1
Cavanlığında nüfuz qazanmış alim-pedaqoq və istedadlı jurnalist
Telman Cəfərov,
Bakı Slavyan Universiteti Humanitar liseyinin direktoru,
filologiya elmləri namizədi, dosent
Akif Məmmədovun 50 illik yubileyini qeyd etmək ərəfəsindəyik. Təvazökarlığı ilə seçilən
bu istedadlı qələm sahibi, alim-pedaqoq, sözün əsl mənasında ziyalı və intellekt sahibi haqqında
ürək sözlərimi və fikirlərimi oxuculara, şagird və tələbələrə, onu yaxından tanıyan, sevən, əziz
bilən adamlara bildirmək ehtiyacı təkcə yubiley əhvali-ruhiyyəsindən doğan istək deyil. Bu, öz
zəhmətinə, elmi-metodik səviyyəsinə, müəllim əməyinə, jurnalist bacarığına görə layiq olduğu
qiyməti bu günə qədər almamış bir insan, əqidə dostumuz, gözəl və əvəzolunmaz həmkarımız
barə-sində mətbuatda xoş sözlər ifadə etmək üçün yaranmış bir imkandır.
Doğrudan da, cəmiyyətimiz müəllim əməyinə layiqli qiymət vermək istəyi və bacarığından
hələ ki, uzaqdır. Bu gün milli mentalitetimizə yad olan çox şeylərdən biri də məhz müəllim və
tərbiyəçiyə münasibətin qənaətbəxş olmamasıdır. İctimai fikir elə formalaşıb ki, "Azərbaycan
müəllimi" qəzetinin hər sayında birinci səhifədən sətir boyu gözümüzə sataşan "Müəllimi yaxşı
olan xalqa zaval yoxdur" sözlərinin ifadə etdiyi gerçəkliyi hələ də anlaya bilmirik. Üç artist və
müğənnidən birinin xalq, birininsə əməkdar artisti olduğu ölkədə iki yüz mindən çox müəllimin
də rəğbətləndirilməsinə və mükafatlandırılmasına, müğənnini, polis işçisini, hakimi, daha kimi
dolandıran millətin müəllimə, balalarımızın təlim-tərbiyəsinə, şəxsiyyət, vətəndaş və
vətənpərvərlər kimi böyüməsinə çalışan insanların layiqincə dəyərləndirilməsinə ehtiyac var...
Qoy heç kəs bunu bir giley kimi qəbul etməsin. Hələ ki, reallıq budur. Reallıqdan çıxış edib hərə
öz bacardığını etməlidir. Əli əl üstə qoyub cəmiyyətin nə zaman düzələcəyini,
layiqli
qiymətimizi və yerimizi alacağımızı gözləmək quzunu qurda vermək təhlükəsi qədər qorxuludur.
Gələcəyimiz olan uşaq və gənclər, hər birimizin övladı elə təlim-tərbiyə almalıdır ki, sabahkı
günümüz üçün narahatçılıq keçirməyək. Bu gün bu istiqamətdə çalışan, can qoyan, sağlamlığını
əsirgəməyən Akif müəllim həmkarlarından bir baş uca dayanan, sabaha ümidlə baxmağı bacaran
insanlar-dandır. Müəllim yoldaşları, şagird və tələbələri arasında, yazı masası arxasında həyat
romantikasını yaşayan, peşə sahibi kimi iş başında özünü sərbəst və xoşbəxt hiss edənlərdəndir.
Akif müəllim ağa ağ, qaraya qara deməyi, ekstremal şəraitdə belə, öz sifətini itirməməyi,
yaxşılığı dəyərləndirməyi, yamanlıq və kin-küdurəti ürəyə salmamağı bacaran adamdır. Sadə və
təbiidir. Bəlkə də təbiətə yaxınlığındandır ondakı bu sadəlik və təbiilik, çılğınlıq, məğrurluq,
halallıq, düzlük və sadiqlik, ailə və övlada, ata-anaya, qardaş-bacıya, el-obaya məhəbbət. Doğma
kəndi, Lerik lövhələri, arx və bulaq sularının şırıltısı, dağların səhər-axşam sərilib yığılan ağ
örpəyi, daha nələrdir bu qara çöhrəli insanın işıqlı sifətinin cizgilərinin ifa etdiyi simfoniyanın
motivləri. Burada ağrılı-acılı günlərin, xoşbəxt anların, ömür-gün yoldaşı, həmkarı və həkimi
Sədaqət xanımın, Fuad və Nihadın, Ruhəngizin də bəstələdikləri notlar sezilməkdədir.
Pedaqoji elmlər namizədi Akif Məmmədovla yaxından tanış-lığımızın onillik tarixçəsi var.
On ildir ki, bir yerdə çalışırıq. Bir ali məktəbdə və bir liseydə. Bu müddət ərzində Akif müəllim
"Mütərcim" Tərcümə Mərkəzində baş redaktor, liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini
kimi çalışıb. Liseyin ilk Nizamnaməsini bir yerdə yazmışıq. Təmayül üzrə ilk tədris proqramının
müəllifi olub. "Mütərcim" ədəbiyyat jurnalının nəşrinə böyük köməklik göstərib, ilk məsul katibi
olub. Hal-hazırda Bakı Slavyan Universiteti humanitar liseyinin aparıcı dil-ədəbiyyat müəllimidir,
metodbirləşmə sədri kimi çox işlər görür, 7 illik ömrü olan məktəbimizin inkişafı və tanınması
üçün əlindən gələni əsirgəmir. Ana dilimizin inkişafına dövlət qayğısı göstərən bir vaxtda Təhsil
Nazirliyinin təsisçiliyi ilə nəşr olunan nüfuzlu "Azərbaycan dili və ədəbiyyat" elmi-metodik
jurnalının şöbə redaktoru kimi də böyük müəllim ordusuna köməyini əsirgəmir. Dilimizin geniş
tətbiqi, dərin-dən öyrənilib sevilməsi, təbliği istiqamətində keçirilən respublika və şəhər
tədbirlərinin fəal iştirakçısıdır. Dili-mizin təmizliyi, dolğun, səlis və ifadəli işlənməsi keşiyində
duran alim-pedaqoqlardan və jurnalistlərdəndir. Neçə-neçə kitabların redaktoru kimi onun müəllif
fikrinə yanaşma tərzinin, yazı məhsulunun məsuliyyətini
anlama qabiliyyətinin şahidi olmuşam,
2
kitablarına ön söz yazmı-şam. İnsan taleyinə laqeydlik, təkəbbürlük və mənəm-mənəmliklə
barışmaz bir insan – Akif Məmmədov "Bu işi mən gördüm", "Bu mənəm", "Mən olmasam, dünya
batar" fikirlərindən uzaq olmağı, dostları, qohumları və həmkarlarında gör düyü qüsurları
qabartmamağı, yeri gəldikcə ehmalcasına anlatmağı bacarmağı və neçə-neçə müsbət
xüsusiyyətlərinə görə bizə əzizdir.
50 illik yubiley zəhmətkeş, yaradıcı, qayğıkeş, saf qəlbli insanların ikinci cavanlığının
doğum günüdür. İrəlidə neçə-neçə yubileylər durur. Bu yubileylərin nazını çəkmək, yaşadığın hər
günün, hər ilin, hər on ilin – 70, 80, 90, 100 ilin qayğısı ilə yaşamaq gözləyir dostumuz Akifi.
Allah ömür versin! Ömür versin işləməyə, yazıb, yaratmağa, doyunca nəvə-nəticə, millətimizin və
Vətənimizin xoş günlərini görməyə!