Əl-Fatihə surəsi



Yüklə 2,91 Mb.
səhifə64/73
tarix21.04.2018
ölçüsü2,91 Mb.
#39525
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

 Nuh surəsi ‏


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».

2. (Nuh) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün açıq – aşkar bir qorxudan (peyğəmbərəm)»,

3. «(Göndərilmişəm ki,) Allaha ibadət edəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz».

4. «(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz».

5. Dedi: «Ey Rəbbim, mən öz qövmümü gecə – gündüz (haqqa) dəvət etdim».

6. «Lakin mənim dəvətim onlar üçün (haqdan) qaçmaqdan savayı bir şey artırmadı».

7. «Sənin onları bağışlamağın üçün mən nə vaxt onları dəvət etdimsə barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadla) israr etdilər və şiddətlə təkəbbür göstərdilər».

8. «Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim».

9. «Sonra onlara dəvəti (həm) aşkarda, cəmiyyətlərində və (həm də) sirli və gizlində bildirdim».

10. Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin.Çünki O, çox bağışlayandır».

11. « Göydən (buluddan) sizə bol yağış göndərsin».

12. «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın».

13. «Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!»

14. «Halbuki, O, sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır (torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca)».

15. «Məgər (qəlb gözü ilə) görmədinizmi ki, Allah yeddi göyü bir-biri üzərində qat-qat necə yaratmışdır?!»

16. «Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi».

17. «Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)».

18. «Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)».

19. «Və Allah bu yeri sizin üçün döşənmiş bir xalça etdi ki,

20. Orada geniş səhra və dağ arası yollarında (öz yaşayış məqsədləriniz üçün ) gəzəsiniz.»

21. Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».

22. «Və olduqca böyük bir hiylə qurdular».

23. «Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları ) atmayın!»

24. «Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».

25. (Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.

26. Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»

27. «Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».

28. «Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».

Əl-Cinnə surəsi ‏


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qurana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Quran eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».

2. «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.» (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).

3. «Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».

4. «Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guya Onun zövcəsi və övladı vardır)».

5. «Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz».

6. «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».

7. «Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».

8. «Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».

9. «Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».

10. «Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».

11. «(Qurana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».

12. «Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».

13. «Və elə ki, biz bu hidayətedicini (Quranı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».

14. «Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».

15. «Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu.)

16. «(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,

17. Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».

18. «Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».

19. «Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Quranın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».

20. De: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».

21. De: «Mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq (qüdrətinə) malik deyiləm».

22. De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də Ondan başqa bir sığınacaq əsla tapmaram»

23. «(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar.

24. Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.

25. De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir.»

26. (Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.

27. Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.) Allah onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)

28. Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin). Allah onlarda olanları (öz elmi ilə) ehtiva etmişdir.O, hər şeyin sayını bilir.»


Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə