına sığmır. Bu da fərdlərin və bütövlükdə cəmiyyətin dindən uzaqlaşmasına, ruhaniyyətin və əxlaqın aşağı düşməsinə səbəb olur. Tənəzzül mərhələsi yüksək həddə çatanda Allah Yerə yeni Peyğəmbər göndərir, insanların ürəyinə yeni inam toxumu atılır, unudulmuş ruhani prinsiplər yenidən bərpa edilir, inkişaf etmiş yeni cəmiyyətin tələblərinə uyğun qanun və hökmlər elan edilir və bununla da növbəti yüksəliş başlayır. Həzrət Bəhaullah yazır:

Yenə də dinlərin mahiyəti barədə yazmışdınız. Müdriklər dünyanı insan bədəninə bənzətmişlər. İnsan bədəninə geyim lazım olduğu kimi, dünyanın bədəninə də ədalət və bilik libası gərəkdir. Deməli, Allahın dini dünyanın libasıdır, elə ki, köh­nəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur...”20

Həzrət Krişna “Bhaqavat-Qita”da deyir:

Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təş­kil etdikdə, Mən Özüm zahir oluram... Möminləri xilas, cinayət­kar­ları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm”.

Bütün Peyğəmbərlər bir Dinə xidmət etdir və bir İlahi Planı mərhələ-mərhələ həyata keçirdikləri üçün onların təlim­lə­rindəki ardıcıllığı görməmək mümkün deyildir. Ona görə də dinləri bir-birindən ayırıb qarşı-qarşıya qoymaq, birini həqiqi, saf, digərini səhv və natəmiz hesab etmək yolverilməzdir. Bütün dinlər və müqəddəs Yazılar öz əsaslarında həqiqi, bütün Pey­ğəm­­­bərlər Allahın Zühurlarıdırlar. Həzrət Bəhaullah yazır:

Əgər onlara diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər21.

Hər dəfə Peyğəmbər gələndə, Ondan əvvəlkilər tərəfin­dən başlanmış təlimin qurulması prosesi davam etdirilir, yeni Müjdə gətirilir və gələcək Zühurun gəlişi üçün əsas qoyulur. Peyğəmbərlər Öz mahiyyətlərinə görə bir-birindən fərqlən­mirlər. Lakin Allahın Onlara tapşırdığı vəzifələrdən, İlahi yükün ağırlığından və məsuliyyətindən asılı olaraq onlar fərdi məqam­lara malikdirlər. Həzrət Bəhaullah yazır:

Əlbəttə Allahın bütün Peyğəmbərləri Onun sevimliləri­dirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir nəfər kimi Onun adını daşıyır və Onun mükəm­məlli­yini təcəssüm etdirirlər. Onları bir-birindən ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaq­lığı fərqləndirir”22.

Peyğəmbərlərin ikili mahiyyəti ilə bağlı məsələyə Həzrət Bəhaullahın Yazılarında geniş açıqlamalar verilmişdir; Allah insanı Öz surətində, Öz oxşarında yaratmış, Öz sifətlərini və keyfiy­yətlərini onda cəmləşdirmişdir. Lakin Allah Özünün bəzi cəhətlərini, yəni Tanrılıq, Rəbbilik kimi atributlarını yalnız Peyğəmbərlərdə zahir etdirmişdir. Ona görə də Allah Elçiləri Allahın hökmdarlıq sifətlərinin daşıyıcıları kimi adi insanlardan qat-qat yüksəkdə dururlar. Həzrət Bəhaullah yazır:

Bu Varlıq Cövhərləri əsasən bir və eyni olmaları baxı­mın­dan Rəbbilik, Tanrılıq, Mütləq Təklik vəsfləri ilə vəsfləndirilirlər, çünki onların hamısı Tanrı zühuru taxtında otu­rur, Tanrı kürsüsündə əyləşirlər. Yəni Tanrının zühuru Onların zühurlarıyla, Tanrının gözəlliyi onların Camalı ilə görünür”23.

Həzrət Babın Məhəmməd şaha yazdığı məktubda peyğəm­bərlərin İlahi mahiyyəti ilə bağlı bəzi məqamları izləyə bilərik:

Allah məni digər adamlar kimi gildən deyil, başqa maddədən yaratmışdır. O, mənə müdriklərin əsrlərlə dərk edə bilməyəcəyini və möminlərin anlamayacağını bəxşiş etmişdir. Mən bütün yaradılmışların çıxdığı Çıxış Nöqtəsiyəm. Mən şöh­rəti heç vaxt qaralmayan Allahın Üzüyəm, şöləsi heç vaxt sönməyən Allahın Nuruyam. Məni tanıyan kəslərin nəsibi cəsur­luq və dünyanın bütün rifahları olacaq; Məni tanımayan kəsləri isə Cəhənnəm alovu və saysız-hesabsız bəlalar gözləyir...”.

Həzrət Bəhaullah “Kitab-İ-İqanda” peyğəmbərlərin mahiyyəti ilə bağlı geniş açıqlama vermişdir:

Əgər bu kamil Məzhərlərdən “ Mən Allaham!” nidası eşidilərsə, bu, doğrudur və buna heç bir şübhə yoxdur. Axı dəfələrlə sübut edilmişdir ki, onların zühuru, sifətləri və adları ilə yer üzündə Allahın zühuru, Allahın adı və Allahın sifəti aşkar olur. Buna görə də buyurur: “Atdığın zaman sən atmadın, Allah atdı” (“Ənfal” surəsi,17-ci ayə). Və həmçinin: “Sənə beyət edənlər, şübhəsiz, Allaha beyət etmiş olurlar” (“Fəth” surəsi,10-cu ayə). Əgər onlar: “Mən Allahın Rəsuluyam” nəğməsini oxusalar, bu da doğrudur və buna şəkk-şübhə yoxdur. Necə ki, buyurur: “Məhəm­məd sizin kişilərinizdən heç birinin atası deyildir, lakin Allahın rəsuludur” (“Əzhab” surəsi, 40-cı ayə). Bu məqamda onların hamısı o Həqiqi sultan və Əzəli Varlıq tərəfindən göndərilmişlərdir. Əgər onların hamısı: “Mən peyğəmbərlərin möhürüyəm (sonun­cusuyam)!” deyə nida etsələr, bu da doğrudur və burada şübhəyə yer yoxdur. Çünki onların hamısı bir şəxs, bir qəlb, bir ruh, bir bədən və bir Vəhy deməkdir. Və hamısı o Həqiqi Ruhlar Ruhunun və əzəli Cövhərlər Cövhərinin başlanğıc və sonunun, əvvəli və axırının, zahiri və batininin təzahürüdür. Həmçinin onlar: “Biz Allahın qullarıyıq!” deyə buyursalar, bu da şübhəsiz və aydındır. Çünki onlar dünyada bəndəliyin ən yüksək dərəcəsini nümayiş etdirirlər və yer üzündə heç kəs bəndəliyin bu səviyyəsinə çata bilmir”.

Bütün Allah Elçiləri kimi, Həzrət Bəhaullah da həm Allahın səsi, həm də bu səsin insan bələdçisi idi. O, bu həqiqəti belə etiraf edirdi:

Ya Rəbb, məni Səninlə bağlayan həmin əlaqə haqqında düşünərkən, Məni elə arzu çulğalayır ki, bütün yaradılanlara elan etmək istəyirəm – “ Həqiqətən Mən Allaham”, lakin Mən özümə nəzər salarkən, özümü palçıqdan da kobud görürəm”24.

Peyğəmbərlərin ikili mahiyyəti ilə bağlı açıqlamalar və onlara Allahın Zühurları kimi baxılması dövrün din xadimləri tərəfindən düzgün başa düşülmür və Həzrət Bəhaullaha qarşı kəskin həmlələrlə nəticələnirdi. O, bu haqda yazırdı:

Sizlərdən bəziləri deyirdilər: O, bunu iddia edir ki, O-Allahdır. Allah-taalaya and olsun! Bu görünməmiş böhtandır. Mən, ancaq Allahın quluyam, Ona və Onun əlamətlərinə inanı­ram. Mənim dilim və Mənim qəlbim və Mənim bütün daxili alə­mim və Mənim xarici varlığım buna şahiddir ki, Allahdan başqa allah yoxdur, bütün yaradılanlar Onun Əmri ilə, Onun İradə­sinin əməli ilə yaranmışdır. Mən, ancaq o kəsəm ki, Allahın Öz istəyi ilə Mənə bəxş edilib ki, Onun Səxavətini hər yerdə söyləyim. Və əgər bu Mənim günahımdırsa, onda həqi­qətən, cinayətkarlardan birincisiyəm”25.

Bəhailər inanırlar ki, Həzrət Bəhaullah zaman etibari ilə Allahın yerdəki sonuncu Rəsuludur. Onun missiyası dünya dinlərinin birliyini həyata keçirməkdir. O öyrədir ki, Din sülhün və bəşəriyətin tərəqqisinin ilkin amilidir. Ümümdünya sülhü həmçinin Dinin dünya miqyasında təzələnməsini şərtləndirir.



Mövhumatın aradan qaldırılması
Dini, irqi, sinfi, milli və başqa mövhumatlara qarşı real vasitə-şüurluluq və bəşəriyətin birliyidir. İnsanlar Öz arala­rında ruhani birlik əldə etməklə bu mövhumatları aradan qaldıra bilərlər. Həzrət Bəhaullah deyir ki, müxtəlif irqlərin və millət­lərin mövcudluğuna onların birliyi nöqteyi-nəzərindən baxmaq lazımdır.

Həzrət Əbdül-Bəha yazırdı:

Allahın gözündə dərinin rənginə görə fərq yoxdur; hamı rənginə və ona xidmətinin gözəlliyinə görə birdir. Dərinin rəngi mühüm deyildir, yalnız insanın ürəyi mühümdür. Əgər daxildə ürək ağ və təmizdirsə, zahirin necəliyi əhəmiyətsizdir. Allah adamları dərisinin rəng çalarlarına və bədən quruluşuna görə fərqləndirmir. O, ürəyə baxır. Yaxşılıq və xasiyyəti ləya­qət­li olan Allah hüzurunda hörmətli, Onun səltənətinə sədaqətli olan isə Onun sevimlisidir. Varlıq və Xəlqetmə səltənətində dərinin rəngi məsələsi çox az əhəmiyyət kəsb edir.

Bağdakı çiçəklərə bax: növünə, rənginə, formasına görə onlar müxtəlif olsalar da, bir bulağın suyu ilə suvarılır, bir küləyin nəfəsi ilə canlanır, bir günəşin şüaları ilə möhkəm­lənirlər və bu fərqlər onların füsunkarlığını gücləndirir və gözəlliyini artırır”26.
Din və elmin hormoniyası
Həzrət Bəhaullah öyrədir ki, dinlə elm arasında harmoniya mövcuddur. Həqiqi din və həqiqi elm bir-birinə zidd deyildir. Onlar həqiqətin bir-birini tamamlayan tərəfləridir. Belə ki, Allah dini insana tədricən aşkarlayır. İnsan isə öz dərrakəsinə arxalanaraq elmin sirlərini açır. Hər ikisi insana lazımdır. Din ruhani yüksəlişdə vacib köməkçidir. Elm isə maddi tərəqqi vasitəsidir. Həzrət Bəhaullah dinə və elmə dünyanın iki ən qüdrətli amili kimi baxır.

Din və elm – insanın şüurunu yüksəkliyə qaldıran və insanın ruhunu inkişaf etdirən iki qanaddır. Bir qanadla uçmaq olmaz. İnsan əgər din qanadına söykənərək uçmağa cəhd edirsə, o sürətlə xurafat bataqlığına düşəcəkdir. Əgər o yalnız elm qanadında uçarsa, irəli getməyərək, materializmin qaranlıq bataqlığına düşəcəkdir”27.

Tarixdən yaxşı məlumdur ki, müasirləri tərəfindən təzyiq və hücumlara həm dinin yaradıcıları, həm də elm pionerləri məruz qalmışlar. Elm və din ardıcılları arasındakı münaqişələr isə çox vaxt vərdiş halına keçmiş cahillik və mövhumat səbəbindən baş verirdi. Bununla belə həqiqi sivilizasiya yalnız insanlar tərəfindən həm dinin, həm də elmin zəruriliyi dərk edildikdən sonra mümkün olacaqdır. Həzrət Əbdül-Bəha yazır:

Din və elm birlikdə addımlayır və elmə zidd olan istənilən din həqiqi deyildir”28.

Qeyd etmək lazımdır ki, elmin son nailiyyətləri Kainat və xəlq edilmiş bütün varlıqların vəhdəti ideyasını təsdiq edir.

Həqiqətin müstəqil axtarışı
Həzrət Bəhaullah istəmir ki, kimsə onun təlimini kor-koranə qəbul etsin. O tələb edir ki, hər kəs bu təlimi diqqətlə nəzərdən keçirib və onun mahiyyətini dərk edib, müstəqil müha­kimədən sonra qərar qəbul etsin.

Bu cür müstəqil axtarış tarixdə ilk dəfədir ki, praktiki cəhətdən mümkün olmuşdur. Artıq hansısa insan qrupunun keçmişdə olduğu kimi başqalarına dini şərh etməsinə ehtiyac yoxdur. Bəşəriyyət Həzrət Bəhaullah təliminin həqiqət və ya yalan olmasını sərbəst araşdıracaqdır; bundan ötrü yalnız daha çox insanın oxumağı bacarması lazımdır. Kiminsə təhriki ilə dini kor-koranə qəbul etməklə müqayisədə həqiqətin sərbəst axtarışı insandan daha çox şey tələb edir. Həzrət Bəhaullah izah edir ki, insan irsi inamları və cəhaləti təqlid etməməlidir. İnsan həmçinin özünün son dərəcə haqlı, başqalarının isə səhv olması fikrindən də qəti imtina etməlidir. Həzrət Əbdül-Bəha yazır:

Düşüncəsi sizin düşüncənizdən fərqli insanlara rast gələndə onlardan üz çevirməyin. Hamı həqiqəti axtarır, ona doğru gedən yollar müxtəlifdir. Mülahizələrdəki fərqlərə, düşün­cələrdəki fikir ayrılıqlarına imkan verməyin ki, sizi dostlarınızdan ayırsın və ya mübahisə yaratsın. Onun əvəzində səylə həqiqəti axtarın və bütün insanları öz dostlarınıza çevirin”29.

İnsanlar tərəfindən həqiqətin əsl axtarışı onların birliyinə gətirib çıxaracaqdır. Həzrət Əbdül-Bəha bu haqda deyir:

Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəi axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”30.

Kişi və qadın hüquq bərabərliyi

Bəhai dini təliminə görə kişi və qadın hüquq bərabərliyi Yeni Dünya Nizamının qurulması üçün zəruri mənəvi və ruhani prinsipdir. Kişi və qadının istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq mümkün olmayacaqdır. Həzrət Əbdül-Bəha buyurur:

İnsan aləminin iki qanadı vardır; onlardan biri qadınlar, digəri – kişilərdir. Əgər qanadlardan biri inkişaf etməyibsə, quş uça bilməz”31

Qadınlara öz qabliyyətlərini yüksək dərəcədə inkişaf etdirmək imkanı verilməyincə, kişilər də malik ola biləcəkləri yüksəkliyə çata bilməyəcəklər”.32

Həzrət Bəhaullah bildirir ki, qadınların təhsili kişilərin malik olduğu təhsilin standartlarına uyğun gəlməlidir, yəni qadın­lar və kişilər cəmiyyətdə bərabər təhsil hüququna malik olmalı­dırlar. Əgər ailənin həm oğlan, həm də qızının təhsili üçün pulu yoxdursa, valideynlərə pulu qızın təhsilinə sərf et­məyi məsləhət görülür, çünki o potensial ana və gələcək nəsillərin tərbiyəçisidir.

Həzrət Bəhaullah öyrədir ki, qadınların hüquq bərabər­li­yi­nin bərqərar olmasına mane olmaq və ya onun inkişafını lən­gitmək mümkün deyildir. O, həmçinin deyir ki, qadınlar sülhlə bağlı məsələlərdə hərtərəfli və bərabər hüquqda iştirak etdiyi zaman müharibələrə son qoyulacaqdır.

Bu dəyişikliklər öz-özünə baş verməyəcəkdir. Potensial­larının tam inkişafı üçün qadınların özləri cəhd etməlidirlər. Həzrət Əbdül-Bəha buyurur:

Daha yüksək kamilliyə çatmaq, bütün məsələlərdə kiş­i­lərlə bərabər olmaq, ənənəvi olaraq geri qaldıqları bütün sahə­lərdə irəli getməsi və kişilərin onları qabiliyyət və vərdiş­lərinə görə bərabərliyi tanımasından ötrü qadınları mübarizə gözləyir”33.

Həzrət Əbdül-Bəha başqa bir yazısında, qadınlar cəmiy­yətdə həqiqi yer tutduqdan sonra nələr baş verəcəyini belə izah etmişdir:

Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”34.


Ümumi icbari təhsil
Həzrət Bəhaullahın digər ən vacib göstərişi – ümumi icbari təhsilin zəruriliyidir; bütün kişi və qadınlar savadlı olmalıdırlar.

Bilik – Allahın insana verdiyi ən böyük nemətdir və özünü biliklər əldə etmək imkanından məhrum edənlər dostları ilə müqa­yisədə məhdud həyatda yaşamağa məhkumdurlar. Elm, incə­sənət və sənətin insanlara fayda gətirən və yerdə həyat şərai­tini yaxşılaşdıran sahələrində bilik və vərdişlərin əldə edilməsi daha əhəmiyyətlidir.

Mövhumatlar və cəhalət çox vaxt biliksizlik səbəbindən törəyir və təhsilin yayılması onları insan mühitindən kənarlaş­dırmağa kömək edir.

İnsanlar öz qabiliyyətlərinə və istedadlarına görə fərqlə­nirlər. Uşaqlara verilən təhsildə məqsəd onlarda təbii imkanları inkişaf etdirmək və onları yaradıcı əməkdaşlığa həvəsləndirmək olmalıdır. Həzrət Əbdül-Bəha yazır:

Həzrət Bəhaullah bildirir ki, savadsızlıq və biliyin olma­ması bəşəriyyəti parçalayan maneələrdən olduğu üçün hamı ümumi və peşə təhsili almalıdır. Bu vasitənin köməkliyi ilə qarşılıqlı anlaşılmazlıq aradan qaldırılacaq, bəşəriyyətin birləşməsinə yeni təkan veriləcəkdir. Ümumi təhsil – universal qanundur.

Təhsil bütün uşaqlar üçün icbari olmalıdır. Ümumi təhsilə əlavə olaraq hər bir uşaq ixtisas, sənət, vərdişlər almalıdır ki, cəmiyyətin bütün üzvləri özlərini yaşayışla təmin edə bilsinlər. Xidmət ruhunda görülmüş iş ibadətin ən yüksək formasıdır”35.

Hərb və sülh məsələləri
Bəşəriyət yaranandan bəri irili-xırdalı minlərlə, on minlərlə müharibələr və hərbi toqquşmalar baş vermişdir. Nəti­cədə milyonlarla insan həlak olmuş, yaralanmış, şəhərlər, kənd­lər viran qalmış, maddi və mənəvi sərvətlər məhv edilmiş, döv­lətlər, xalqlar, bütöv mədəniyyətlər tarixin səhifəsindən silin­mişdir.

Müharibələrə səbəb nədir? Şövqi Əfəndi 11 may 1932-ci il tarixli məktubunda yazır:

Əgər biz davamlı sülh yaratmaq istəyiriksə, o zaman biz dünyada üstünlük təşkil edən milli dözümsüzlük, inamsızlıq və özünü yüksək tutma, habelə iqtisadi, sosial və dini fərqləri aradan qaldırmalıyıq. Bütün bunlar Həzrət Bəhaullahın təlimi ilə həyata keçə bilər. Çünki o, insanın qəlbini dəyişir və bizim sosial mühitimizi sağlam və əmin-amanlı bir hala gətirmək üçün dəqiq prinsiplər verir”



Müharibə həmişəmi səhvdir? Həzrət Əbdül-Bəha yazır:

Elə vaxt olur ki, müharibə sülh üçün güclü əsas olur, dağıntı isə quruculuq üçün vasitənin özünə çevrilir. Məsələn, əgər yüksək düşüncəli bir hökmdar öz ordusunu separatçının və ya təcavüzkarın qarşısını almaq üçün yeridirsə və yaxud parçalanmış dövləti və insanları birləşdirmək üçün vuruşmaqla özünü göstərirsə, qısası əgər o, haqq işi üçün müharibə edirsə, onda zahirən görünən qəzəb əslində mərhəmətdir, aşkar zülm isə ədalətin cövhəridir. Belə müharibə sülhün təməl daşıdır”36.



Bəhailər passifistdirlərmi? Bəhai təlimi bəhailərdən ida­rəsi altında olduqları hökümətin qanunlarına itaət etməyi tələb edir. Uca Ədalət Evinin 9 Fevral 1967-ci il tarixli məktubunda deyilir:

Bəhailər hökumətlərin qanun-qaydanı saxlamaq və öz xalqlarını mühafizə etmətk üçün gücdən istifadə etmək hü­ququnu və vəzifəsini qəbul edirlər.



Beləliklə, bəhailərə görə, belə məqsəd üçün qan tökülməsi qaçılmaz olaraq mahiyyətcə səhv deyildir. Bəhai dini, fərdin bağışlamaq və “öldürməkdənsə ölmək” borcu ilə cəmiyyətin ədaləti qoruyub saxlamaq borcu arasında çox aydın və dəqiq fərq qoyur”.

Uca Ədalət Evi bu məktubunda Şövqi Əfəndinin 21 Noyabr 1935-ci il tarixli məktubundan sitat gətirir. Məktubda deyilir:

Mütləq pasifistlərə və ya vicdan məsələsinə qörə müha­ribədə iştirak etməyənlərə gəldikdə: onların münasibəti, bəhai nöqteyi-nəzərindən baxdıqda tamamilə antisosialdır və bu fərdin vicdanını həddən çox yüksəltdiyi üçün qaçılmaz olaraq cəmiyyətin nizamsızlığına və xaosa gətirib çıxarır. Beləliklə, ifrat pasifistlər anarxistlərə çox yaxındırlar. Belə ki, bu qrupların hər ikisi fərdin hüquq və ləyaqətini həddən artıq vurğulayırlar. Sosial həyatın bəhai konsepsiyasının əsasında fərdin iradəsinin ictimai iradəyə tabe olması durur. Bu fərdi nə əzir, nə də onu antisosial, cəmiyyət üçün təhlükəli olan bir varlığa çevrilən nöqtəyə qədər ucaldır. Hər şeydə olduğu kimi, Bəhai konsepsiyası da “qızıl orta” prinsipinə əməl edir”

Bəhailər tərkisilahlanmaya inanırlarmı? Həzrət Əbdül-Bəha bu haqqda yazır:

Tərkisilah məsələsinə gəldikdə, bütün millətlər eyni zamanda tərkisilah olmalıdırlar. Bəzi millətlərin silahlarını yerə qoymaları, digərlərinin isə silahlı qalmaları fərz edilməzdir və bu heç zaman sülhə gətirib çıxara bilməz. Dünya sülhü Beynəlxalq razılaşma ilə həyata keçirilə bilər. Bütün millətlər eyni vaxtda silahı yerə qoymağa razılaşmalıdırlar...”37



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə