105
Onomastika, Dialektologiya, Etimologiya
I cıld, Bakı, 2006, s. 348-349). Bu sitatlarda müxtəliflik görünsə
də, turu (doru) və qır sözlərinin semantik yükünə, demək olar ki,
eyni prizmadan yanaşılmışdır. Hətta ...bu, adi bir rəngdir, ona
dürr, mirvari və s. kimi başqa mənalar vermək, əllaməçilikdən
... avaraçılıqdan başqa bir şey deyildir”, - hökmünü verən Ramiz
Əskərin fikirləri yuxarıda qeyd etdiyimiz sitatlarla səsləşir. Ramiz
Əskərin hökmü isə o deməkdir ki, bu mövzu öz elmi həllini tapıb
və bu barədə heç bir yeni fikir deyilməməlidir. Birincisi, publi-
sist, dilçi və tərcüməçi kimi tanınan R.Əskərin sevə-sevə tərcümə
etdiyi M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri kimi sanbal-
lı mənbələr bu mövzuya yenidən qayıtmağı diktə edir. İkincisi,
“Kitabi-Dədə Qorqud” eposuna mətn semantikası müstəvisində
yanaşma bir sıra qaranlıq məsələlərə aydınlıq gətirir. Fikrimizcə,
“Koroğlu” dastanındakı Qırat və Dürat zoonomləri “Kitab”dakı
“Keçi başlu Keçər ayğır” və “Toqlı başlu Turu ayğır” zoonimləri
ilə müqayisədə təhlil süzgəcindən keçirilməlidir. Araşdırmalarda
“Kitab”dakı “Turu at” və “Koroğlu”dakı Qırat və Dürat adlarının
rəng anlamlı vahidlər əsasında yarandığı qeyd edilir. Məsələn,
B.Abdulla bir sıra tədqiqatlara istinad edərək yazır: “Burada da
Koroğlunun iki atından birinin adı “Dor at” olduğu halda, o, epos
boyu həmişə “Dur at” şəklində yazılmışdır. Unudulmuşdur ki,
rəngin adı “dur”, “tor” yox, “dor”dur... Qonur və dor – yəni iki
adlı bir rəng ümumi rənglər aləmində, əsasən, uğur simvolu ol-
muşdur” (B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası.
Bakı, 2004, s. 107).
Yuxarıda “Keçər ayğır” zooniminin bütün parametrlərinə
görə “ötüb keçən”, “sürətlə qaçan” mənasında işləndiyini
əsaslandırdıq. Həmin izahlarda “keçi başlu” və “toqlı başlu”nun
üslubi antonimlər kimi çıxış etməsini də məhz mətn müstəvisində
dəqiqləşdirdik. Bu mənada “Keçi başlu Keçər ayğır” modelindəki
“keçər ayğır”la “Toqlı başlu Turu ayğır” modelindəki “turu
106
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ayğır”ı üslubi antonimlər kontekstində izah etmək zərurəti ya-
ranır: keçər ayğır – sürətli, güclü ayğır; turu ayğır – zəif ayğır.
Fikrimizcə, M.Kaşğarinin “Divan”ındakı zəif anlamlı “turuk”
sözü “Kitab”da son samitini itirmiş vəziyyətdədir: turuk-turu.
“Turuk”un kök morfemi isə məhz turmaq (durmaq) felidir. Yeri
gəlmişkən, müasir dilimizdəki “arıq-turuq” qoşa sözündə “turuq”
ilkin forma və mənasını saxlamışdır. “Koroğlu” dastanında Düra-
tın Qırata, “Kitab”da da Turu ayğırın Keçər ayğıra nisbətən zəif
olması aydın şəkildə verilmişdir. Deməli, bu zoonimlər rəng an-
lamlı sözlər əsasında yaranmışdır – fikri inandırıcı deyil. Digər
tərəfdən, “Kitab”dakı Keçər ayğırla, “Koroğlu”dakı Qıratın məhz
iti, sürətli qaçışa malik olması mətndə dəqiqliklə verilib ki, bunu
da heç kim inkar edə bilməz. Maraqlıdır ki, hətta Qırat və Dürat
zoonimlərini tam başqa kontekstdə izah edən Q.Cəfərov da bu
tip motivlərə münasibət bildirir: “Qıratla Düratın əmələ gəlməsi,
böyüməsi, onların bəslənib sınaqdan çıxarılması, nəhayət, onlara
ad qoyulması dastanın ən maraqlı qollarından birinin mövzusu-
nu təşkil edir. Bu sınaqlarda Dürat Qıratdan olsa-olsa bir qədər
geri qalır. Alı kişi onlara özü ad qoyur. Belə başa düşmək olur
ki, o, həmin adları atların ləyaqətinə görə seçir” (Q.Cəfərov.
Azərbaycan dilinin zoonimikası. “Azərbaycan dilinin onomasti-
kası”. Bakı, 1987, s.157). Nədənsə, müəllif bu tezislərini davam
etdirmir və belə bir hökm verir: “...Qırat və Dürat zoonimlərini
onun (Alı kişinin – Ə.T.) fərdi yaradıcılığının məhsulu hesab
etməyə, həmin adlarda hansı isə mifik təsəvvür və görüşlərin
əks olunduğunu güman etməyə elə bir əsas yoxdur”(Q.Cəfərov.
Azərbaycan dilinin zoonimikası. “Azərbaycan dilinin onomasti-
kası”. Bakı, 1987, s. 158). Bu fikirlərlə razılaşmaq olmaz. Birinci-
si, ona görə ki, atlara ən düzgün adları məhz ilxıçılar verir. İkincisi,
ilxıçı Alı kişini danışdıran ustad aşığın və ya təhkiyəçinin rolunu
nəzərə almamaq türk dastan yaradıcılığının inkarıdır. Üçüncü-
107
Onomastika, Dialektologiya, Etimologiya
sü, türk dastanlarındakı onomastik vahidlərin bir hissəsinin lek-
sik-semantik izahı mətnlərdə aydın şəkildə verilirsə (...Bir buğa
öldürmüş səniŋ oğlıŋ, adı Buğac olsun – “Kitab”), bir hissəsi
məhz mətnə görə müəyyənləşdirilir (“Kitab”dakı Basat adı “At
başubən qan sümürər” cümləsinin semantikası kontekstində izah
olunur). Dördüncüsü, qədim türk dastanlarındakı zəncirvari bağ-
lılığı, mətnlərin assosiativ münasibətlər şəklində qurulmasını da
unutmaq olmaz.
Qarşılaşdırmalar göstərir ki, “Kitab”dakı “Turu ayğır”la
“Koroğlu”dakı “Dürat” forma, həm də semantika baxımından
eyni xətdə birləşirsə, “Keçər ayğır”la “Qırat”da məna baxımın-
dan eyni semantik yuvaya daxil olur: Keçər at – sürətlə qaçan,
atları ötüb keçən; Qırat – sədləri qıran, aşan, sürətlə qaçan. Yeri
gəlmişkən, bu qarşılaşdırmanı qəbul etməyənlər əlavə arqument
kimi Q.Cəfərovun V.Xulufluya, daha doğrusu, onun 1929-cu ildə
çap etdirdiyi “Koroğlu” kitabına istinadən söylədiyi fikirləri də
göstərə bilərlər: “XVIII əsrin sonu, XIX əsrin başlanğıcında da
erməni əlifbası ilə Azərbaycan dilində yazıya alınmış “Koroğlu”
parçalarında deyilir ki, Əli (Alı kişi) adlı kor ilxıçı iki ayğırdan
ala, boz olanına Qırat, zil qara olanına isə Qara at adı verir”. Bu-
rada bir detala diqqət yetirək. Əgər qara olan at Qara at adlan-
dırılıbsa, onda ala, boz rəngdə olan at da Ala at, Boz at, yaxud
Ala-boz at şəklində ifadə edilməli idi. Konkret desək, mətndə
“qır olanına Qırat adı verir” tipli cümlələrin olmaması həmin
hökmün çıxarılmasına imkan vermir. Digər tərəfdən, “Kitab”dakı
“Keçər ayğır” zooniminin semantik tutumu “Qırat” zooniminin
rəng anlamlı vahidlər yox, hərəkət bildirən sözlər kontekstində
izah olunmasını diktə edir. Yuxarıda qeyd etdiyimiz fikirlər də
“Kitab” və “Koroğlu”da işlənmiş ən məşhur at adlarının məhz
hərəkət bildirən sözlər (fellər) əsasında yarandığını təsdiqləyir:
turmaq (durmaq) + uğ=turuğ= turu//dür, keçər (keçmək), qır
Dostları ilə paylaş: |