Mövzu 1. Beynəlxalq iqtisadi hüququn anlayışı, predmeti və sistemi
1.1.Beynəlxalq iqtisadi hüquq anlayışı
1.2 Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti
1.3 Beynəlxalq iqtisadi hüquq beynəlxaq hüququn sahəsi kimi
1.4. Beynəlxalq iqtisadi hüququn sistemi
1.5. Beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi
1.1.Beynəlxalq iqtisadi hüquq anlayışı
XX əsrin ortalarından başlayaraq, beynəlxalq hüquq doktrinasında
(elmində)
«beynəlxalq iqtisadi hüquq» terminindən istifadə olunması geniş
xarakter almışdır.
Bu termin həm də beynəlxalq hüquqi sənədlərdə işlədilir.
Bəs, beynəlxalq iqtisadi hüquq dedikdə, biz, nə başa düşürük?
Beynəlxalq
iqtisadi hüquq (BİH) müxtəlif variantlarda işləndiyinə görə
çoxcəhətli anlayışdır.
Belə ki, o, aşağıda göstərilən dörd əsas mənada işlədilir:
-elm mənasında;
-tədris kursu mənasında;
-beynəlxalq iqtisadi qanunvericilik mənasında;
-obyektiv mənada.
Elm mənasında beynəlxalq iqtisadi hüquq dedikdə beynəlxalq iqtisadi hüquqa
aid olan məsələlər (beynəlxalq iqtisadi hüququn subyektləri, beynəlxalq iqtisadi
münasibətlər və digər məsələlər) barədə fikirlərin, ideyaların, nəzəriyyələrin,
konsepsiyaların və s. mülahizələrin məcmusu başa düşülür. Elm mənasında o,
beynəlxalq iqtisadi hüquq elmi adlanır. Beynəlxalq iqtisadi hüquq elmi BİH-ə aid
olan məsələləri tədqiq edir, öyrənir. Dərsliyin bu fəslinin növbəti paraqraflarının
birində beynəlxalq iqtisadi hüquq elmi barədə ətraflı söhbət açılacaqdır.
Tədris kursu mənasında beynəlxalq iqtisadi hüquq dedikdə tələbələrə və oxucu
auditoriyasına BİH barədə biliklər və sistemləşdirilmiş informasiya verən tədris fənni
başa düşülür; bu mənada ona beynəlxalq iqtisadi hüquq tədris fənni deyilir. Növbəti
paraqrafların birində beynəlxalq iqtisadi hüquq tədris fənni barədə söhbət gedəcəkdir.
Ona görə də sözü gedən məsələ haqqında qabaqcadan danışmağı zəruri hesab
etmirik.
Beynəlxalq iqtisadi qanunvericilik mənasında beynəlxalq iqtisadi hüquq
dedikdə beynəlxalq iqtisadi münasibətləri tənzimləyən beynəlxalq hüquqi sənədlərin
– beynəlxalq müqavilələrin məcmusu başa düşülür. Ticarət müqavilələri, mal
dövriyyəsi və ödənişlər, iqtisadi və elmi əməkdaşlıq, kredit, vergi və digər məsələlər
haqqında beynəlxalq sazişlər beynəlxalq iqtisadi qanunvericiliyə daxildir.
Obyektiv mənada beynəlxalq iqtisadi hüquq dedikdə, bir qayda olaraq,
beynəlxalq iqtisadi münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa
düşülür; onlara beynəlxalq iqtisadi hüquq normaları deyilir. Buna görə də obyektiv
mənada beynəlxalq iqtisadi hüquq müvafiq beynəlxalq iqtisadi hüquq normalarından
ibarətdir; bu normaların əsas təyinatı və başlıca funksiyası beynəlxalq iqtisadi
münasibətləri tənzimləməkdir.
Beynəlxalq iqtisadi hüquq dedikdə dövlətlərarası beynəlxalq iqtisadi
münasibətləri nizama salan hüquq normalarının sistemi başa düşülür.
1.2.Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti
Hüquq sisteminin hər bir tərkib hissəsinin özünəməxsus nizamasalma predmeti
vardır. Bu sözləri eynilə BİH barədə də söyləmək olar. Belə ki, BİH özünəxas
nizamasalma predmetinə malikdir; onun nizamasalma predmeti belə bir suala cavab
verir: beynəlxalq iqtisadi hüquq nəyi – hansı növ ictimai münasibətləri tənzimləyir?
Qeyd etməliyik ki, BİH vasitəsi ilə hansı ictimai münasibətlər tənzimlənirsə, o
münasibətlər də məhz onun nizamasalma predmetini təşkil edir. Bu münasibətləri
müəyyənləşdirmək üçün, ilk növbədə, «beynəlxalq münasibətlər» anlayışı ilə tanış
olmaq, onun mahiyyətinə aydınlıq gətirmək lazımdır. «Beynəlxalq iqtisadi hüquq»
anlayışında «beynəlxalq» ifadəsinin işlədilməsi də onu göstərir ki, beynəlxalq iqtisadi
hüququn əsas «işi» məhz beynəlxalq münasibətlərdir. Lakin o, şübhəsiz, beynəlxalq
münasibətlərin bütün spektrini tənzimləmək iqtidarında deyildir. Məsələ burasındadır
ki, beynəlxalq münasibətlər kifayət dərəcədə geniş anlayış olub, özündə subyekt
baxımından həm beynəlxalq dövlətlərarası münasibətləri, həm də beynəlxalq qeyri-
dövlətlərarası münasibətləri birləşdirir.
Beynəlxalq münasibətlər dedikdə dövlətlərin sərhədlərindən kənara çıxanbütün
ictimai münasibətlər başa düşülür. Həmin münasibətlər müxtəlif sahələrdə (siyasi,
hərbi, mədəni, elmi və digər sferalarda) əmələ gələ bilər. Əgər beynəlxalq
münasibətlər siyasi sahədə əmələ gələrsə, onlara beynəlxalq siyasi münasibətlər,
hərbi sferada yaranarsa – beynəlxalq hərbi münasibətlər və s. deyilir. Beynəlxalq
münasibətlərin xarici əlaqələr, humanitar, beynəlxalq təhlükəsizlik, dəniz, kosmos,
hava, beynəlxalq cinayətkarlıq, ətraf mühit və digər sahələrdə də yaranması
mümkündür. Beynəlxalq münasibətlər həm də iqtisadi sahədə əmələ gələ bilər ki,
onlara beynəlxalq iqtisadi münasibətlər deyilir; məhz bu münasibətlər BİH ilə
tənzimlənərək onun nizamasalma predmetinə daxildir. Bu isə, öz növbəsində, bizə
belə bir fikir söyləməyə əsas verir ki, beynəlxalq iqtisadi hüququn nizamasalma
predmetini beynəlxalq iqtisadi münasibətlər təşkil edir. Lakin söylədiyimiz bu fikrin
daha konkret və dəqiq formulə edilməsinə ehtiyac vardır. Məsələ burasındadır ki,
geniş anlayış olan beynəlxalq iqtisadi münasibətlərin hamısı BİH vasitəsi ilə
tənzimlənmir və onun nizamasalma predmetinə daxil olmur; buna görə də beynəlxalq
iqtisadi münasibətlərin müəyyən sahəsi BİH-in nizamasalma predmetindən kənarda
qalır.
Beynəlxalq iqtisadi münasibətlər dedikdə aryı-ayrı ölkələrin milli
iqtisadiyyatları (təsərrüfatları) və təsərrüfat subyektləri arasında yaranan təsərrüfat
əlaqədəri başa düşülür.
Beynəlxalq iqtisadi münasibətlər öz məzmununa görə son dərəcə müxtəlifdir.
Belə ki, həmin münasibətlər ticarət, maliyyə-kredit, valyuta, investisiya, nəqliyyat,
əqli mülkiyyət və beynəlxalq iqtisadi əməkdaşlığın digərsahələrində yarana bilər. Bu
baxımdan, yəni məzmununa görə beynəlxalq iqtisadi münasibətləri aşağıdakı növlərə
(qruplara) bölmək olar:
-beynəlxalq ticarət münasibətləri;
-beynəlxalq investisiya münasibətləri;
-beynəlxalq nəqliyyat münasibətləri;
-beynəlxalq maliyyə-kredit münasibətləri;
-beynəlxalq valyuta münasibətləri;
Dostları ilə paylaş: |