Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

də beləcə bitirdilər… Sonra Kelso qızını qaytarıb gətirmişdi evə; və uzun müddət 
öz klubunda yalqızca bifşteksini yeyirdi… Mənə danışırdılar ki, qızını evə 
gətirəndən sonra qızı ölənədək onu dindirməyib. Ah… yadıma gəlir… Necə 
çirkin bir iş olmuşdu! Və onun qızı da tez həyatdan getdi, heç bircə il çəkmədi. 
Deməli, sən deyirsən o qadının oğlu qalıb? Mən bunu unutmuşdum. Necə 
oğlandır? Anasına oxşayırmı? Oxşayırsa, deməli, gözəl olmalıdır… 
– Hə, çox qəşəng oğlandır, – lord Henri təsdiqlədi. 
– Ümidvaram ki, o, yaxşı əllərə düşəcək, – qoca davam etdi. – Mənim bildiyimə 
görə, Kelsodan ona yaxşı pul qalıb, əlbəttə, əgər baba, həqiqətən, ona miras 
qoyubsa… Onun anasının da pulu qalmışdı. Bütün Selbi mülkləri babasından 
qadına qalmışdı. Qadının babası Kelsoya nifrət edirdi, Kelsoya tamahkar deyirdi. 
Kelso, doğrudan da, simicin biriydi, nəfsdən itiydi. Bir dəfə Madridə gəlmişdi; 
mən onun əvəzinə utanıb yerə girdim. Kraliça məndən bir neçə dəfə soruşdu ki, 
bu ingilis zadəganı kimdir belə? O, yolpulu üstündə daim faytonçularla 
höcətləşirdi. Onun haqqında hətta lətifələr də qoşmuşdular. Mən düz bir ay 
utandığımdan çölə çıxa bilmədim. Ümid edirəm ki, o, öz nəvəsinə qarşı belə 
xəsislik etməyib. 
– Bunu deyə bilmərəm, – lord Henri cavab verdi, – Dorian hələ yeniyetmədir. 
Lakin düşünürəm ki, o, varlı olacaq. Selbi mülkləri onun adına keçib, özü mənə 
dedi... Deməli, deyirsiniz ki, onun anası çox gözəl idi? 
– Çox gözəl idi, Harri! Mən həyatımda onun kimi sevimli qadın görməmişdim. 
Hələ indiyə kimi də anlamıram ki, onu belə bir izdivaca girməyə nə vadar etmişdi. 
Axı o, kimə istəsəydi, ərə gedə bilərdi. Karlinqton ondan ötrü ölürdü. Lakin 
məsələ bunda idi iki, qadın çox romantik idi. Onların nəslindən olan qadınların 
hamısı romantik olub. Kişiləri isə sən deyən yaraşıqlı olmayıb, amma qadınları 
çox sevimli olublar. Karlinqton özü mənə danışırdı ki, o, Marqaretə diz çöküb 
yalvarıbmış. Qadın ona gülübmüş... O vaxt Londonun bütün qızları Karlinqtondan 
ötrü ölürdülər... Hə, yeri gəlmişkən, Harri, bu evlilik məsələsindən danışarkən 
yadıma düşdü: atan mənə Dartmur barədə nəsə dedi, guya o, Amerikalı bir qızla 
evlənmək istəyir, hə? Məgər ingilis qızları ona azlıq edir?  
– Corc dayı, bilirsiniz, indi amerikalı qızla evlənmək dəbdədir... 
– Amma mən ingilis qızları ilə evlənməyin tərəfdarıyam... – lord Fermor əli ilə 
mizi döyəclədi. 
– İndi camaat amerikalılara üstünlük verir... 
– Amma mənə deyiblər ki, onlar çox davam gətirə bilmirlər, – dayısı 
donquldandı. 
– Uzun get-gəllər onları yorur; lakin deyim ki, cıdırda at çapanda maneələri 
veclərinə almırlar... Nə isə... inanmıram ki, Dartmurun şansı olsun... 
– Valideynləri kimdir? – lord Fermor soruşdu. 


– Valideynləri var ki? – lord Henri başını buladı. – Amerikalı qızlar öz 
valideynlərini çox məharətlə gizlədirlər; bizim ingilis xanımları isə öz 
keçmişlərini gizli saxlayırlar... 
– Gərək ki, onun atası donuz əti ixracatı ilə məşğul olur? 
– Corc dayı, mən Dartmura görə istərdim belə olsun. Deyirlər, Amerikada 
siyasətdən sonra donuz əti ixracatı ikinci yerdə gedən gəlirli bir işdir.  
– De görüm, onun amerikalı qızı gözəldirmi? 
– O, özünü gözəl kimi aparır; Amerika qadınlarının əksəriyyətinin adətidir. Bu da 
onların gözəlliyinin bir sirridir. 
– Axı bu amerikalı qadınlar öz evlərində, ölkələrində niyə oturmurlar? Axı bizə 
elə hey təlqin edirlər ki, Amerika qadınlar üçün cənnət məkanıdır. 
– Elədir ki var! Elə buna görə də onlar ulu nənələri Həvva kimi cənnətdən 
çıxmağa çalışırlar, – lord Henri izah etdi və xudahafizləşib dedi: – Hələlik, Corc 
dayı, mən getməliyəm, bir az da yubansam, lança gecikərəm. İstədiyim 
informasiyanı verdiyiniz üçün sizə təşəkkür edirəm. Mən həmişə təzə dostlarım 
barədə hər şeyi bilmək, köhnələri barədə isə heç nəyi eşitmək istəmirəm. 
– Harri, harada lanç edəcəksən? 
– Aqata xalanın yanında. Mən özüm xahiş elədim ki, mister Qrey və mən lança 
gələcəyik. Dorian onun yeni xeyriyyəçilərindəndir. 
– Belə de! Onda Aqata xalana de ki, məni öz xeyriyyə məqsədli çağırışları ilə bir 
də narahat etməsin. Mən bezmişəm onun xeyriyyəçilik təhriklərindən. Bu qadın 
elə bilir mənim ayrı işim-gücüm yoxdur; məgər mən onun axmaq-axmaq 
xeyriyyəçilik işlərinə pul verməliyəm? 
– Oldu, Corc dayı, deyərəm! Qorxuram xeyri olmaya! Filantroplar o qədər 
xeyriyyəçilik işlərinə aludə olurlar ki, axırda insanlıqlarını itirirlər. Onları 
fərqləndirən xarakterik cəhət də elə budur. 
Qoca zadəgan razılıqla yerində qurcalandı, sonra xidmətçiyə zəng vurub dedi ki, 
qonağı yola salsın. 
Lord Henri üstüörtülü bazarla Berlinqton küçəsinə çıxdı və oradan Berkeley 
meydanı istiqamətinə döndü. O, Dorian Qreyin valideynləri barədə eşitdiklərini 
yadına saldı. Eşitdiyi tarixçə ümumi xarakter daşısa da, qeyri-adiliyinə və az qala, 
müasir romantikliyinə görə onu vəcdə gətirmişdi. Gözəl bir qız hər şeyi dəli bir 
sevgiyə qurban vermişdi! Bir neçə həftəlik xoşbəxtlik xain bir cinayətlə sona 
çatmışdı; daha sonra ayların iztirabları, sarsıntı və məşəqqətlər içində uşağın 
doğulması baş vermişdi. Ananı ölüm aparmışdı, uşağın nəsibinə isə yetimlik və 
qəlbi daş olan qocanın amansızlığı düşmüşdü. Bəli, bu, maraqlı bir tale qismətidir 
və o, cavan Dorianı daha sərfəli, daha dolğun əks etdirir; hər görünən gözəllikdə 
hansısa faciə gizlənir! Ən gözəl gülü yetişdirmək üçün gərək əziyyət çəkəsən; 
çiçəklərin açılması doğuş ağrıları kimi bir şeydir, gərək onu da yaşayasan ki, 
doğula biləsən. 


...Dorian dünən gecəki naharda necə füsunkar idi, ilahi! Onlar klubda  qarşı-
qarşıya oturmuşdular; oğlanın gözlərində günəş parlayırdı, azca aralanmış 
dodaqlarına həyəcanla birgə xəfif təbəssüm qonmuşdu; şamdanların qırmızı 
abajurlarının kölgəsi onun üzünə ecazkar qızılgül rəngi qatmışdı, onun füsunkar 
gözəlliyi bu təntənədən məst olub oynayırdı. Bu oğlanla söhbət etmək çox nadir 
skripkada çalmaq kimi bir şey idi; barmaqların bir balaca toxundusa, səs çıxarırdı, 
hər toxunuşun öz ahəngi vardı. 
...Başqa bir adam üzərində öz təsir gücünü yoxlamaq necə də maraqlıdır! Heç bir 
iş bunun qədər maraqlı ola bilməz! Öz qəlbinin qanını başqa bir qəlbə köçürəsən 
və qəlbini onun qəlbində yatırasan, düşüncə və fikirlərinin əks-sədasını eşidəsən, 
bir anlıq duyasan ki, oradan gənclik ehtirası və musiqisi eşidilir! Öz coşqun həvəs 
və ehtiraslarını başqa birisinə ötürmək qəribə rayihə, yaxud zərif bir nəşədir; 
burada əsl həzz var, bəlkə də, bu, ən böyük səadət sevincidir ki, bizim 
dardüşüncəli və bayağı əsrimizdə insan övladına onun qəbahətli hissləri və 
primitiv arzuları ilə birgə bəxş olunub. Bazilin emalatxanasında xoşbəxt təsadüf 
nəticəsində görüşüb tanış olduğu bu oğlan, doğrudan da, fövqəladə gözəlliyə 
malik bir varlıq idi; hər halda, ondan daha çox nəsə ecazkar bir məxluq çıxardı. 
Onda hər şey vardı – cazibə qüvvəsi, lətafət, gəncliyin qar kimi təmizliyi və 
gözəlliyi; o gözəlliyi ki, qədim yunanlar onu mərmər üzərinə həkk etmişdilər; 
ondan nə istəsən düzəltmək olardı – allahlarla vuruşan div də, oyuncaq da! Heyif 
ki, belə bir gözəllik saralıb-solmağa məhkumdur! 
... Bəs Bazil? Psixoloji baxımdan o, çox maraqlı adamdır; rəssamlıq sənətində 
yeni üslub, həyatı yeni tərzdə görmək bacarığı! Bütün bunlar onun həyatında bir 
adamın qəflətən peyda olmasıyla yaranmışdı; həmin şəxsin özünün bundan xəbəri 
belə yox idi; mürgülü meşələrdən sonsuz səhraya uçub gələn lal və görünməz bir 
ruh qəflətən rəssamın gözlərinə görünmüşdü; bu ruh lap Driada1 kimiydi; o, 
bundan heç də qorxmadı, çünki uzun illər axtarışda olduğu qəlbinə elə bir ilhamlı 
bəsirət verilmişdi ki, o, bütün heyrətedici sirləri belə açmağa qadir idi; şeylərin, 
əşyaların adi forma və məzmunu, sanki, ona dolğun və canlı görünürdü; o, indi 
bunların hamısında hansısa qeyri-adi simvolik mənalar tapırdı; sanki, bütün hər 
şey rəssam üçün ayrı bir formaya – daha mükəmməl, daha dolğun formaya, 
dumanlı xəyallardan reallığa çevrilirdi; bütün bunlar qeyri-adi dərəcədə qəribə idi. 
Belə hallar keçmiş zamanlarda da baş vermişdi; məsələn, “insan təfəkkürü özü bir 
sənətdir” deyən Platon ilk olaraq bu möcüzə barədə düşünüb. Bəs Bunarotti necə? 
Məgər o, öz silsilə sonetlərini rəngli mərmər daşların üzərində oyaraq əks 
etdirmədimi? Lakin bizim günlərdə bu, qəribə görünür... 
Bəli, lord Henri bu qənaətə gəldi ki, Dorian, onun mükəmməl portretini yaratmış 
rəssam üçün özünün də xəbəri olmadan kim idisə, o da Dorian Qrey üçün elə 
olmalıdır; o, Dorianı məftun etməyə çalışır, daha doğrusu, bu işin yarısını, demək 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə