-
Bu bizim vəzifəmizdir, oğlum. Sərbəst şəhərin sakinləri bizi bundan ötrü, yəni yeni vətəndaşlara bu şəhərin
nizamnaməsini öyrətmək üçün seçiblər.
- 13-cü maddədə deyilir ki: "Hər bir məmur, hər bir cəmiyyət və dövlət adamı hər an həyatı haqqında hesabat verməyə
borcludur"...
- Bu da şəhərin təməl qaydalarındandır. Məmura verilən əməkhaqqı və dolanışığa əvəz olaraq, cəmiyyətin, dövlətin o
cür adamlarına göstərilən hörmətin, inamın və onlara tapşırılan vəzifənin, bu vəzifədən irəli gələn nüfuzun qarşılığında
şəhər nə istəməlidir? Şəhər də istəməlidir ki, həmin şəxslər həyat və fəaliyyətlərini ona həsr etsinlər. Axı şəhər elə
vətəndaşların mümkün qədər çox fayda verməsində maraqlıdır. Üstəlik, həmin şəxslərin dürüst və doğru olmaları da
şəhərdən ötrü bir həyat məsələsidir.
Bir sualıma cavab ver: əxlaqsız və yaxud çalışmayan bir adama şəxsi işlərini tapşırarsan?
- Yox, əlbəttə!
- O halda şəhər necə tapşıra bilər ki?
- Bunu anladım. Ancaq məni o çaşdırır ki, həmin şəxslər öz həyatları haqqında hər an hesabat verməlidir. Şəxsi və özəl
həyata müdaxilə etmək olarmı? Yad gözlərin sənin özəl yaşamına baxması nə dərəcədə düzdür?
- Bax, yenə qarışdırırsan. İstibdad çağından qalma aldadıcı bir havaya oynayırsan. Dövlət adamları və məmurlar özünü
şəhər işlərinə həsr edən, cəmiyyətlə nəfəs alan vətəndaşlardır. Onları bu işə heç kim zorlamır. Bu işi öz istək və arzuları
ilə boyunlarına götürürlər. Və öhdələndikləri gündən başlayaraq başqa vətəndaşlardan fərqli sayılırlar. Beləcə, həmin
vətəndaşlardan ayrılmış hesab olunurlar.
Ü mumvətəndaşlıq qaydalarının bəzi maddələri belə şəxslərə şamil edilmir. Bu şəxslər dövlət hesabına yaşadıqlarından
dövlətin onlardan hesabat istəmək haqqı var. Hesabat verməyi xoşlamırsansa, hesabat tələb edən vəzifəni üzərinə
götürməməlisən. Axı başqa vətəndaşlardan heç kəsin hesabat istəmək yetkisi yoxdur. Ancaq məmur və dövlət adamı
vəzifəsini üstünə götürmüsənsə, gərək olan işi görmək artıq sənin borcun sayılır.
- Yəni məmurun və dövlət adamının özəl və şəxsi həyatı yoxdur?
- Bax, yenə köhnə havanı çalırsan! Mümkünsə özəl həyatın hüdudlarını cız. Haradan başlayıb harada bitir o hüdudlar?
Tutalım, qumar oynamaq özəl həyat sayılır, ya yox?
- Özəl həyat sayılır.
- Alış-veriş, yəni ticarət necə? Qəzet müxbiri olmaq necə?
- Cavab verməyəcəyəm!
- Çünki alışdığın düşüncə qumar oynamağı özəl həyat kimi qəbul edir, ticarət və müxbirliyi isə yox. Halbuki dözüm
göstərib azacıq düşünəsən, ticarət və müxbirliyin qumar və bədxərclikdən qat-qat yaxşı olduğunu anlayarsan.
Qumarbazlar, bədxərclər istər ayrı-ayrı adamlara, istərsə cəmiyyətə saysız zərər vurur. Bu azara tutulmuş məmur
diqqətini, sağlamlığını, gözəlliyini, bacarığını şəhər işlərinə yox, başqa yerlərə xərcləyir, cəmiyyətin işlərinə lazım olan
qədər diqqət və sayğı göstərmir. Sonra da vəzifəsini gözdən salır, faydalı və ciddi çalışqanlıq yerinə tənbəllik edir,
başçısını və xalqı aldatmağa qurşanır.
AYRICA BİR EVDƏ KEÇİRİLƏN TƏDBİR
Bu da nəzarətsiz və özəl dediyiniz həyatın nəticələri! İşlərini belə adamlara tapşıran və onları nəzarətsiz buraxan bir
şəhər xoşbəxt ola bilərmi? Elə istibdad zorakılığına alışqan olan yerlərdə məmurlar özəl həyatı bəhanə gətirərək
nəzarətdən azad olur və həmin səbəbdən vəzifələrini yerinə yetirmir, qanunu saymır, mövqeyindən sui-istifadə edir və
ölkələrini fəlakətə sürükləyirlər.
Sərbəst insanlar ölkəsində yaşayanların belə yalançı ayrı-seçkiliyə dözümü yoxdur. Azad ölkə elə bir birlikdir ki, ayrı-
seçkiliyi qəbul etmir, məmurlar və cəmiyyət adamları bütün həyatını cəmiyyətə verir. Cəmiyyət isə bu həyatın öz
varlığını sürdürməsində maraqlı olduğu üçün öz nəzarətini gerçəkləşdirir. Yuxarıda söylədiyim misal səni yanlış fikrə
salmasın. O misalla mən heç də demək istəmədim ki, bizim ölkədə məmurlar və dövlət adamları ticarət və jurnalistika
ilə məşğul ola bilərlər. Xeyr, bunlar da yasaq sayılır!
Bütün düşüncəsini, bütün fəaliyyətini şəhərə həsr etmək bu ölkədəki məmurun borcudur. Ticarət və jurnalistikanı bir
misal kimi göstərdim ki, alışdığın təsəvvürlərin nə qədər əsassız olduğunu asan yolla sübut edim.
- Ustad, yenə beynim alt-üst oldu. İcazə versəniz bugünkü söhbəti bitirərdik.
- Necə istəyirsən, əzizim.
Ustadlar getdilər. Məni yenə fikir apardı. Bu şəhərə alışmağın çətin olacağı hər gün daha çox anlaşılırdı! Mən nə
edəcəyəm? Özünüz düşünün - həmişə vətəndaşlara bağlanmalısan! Məmurlara nəzarət etməlisən. Dövlət adamının da
özəl həyatı yoxmuş! Belə də iş olar? Belə də düşüncə olar?
Axı mən ömrümdə özümdən başqa kimsəni düşünməmişəm. Dövlət məmuru görəndə, qorxumdan yeddi məhəllə birdən
qaçardım. Mən dövlət adamı olsaydım, elə bilərdim bütün dünyanı mən yaratmışam.
İndi bilmirəm, bu şəhərin bu adətlərinə necə öyrənəcəyəm?
Suallardan çırpına-çırpına qalır, şübhə və tərəddüd içində qıvrılırdım. Nə yaxşı ki, o axşam özəl bir evdə verilən bir
müsamirəyə çağrılmışdıq. Az sonra tanışlarım məni də aparmaq üçün gəldilər.
Ev sahibəsi bizi salonun qapısı önündə nəzakətlə qarşıladı. Salona daxil olduq. Dəvətlilərin hamısı toplanmışdı. Səhnə
salonun bir ucundaydı.
Pərdə qalxdı. Gözəl bir qız sərbəst ölkənin nəğməsini oxumağa başladı. Hazır olanlar ayağa qalxdılar və nəğməni
birlikdə oxudular.
Sonra səhnəyə uzunsaç və gözlüklü bir adam gəldi və pianonun önündə oturaraq üç musiqi parçası çaldı.
Bütün salona səssizlik çökmüşdü. Aman Tanrım, nə ilahi sədalardı?! Duyduğum ləzzəti, keçirdiyim həyəcanı izah
etməyə acizəm. Sanki mələklər məni qanadlarına alıb, göylərə yüksəldir və orada xəyali bir aləm göstərirdilər.
Yanımda oturan tanışım mənə doğru əyilib söylədi:
- Şəhərin ən məşhur sənətçisidir. Bu üç parça onun öz əsəridir. O bu parçalarda şəhərin tarixini musiqinin dili ilə
danışır. Tufanı andıran birinci parça şəhərin əfsanə dönəmini tərənnüm edir. Bu parçada şəhər təbiətlə çarpışır və təbiət
qədər əzəmətlidir.
İkinci parça şəhərin təşəkkül dönəmini təsvir edir. Gah səssiz və uyumlu, gah da həyəcanlı və təlatümlü məqamlar
şəhərin yaşadığı mübarizələri göstərir. Nəhayət, xoşbəxtlik və dinclik içindəki bugünkü dönəmi sərin yaz mehini
andıran o sakit dalğalar tərənnüm edir. Doğrudan da bu sənətçi ilahi bir dühadır! Bütün şəhər bu ixtiyar adamla qürur
duyur!
Ancaq çox qəribədir ki, bir tək alqış səsi eşidilmədi və gələnlər salonu səssizcə tərk etdilər.
Bir müddət sonra zəng səsi gəldi: bizi teatra baxmağa çağırırdılar. Oyun başladığı zaman nə görsəm yaxşıdır? O gün
parkda qadınlar haqqında nitq söyləyən xanım və mitinqdə danışan adamlar aktyor kimi çıxış edirdilər. Heyrətlənərək
tanışıma dedim:
- O cür ciddi insanlar səhnəyə çıxıb oynayırlar!
- Bəli! Burada belədir. Bunların özəl ailə əyləncələri belə olur!
Yenə heyrətləndim.
Oynanan pyesin mövzusu bu idi: Aralarındakı anlaşılmazlıq ucbatından ər və arvad bir-birlərindən ayrılmaq istəyirlər.
Ortada ciddi bir şey olmasa da, heç biri inadından dönmür. Hər iki tərəf şərəf və ləyaqətinə toxunulduğunu iddia