76
diplomatik nümayəndəsi olmuşdur. Lakin 1942-ci ilin sərt küləyi onun üzünü elə
qarsımışdı ki, qapısını elə bərk çırpmışdı ki, o, hələ də özünə gələ bilmirdi.
Birinci Dünya müharibəsi başlananda Texnologiya İnstitutunun beşinci kurs
tələbəsi Faris Vəkilov Petroqradın Putilov zavodundakı top emalatxanasının
müdafiəsinə səfərbər olunur. Gənc mühəndisin bu zavoddakı yaxşı fəaliyyəti onu
pillə-pillə ucaldır. 1916-cı ildə yaxşı xasiyyətnamə ilə Petroqraddakı məşhur
«Feniks» zavoduna baş mühəndis təyin olunur. Bir il sonra oktyabr tufanları
zamanı bu səhmdar idarə öz fəaliyyətini dayandırır. Faris Tiflisə — ailəsinin
yanına qayıdır. O, bolşevik Əliheydər Qarayevlə birgə ictimai-siyasi işlə məşğul
olur.
Onlar
Peterburqda
fəaliyyət
göstərən
«Azərbaycan həmyerliləri
cəmiyyəti»ndə tanış olmuşdular.
Azərbaycanda inqilabın qələbəsindən az sonra ixtisasını təkmilləşdirmək
üçün Parisdəki «Reno» zavoduna ezam olunur.
«…1926-cı ildə Əliheydər Qarayevdən bir teleqram aldım. O yazırdı ki,
dağılıb uçurulmuş sənayemizi bərpa etmək üçün sənin də köməyinə ehtiyacımız
var, qayıt gəl. Mən dərhal Bakıya qayıtdım. Əliheydər Qarayev məni mənzillə
təmin edib, leytenant Şmidt zavoduna işə göndərdi».
...Axşam qonşusu qadın mənə zəng eləyib dedi ki, Faris baba sabah sizi
görmək istəyir. Mümkünsə ona baş çəkin.
İşdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, hətta
deyərdim, qohum kimi görüşdük.
—İndi mənim sənə işim düşüb, — dedi. — Xəbərin varmı, atamın dayısı
oğlu İbrahim ağa Usubov da general olub. Ondan da yazmaq lazımdır.
Həmin günü mənə çoxlu şəkil, sənəd göstərdi. Səxavət əli açılan Faris
babanın mənə hədiyyə verdiyi şəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası
İbrahim ağa Vəkilov topoqrafiya çəkilişi zamanı təsvir olunub. Hər iki şəklin
orijinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın
2-də böyük rus yazıçısı Lev Tolstoydan öz övladlarının islam dinini qəbul
etmələrinin mümkünlüyü barədə yazdığı məktubdan söhbət açdı.
Faris baba bu məktubun fotosurətini və öz əli ilə rus dilində yazdığı
xatirələrini avtoqrafla mənə verdi.
—Oğul, — dedi, — mənim ömrüm qurtarır, səninki isə başlayır, qoy bunlar
səndə qalsın. Amma mən tənha qocaya tez-tez baş çək, sənə lazım olan çoxlu
materiallar verərəm...
Bu dəfə söhbətimizin əsas mövzusu Faris babanın əmisi İbrahim ağa
Usubov oldu. General-mayor İbrahim ağa Usubov 1872-ci ildə Qazax qəzasının
Qıraq Salahlı kəndində dünyaya gəlib. Sənədlərdən öyrənirəm ki, generalın atası
Musa ağa da rus ordusunun zabiti olub. İran şahzadəsi Abbas Mirzənin qoşunları
1826-cı ildə Azərbaycana hücum edəndə atası Musa ağa və əmisi Süleyman ağa
Usubovlar Qazax süvari dəstəsində mərdliklə vuruşmuşlar. Sonralar Polşa
77
müharibəsindəki nümunəvi xidmətinə görə Musa ağa ştabs-kapitan rütbəsinə qədər
yüksəlmişdir.
Faris baba sənədlərindən birini açır, titrək barmağını üstündə gəzdirə-
gəzdirə:
—Fikir ver, əmim də Əliağa Şıxlinski və atam kimi Tiflisdəki kadet
korpusunu bitirib, özü də əla qiymətlərlə, — deyir, — 1890-cı ildə Xarkov piyada
hərbiyyə məktəbinə daxil olur. Həmin məktəbi də əla qiymətlərlə bitirib ştabs-
kapitan rütbəsində əsrimizin əvvəllərində başlayan rus-yapon müharibəsində iştirak
edir. Port-Artur döyüşlərində mərdliklə vuruşan əmim «Müqəddəs Georgi»
ordeninin dördüncü dərəcəsiylə və bir neçə medalla təltif olunur. Podpolkovnik
rütbəsi alır.
Həmyerliləri, artilleriya generalları Əliağa Şıxlinski və Səməd bəy
Mehmandarovla çiyin-çiyinə vuruşan podpolkovnik İbrahim ağa Usubov rus-
yapon müharibəsində az şücaət göstərmir.
Port-Artur döyüşlərindən sonra yenidən Xarkov şəhərində hərbi xidmətə
başlayır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya
müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı
qurur.
Müsahibimdən soruşuram:
—Generalın oğlu, qızı necə, qalırmı?
—Bu saat hamısını deyəcəyəm, — Faris baba yenidən əl-ayağa düşür.
Köhnə cib dəftərçələrinin birini götürüb, o birini qoyur, — İki adamla görüş,
söhbət elə. Əmim qızı Nigar Usubova və generalın qardaşı qızı Gövhər Usubova
ilə.
Elə həmin günü Mirzə Şəfi küçəsinin altı nömrəli mənzilində yaşayan
Gövhər xanıma baş çəkdim. General-mayor əmisinin adını eşidən kimi səksən yaşlı
qadının da gözlərində, sifətində qəribə bir işıq yandı. Sonra o işıq qəfildən də
çəkildi və yerində təəccüb qaldı: «Nə əcəb? Hardan yada düşüb?».
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi:
—Fələyin gözü tökülsün, bircə əmim oğlu vardı, o da 1940-cı ildə qəfildən
vəfat etdi. Yeganə kişi nişanəsi idi əmim ocağının. Atam İsmayılı zorla
xatırlayıram, 1910-cu ildə vəfat etdikdən sonra əmim İbrahimin himayəsinə
keçdim. O, Xarkovda hərbi qulluqda olsa da doğma kəndi Salahlını unutmurdu.
1914-cü ildə məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin qız məktəbinə qəbul
etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Bir il sonra Azərbaycan Demokratik
hökumətinin dəvətilə Xarkovdan Bakıya köçdü.
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda necə olmağını
deyə bilmərəm, amma evdə, ailədə əmim xoşxasiyyət, həssas qəlbli insan idi.
Təhsil və tərbiyə məsələsinə ciddi fikir verərdi. «Gövhər, deyərdi, — səni atanın
arzusu ilə müəllimliyə qoymuşam. Sənin qarşında mədəni insan yetişdirmək kimi
nəcib bir vəzifə durur. Gərək elə şagird yetişdirəsən ki, onunla həmişə iftixar edə
Dostları ilə paylaş: |