Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Fərdlərində ləyaqət olmayan bir mühitdə azadlıq olmadığı kimi, ciddilik də qalmaz. Ciddiliyin yerini lağlağı tutar. 

İnsanlar o qədər alçalarlar ki, özü-özlərini, daşıdıqları fikirləri, yaratdıqları qurumları, vətən və vətəndaşlarını dolayıb 

ələ salar, acılayarlar.

Həqiqətdə belə bir mühit səhnədə oynadığı oyunlarla özü də məzələnən hoqqabaza bənzəyir. Yəqin görürsən ki, 

istibdad quruluşunun birinci işi mümkün qədərincə vətən övladının mənliyini əzməkdir. İstibdad bu məqsədlə puldan 

və qorxutmaqdan ən təsirli vasitə kimi yararlanır.  Üzdə-gözdə olan adamları pulla ələ almağa, qorxu ilə susdurmağa 

çalışır.

Pul və qorxu ilə ələ alınan belə seçkin adamların daxili ilə xarici arasında faciəli bir təzad və çəkişmə yaranır. Belələri, 

adətən, şeytana çevrilirlər. Xarici daxilindən incik və küskün olur, içi də çölünə lənət oxuyur. Daxildə daşıdıqlarını 

üzlərindəki maskalar inkar edir, üzlərindəki maskalara da içləri nifrət duyur. Seçkin adamların bu hala düşməsi 

cəmiyyət üçün ən qorxunc fəlakətlərdən, tutalım, zəlzələdən, tufandan, qasırğadan, vəbadan, düşmən tapdağından daha 

təhlükəlidir. Ç ünki bənzər maddi fəlakətlər nə qədər qorxunc olsalar da, əvvəl-axır, sovuşurlar. Diribaş, ləyaqətli və

yaşamaq yanğısına sahib seçkin rəhbərləri olan bir cəmiyyət həmin fəlakətlərdən asanlıqla çıxa bilir. Ancaq mənliyini 

itirmiş, özünün xəstəlik və üzqaralığını da ələ salıb acılamaq kimi mənəvi fəlakətə uğramış bir mühitdən ciddi həyat 

həmləsi gözləmək hədərdir. Bax, belə bir təhlükədən qorunmaq üçün mənlik və ləyaqət məsələsinə sərbəst insanlar 

ölkəsi ayrıca diqqət yetirir.

O sözləri deyəndən sonra pirlər ayağa qalxaraq başqa bir yerə də baş çəkəcəklərini söylədilər. Daha sonra dadlı bir 

təbəssümlə əlimi sıxıb getdilər.

SƏRBƏST ÖLKƏNİN AKADEMİYASINDA

Mən yerimdəcə donub qaldım: "Bunlar nələr söyləmədi, nələrdən söz açmadı: mənliyinə hakim olmalısan, insanlıq 

ləyaqətinə və ayrıca da vətəndaşa sayqı göstərməlisən. Mənliyini qorumaq üçün yoxsulluğa, ehtiyaca, əzab-əziyyətə

dözməlisən! Ay-hay! Həyatda bu qədər şey adama gəlhagəl deyirsə, tamahlanmamaq asan işdirmi? Əyləncələr, gözəl 

qadınlar, bar və restoranlar, rəqslər, göz çəkən atlar, arabalar, avtomobillər və bütün bunları əldə etmək üçün asan 

qazanc yolları varkən, necə tamahlanmayasan? İndi gəl mənliyini qorumaq üçün yoxsulluğa, ehtiyaca, əzab-əziyyətə

qatlaş görüm, necə qatlaşırsan! Arzunla, iştahınla çarpış görüm, necə çarpışırsan?! Onları öldür görüm, necə

öldürürsən!

Heç yadımdan çıxmaz. Tanışlarımdan biri bir zamanlar o fikrə düşmüşdü. Hər yandan təhqir və istehza tufanı qopdu: 

"Ay dəlinin biri dəli, təklənmək istəyirsən, nədir? Rahiblər kimi sarsaqlayırsan. Anlamırsanmı ki, mədəniyyət -

"yaşamaq, həyatın hər cür ləzzətini dadmaq, həyatda uğur qazanmaq deməkdir!" - söyləyərək həmin zavallını doğrudan 

da dəliyə çevirdilər. Yaxşı, indi bu ölkədə xalq başqadırmı? Mədəniyyət anlayışı bizimkinin tərsidirmi?

Sözə bax: "Vətəndaş kim olursa-olsun, ona sayqı göstərilməlidir! Doğrusu, bu özəllik mənim beynimə heç batmır. 

Vətəndaşdan vətəndaşa fərq var, axı! Kənddən gələn Əhmədin, ya da Məmmədin birinə mən necə sayqı göstərim? 

Necə söz söylədim, düşüncəsini dinləyim?! Axı onlara yalnız söyüşlə, yumruqla söz anlatmaq olur! Onlara üz versən, 

gör başına nələr gətirirlər? Yəni bu ölkənin avamı da başqa cürdür?"

Mən bu fikirlərə dalmışkən kimsə çağırdı və Akademiyaya getmək vaxtının çatdığını yadıma saldı. Doğrudan da, o gün 

sərbəst ölkənin Akademiyasındaki bir mərasimə dəvət edilmişdik. Getdik. Əzəmətli bir binaya girdik. Binanın mərmər 

pillələrindən geniş salonunadək iki tərəf şəhərin məşhur adamlarının heykəlləri ilə bəzədilmişdi. Bizə xüsusi loja 

ayrılmışdı. Yanaşı lojalarda da, çoxlu kişi və qadın əyləşmişdi. Salon hələ ki boş idi. Amma bir neçə dəqiqə keçməmiş 

zəng çalındı və Akademiyanın üzvləri tək-tək, cüt-cüt salona daxil olmağa başladılar. Onların siması, davranış və

hərəkətləri qeyri-ixtiyari sayqı aşılayırdı. Tanışıma sarı çevrilib soruşdum:

- O uzunsaç, səliqəli qoca kimdir?

- Tanınmış kimyaçıdır. Quduz xəstəliyinin mikrobunu tapan alimdir.

- Onun yanındakı çəlimsiz və xəstəhal adam kimdir?

- O da bu şəhərin ən böyük şairidir. Əsərləri dünyanın bütün dillərinə çevrilib.

- Onların arxasınca gələn iki nəfər kimlərdir?



- Sağ tərəfdəki məşhur təbiət alimi və təkamül nəzəriyyəsini quran mütəfəkkir, sol tərəfdəki də fəlsəfədə çevriliş edən 

filosofdur.

- İndi bir yerdə girən üç nəfər kimlərdir?

- Uzunboy, topasaqqal adam simsiz teleqraf icad edən ixtiraçıdır. Ortadakı - bəstəboy adam axırıncı dəfə təyyarədə

dünyanı dövrə vuran təyyarəçi, üçüncü isə məşhur tarixçidir.

Bu arada zəng yenidən çalındı. Tanışım səsləndi:

- İndi Akademiyanın prezidenti gələcək. O da əsərləri ilə iqtisadiyyat aləmində çevriliş edən məşhur tədqiqatçıdır.

Az sonra salona balaca və nurani bir qoca daxil oldu. Və tədbirə sədrlik edənlərin yerinə yan aldı. Onun ardınca dəstə

halında digər üzvlər də gəldilər.  Ü zvlərindən biri özümdən ixtiyarsız diqqətimi çəkdiyindən: - O kimdir? - deyə

soruşdum.

- Bu adam son savaşda ölkənin ordularına komandanlıq edən və qələbədən-qələbəyə aparan generaldır, - deyə cavab 

verdilər.

Akademiyanın prezidenti masanın üstündəki zəngi çalaraq: "Söz namizədindir" - dedi.

- Bu "namizəd" kimdir?

- Dünən əsərlərindən birini sənə verdiyim sosioloqdur. Onu bir il öncə dünyasını dəyişən digər bir sosioloqun yerinə

seçiblər. İndi Akademiyanın ənənəsinə görə, boş yerə seçilmiş alim əvəz etdiyi həmkarından söz açacaq.

Doğrudan da, həmin adam kürsüyə çıxdı və əlindəki kağızları yerbəyer edib yerinə seçildiyi şəxsin həyatından və

əsərlərindən bəhs etməyə başladı.

"ZİYALI ZÜMRƏ"NİN MÖVQEYİ

Çıxışçının sözləri arasında ən çox bu nöqtələr diqqətimi çəkdi:

"Yerinə seçildiyim alim ilk mütəfəkkirdir ki, millət mövzusuna layiq olduğu qiyməti verərək bu mövzunu 

dərinliyinəcən araşdırıb.

Bu sahədə onun meydana qoyduğu fikirlər dünyanın bütün mütəfəkkirlərinin diqqətini çəkərək bir çox mübahisələr 

doğurdu. Sözün qısası, o, millətin tarixi ilə bağlı tamam yeni bir cığır açdı. Onun baxışlarına görə, millət deyildiyi 

zaman bir kütlənin içindəki bütün fərdlər deyil, həmin kütləni mənəvi cəhətdən təmsil edən şüurlu ziyalı zümrəsi 

nəzərdə tutulmalıdır. Çünki millətə başçılıq edən, onun əməl və arzularını yerinə yetirən məhz bu zümrədir. Ziyalı 

zümrəsi, bir qayda olaraq, millətin aynasıdır; millət nədirsə, o da odur. O nədirsə, millət də odur."

Bu fikir bir çox etirazlar doğurdu. Bəziləri ziyalıların çoxunun milləti təmsil etmədiyini, bu iki anlayış arasında dərin 

ziddiyyətlər də olduğunu söylədilər. Onların fikrincə, ziyalılar və millət bir-birinə yad qala və hətta bir-birini anlamaya 

bilərlər. Bax, bu səbəblərdən onlar ziyalı zümrənin heç də həmişə millətin əməl və istəklərini çatdırmadıqlarını 

misallarla sübut etməyə çalışdılar.

Ancaq ustad həmin etirazların hamısına uğurla cavab verdi və göstərilən misalların gərəyincə araşdırılmadığını 

vurğuladı. Məsələn, o, misal gətirilən ziyalıların qurama və yapma olduqlarını, şüur deyilən üstün keyfiyyətdən 

məhrum qaldıqlarını tarixi gerçəklərə söykənərək sübut etdi.

Amma millət mövzusunda ustadın meydana atdığı ən mühüm yenilik millətin təşəkkülü haqqındakı fikri və ədəbi 

cərəyanların çox önəmli olduğunu göstərməyidir! Bu sahədə ustad doğrudan da inqilab edib. Onun fikrinə görə

millətlərin təşəkkül tapmasına təfəkkür və ədəbiyyat çox önəmli təsir göstərir. Belə ki, ustadın əqidəsi baxımından 

Şekspir və Milton, Lokk və Spenser, Höte, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan-Jak Russo, Viktor Hüqo, Dante 

Makiavelli, Bruno, Puşkin, Lermontov, Tolstoy və başqa yazıçılar, şair və mütəfəkkirlər olmasaydılar, ingilis, alman, 

fransız, italyan, rus millətləri yaranmazdı!. Həmin fikirlər də bir çox etirazlar doğurdu. Başqa fikirdə olanlar ortaq 

tarixin, ortaq irqin, ortaq çıxarların təsirini önə çəkirdilər.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə