V fəsil. Banklarda mühasibat uçotu və hesabat. Bankların fəaliyyətinə nəzarət
Maddə 43. Banklarda mühasibat uçotu və maliyyə hesabatı
43.1. Bank və xarici bankın yerli filialı qanunvericiliyə və Beynəlxalq Mühasibat Standartlarına
uyğun olaraq mühasibat uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən
hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməlidirlər. Maliyyə vəziyyətini əks etdirən
hesabatlar, o cümlədən illik maliyyə hesabatları maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi
Banka təqdim edilməlidir. Banklarda mühasibat uçotu qaydalarının forması, məzmunu və dövriliyi
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilir. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatlarının
forma, məzmunu və dövriliyi mavifiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı
ilə razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.
43.2. Bankın maliyyə hesabatı ayrıca olaraq bankın və konsolidasiya əsasında (birləşdirilmiş
əsasda) onun törəmə təsərrüfat cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin
fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir.
43.3. Bir və ya bir neçə yerli filialı olan xarici bank bu Qanunun 43.1-ci və 43.2-ci maddələrində
müəyyən edilmiş tələblərə müvafiq hər bir yerli filialı üçün ayrıca olaraq və konsolidasiya əsasında
fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatının tərtib edilməsini təmin
etməlidir.
Maddə 44. Kənar audit
44.1. Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata
keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olan kənar auditor tərəfindən yoxlanılmalıdır.
44.2. Auditor yoxlaması “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.
44.3. Bankın və xarici bankın yerli filialının yoxlamasını aparan kənar auditor “Auditor xidməti
haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı, aşağıdakıları da həyata
keçirir:
44.3.1. bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti haqqında tam və obyektiv təsəvvür
yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;
44.3.2. mühasibat uçotunun, maliyyə nəzarəti sistemlərinin və prosedurlarının lazımi səviyyədə
saxlamaqda banka kömək göstərir;
44.3.3. inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan
qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında
maliyyə bazarlarına nəzarət orqanına məlumat verir.
44.4. Yerli filialı və ya nümayəndəliyi olan xarici bank yerli filial və nümayəndəliklərinin
auditini konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.
44.5. Maliyyə bazarlarına nəzarət orqanı bankların və xarici bankların yerli filiallarının auditinin
aparılmasına dair beynəlxalq bank nəzarəti praktikasına uyğun minimum tələblər müəyyən edir.
Kənar auditor yoxlaması maliyyə bazarlarına nəzarət orqanın tələblərinə uyğun gəlməsə, maliyyə
bazarlarına nəzarət orqanı auditorun dəyişdirilməsini, habelə bankın özünün vəsaiti hesabına təkrar
auditin aparılmasını tələb edir.
Maddə 45. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi
45.1. Bank və xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində
bankın və xarici bankın yerli filialının kənar auditor tərəfindən təsdiqlənmiş konsolidasiya əsasında
hazırlanmış maliyyə hesabatını auditor rəyi ilə birlikdə bankın səhmdarlarına, habelə müştərilərin
tələbi ilə onlara təqdim etməlidir.
45.2. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində konsolidasiya əsasında
fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını
auditor rəyi ilə birlikdə maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
Bir və ya bir neçə yerli filialı olan xarici bank ayrıca olaraq, hər bir yerli filialı üçün kənar
auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını, habelə auditor rəyi ilə birlikdə beş ay
müddətində, konsolidasiya əsasında təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə səkkiz
ay müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
45.3. Bu Qanunun 45.1-ci maddəsində göstərilmiş maliyyə hesabatı kütləvi informasiya
vasitələrində bank və xarici bankın yerli filialları tərəfindən dərc edilməlidir. Dərc olunan hesabatın
forması, məzmunu və müddətləri maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maddə 46. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət
46.1. Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə bank və xarici bankın yerli
filialları özünün və törəmə təsərrüfat cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya əsasında
prudensial hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına, bank statistikası hesabatlarını
maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlıdirlər. Prudensial
hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilir. Bank statistikası hesabatlarının forması, məzmunu və təqdim edilməsi
qaydaları maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən
edilir.
46.2. Banklar və xarici bankların yerli filialları yerlərdə yalnız maliyyə bazarlarına nəzarət
orqanın inspektorları və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən kənar
auditorlar tərəfindən ildə bir dəfə yoxlanılır. Bank aktivlərinin itirilməsi təhlükəsi yarandıqda,
habelə qanunvericiliyin pozulması faktlarının araşdırılması məqsədilə maliyyə bazarlarına nəzarət
orqanı banklarda və xarici bankların yerli filiallarında əlavə yoxlamalar keçirə bilər. Yoxlayıcıların
tərkibinə qarşılılıq prinsipi əsasında maliyyə bazarlarına nəzarət orqanın yoxlamalar sahəsində
əməkdaşlıq haqqında saziş bağladığı digər ölkənin bank tənzimləməsi və nəzarəti orqanının
əməkdaşları da daxil edilə bilərlər. Yoxlamaların həyata keçirilməsinin prosedur qaydaları maliyyə
bazarlarına nəzarət orqanın qərarları ilə müəyyən edilir.
46.3. Bu Qanunun 46.1-ci və 46.2-ci maddəsinə uyğun olaraq, maliyyə bazarlarına nəzarət
orqanına və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:
46.3.1. istənilən banka, onun filiallarına, şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə, habelə
xarici bankın yerli filialına daxil olmaq və onların hesabatlarını, mühasibat kitablarını, sənədlərini
və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;
46.3.2. bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik olan
şəxslərin, banka aidiyyəti olan şəxslərin və aidiyyəti şəxs adından hərəkət edən şəxslərin, bankın
filialının, şöbəsinin və xarici bankın yerli filialının inzibatçılarından, əməkdaşlarından və
agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o cümlədən müştərilərin
əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək.
46.4. Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətini qanunvericilikdən və əsasnaməsi ilə
müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün idarə edilməsi qaydası
və cari fəaliyyəti haqqında hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilir.
Hesabat məlumatlarını dəqiqləşdirmək məqsədilə maliyyə bazarlarına nəzarət orqanın
inspektorları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər.
46.5. Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, xarici bankın yerli filialı və
nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı maliyyə bazarlarına nəzarət orqanın
inspektorlarına və ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilati və texniki imkanları
yaradır.
46.6. Qarşılıqlılıq prinsipinə əsasən xarici bank tənzimləməsi və nəzarəti orqanlarının sorğuları,
habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna olmaqla, maliyyə
bazarlarına nəzarət orqanı başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli filiallarında
yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyətli deyildir.