81
A.Səhhətin uşaqlar üçün yazdığı maraqlı və oynaq şerləri onu yaxşı bir uşaq
yazıçısı kimi xarakterizə edir. Böyük rus tənqidçisi V.Q.Belinskinin uşaq yazıçısı
barədə dediyi sözləri A.Səhhətə də aid etmək olar: “...Uşaq yazıçısının yaranması
üçün çox, olduqca çox şərtlər vardır: nəcib, sevən, riqqətli, sakit, körpəcə-sadədil bir
qəlb, yüksək məlumatlı bir ağıl, şeylərə aydın baxış, yalnız canlı təsəvvür, həm də
canlı, şairanə bir xəyal lazımdır... Uşaqlara qarşı məhəbbət uşaq yaşının tələb,
xüsusiyyət və təfərrüatının dərindən bilmək də mühüm şərtlərdəndir”.
A.Səhhət uşaq yazıçılığına təsadüfən gəlməmişdir. 15 illik müəllimlik
fəaliyyəti onun bir uşaq yazıçısı kimi formalaşmasına müəyyən dərəcədə təsir
göstərmişdir. Tənqidçi K.Talıbzadənin qeyd etdiyi kimi, A.Səhhətin ədəbi
yaradıcılığında da bir növ müəllim-tərbiyəçi olmuş, öz əsərləri ilə uşaqların təlim-
tərbiyəsinə kömək etmişdir.
A.Səhhətin uşaq şerləri indi də öz tərbiyəvi təsirini mühafizə edir.
Məktəbəqədər yaşlı uşaqların dünyagörüşünü genişləndirməkdə, onlara müsbət əxlaqi
keyfiyyətlər aşılamaqda bu şerlər böyük əhəmiyyətə malikdir. Şairin şerləri uşaqları
təbiətlə tanış etmək sahəsində böyük imkanlara malikdir. “Uşaq bağçasında tərbiyə
proqramı”nın “Ətraf mühitlə tanışlıq və nitq inkişafı” bölməsində uşaqlara müxtəlif
əmək növləri (rabitə, nəqliyyat, tikinit, tikiş və s.), əmək adamları ilə, ilk növbədə isə
valideynlər, uşaq bağçasının işçilərinin əməyi ilə, habelə doğma yerlərlə, təbiətlə
tanışlığa geniş yer verilir. Tərbiyəçi bu məqsədlə A.Səhhətin bir çox şerlərinə istinad
edə bilər.
“Ana və bala” şeri uşaqlarda anaya məhəbbət aşılamağa kömək edir. 4-5 yaşlı
uşaqlar ananın fəaliyyətini təqlid etdikləri oyun prosesində (ana uşağını yatızdırır) bu
şerin ayrı-ayrı bəndlərini həvəslə oxuyurlar:
Dağın maralı,
Gözü qaralı,
Dünyanın malı,
Bu balama qurban...
Məktəbə hazırlıq qrupunda uşaqları psixoloji cəhətdən məktəbə hazırlamaq,
məktəblə tanış etmək, onlarda təlimə həvəs oyatmaq məqsədilə “Ata və oğul”
şerindən istifadə etmək olar. Məktəbə həvəs göstərən bir uşağın dilindən yayılmış bu
82
şerdə uşaqların məktəbdə birlikdə oxumaları, müəllimin onlara dərs keçməsi təsvir
olunur.
Təbiətlə tanışlıq və nitq inkişafı sahəsində A.Səhhət şerləri daha böyük
imkanlara malikdir. “Uşaq bağçasında tərbiyə proqramı” bütün qruplarda uşaqları ilin
fəsilləri, müxtəlif fəsillərdə hava, bitki və heyvanlar aləmində, insanların əməyində
baş verən dəyişiklərlə tanış etməyi nəzərdə tutur. 12 misralıq “Yaz” şerində yazın bir
çox əlamətləri öz əksini tapmışdır: yazda gecə-gündüzün bərabər olması, havaların
istiləşməsi, qarların əriyib çaylara tökülməsi, çayların daşması, quşların isti ölkələrə
qayıtması uşağın başa düşəcəyi şer dili ilə təsvir olunur. “İlk bahar” şerində yazın
digər əlamətləri də (havanın tutulub-açılması, yağmurlu olması, isti küləklərin
əsməsi, ağacların yarpaqlanması, çəmənin göyərməsi və s.) göstərilir. Bu şerdə şair
balaca oxucunu təbiət hadisələri arasında sadə əlaqələrlə tanış edir:
Qar əridi,yox oldu,
Çaylarda su çox oldu.
Və ya:
Yüngül, sərin meh əsir,
Yağmuru birdən kəsir.
“Yay” şerində uşaqlar yay fəslinin əlamətləri ilə (havanın istiləşməsi, quş və
heyvanların kölgəyə çəkilməsi, meyvələrin yetişməsi, taxılın biçilməsi və s.) tanış
olurlar.
“Yaz” və “İlk bahar” şerlərini əzbərlətmək mümkün olduğu halda, “Yay”
şerinin uşaqlara oxunması münasibdir. Bu şerlərin məzmunundan məktəbə hazırlıq
qrupu uşaqlarının rəsmi məşğələlərində təbiət lövhələri çəkmələri üçün də istifadə
edilə bilər.
“Güllərin bəhsi” alleqoriyasında uşaqlar qızılgül, zanbaq, şəbbu gülünün
xüsusiyyətləri ilə tanış olurlar. “Bağça” şeri uşaqları bağ bostanla, onların məhsulları
ilə şən bir şəraitdə tanış edir:
Göyərin, göy çəmənlərim, göyərin!
Sünbülüm, yasəmənlərim, göyərin!
Açılın, iyli güllərim, açılın!
Allı-əlvanlı güllərim, açılın!
83
Şerdən böyük məktəbə hazırlıq qruplarında oxunmaq üçün istifadə edilə bilər.
“Bağban” oyunu zamanı isə şerin bəzi misralarını əzbərlətmək olar.
A.Səhhətin uşaq şerləri içərisində məktəbəqədər yaşlı uşaqların
dünyagörüşünü genişləndirməyə, təbiət hadisələri haqqında təsəvvürlər aşılamağa
imkan verən şerlərlə yanaşı, uşaqların tərbiyəsinə xidmət edən şerlər də vardır. Bu
şerlərdən uşaqlar nəyin yaxşı, nəyin pis olması haqqında təsəvvürlərə yiyələnirlər.
Onlar tənbəlliyin, yalançılığın, qorxaqlığın, pintiliyin pis olmasını, çalıqanlığın,
doğruçu və təmizkar olmağın, böyüklərə və yoldaşlara hörmət etməyin,
lovğalanmamağın yaxşı olmasını öyrənirlər.
Uşağın yaxşı və pis haqqında təsəvvürləri özünün konkretliyi ilə fərqlənir.
Onun həyat təcrübəsi, müşahidə və həyəcanları, parlaq, obrazlı təəssüratları ilə bağlı
olan şey, əsasən, uşağa anlaşıqlıdır. Uşaq üçün xarakterik olan təfəkkürün konkretliyi
əxlaqi təsəvvür və anlayışların mənimsənilməsi sahəsində də özünü göstərir.
A.Səhhət əxlaqi ideyaları konkret və uşaqlara anlaşıqlı bir tərzdə çatdırmaq
üçün təmsil janrından daha çox istifadə etmişdir. Bu da təsadüfi deyildir. Təmsillərdə
bir-birinə zidd cəbhənin nümayəndələri iştirak edirlər. Bu isə əxlaqi ideyaları dərk
etməkdə uşaqlar üçün əyani-konkret material rolunu oynayır: əxlaqi fikir uşaqlara
daha tez çatır. Digər tərəfdən, təmsillərdə yumor hissi güclü olur. Uşaqlar yumora
daha çox meyl edirlər. M.Qorki bu münasibətlə yazmışdır:
“...Elə düşünmək lazım deyildir ki, bütün uşaq kitabları istisnasız olaraq
dərkedici material verməlidir... Bizə uşaqda yumor hissini inkişaf etdirən şən, maraqlı
kitablar da lazımdır” (Seçilmiş əsərləri, c.27, 1953, səh.3-4, rusca).
A.Səhhətin bəzi təmsilləri dil etibarilə məktəbəqədər yaşlı uşaqların
əzbərləməsi və onlara oxunması üçün münasib olmasa da tərbiyəçinin nağılı kimi
məzmununun dinlənilməsi üçün yararlıdır.
Məzmunu şifahi xalq ədəbiyyatından götürülmüş “Ulaq və Aslan”, “Gün və
külək” təmsillərində lovğalıq pislənilir. “Ulaq və Aslan” təmsilində lovğa ulaq aslanı
öldürmək iddiasına düşür, lakin özü pis vəziyyətdə qalır: aslan onu parçalayır. “Gün
və külək” təmsilində külək nə qədər güc verirsə, çobanın çuxasını çıxarda bilmir.
Günəş isə öz istisi ilə buna nail olur. Bu təmsildən çıxan nəticə belədir: işi zorla yox,
xoşluqla görmək lazımdır.
Dostları ilə paylaş: |